Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbə gəncləri Vətən müharibəsində çox fərqləniblər. Qəsəbənin 7 şəhidi, bir neçə qazisi var. Qəsəbə sakinlərinin böyük əksəriyyəti talışlardır. Amma çox nadir hallarda “biz talışıq” deyirlər, onlar özlərini azərbaycanlı hesab edir. Məişətdə talış dilində danışsalar da çöldə- bayırda Azərbaycan dilinə üstünlük verirlər. Qeyd etdiyimi ki, müharibədə Aşağı Nüvədi gəncləri əməlli-başlı qəhrəmanlıq nümayiş etdirib. Elə bu gənclərin fədakarlıqları sayəsində 44 günlük Vətən Müharibəsinin sonunda xalqımız öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olan vətənpərvər oğullarımızdan biri də Kamran Əliyevdir.
Kamran Əliyevi tanıyaq
Kamran Rasim oğlu Əliyev 28 iyul 2001-ci ildə Lənkaran rayonunun Aşağı Nüvədi qəsəbəsində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Kamran 2020-ci il sentyabrın 27-də Ermənistanla Azərbaycan arasında başlayan II Qarabağ müharibəsi dövründə Xocavənd döyüşlərində fərqlənib. O, oktyabrın 12-də Xocavənddə gedən ağır döyüşlər zamanı aldığı qəlpə yarası nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilib.
İstəyirdi müharibədən sonra hərbidə qalsın
Şəhidin anası Elnarə Abbasov deyir ki, Kamran həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalmış şəhid olub: “Hamı kimi mənim övladım da vaxtı çatan kimi, həqiqi hərbi xidmətə yola düşdü. Xidmətdə olduğu 1 il 3 ay müddətində hər zaman fərqlənmişdi. Mən onun şəhid olacağını yuxumda da görmüşdüm. Bilirsiniz, müharibə başlamışdı, ailələr, xüsusən də analar çox narahat idi. Sonuncu dəfə danışanda hər şeyin yaxşı olduğunu söylədi. Müharibə ilə bağlı heç nə demədi, ancaq əhvalımızı soruşdu. Hələ hərbi xidmətə getməzdən əvvəl deyirdi ki, ana, mən də Mübariz İbrahimov kimi olacağam. Onda hələ uşaq idi, Mübariz İbrahimov da yenicə şəhid olmuşdu. Kamran mühribədə də Mübarizin istifadə etdiyi silahla döyüşürdü. Vətənpərvər idi, torpaqlarımızın işğal altında qalması ilə heç cür barışmırdı. Ağdamda hərbi xidmət keçirdi, müharibə başlayanda Ağcəbədiyə apardılar, Xocavəndə qədər döyüş yolu keçmişdi. Biz razı olmasaq da onun istəyi mühribədən sonra hərbidə qalmaq idi. Amma ömür vəfa etmədi, Vətən sağ olsun”.
Çox şey danışmaq istəyirəm, amma…
Şəhidin dayısı Elnur Abbasov bacısı oğlu ilə həm də dost olduqlarını bildirib: “Düzdür yaş fərqimiz böyükdür, amma biz həm də dostluq edərdik. Kamran ağıllı, istiqanlı və zəhmətkeş gənc idi. Həm də sakit xarakterə sahib idi, heç kimlə dava-dalaş yaratmaz, söh-söhbət etməzdi. Onun əlindən hər iş gəlirdi, avtomobilə böyük həvəsi var idi, söküb-yığmağa xüsusi həvəs göstərərdi. Şəhid xəbərini oktyabrın 12-də səhər aldıq, axşam nəşini gətirdilər. Verilən məlumata görə, Xocavənddə qəlpə yarasından şəhid olmuşdu. Onun haqqında çox şey danışmaq istəyərdim, amma ifadə edə bilmirəm”.
Onsuz çox çətindir, xüsusən də ailəmiz üçün...
Kamranın qardaşı Kamal Əliyev isə qardaşını heç vaxt unutmayacağını bildirib: “Qardaş arxadır, dayaqdır. O mənə qardaş olmaqla yanaşı, həm də dayaq idi. Əlbəttə ki, onsuz çox çətindir, xüsusən də ailəmiz üçün... Təkcə təsəllimiz şəhidlik məqamına yüksəlməsi və torpaqlarımızın işğaldan azad olmasıdır. Hər zaman deyirdi ki, dərslərini oxu. Mən də çalışıram ki, dərslərimi oxuyum”.
Şəhidin dostu Şahrza Əliyev deyir ki, Kamran onlara sağlam yaşamağı tövsiyyə edərdi: “Özü də idmana çox həvəsli idi, bizə də məşq etdirərdi. Burda, evlərində idman üçün hər cür şərait yaratmışdı. Bizi başına yığıb məşq etdirərdi. Onunla bağlı uşaqlıq xatirələrimiz çoxdur”.
Kamranın ailəsinin evi qəsəbə tam orta məktəbinin qarşısında yerləşir. Hər gün onlarla müəllim, yüzlərlə şagird onun ailəsi tərəfində Kamranın xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaqdan su içir, onun fotosuna baxır, rəhmət oxuyurlar. Biz də Kamranın ailəsi ilə görüşdükdən sonra onun oxuduğu məktəbə getdik.
Qeyri-adi, sevimli şagird idi
Şəhidimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Diləfruz Məhərrəmova qeyd etdi ki, Kamran hamının sevimlisi olub: “Kamran tarixə dönmüş şərəfli ad, həm də sevimli, qeyrətli bir ad qoyub getdi. Kamran mənim ən sevimli şagirdim olub. Təkcə mənim yox, bütün müəllimlərin. Kamran oxuduğu, təhsil aldığı illərdə həmişə özünü tərbiyəli, intizamlı aparıb. Dərs zamanı bir dəfə də onun yersiz hərəkətini xatırlamıram. O qədər tərbiyəli, intizamlı idi ki, müəllimlərlə çox sakit və nəzakətlə danışardı. Dərslərini oxuyar, öyrənərdi. Hətta, dərsi danışanda belə təmkinlə danışardı. İnanmıram ki, Kamran, hansısa bir müəllimlə yüksək tonla danışsın və ya hansısa müəllim ona tapşırıq versin o da yerinə yetirməsin. Kamran elə bil qeyri-adi, sevimli şagird idi. Üzündən nur yağırdı. O qədər onu çox istəyirdim ki… Tərbiyəsinə görə sinif yoldaşları, həm qızlar, həm də oğlanlar pərvanə kimi onun başına dolanırdılar. Çünki Kamran kimsəni narahat etməyi sevmirdi. Özünə əziyyət verməyi rəva görsə də, kimsənin əziyyət çəkməsini istəmirdi”.
Diləfruz müəllimə qeyd edir ki, o yeddi il Kamranın sinif rəhbəri olub: “Kamranın hər hərəkəti, hər addımı qəlbimdə kövrək bir xatirəyə dönüb. Axı o mənim həm də doğmam, bacım nəvəsi idi. Bilirdim ki, utanır. Özüm həmişə onun əhvalını soruşardım, o isə sakit-sakit cavab verərdi. Sinifdə 20 şagird oxumasına baxmayaraq, onun öz yeri var idi. Sinif yoldaşları da onun xarakterini bilir, həmişə ona diqqət ayırırdılar, qayğısına qalırdılar. Çox qısa, amma çox mənalı, şanlı-şöhrətli ömür yaşadı. Bəlkə də buna görədir ki, uşaqdan böyüyə hamı onu hörmətlə, şərəflə yad edir. Hərdən fikirləşirəm, görəsən, Kamranın mənfi cəhəti olubmu? Yox, heç olmayıb, şəxsən mən xatırlamıram. Az yaşı olmasına baxmayaraq çox dərin düşüncəli, ağır təbiətli, ürəyi arzu ilə dolu gənc idi. Arzuları elə ürəyində də qaldı Şəhidimizin. Allah onun ruhunu şad etsin. Kamran heç vaxt, heç zaman qəlbimizdən çıxmayacaq. O, təkcə mənim yox, bütün sevənlərinin, əzizlərinin, bir sözlə hamının qəlbində yaşayacaq. Şəhidimizin ruhu qarşısında baş əyirəm. Allah onun ruhunu şad eləsin”.
Sevinirk ki, şagirdlərimizə bu hissi aşılaya bilmişik
Kamrana 5-ci sinifdən 11-ci sinifə kimi dərs deyən Pərvanə Həsənova qeyd edib ki, şəhid Kamran Əliyev nizam-intizamlı şagird olub: “Çox sakit və mədəni idi, heç vaxt artıq hərəkət etməzdi, ədəb-ərkən yüksək səviyyədə idi. Heç bir müəllim onun haqqında başqa cür danışa bilməz. Çünki o həqiqətən də nümunəvi şagird olmuşdu, dinləməyi bacarırdı. Elə bil bu şəhid balalar Allah tərəfindən seçilmişdilər. Biz onları ürək ağrısı ilə xatırlayırıq. Şagirdlərimiz onların qəhrəmanlıqlarını öyrənə-öyrənə böyüyür. Əgər bizim məktəbdə vətənpərvərlik hissi yüksək olmasaydı bu uşaqlar cəbhədə belə rəşadətli döyüş yolu keçməzdilər. Onların belə qəhrəmanlıq nümayiş etdirməsində ailə tərbiyəsi ilə yanaşı, məktəbin verdiyi təlim-tərbiyə də mühüm rol oynayıb. Sevinirk ki, biz şagirdlərimizə bu hissi aşılaya bilmişik. Təşəbbüs göstərmişik ki, məktəbdə şəhidlərimizin adına sinif açaq”.
Allah rəhmət eləsin!
Qeyd edək ki, "Nüvədi" talış dilində "Yeni kənd", "Təzə kənd" mənasında ehtiva edir. Aşağı Nüvədi qəsəbəsi rayon mərkəzindən 6 kilometr cənubda, Astaraya uzanan magistral yolunun solunda, Bakı-Astara dəmiryolu kənarında, Lənkəran ovalığında yerləşir. Şərqdən Xəzər dənizi, cənubdan Kənarmeşə, Şilim, Seydəkəran, qərbdən Viyən, Gərmətük, şimaldan Velədi və Sütəmurdov kəndləri ilə əhatə olunub.
Rəhman Məlik
Müsahibə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 7232 dəfə oxunub.