“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


02.10.2022  09:57 

Xəyallarda yaşayan ŞƏHİD – Mirxəyal Kazımzadə





A+  A-

Cana yaxın, şən, mərd və istedadlı… Kiminlə söhbət etdiksə onun haqqında bu sözləri söyləməkdə israrlı idilər. Çətinliklə böyüyən, dili söz, əli iş tutandan çalışan Mirxəyal Kazımzadə həm də istedadlı kompüter mütəxəssisi, mühasib olub. Həqiqi hərbi xidməti uğurla başa vuraraq evinə qayıdan Mirxəyal bir az sonra başlayan İkinci Qarabağ savaşına könüllü gedib. “Bu fürsət bir də ələ düşməz” deyərək Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Mirxəyal Kərimzadəni tanıyaq

Mirxəyal Valeh oğlu Kərimzadə 10 yanvar 1999-cu ildə Lənkəranda anadan olub.

Orta təhsilini Lənkəranda öncə 9, sonra isə 7 saylı orta məktəbdə almaqla 2016-cı ildə başa vurmuş sonra isə kompüter kursunda təlim almışdır. Subay idi. Kompüter texnologiyaları mütəxəssisi kimi çalışırdı.

2017-2018-ci illərdə Naxçıvanda ağır artilleriya bölümündə atıcı kimi xidmət göstərib.



Azərbaycan Ordusunun əsgəri olan Mirxəyal Kərimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü iştirak edərək sentyabrın 28-i cəbhəyə yollanıb. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilib. Füzuli əməliyyatında və Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak edib. Komandir və döyüş yoldaşlarının söylədiklərinə görə, ələlxüsus Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin düşmən işğalından azad edilməsində xüsusi igidlik və şücaət göstərib. Noyabrın 3-ü səhər saatlarında Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib. Yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilkin tibbi yardım da göstərib. Zirehli üst geyimini çıxardaraq yaralı komandirinin üstünə atıb və onu xilas edib. Özü isə yenidən döyüşə qayıdıb, az sonra 5.45 çaplı açılan silahdan qarın boşluğuna dəyən güllə nəticəsində şəhid olub.

9 noyabr Lənkəran şəhərinin kiçik bazar qəbiristanlığında dəfn olunub.

Kərimzadə Mirxəyal Valeh oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.



Şəhidimizin evinə gedib anası Elnarə Kərimova ilə görüşüb Mirxəyal haqqında söhbət etdik:

Şəhidimizin uşaqlığı ilə bağlı xatirələri bölüşmənizi istərdim. Mirxəyal necə uşaq olub?

- Mirxəyal uşaq vaxtı dəcəl olsa da heç kimə zərəri toxunmayıb. Məktəbdə də dərslərini oxumağa çalışardı. Demirən əlaçı idi, amma gücü çatan qədər məşğul olurdu. Bütün uşaqlar kimi bəzən ondan da şikayətlər gəlirdi, amma bu elə də ciddi şikayətlər deyildi. Amma elə məktəb illərindən bacarıqlı idi. Məsələn, bizim evdə heç vaxt kompyuter olmayıb, amma Mirxəyal kompyuteri çox gözəl bilirdi.

Məktəbi bitirəndən sonra nə işlə məşğul oldu?

- Məkətbi bitirib test imtahanlarında iştirak etsə də ali məktəbə qəbul ola bilmədi. Bir az müxtəlif işlərlə məşğul oldu. Sonra həqiqi hərbi xidmətə yola düşdü. Hərbi xidməti Naxçıvanda, erməni ilə sərhəddə başa vurdu. Hərbi xidmətdə fərqləndiyi üçün məzuniyyət verilmişdi, həm də vaxtından qabaq. Mən narahat oldum, dedim bəs, sənin məzuniyyət vaxtın deyil axı... O da zarafatla bildirdi ki, yaxşı əsgər olduğum üçün tez buraxdılar. Sonradan məlum oldu ki, sərhəddə erməni tutduqları üçün “Təşəkkürnamə” ilə təltif edib məzuniyyətlə mükafatlandırıblar.



Hərbi xidmətdən qayıtdıqdan sonra nə işlə məşğul olurdu?

- Bir ara su filtrlərinin satışı ilə məşğul oldu. Evlərə gedib su filtrləri satırdı, çox bacarıqlı idi. İstənilən işin öhdəsindən gəlməyi bacarırdı. Bir gündə 2-3 su filtri satırdı. Zəhmətkeş idi mənim balam. Ali məktəb bitirməsə də sonralar mebel dükanında mühasib kimi işləməyə başladı. Hətta məni də dükana dəvət etdilər, razılığımı aldırlar. Daha sonra mühribəyə gedənə qədər otellərin birində mühasib kimi çalışdı.

Müharibəyə könüllü getdi, yoxsa çağırdılar?

- Könüllü… Polad Həşimov yenicə şəhid olmuşdu. Ölkədə müharibə ab-havası var idi. Bir gün gəlib dedi ki, könüllü orduya yazılıb müharibəyə getmək istəyir. Sən demə evdə deyənə qədər artıq yazılıbmış. Bir söz demədim. Bu hadisədən bir xeyli vaxt keçdi. Sentyabrın 27-də müharibənin başladığını elan etdilər. Ana kimi narahat oldum, o da öz otağında istirahət edirdi. Bu barədə ona deyəndə məlumatı olduğunu bildirdi. Sonra əlavə etdi ki, mən də gedəcəm və sağ-salamat qayıdacam. Getməmişdən bir-iki gün əvvəl nə geyinəcəyini belə özü seçmişdi.

Nə zaman yola saldız?

- Sentyabrın 28-də zəng vurub çağırdılar. Özü də işlədiyi oteldə idi. Axşam işdən gəlib əynini dəyişib yola düşdü. Heç evdə yemək də yemədi, dedi oteldə məni yaxşıca yedizdiriblər. Komisarlığa özüm də onunla bərabər getdim. Bütün dostları ətrafında idi. Onu yola salmağa gəlmişdilər.



Gedəndə aranızda hansı söhbətlər oldu?

- Dedi ana bu fürsət bir də ələ düşməz, torpaqlarımızı geri alacağıq. Ancaq onu deyirdi ki, narahat olma… Bir də xahiş etdi ki, ağlamayım, başımı dik tutum. Amma mən anayam, boynuna sarıldım. Onu yola salınca gözlədim və Xəyalım o gedən getdi…

Müharibə vaxtı tez-tez danışırdız?

- Tez-tez demək olmaz, amma arada zəng edirdi, heç nə demirdi. Ancaq onu deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın. Sonuncu dəfə noyabrın 2-də danışdıq. Bir həftə idi danışmırdıq, hər gün də rayona şəhidlər gəlirdi, narahat idik. Dedim niyə zəng vurmursan? Dedi sən narahat olma, özünü qoru, tezliklə qayıdacağıq. Təki özünün deyil, hamının adından danışırdı.



Komandirləri Mirxəyal haqqında nə deyirdilər, necə əsgər olub?

- Komandirləri Mirxəyalın döyüşkən olduğunu, hər zaman irəlidə getdiyini bildirirlər. Onların bu barədə səs yazıları da var. Deyirdilər ki, böyütdüyünüz övladı siz hələ yaxşı tanımamısınız. Məsələn, o, Xocavənd döyüşlərinə getməməli, istirahət etməliymiş. Amma istirahət etmək istəməyib, döyüşlərə qatılıb. Komandiri deyir ki, biz onu saxlaya bilmədik. Noyabrın 3-də Xocavənd yaxınlığında gedən qızğın döyüşlərdə şəhid oldu. Hətta komandiri bildirdi ki, mənim ona can borcum var, yaralandım, Mirxəyal yaramı sarıdı, iynəmi vurdu və məni təhlükəli ərazidən uzaqlaşdırdı.

Mirxəyalın şəhid olması xəbərini necə aldınız?

- Noyabrın 2-də mənimlə danışdı, noyabrın 3-də şəhid oldu, noyabrın 9-da isə nəşini gətiridilər. Komandirin qardaşı Mirxəyalın fotosunu sosial şəbəkələrdə paylaşıb ki, tanıyan olsa xəbər versin. Bacımın yeznəsi də Mirxəyalın əvvəl işlədiyi su filtirləri firmasında sürücü işləyirdi. Oğlumu tanıyanlar ona deyiblər. Beləliklə, məlumat yayılıb. Qardaşım oğlanları və bacımın yeznəsi Füzuliyə - hospitala, onun dalınca gediblər. Biz isə evdəydik, heç nədən xəbərimiz yox idi, axı mən onunla dünən danışmışdım… Mən qardaşımgilə getdim, onlar qonşu binada olur, orda qohumların toplaşdığını gördüm, ürəyimə nə isə damdı, dedim yəqin Mirxəyalım şəhid olub, boyun tutmadılar. Evə qayıdanda MİS işçilərinin həyətə qum-çınqıl tökdüklərini gördüm. Şübhələrim yenidən baş qaldırdı, yoldaşım da həyətdə idi, dedim nə baş verir? Dedi heç nə, narahat olma… Bu zaman qardaşımın həyat yoldaşı bizə gəldi və Mirxəyalın şəhid olduğunu dedi. Ondan sonra özümdə olmamışam.



Hansı şəraitdə vurulub, bu barədə nə isə öyrənə bildinizmi?

- Mirxəyal komandirinin yaralarını sarıdıqdan sonra döyüş getdiyi əraziyə daxil olub. Əynində qoryucu gödəkçə varmış, onu da son anda çıxarıb komandirinin üstünə atıb. Ondan sonra yenidən döyüşə girib və 5.45 çaplı silahdan açılan güllə qarın boşluğuna dəyərək şəhid olub. Əldə etdiyimiz məlumatlar bu qədərdir.

Mirxəyaldan başqa da oğlunuz var, elə deyilmi?

- Bəli var. Hərbi Akademiyanı bitirib. Hazırda Azərbaycan Ordusunda Vətənə xidmət edir.

Sizə münasibət hansı səviyyədədir, problemləriniz varmı?

- Bizə münasibətdən narazı deyilik, problemimiz də yoxdur. Təkcə bir xahişim - arzum var, o da Mirxəyalla bağlıdır. İstərdim ki, oğluma orden verilsin. Çünki, mənim oğlum ləyaqətlə döyüşüb, onlarla düşməni məhv edib. İstəyirəm ki, oğlumun əziyyəti qiymətləndirilsin.



Mürciət etmisiniz?

- Bəli, etmişik, amma cavab yoxdur.

Ana ilə söhbətimizi yekunlaşdırıb Mirxəyalın təhsil aldığı Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbinə getdik. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Gülşən Məmmədova bizimlə söhbətində Mirxəyalın çevik və emosianal şagird olduğunu bildirdi:

- Biz onu saxlaya bilmirdik, yaxşı mənada çox çevik və mərd idi. Mirxəyal da müharibəyə könüllü getmişdi. Hətta 11-ci sinifi bitirəndə “Mən şəhid olacam” mahnısını ifa etmişdi. O kadrlar hələ də məktəbimizin arxivində durur. Ümumiyyətlə, məktəbimizin şagirdləri vətənpərvərlik ruhunda böyüyürlər. Əlbəttə, burda ailə ilə yanaşı məktəbin də rolü böyükdür. Məktəbimizdə “Şahin”, “Cəsurlar” hərbi idman oyunları olub və bu gənclər bu kimi tədbirlərdə çox fəal idilər, sanki özlərini müharibəyə hazırlayırdılar. Biz buna sevinirik və əminik ki, onların ruhu şaddır. Çünki onlar Vətən torpaqlarını yağı düşməndən azad edərək şəhadətə qovuşublar. Mirxəyal həm də çox ədalətli gənc idi, onlar bizim yadımızda belə qalıb və qalacaq. Ona görə yox ki, şəhid olublar, indi hamı onlardan danışır, ona görə ki, onlar həqiqətən də belə olublar. Məktəbimizdə keçirilən tədbirlərdə hər zaman onları rəhmətlə anırıq.



Şəhidimizin məzarını ziyarət etmək üçün Lənkəran şəhərində yerləşən “Kiçik bazar” qəbiristanlığında olduq. Biz orda olduğumuz müddətdə rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəhbər şəxslər də şəhid məzarlarını ziyarət edirdilər. Ziyarətçilər arasında Mirxəyalın yaxın dostlarından biri Ruslan Hüseynov də var idi:

- Mirxəyalla son iki ildə dostluq edirdik, amma sanki 20 ilin dostları idik. O çox istiqanlı, təmiz ürəkli dost idi. Bunu mən o şəhid olub deyə söyləmirəm. Mirxəyalı tanıyanlar, onunla ən azı bir dəfə təmasda olan hər kəs mənim sözlərimi təsdiq edə bilər. Yaşına görə çox mərd və ürəkli idi. Məsələn, özü çətinliklə yaşasa da pandemiya vaxtı kiçik büdcəsi ilə kasıb və imkansız ailələrə yardım edirdi. Onu müharibəyə yola salan dostları arasında mən də var idim. Sevincli və qürurlu idi. Mirxəyal adı kimi hər zaman xəyallarımızda yaşayacaq.



Mirxəyalın digər dostu Mirəsgər Talışiniski də onu hər zaman gülərüz, mehriban siması ilə xatırlayacağını bildirdi:

- Mirxəyal yerini, davranışlarını bilən dost idi. Biz hər gün bir yerdə olardıq, işdən sonra görüşər nə edəcəyimizi, planlarımızı müzakirə edərdik. Çox çalışqan idi, mühasibatlığı gözəl bilirdi, bir çox hallarda mənə də bu sahədə dəstək olurdu. Vətənpərvər idi, elə onu müharibəyə aparan da Vətəni canından çox sevməsi oldu. Könüllü yazılmışdı, heç bir tərəddüd, təzyiq olmadan zəng gələn kimi yola düşdü. Əsgər yoldaşlarının dediyinə görə, qəhrəmancasına şəhid olub. Arzuları var idi, müharibədən qayıdıb daha çox işləmək, ailəyə dəstək olmaq və evlənməyi düşünürdü, hətta sevdiyi qız da var idi... Lakin ömür vəfa etmədi, müharibə onu bizim əlimizdən aldı.



Beləliklə, daha bir Vətən müharibəsi qəhrəmanı ilə bağlı görüşümüzü belə yekunlaşdırdıq. Mirxəyal sağlığında könüllərdə, şəhadətə ucalandan sonra isə xəyallarda yaşayan qəhərmana çevrilib. Onun məzarını ziyarətə getdiyimiz zaman anasının məzar daşına sarılıb nə isə pıçıldadığını müşahidə etdik. Ananın fotosunu çəkib “Ana şəhid oğlunun məzar daşına nə pıçıldaya bilər ki?” postu ilə sosial şəbəkələrdə paylaşdıq. Bu posta gələn yüzlərlə rəyin bəzilərini təqdim edirik: “Bəlkə də oğlunun nəfəsini duymaq, ürək döyüntülərini eşitmək istəyir”, “Vətənim sənsən deyəcək”, “Oğul, niyə belə tez getdin”, “Sənin üçün çox darıxmışam” və s...

Allah rəhmət eləsin!



Rəhman Məlik

Müsahibə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.


















Xəbər 3134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +