“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


30.09.2022  14:46 

“Bu mənfi tendensiyaların yaranmasına səbəb olacaq”





A+  A-

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin reallaşdırdığı bu layihədə də məqsəd QHT-lərə bu sahədə yardım etməkdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində araşdımalarımız davam edir. Növbəti məqaləmizdə də ümumi gəlinən qənaət budur ki, mətbuat və sosial media ilə işin düzgün qurulması QHT-lərin tanınmasına, gördükləri işlərin ictimaiyyətdə geniş təbliğinə səbəb olur. Bu baxımdan qht.az saytının rəhbəri, "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin fikirləri çox maraqlıdır. QHT-lərin gördüyü işlərlə yaxından tanış olan, onların iş prinsipini gözəl bilən sayt rəhbərinin aşağıdakı tövsiyələrindən yararlanacaq QHT rəhbərlərinin çox olacağından əminik.

Beləliklə, o, öncə qeyd etdi ki, QHT-lərin əsas donoru olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi icra olunan layihələrin mediada işıqlandırılması üçün minimum tələblər qoyur: “Bu tələb olmasa, qrant alan QHT-lərin 70 faizi (mənim hesablamalarıma görə) layihələri haqqında mətbuatda məlumat yaymayacaqlar. Bu isə təkcə şəffaflığın və hesabatlılığın pozulması deyil, müxtəlif uzun müddətli mənfi tendensiyaların yaranmasına səbəb olacaq”.

C.Hüseynzadə bildirdi ki, QHT-nin media strategiyası aşağıdakıları hədəfləyir:

1. Media QHT-nin məqsədlərinə çatması üçün təşkilata kömək edəcək;
2. Maraqlı tərəflərlə səmərəli ünsiyyət üçün yeni imkanlar yaradacaq;
3. QHT-nin fəaliyyətinin uğurunu nümayiş etdirəcək;
4. İnsanlar QHT-nin nə etdiyini başa düşəcək;
5. Zəruri hallarda davranış və qavrayışların dəyişdirilməsinə yardımçı olacaq.

Problemlər, problemlər...

Onun sözlərinə görə, QHT-lər PR planına yazılı, vizual və onlayn media ilə işləməyi daxil etməlidirlər. “Bəzi QHT rəhbərləri elə düşünür ki, indi yazılı (print) media öz dövrünü başa vurduğu üçün qəzetlərlə işləməyə dəyməz. Məncə, bu yanlış fikirdir. Yazılı media hələ də müxtəlif aspektlərə görə aktuallığını saxlayır. Həmçinin, QHT-lərin hələ də TV-lərə çıxışında problemləri qalmaqda davam edir. Halbuki, son iki ildə ənənəvi televiziyalarda QHT-lərin ekspert kimi müzakirələrə cəlb edilməsi yaxşı nümunədir. TV-lərin QHT-lərlə əməkdaşlığı bir çox hallarda şəxsi və digər münasibətlərə daha çox bağlı olur. Əlbəttə, bu məqam heç də xoş hal deyil”.

C.Hüseynzadə qeyd etdi ki, başqa mənfi tendensiya isə internet televiziyalarla bağlıdır: “Bu gün internet TV-lər əsasən siyasi partiyalara fokuslanıblar və cəmiyyətin digər sektorları bir növ arxa plana keçib. Bu baxımdan, QHT-lərin təkcə onlayn media ilə əməkdaşlığını nisbətən qənaətbəxş hesab etmək olar. Bu əməkdaşlıq da keyfiyyət deyil, kəmiyyət baxımdan uğurlu sayıla bilər. Çünki, həm QHT-lərin media ilə peşəkar əməkdaşlıq baxımından problemləri var, həm də medianın resursları və əməkdaşları, onların peşəkarlığı ilə bağlı problemlər mövcuddur. Bir çox saytlar məlumat və açıqlamaları redaktə olunmadan yayımlayır. Bəzən QHT sədrinin elə bir acıqlaması saytlarda yayımlanır ki, həmin açıqlama QHT sədrini hətta nüfuzdan salır. Çünki, açıqlama keyfiyyət, üslub və yazı standartları baxımdan qaydalara cavab vermir. Sanki bəzi QHT sədləri sadəcə çap olunmaq və görünmək üçün bu addımı atırlar”.

QHT-lərlə ən çox işləyən bir saytın rəhbəri olaraq C.Hüseynzadə bu sahədə ən çox rast gəlinən problemə toxundu. Onun dediyinə görə, QHT-lərin keçirdiyi tədbirlərinin işıqlandırlması ilə bağlı vəziyyət bir qədər fərqlidir: “Bir-iki sayt istisna olmaqla, QHT-lərin tədbirlərində jurnalistlərin iştirakı və həmin tədbirdən reportajların və materialların hazırlanmasına çox nadir hallarda rast gəlinir. Bunun da səbəbi bir tərəfdən QHT-lərin keçirdiyi tədbirlərin keyfiyyəti və mövzunun aktuallığı problem, digər tərəfdən isə media subyektlərində bu məlumatları yaymaqda nə dərəcədə maraqlı olmasıdır. Medianın İnkişafı Agentliyi onlayn mediaya maliyyə dəstəyi göstərir. Saytlar da bu maliyyə qarşılığında müxtəlif mövzularda yazılar hazırlayırlar. Bu mövzulardan biri də vətəndaş cəmiyyətidir. Məhz vətəndaş cəmiyyəti ilə bağlı mövzularda QHT-lərlə yaxından əməkdaşlıq edilir”.

Göndərilən press-relizlər ilə bağlı problem kifayət qədər ciddidir

“Bəzi media subyektləri bu əməkdaşlığı kommersiya formatında qiymətləndirir. Əlbəttə, məlumatların ödəniş əsasında və ya ödənişsiz çap olunması ilə bağlı hər iki tərəfin müəyyən mənada haqlı mövqeləri var. Hazırda QHT-lər bir çox hallarda şəxsi əlaqələri çərçivəsində bu materialların yayımlanmasına nail ola bilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bir çox jurnalistlər həm də QHT sədrləridir. Göndərilən press-relizlər ilə bağlı problem kifayət qədər ciddidir. Həmin press-relizlərin böyük əksəriyyətinin keyfiyyəti çox aşağı səviyyədə olur, bir çox hallarda press-relizlər tədbirin mahiyyətini əks etdirmir. Əlavə olunan fotoların keyfiyyətsizliyi, formatı ilə bağlı da problemlərlə bir çox hallarda rastlaşırıq”, - deyə QHT.az saytının rəhbəri vurğuladı.

Yaxşı nümunələrin yaranması ilə bağlı müxtəlif ideyaları var

Media – QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan C.Hüseynzadə bildirdi ki, bu əməkdaşlığın uğurlu mərhələyə qədəm qoyması bir-birinə yaxın olan bu 2 sektorun inkişafı ilə çox bağlıdır: “Bu gün QHT-lərin və medianın maliyyə imkanlarının zəif olması, hər iki sektorda şəffaflıq, hesabatlıq və peşəkarlıq ilə bağlı müəyyən problemlərin olması fakt olaraq qalır. Problemlərin həlli üçün bəzi hallarda QHT nümayəndələri və media ilə iş üzrə təlimlərin təşkili təklifi də irəli sürülür. Bu təlimlər müəyyən mənada QHT nümayəndələrinin media ilə işləmək bacarıqlarının artmasına kömək ola bilər. Amma problemin hərtərəfli həllinə təkcə təlimlər ilə nail olmaq mümkün olmayacaq. QHT-lərin komanda halında formalaşmaması, resursların artmaması şəraitində bu sahədə uğurlu nəticələr əldə etmək çətin görünür. Əslində QHT jurnalistikasının yaranması və inkişafına ehtiyac duyulur. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin QHT Dayanıqlıq İndeksi ölkə hesabatında (Cıvıl socıety organızatıon sustaınabılıty ındex) hər il QHT-lərin ictimai imicinin formalaşmasında (publıc ımage) qht.az saytının rolu ətraflı qeyd olunur. Şəxsi fədakarlığımız hesabına bu sayt ayaqdadır, lakin nə vaxta qədər belə davam edəcəyini də deyə bilmirik”.

C.Hüseynzadə sonda onu da bildirdi ki, uzun müddətdir QHT jurnalistikası sahəsində çalışdıqları üçün mövcud problemlərin həlli ilə bağlı, yaxşı nümunələrin yaranması ilə bağlı müxtəlif ideyaları var. Sadəcə, bu ideyaların həyata keçirilməsi üçün maliyyə mənbələri mövcud deyil.


Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Xəbər 2169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +