Astara rayonunda görüşəcəyimiz şəhid ailələri sırasında Kamran Seyfullazadənin adı birinci və şəhərdə görüşəcəyimiz tək ailə idi. Lakin anası gündüzlər işdə olduğu üçün heç cür imkan tapa bilmirdik, axşamlar da ailəni narahat etmək istəmirdik. Digər şəhid ailələri isə rayonun müxtəlif ucqar kəndlərində və qəsəbələrində olduğu üçün onlardan başlamalı olduq. Ailələri ziyarət adətən uzun çəkirdi: ailədə, təhsil aldığı məktəbdə və şəhid məzarlarını ziyarət bir xeyli vaxt aparırdı. Astara səfərimizin sonuncu günü Kamranın anası Ruhiyyə xanımla təkrar əlaqə saxlayıb görüşə bildik.
Kamran Seyfullazadəni tanıyaq
Seyfullazadə Kamran Cəlal oğlu 1999-cu il yanvarın 14-də Astara şəhərində anadan olub. Kiçik yaşlarından anası ilə min bir zəhmətə qatlaşıb. Orta təhsildən sonra hərbi xidmətdə olub.
Vətən müharibəsinin ilk günlərində cəbhəyə yollanan könüllülərdən olan Kamranın döyüş yolları Füzuli, Cəbrayıl, Qubadlı, Suqovuşan, Hadrut və Laçından keçib. Hər tapşırığa hamıdan öndə gedən hücumçu, artilleriyaçı, 11 nəfərə başçılıq edən Kamran manqa komandiri kimi “Əlhəmdulillah” deyib Şuşaya qalxıb. 30-dan çox ermənini əlbəyaxa döyüşlərdə öldürən Kamran dəfələrlə yaralı əsgərlərə qan verib.
Hadrutda divara öz adını, soyadını, Astara və “Qarabağ Azərbaycandır!” sözlərini yazan Kamran Seyfullazadə noyabrın 6-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Kamran Seyfullazadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Kamranın yaşadığı evdə anası Ruhiyyə xanım, bacısı Samirə xanım, babası Firuddin bəy və onun xanımı Könül xanımla görüşdük.
30-dan çox erməni əsgərini məhv edib
Anası Ruhiyyə xanım bildirir ki, Kamran uşaqlıqdan zəhmətə qatlaşıb, əzab-əziyyətlə böyüyüb: “Biz həm ana-bala, həm də iş yoldaşı idik. 2017-ci ildə hərbi xidmətə yola düşdü. Goranboyda və Ağdamda hərbi xidmət keçdi, “Təşəkkürnamə”, yaxşı xidmət keçdiyi üçün iki dəfə ard-arda məzuniyyət aldı. Hərbi xidməti başa vurduqdan sonra Astaraya qayıtdı. Burda müxtəlif işlərlə məşğul oldu. Canıyanan, mehriban övlad idi. Mən onu atasız böyütmüşəm. Polad Həşimov şəhid olandan sonra orduya könüllü yazıldı, bu barədə bir ay sonra məlumatımız oldu. Dedim məni tək başına qoyub hara gedirsən? Ddedi mənim başqa bir anam da var – Vətən… O çağırır, Polad Həşimovdan artıq deyiləm, getməliyəm… Getdi də…”
Ruhiyyə xanım qeyd edir ki, sentyabrın 21-də oğlunu orduya yola salıb: “Beş gün idi yola düşmüşdü təkrar çağırış gəldi, dedilər ki, Kamran orduda snayper olub, mütləq getməlidir. Biz də dedik ki, artıq Kamran beş gündür orduya könüllü gedib. Bu zaman o artıq Füzilidə idi. Mühribə dövründə 7 rayonda döyüşüb, 7 medal veriblər, 5-ni almışıq, 2-si qalıb. Ona orda “Cəngavər” ləqəbi veriblər. Şuşaya qədər döyüş yolu keçib. Şuşaya girən ilk 8 nəfərlik qrupda olub. Şəhər ətrafında əlbəyaxa döyüşdə bıçaq yarası alıb və şəhid olub. Onun məzarını ziyarət edən əsgər yoldaşları təəccüb içində idilər. Daha doğrusu təəccüblərinin səbəbi onun yaşının az olması idi. Onlar deyirdi ki, Kamranın 21 yaşı olmasını bilmirdilər, elə bilirmişlər ki, daha yaşlıdı. Kamran heç nədən qorxamadan avtomobili erməni postuna sürüb oranı dağıdan, qənimətlər ələ keçirən az saylı əsgərlərdən olub, 30-dan çox erməni əsgərini məhv edib. Təkcə bununla kifayətlənməyib, yaralı əsgərlərmizə qan verib. Həmin əsgərlər hamısı bizə gəlmişdi. Deyirdilər ki, Kamran döyüş gedə-gedə güllə altından o qədər şəhid çıxarıb ki, qışqırmaqdan səsi batıbmış… Öz papağını 6 ayın əsgərinə verib, deyib mən dözərəm, təki sənə bir şey olmasın”.
Şəhid anası bildirir ki, Qələbə Kamranın şəhid olmasından 3 gün sonra elan olundu: “Biz ona 3 mərasimi verirdik ki, Qələbə elan olundu. Kamran 44 günlük Vətən müharibəsinin 41 gününü döyüşüb. Bütün Astara rayonu ona körpə uşaq kimi ağlayırdı. Rayonda dostlarına deyirmiş ki, mən Sirat körpüsünü manəsiz keçəcəyəm… Balam şəhid olacağını bilirmiş”.
Cəsarətinə görə ona “Cəngavər” ləqəbi qoymuşdular
Şəhidin babası Firudin Ağayev nəvəsinin ailəcanlı, vətənpərvər övlad kimi xarakterizə edib: “Kamran cəbhəyə könüllü getmişdi, sentyabrın 27-dən noyabrın 5-nə kimi vuruşmuşdu. Dayanmadan 41 gün döyüşmüşdü, şücaətinə və cəsarətinə görə ona “Cəngavər” ləqəbi qoymuşdular. O təkcə döyüşmürmüş, silah-sursat daşıyar, yaralı əsgərlərə qan verər, şəhid əsgərlərmizi ərazidən çıxarar, tez-tez erməni postlarına təkbaşına basqın edərək yemək-içmək, silah-sursat, bir sözlə xeyli qənimətlər ələ keçirərmiş. Hətta əsgər yoldaşları deyərmiş ki, erməni postlarına girirsən, minaya düşə bilərsən, amma o öz bildiyini edərmiş. Bütün bunları onun məzarını ziyarət edən əsgər dostları danışırdılar”.
Baba əlavə edib ki, o Kamranla hər zaman fəxr edib: “Demək olar ki, onları mən böyütmüşəm. Bizi, xüsusən də məni heç vaxt yanıltmadı. Sözə baxan, ailəni çətinliklərdən çıxarmağa çalışan bir gənc idi, məsləhətsiz heç bir iş görməzdi. Qızıma təsəlli verirəm ki, belə bir oğul böyüdüb, tərbiyəli, əxlaqlı… Vətən yolunda şəhid olub. Bundan şərəfli, qürürlu nə ola bilər ki?!”.
Firudin bəyin xanımı, Kamrana nənə əvəzi Könül Ağayeva da şəhidin onlar üçün əziz olduğunu və xatirələrində əbədi yaşayacağını söyləyib: “Mən onu lap kiçik yaşlarından tanıyıram. Çox mərd və cəsarətli, əvəzolunmaz idi. Belə oğullar nadir hallarda dünyaya gəlir. Kamran da məhz o oğullardan idi. Heç bir işdən qorxmurdu, “edə bilmərəm” demirdi. Müharibədə də belə olub, qəhrəmancasına vuruşub, şəhid olub. O bizim qürur yerimizdir”.
Deyərdi ki, ölümüm yaddaşlarda qalacaq
Şəhidin bacısı Samirə Seyfullazadə qardaşı ilə həm sağlığında, həm də şəhidlik məqamına yetişdikdən sonra fəxr etdiyini bildirib: “Biz atasız böyümüşük, Kamran evin atası idi, mənə də həm ata, həm də qardaş olub. Kamran çox güclü oğlan idi, bütün ümidlərimiz ona idi. Yaşı az olsa da çox böyük davranırdı. Hər zaman özündən böyüklərə yoldaşlıq edərdi. Həyat onu buna məcbur etmişdi. Orta məktəbdə əlaçı şagird olmasa da, tərbiyəsi, əxlaqı və ağlına görə seçilirdi. Bacı-qardaş söhbət edəndə deyərdi ki, mənim ölümüm yaddaşlarda qalacaq, elə belə də oldu. O şəhidliyi ilə yaddaşlara həkk olundu”.
S.Seyfullazdə deyir ki, gəlməyəcəyini bilsək də hər gün onun yolunu gözləyirik: “Bir ömür də yolunu gözləyəcəyik. Orduya könüllü yazılanda mənim elektron poçtumla qeydiyyatdan keçmişdi. Mən bunu sonradan öyrəndim. Onunla bərabər 34 könüllüdən xüsusi təyinatlılara getmək üçün 3 nəfər razılıq verib, onlardan da biri Kamran olub. Ona deyiblər ki, evin tək oğlusan, anan səni gözləyir, bəlkə getməyəsən. Kamran isə fikrindən dönməyib və xüsusi təyinatlı kimi Şuşaya qalxıb. Sonuncu əlbəyaxa döyüşü dostunu xilas etməyə gedəndə olub. Şuşada 1553 metr yüksəkliyə qalxaraq ondan irəlidə olan dostu Səid Bayramovun nəşinin götürməyə gedib. Bu zaman ermənilərlə qarşılaşıb, əlbəyaxa döyüşüblər, onlar bıçaqla Kamranı şəhid ediblər”.
Bacısı deyir ki, Kamran ata olmaq istəyirdi, evlənməyə həvəsli idi: “Deyirdi ki, Allah mənə 3 qız övladı versin, üçünə də anamın adını qoyacam. Qoy hər evdə anamın adını yaşatsınlar. Planları, arzuları çox idi. Müharibədən sonra başqa ölkəyə getmək, işləmək istəyirdi. İstəyirdi evimizi təmir etsin. Evimiz yeni olsa da təmirsiz idi… Amma qismət olmadı. Son dövürlər ibadətə meyilli idi, sanki harasa hazırlaşırdı”.
İndi ailə hər yerdə onu axtarır. Baxmayaraq ki, olduğu yer bəllidir. Ana bəzən evdə onun dolaşdığını hiss edir, qapının açılıb-bağlandığını görür, amma özünü – üzünü görmür.
Allah rəhmət eləssin!
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 2606 dəfə oxunub.