“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.09.2022  10:07 

Dörd bacının yeganə qardaşı… - Şəhid Elnur Əbdülov





A+  A-

Sipiyəpart adının toponimi talış dilində sipi “ağ”, “yə” birləşdirici şəkilçi, part (pard) isə “körpü” sözlərindən ibarətdir - Ağ körpü kəndi. Amma nədənsə hamı bu kəndi Sipiyəpart kimi tanıyır, Ağ körpü adına isə yalnız kəndə girişdə balaca bir çay körpüsünün yaxınlığında vurulmuş lövhədə rastlaşırsan. Bu kənd Astara rayonunun Pəlikəş inzibati ərazi dairəsinə daxildir. Kəndə getmək üçün Ərçivan-Kijəbə-Deqədi-Nebud kəndlərini keçməlisən.

Astarada görüşəcəyimiz növbəti ailə rayonun Sipiyəpart kəndində yaşayan Əbdülovlar ailəsi oldu. Sipiyəpart rayon mərkəzindən 20-25 km-lik bir məsafədə yerləşir. Kəndə getmək bir az rahat olsa da kənddən ailənin evinə getmək dəhşətli və əzablı idi. Əbdülovların evi əsas yoldan 1.5 km məsafədə - dağın başında yerləşir. Evə gedən yolu Elnurun atası özü düzəldib, sadəcə dağları yararaq bir gedişli “yol” çəkib. Çətinliklə də olsa elə kənddən olan Seyidhəsən kişinin ürək-dirək verməsi ilə evə qədər gedib çıxa bildik.



Uzaq və çətin relyefli bu kəndə getməyimin əsas səbəbi Elnurun ailədə tək oğlan övladı olması idi… Təsəvvür edin 4 bacının yeganə qardaşı idi Elnur. Amma ata-ana, bacılar gözləri yaşlı olsalar da qürurludurlar. Astaranın dağ başında, çətin şəraitdə yaşayan bu kasıb ailədə o boyda itgidən sonra da Vətənə qarşı məhəbbət hissi ölməyib, əksinə daha da artıb. Onlar Azərbaycan – Vətən deyib hər şeylərini qurban verməyə hazırdırlar, təki ölkəmiz bütöv olsun, müharibə bitsin, insanlar qardaş kimi yaşasınlar.

Elnur Əbdülovu tanıyaq

Elnur Qədir oğlu Əbdülov 23 fevral 2002-ci il tarixdə Astara rayonunun Ağ körpu (digər adı Sipiyəpard) kəndində anadan olub. 2020-ci ilin aprel ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmət keçən Elnur Vətənin əsgəri olaraq döyüşlərə qatılıb.



Sentyabrın 28-də Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü” , “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Elnur 4 bacının yeganə qardaşı olub. Buna baxmayaraq hərbi xidmətə gedib, 18 yaşlı gənc Vətən savaşında igidlik göstərib və şəhadətə yüksəlib.



Oğullarımız bizlər üçün təsəlli yeri qoydular

Atası Qədir Əbdülov deyir ki, Elnur uşaq vaxtından vətənpərvər gənc kimi yetişib: “Uşaq vaxtı çəkdirdiyi fotlara baxdınız. Bir çox fotolarında geyimi əsgər geyimidir. Hələ o zaman Türkiyə TV-lərində “Şevkət təpə” adlı film göstərirdilər. Elnur da həmin filmi seyr edər, əsgər olan zaman nişançı olacağını bildirərdi. Vaxt gəldi, zaman yetişdi hərbi xidmətə yola saldıq və xüsusi təyinatlılarda xidmətə başladı. Müharibə vaxtı tez-tez danışardıq. Biz o zaman ailəvi Ağdam rayonunda soğan sahəsində işləyirdik. Sonra Astaraya gəldik. Zəng vurdum ki, bəlkə sənə pul göndərim, dedi lazım deyil… Birinci gün ona pul göndərmək üçün rayon mərkəzinə getdim, imkan olmadı, axşam dedilər müharibə başlayıb. Sonuncu dəfə sentyabrın 24-də danışmışdıq. Oktyabrın 2-də kəndin icra nümayəndəsi zəng vurdu ki, Ağ körpüyə gəl, qonağın gəlir. Fikirləşdim ki, bu necə qonaqdır? Məktəbin yanından qalxanda insanların toplaşdığını gördüm və ürəyimə damdı ki, Elnur şəhid olub”.



Q.Əbdülov bildirir ki, Vətənin o başı, bu başı yoxdur: “Biz dağlarda yaşayırıq. Amma Azərbaycanın hər yeri bizim üçün Vətəndir. Nə zamana kimi işğalla barışacaqdıq? Əlbəttə, bu savaş bir gün olmalı idi, oldu da, şəhidlər verdik, amma torpaqlarımızı azad etdik. Bax bizim oğullarımız bizlər üçün təsəlli yeri də qoydular – azad olunan torpaqlarımız”.

Ata istəyir ki, Elnurun oxuduğu məktəb şəhidin adını daşısın: “Bu barədə müvafiq qurumlara müraciətlər də etmişik, cavab gözləyirik. Yolumuzu da gördünüz, gedib-gəlmək çox çətindir, qış düşəndə lap çətin olacaq, düzəltsələr, heç olmasa qum-çınqıl töksələr yaxşı olar”.



Onunla fəxr edirəm, məni şəhid anası etdi

Anası Yazgül Sadıqova Elnuru əzab-əziyyətlə böyütdüklərini bildirib: “Bir oğlum var idi, o da şəhid oldu. Elnur 4 bacının bir qardaşı idi, bu bizim üçün, bacıları üçün çox ağırdır. Mənim balam çox zəhmətkeş idi, hər işə qaçar, çətin, kasıbçılıqla yaşayan ailəmizi problemlərdən, qayğılardan xilas etməyə çalışardı. Onunla fəxr edirəm, məni şəhid anası etdi. Yeganə təsəllimiz Vətən torpaqlarının işğaldan azad olunmasıdı…”

Elnurun bacısı Gülmirə Əbdülova qardaşları ilə fəxr etdiklərini söyləyib: “O, bizim tək qardaşımız, güvənc yerimiz idi. Biz bacıları onunla həmişə mehriban, dost omuşuq. Arzusu hərbi xidməti başa vurub orda qalmaq idi, amma ömür vəfa etmədi. Sağlığında olduğu kimi şəhidliyi ilə də bizə fəxr hissi yaşatdı. Biz onunla fəxr edirik. O ən yüksək məqama ucalıb. Daha nə deyə bilərik ki…”



Sona kimi cəsarətlə döyüşdü və şəhid oldu

Keçmiş hərbi müəllimi, ehtiyatda olan zabit Seyidhəsən Xanməmmədov Elnuru hər zaman intizamlı şagird kimi xatırladığını bildirir: “Bir gün yuxarı siniflərə dərs deyirdim, Elnur mənə yaxınlaşdı və dərslərdə oturmağa icazə istədi. O zaman hələ o 6-ci sinifdə oxuyurdu. Mövzumuz “Azərbaycan Milli ordusunun tarixi”ndən bəhs edirdi. Dərsdən sonra o balaca Elnur mənə yaxınlaşaraq general Mehmandarov kimi Vətənə xidmət edəcəyini söylədi, etiraf edim ki, bu mənə təəccüblü gəldi. Vaxt keçdi, Elnur hərbi xidmətə yola düşəndə məndən xeyr-dua aldı. Biz Elnuru sevinc hissi ilə yola saldıq. O vuruşdu, sona kimi, cəsarətlə döyüşdü və şəhid oldu”.

Seyidhəsən Xanməmmədov qeyd edib ki, şəhidlik uca məqamdır: “Cənab Prezidentə, Ali Baş Komandana təşəkkür edirik, şəhidlərimizin qanını yerdə qoymadı, “Dəmir yumruq” öz işini gördü. İndi artıq ölkəmiz yavaş-yavaş normal həyata qayıdır, şəhid ailələrinə diqqət artırılır”.



Kənd sakini Vüqar Mirəhmədov şəhid Elnurun ədəbli və mehriban bir gənc olduğu söyləyib: “Biz həm də Elnurla qohumuq. Tez-tez bu evdə əyləşər gələcək planlarından bəhs edərdi. Əvvəllər bizdə işıqlar tez-tez sönərdi, kənddə də tək-tək adamlardan “generator” var idi, bir də bu evdə idi. Onunla bir yerdə filmləri izləyərdik. Elnurun hərb sənətinə böyük həvəsi var idi, həqiqi hərbi xidmətdən sonra qalıb işləmək, oxumaq istəyirdi...”

Şəhid Elnurun digər bir kəndçisi Fərahim Bağırov
da onun cəsarətli bir gənc olduğunu söyləyib: “Belə oğullar olmasaydı Vətən çətin durumda qalardı. Elnur kimi oğulların sayəsində biz qələbə çaldıq. Prezidentin müharibə vaxtı hər çıxışı nəyinki gənclərimizə, hətta yaşlı insanlarımız da stimul veriridi. Biz hər gün bu dağ başında Prezidentin çıxışın maraqla gözləyirdik. Azad olunan rayonların, kəndlərin siyahısını hər eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Təki müharibələr bitsin və anaların göz yaşları qurusun”.



Buralara gələn yoxdur, bu məqsədlə isə çox az adam gəlir…

Elnurla bağlı xatirələrini bölüşmək üçün Sipiyəpart kənd orta məktəbinin müəllimləri ilə görüşdük və bu məqsədlə məktəbdə olduq. Müəllimlər şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakıdan ucqar bir kəndə gəlişimizi sevincə qarşıladılar. Qeyd etdilər ki, buralara gələn yoxdur, bu məqsədlə isə çox az adam gəlir…



Məktəbin direktoru Ağakişi Nəcəfov: “Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsi ermənilərin növbəti təxribatından sonra başladı. Cənab Prezidentin, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycanın bütün hərbi kontingenti səfərbər olaraq düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Bu dövrdə bizim məktəbin məzunu Elnur Əbdülov da ordu sıralarında idi. Elnurun valideynləri sadə insanlar, vətənpərvərdirlər. Nəyinki onlar, kəndin bütün sakinləri Vətənə, Prezidentə bağlı insanlardır. Biz Elnuru hər zaman hörmətlə anır, valideynləri ilə görüşür, məzarını ziyarət edirik. İndi Elnur təkcə ailəsinin övladı deyil, bütün xalqın övladıdır. Müharibədə məktəbizimizn 44 məzunu iştirak edib, onlardan 1-i şəhid olub, 2-si qazidir, digərləri sağ-salamat evlərinə dönüblər. Əlbəttə, o zaman hamı kimi biz də müharibə ilə bağlı prosesləri izləyir, orduya bu və ya digər formada dəstək olurduq. Çətin bir müharibə idi, amma biz qalib gəldik, zəfər çaldıq. Ordumuz xalqla “Dəmir yumruq” kimi birləşərək işğal altında olan torpaqlarımızın azadlığına nail oldular”.



Sinif müəllimi İlham Zülfüqarov: “Elnur Əbdülov oxuduğu dövrdə həm intizamlı, həm də vətənpərvər gənc idi. Elnur fəqrli bir şagird olub. Kənddə boya-başa çatmasına baxmayaraq geniş dünyagörüşə malik idi. Biz şagirdlərimizə təkcə elm-bilik vermirik, həm də onları həyata hazırlayırıq. Elnur hərbçi olmaq istəyirdi. Planları belə idi ki, hərbi xisməti başa vurub, orduda qalsın, həm işləsin, həm də Vətənə qulluq etsin. Eşitdiyimizə, bildiyimizə görə yaxşı da xidmət edirmiş, amma müharibə onun arzularını yarıda qoydu, Allah rəhmət eləsin… ”



Coğrafiya müəllimi Əyyub Rəhmətov: “Ölkənin bütün şəhidləri bizim qardaşlarımız, balalarımızdır. Elnur nümunəvi şagird olub, hərbi – idman oyunlarında fərqlənərdi. Vətəni sevən digər gənclərimiz kimi xalqı, milləti sevirdi. Ailənin yeganə oğlan övladı idi. Biz onun qəhramanlığı ilə bağlı davamlı təbliğat işi aparırıq. Şagirdlərimizə təkcə Elnuru deyil, bütün şəhidlərimizi nümunə gətiririk”.



Riyaziyyat müəllimi Valeh Həmdəmov: “Şəhidlər ölmür, diridirlər. Onlar Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olublar. Biz onları daimi xatırlayacaq, unudulmağa qoymayacağıq. O şəhidlərdən biri də Elnur Əbdülovdur. Elnur canını Vətənə sipər etdi və qəhramancasına şəhid oldu. Onun həm kənd sakinləri, həm də məktəb kollektivi arasında çox böyük hörməti var idi. Biz onu daimi xatırlayırıq”.

Əlbəttə, şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, Vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi.

Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.














Xəbər 1477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +