Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


25.09.2022  18:28 

Onlar ölməzlər, əbədi yaşayanlardır – Şəhid Sadiq Zeynalov





A+  A-

Ərçivan Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Bu kənd nəyinki Astarada, Azərbaycanda da çox məşhurdur. Kənd Ərçivan çayının sahilində, Lənkəran ovalığında yerləşir. Kəndin toponimi ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər irəli sürür. Bəziləri iddia edir ki, arcion (ərəçləri) toponiminin dəyişilmiş variantı olub, "mışarçəkənlər yeri" deməkdir, başqa bir qrup hesab edir ki, talış dilindəki ərc (dəyirman) və van (məskən, ev, yaşayış yeri) sözlərindən (-i bitişdirici saitdir) ibarət olub, "dəyirman yeri" mənasını ifadə edir, digər bir qrup isə hesab edir ki, türk dillərindəki arca (ardıc ağacı) və məkan bildirən van sözlərindən əmələ gəlib, "ardıc ağacı bitən yer" mənasındadır.

Coğrafi adın tərkibindəki topokomponentlərdən ərç "dəyirman", "i" birləşdirici sait, van isə "məskən", "yaşayış yeri" sözlərindən ibarətdir - Dəyirman yerində salınan kənd.

Ərçivan qəsəbəsinə gələn yerli və xarici qonaqların diqqətini cəlb edən "Yanar Bulaq" abidəsidir. Çox maraqlı bir görüntüdən ibarət olan bu bulaq mərkəzi yolun ustündə yerləşir. Bulağın özəlliyi ondan ibarətdir ki, kibriti axan suya yaxınlaşdırdıqda alovlanıb yanmaqa başlayır. Mütəxəssislər bunu suyun tərkibində kükürd maddəsinin olması ilə izah edirlər.

Hamımıza tanış olan “Ulduz” filmi də 1964-cü ildə məhz bu kənddə çəkilib. Filmdə lentə alınan iki mərtəbəli unikal lahiyəli tikili bu günə qədər Mədəniyyət Nazirliyi tərəfindən mühafizə olunur.



* * *

Hava istidir, avtomobili saxlayıb yaxınlıqdakı dükandan su alıb çıxıram. Avtomobilə tərəf hərəkət edəndə diqqətimi daha bir şəhid fotosu cəlb edir. Fotosu yaşadığı küçənin girişinə vurulan Sadiq Kamal oğlu Zeynalovun valideynlərinin yaşadığı evi soruşuram. Qarşımdakı gənc evdən əvvəl velosipedlə “Yanar Bulaq” tərəfdən bizə doğru hərəkətdə olan bir nəfəri göstərir – Sadiqin atasıdır, Kamal dayı…

Gəlişimin məqsədini deyirəm, evə dəvət edir, o velosipetlə, mən də onun araxasınca küçənin içərilərinə doğru hərəkət edirik…



Sadiq Zeynalovu tanıyaq…

Sadiq Zeynalov 1998-ci il sentyabrın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sadiq Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.



Sadiq Zeynalov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildib.



Biz bu ölümə heyfslənmirik…

Sadiqin atası Kamal Zeynalov oğlu ilə bağlı xatirələrinin çox olduğunu bildirir: “Sadiq evin tək oğlu idi, Naxçıvanda xidmət edib, sonra evə qayıdıb. Qəsəbədə olduğu müddətdə yanacaqdoldurma məntəqəsində və digər işlərdə çalışıb. Bu bir il davam edib… 2018-ci ilin avqustun 14-də müddətli həqiqi hərbi xidmətə yola düşüb, sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. İlk döyüşlərdə qabırğasından yaralanıb, ayağı sınıb, başından zədə alıb. Bu yaralar və ağırlarla Sadiq oktyabrın 3-də öz istəyi ilə təkrar cəbhəyə dönüb. Oktyabrın 25-dək qəhramancasında döyüşüb və elə həmin gün şəhid olub”.

K.Zeynalov deyir ki, iki övladı var: “Bir qızım, bir oğlum var idi. Qızım ailə həyatı qurub. Mən onları daş karxanalarında fəhlə işləyə-işləyə böyütmüşəm. Görünür Sadiqin alın yazısı belə imiş. Biz bu ölümə heyfslənmirik, Vətəni qorumaq, işğal altında olan torpaqları azad etmək lazım idi. Bizim gənclər də canları, sağlamlıqları bahasına bunu bacardılar”.

K.Zeynalov bildirib ki, yaşayışları və dolanışıqlarında ciddi problem var: “İcra hakimiyyətindən yalnız bizimlə maraqlanırlar. Nə mən, nə də yoldaşım işləmirik. İşlə bağlı söz veriblər, amma nəticə yoxdur. Yoldaşımın böyrəyi xəstədir, günümüz həkimlərdə keçir. Mənim də vəziyyətim gördüyünüz kimi… Bir hamam tikməyə imkanımız yoxdur, kasıbçılıqdır, nə deyim…”



Dua edin ki, bütün torpaqlarımızı azad edək

Sadiqin anası Elmira Zeynalova sağlığında övladının qayğıkeş və zəhmətkeş olduğu söyləyir: “Hər kəsə qarşı səmimi idi. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən müqavilə ilə geri qayıtmaq istədi. Amma evin tək oğlu olduğu üçün həm atası, həm də mənim xəstə olduğumu görüb gedişini bir müddət təxirə saldı. Bir ilə yaxın qəsəbədə qaldı. Gördü ki, atası ailəni çətinliklə dolandırır, bu üzdən iş yeri kimi müddətli həqiqi xidməti seçdi. Sentyabrın 27-də müharibə başladı. Oktyabrın 25-nə kimi iki dəfə yaralanmışdı, amma hospitalda yatmayıb döyüş bölgəsinə yollanmışdı… Sonuncu dəfə oktyabrın 24-də telefonla danışdıq. Dedi ana hər şey yolundadır, torpaqlarımızı geri ala-ala irəli gedirik, işğal altında olan bütün torpaqlarımızı azad etməyimiz üçün dua edin. Sonda məndən halallıq istədi. Dedi güclü döyüşlər gedir, itgilərimiz var, hər an, hər şey ola bilər. Oktyabrın 25-də bütün günü onun zəngini gözləyərkən, şəhid xəbərini eşitdk. Nə deyim, Vətən sağ olsun. Bütün kənd onun əxlaqından və tərbiyəsindən danışır.

Bizim üçün ağırdır, mənim üçün xüsusən… İki ildir mən xəstəlikdən yol yeriyə bilmirəm, bütün günü xəstəxanalardayam, iş qabiliyyətimi itirmişəm. Sadiq bizləri deyil, Vətəni düşündü… Ana kimi bütün şəhidlər qarşısında baş əyirəm.”



Qəsəbə sakinləri Sadiqi belə xatırlayır

Şahin Hüseynov bildirir ki, Sadiq onların gözü qarşısında boya-başa çatıb: “Çox tərbiyəli, intizamlı, vətənpərvər oğul idi. Vətəni hər şeydən və hər kəsdən üstün tutaraq şəhid oldu. Mən bu kənclər haqqında çox danışa bilərəm… Amma çətinlik çəkirəm, onlar yadıma düşdükcə qəhərlənirəm. Hər gün küçələrdə salamlaşdığımız o gənclər bu gün məzarlardan bizlərə baxırlar…”

Qeyd edək ki, Şahin Hüseynovun oğlu kapitan, tabor komandiri Şahnur Hüseynov da ikinci Qarabağ savaşında qəhrəmancasına döyüşüb və şəhid olub.

Allahverən Musayev şəhid Sadiqin onlarla qonşu olduğunu bildirib: “Sadiq tərbiyəli, əxlaqlı və özünə qarşı tələbkar bir gənc idi. Bir var Vətəni ideologiya ilə sevəsən, bir də var vətənpərvər doğulasan. Sadiq vətənpərvər doğulan, o əxlaqla yaşayan və Vətən üçün şəhidlik zirvəzini qət edən gənclərimizdən olub. Öz elinə, obasına, bütünlükdə Azərbaycana bağlı idi. Mən Sadiqi uşaqlıqdan tanıyıram, həmişə bizim evin qabağından keçib gedərdi. İnsanları çox ehtiramla dindirər, salamlaşardı... Onlar ölməzlər, əbədi yaşayanlardır. Şəhidlik hər kəsə nəsib olmur. Sevimli şairimiz Bəxtiyar Vahabzadə yazırdı ki, “Azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı ilə suvarılmasa...” Biz torpaqlarımızı məhz Sadiq kimi oğulların sayəsində azadlığa qovuşdurduq. Sevgi iki cürdür: bir var ürəkdən sevmək, bir də var adi... Sadiqin Vətən sevgisi ürəkdən idi. Sadiq və digər şəhidlərimiz bütün Azərbaycanın qəlbində yaşayacaq. Hər dəfə onun fotosunu görəndə fikirləşirəm ki, indi durub mənə salam verər... O verməsə də mən deyirəm, Allah sənə qəni-qəni rəhmət eləsin gözəl balam... Sən torpaqlarımızın azadlığı yolundan canından keçdin. Valideynləri ilə də illərdir qonşuyuq, gözəl insanlardır. Allah səbr versin”.



İlqar Mehdiyev isə Sadiq Zeynalovu vətənpərvər, qeyrətli bir kişinin oğlu kimi tanıdığını bildirib: “Mən müəllim olmuşam və Sadiqə dərs demişəm. Sadiq gözəl qəlbli gənc, qəsəbədə hamı tərəfindən hörmət bəslənilən sakin idi. Biz onları xatırlayanda qanımız coşur. O müəllimlərinə qarşı diqqətcil idi, mütləq deyil ki, əlaçı olsun, amma əxlaqı yüksək səviyyədə idi. Onun şəhid olması xəbərini eşidəndə çox sarsıldıq. Əlbəttə, təkcə Sadiqlə bağlı deyil, həm Birinci Qarabağ savaşında şəhid olan 9, həm də İkinci Qarabağ savaşında şəhid olan 8 ərçivanlının hər biri ilə bağlı... Allahdan onlara və digər Vətən şəhidlərinə rəhmət diləyirəm”.

Dedi döyüşə gedirəm, ağır döyüş olacaq...

Sadiqin dostu Milad Hacıyev deyir ki, o hərbi xidmətdən gələndən sonra Sadiq müddətli həqiqi hərbi xidmətə yola düşüb: “Davamlı zəngləşirdik. Şəhid kapitan Şamil Hüseynovun dəfnində hamı dağılışandan sonra biz 3-4 gənc orda qaldıq. Bu zaman Sadiq zəng vurdu, səsi çox pis gəlirdi. Kəndi soruşdu, kimlərin şəhid olması ilə maraqlandı. Şamil Hüseynovu dedim, çox pis oldu. Başqa vaxtlarda da zəng edirdi. Hətta bir dəfə mühasirədə olarkən zəng vurmuşdu, dedi ola bilsin sonuncu zəngimdir, səsinizi eşitmək istəyirdim. Onlar 4 gün mühasirdə qalmış, amma mühasirəni yararaq düşməni məhv etməyi bacarmışdılar. Oktyabrın 5-də, zəng vurub ad günümü təbrik etdi, dedi sənə hədiyyə olaraq 5 kəndi geri aldıq. Həmin kəndlərinin 3-nün alınmasında şəxsən iştirak etmişdi. Oktyabrın 23-də sonuncu dəfə danışdıq, halallıq istəyirdi... Dedi döyüşə gedirəm, ağır döyüş olacaq. Mən də gözləyirdim, cəbhədə olan dostlardan zəng vurdular ki, bəs, Sadiq şəhid olub”.



Sadiqin şəhid olma xəbərini eşidən dostu Milad onun ata evinə gəlir: “Heç kəsə heç nə deyə bilmirdim, amma ağlayırdım. Valideynləri də oturub xəbərlərə baxırdılar, özüm də təpər tapıb deyə bildim”.

Ərçivana səfərimizin məqsədi Astaranın digər yerlərində olduğu kimi bu kənddən İkinci Qarabağ savaşında şəhid olan qərəmanlarımızın ailələri ilə görüşmək idi. Görüşdük də... Sadiqin, Ruslanın yaşadıqları evdə olduq.

Kəndin mərkəzi avtomobil yolu ilə hərəkət edərkən yolun sağ və sol hissələrində - evlərin, küçələrin başında quraşdırlan şəhid fotoları diqqəti daha çox cəlb edirdi. Bu fotolar Ərçivanın qurtarcağına, rayondan 14 km-lik məsafədə yerləşən Kijəbə qəsəbəsinə gedən yola qədər səni müşahidə edir. Bir şəhidin fotsundakı siması beynin yaddaşa ötürülməmiş digəri ilə qarşılaşırsan…

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin!





Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.










Xəbər 1678 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +