Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.09.2022  10:53 

Şəhadətə hazır olan ŞƏHİD – Nihad Əhmədov





A+  A-

Astaraya səfərimizin növbəti dayanacağı Alaşa kəndi oldu. Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənddir, Lənkəran ovalığında yerləşir. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Coğrafi adın tərkibindəki “ala” komponenti qədim türk dillərində “böyük”, “şa” isə talış dilində həyat sözünün qədim variantı olub “böyük həyat”, böyük yaşayış məntəqəsi mənasını ifadə edir.

Alaşa kəndində görüşdüyümüz ailə isə şəhid Nihad Əhmədovun ailəsi idi. Kədərli ata, gözləri yol çəkən ana, hər zaman Nihadın otağının pəncərəsinə baxanda köks ötürən müəllimlərilə danışmaq olduqca çətin idi.

Nihad Əhmədovu tanıyaq

Nihad Fuad oğlu Əhmədov 2000-ci il iyun ayının 9-da Astara rayonunun Alaşa kəndində anadan olub.

2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinifini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Texniki Universitetinin nəzdində olan Rabitə və Nəqliyyat Kollecinin Poçt rabitəsi şöbəsinə daxil olub.



Nihad 2018-ci il oktyabrın 3-də həqiqi hərbi xidmətə çağırılıb, təmas xəttində- düşmənlə üzbəüz Tərtər bölgəsində yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb.

2020-ci ildə xidməti borcunu layiqincə yerinə yetirən Nihad Əhmədov hərbi peşəyə marağı olduğundan müddətdən artıq xidmətə başlayaraq Goranboyda, “Həmlə” taborunda xidmətə başlayıb.

27 sentyabr 2020-ci il işğalçı erməni ordusuna qarşı əks-hücum əməliyyatı zamanı döyüşə atılan igid əsgərlərimizdən biri də Nihad Fuad oğlu Əhmədov olub. Döyüş yolu Tərtər, Ağdərənin Talış kəndindən başlayan Nihad Murovdağ zirvəsinin, Suqovuşanın azad olunmasında gedən qızğın döyüşlərin fəal iştirakçısı kimi “Qlobus” koordinatı deyilən yüksəklikdə düşmənlə üz-üzə gələrək əlbəyaxa döyüşdə şəxsi nümunə göstərib, düşmənin döyüş mövqeyini darmadağın edərək, ona məxsus olan texnikanı və çoxlu sayda canlı qüvvəsini döyüş yoldaşları ilə birgə məhv edib.

Sonralar Zəngilanın, Kəlbəcərin düşməndən alınmasında iştirak edib və “Pişikqaya” deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidliklə vuruşub.

Oktyabr 10-da şəhidlik zirvəsinə ucalan qəhəman Fuad Əhmədov ayın 11-də Alaşa kənd qəbiristanlığında dəfn olunub.



İlk öncə qisas, zəfər, sonra şəhadət…

Şəhidin atası Fuad Əhmədov deyir ki, Fuadın hərbiyə marağı uşaq vaxtlarından olub: “Hələ kiçik yaşlarında hərbçi geyimində çəkdirdiyi şəkilləri və taxtadan düzəltdiyi silahların fotosunu gördünüz. Plastilindən bütün növ hərbi texnikalar düzəldirdi. Demək olar ki, hər yaşında hərbi formada şəkilləri var, bayrağa sevgisi isə tam başqa idi. Bir dəfə ad günündə üzərində bayraq şəkili olan tort bişirmişdilər, heç kimə icazə vermədi ki, tortun üzərindəki bayrağa bıçaq vursunlar, yəni kəssinlər. Himni o qədər sevərdi ki, sözlərini tərsinə də əzbərdən oxuyardı. Şeirləri, ifadləri tərsinə oxumaq onda fitri istedad idi. Hərbi xidmətə getməmişdən əvvəl Bakı Rabitə və Nəqliyyat Kollecinin rabitə ixtisasında təhsil alırdı. Oranı yarımçıq saxlayıb hərbi xidmətə getdi. Hərbi xidməti müvəffəqiyyətlə başa vurub orduda qaldı. Həqiqi hərbi xidmətini Tərtərdə etmişdi, bir il sonra isə Mübariz İbrahimovun postuna çıxırdı, sevinirdi. Evə zəng etdi ki, bəs, Mübariz İbrahimovun postunda xidmət edirəm… Sizi inandırım heç evə də gəlmədi. Adətən hərbi xidməti başa vuran gənclərimiz evə gəlir, bir müddət qalandan sonra planlarını davam etdirirlər. Amma Nihad tərxis olunan kimi müddətdən artıq hərbçi kimi xidmətə davam etdi. Beş ay idi işləyirdi, müharibə başladı. Müharibənin ilk günündən ön cəbhədə idi. Talış kəndinə ilk dəfə onlar girmişdi. Səhəri evə zəng vurdu və talış dilində “ata Talış kəndi ayaqlarımızın altındadır” dedi. Nihad ordumuzun qələbəsinə və alınan torpaqlara görə çox sevinirdi”.



F.Əhmədovun sözlərinə görə, Nihadgil Suqovuşanı azad edib Kəlbəcərə qədər getmişdilər: “Deyirdi ki, gündüzlər Kəlbəcərin kəndlərində döyüşür, gecələr meşəyə çəkilirik. Oktyabrın 10-u axşam kəşfiyyata gedəndə şəhid oldu. Şəhid olmamışdan əvvəl dostları ilə yazışmışdı da… Yazırdı ki, “XTQ-çi olmaq istəyirəm, çətin də olsa şərəfli işdir. Şəhidlərimizin qisasını almağa and içmişəm. İlk öncə qisas, zəfər, sonra şəhadət…” Hər gün zəng edərdi ki, döyüşə - toya gedirik”.

Ana şəhid olsam ağlama…

Şəhidin anası Elnarə Əhmədova oğlunun sanki anadan əsgər doğulduğunu bildirib. Qeyd edib ki, onun ağlı kəsəndən əsgər libası geyinib: “Əsgər paltarında Azərbaycan himnini oxuyar, taxtalardan düzəltdiyi oyuncaq silahlarla məktəbin həyətində var-gəl edərdi. 9 il evimizin yanındakı Alaşa məktəbində oxuyub, sonra sənədlərini kollecə verdi. Nihat salamı da utana-utana verərdi, ibadət edərdi, namaz qılardı, oruc tutardı. Boyu hündür olsa da yaşı az idi, amma buna baxmayaraq Aşura günləri qan verməyə gedərdi. Allaha, Vətənə, Torpağa bağlı gənc idi. Tələsirdi ki, nə zaman əsgər gedərəm… Mübariz İbrahimovun xidmət etdiyi yerdə əsgər idi, buna o qədər sevinirdi ki… Evə gələndə zəng etdi ki, burda qalıram, xeyir-dua verin. Biz də verdik. Sonuncu dəfə məzuniyyətə mayın 29-da gəlmişdi. İyunun 7-də yenidən hərbi hissəyə qayıtdı. Getməyə çox tələsirdi. Heç kimlə də görüşmək istəmədi, bircə nənəsi ilə görüşdü. Mənə dedi ki, arxamca gələmə, mən anayam axı, dalınca qaçdım, yolda tutub çənəsinin altından öpdüm. O gedən getdi... Müharibə başlayanda narahat idim, ağlayırdım, dedi bir də ağlasan zəng vurmayacağam. Deyirdi ki, burda şəhid olan oğlanlardan artıq deyiləm, nə yazılıbsa o da olacaq. Oktyabrın 9-da telefonla danışdıq, çox sevinə - sevinə danışırdı. Deyirdi ki, ermənilər çaqqal kimi qaçır. Mənə deyirdi döyüşdən uzaqdayam, narahat olma, amma nənəsinə “nənə bura Kərbəladır” dediyini eşitdim. Beləcə balam o meydanda şəhid oldu, sevdiyi bayrağa bükülü gəldi, arzusuna çatdı… Balaca dəftərçəsi var idi, sonradan gördük, ora yazıb ki, ana şəhid olsam ağlama…”



Dedi İranda bizə məğlub ölkə, yazıq xalq kimi baxırdılar

Alaşa kənd orta məktəbinin direktoru Vaqif Ağayev bildirir ki, rəhbəri olduğu məktəb də şəhid adını daşıyır: “Bir gün şagirdlərlə vətənpərvərlik mövzusunda söhbət edirdik. Mən şagirdlərə dedim ki, biz öləcəyik, şəhid adı isə əbədi yaşayacaq. Bu zaman Nihad dedi ki, müəllim mən də o torpaqların geri alınmasında iştirak edəcəyəm və geri alacağıq. Təsəvvür edin, onda Nihat hələ orta məktəb, həm də aşağı sinif şagirdi idi. Bir sözlə istedadlı idi. Bir dəfə onun sinif yoldaşı çaya düşmüşdü. Həmin vaxt çay da daşmışdı, çay daşanda 1.5 metr qalxır. Təxminən 5-6-cı sinifdə oxuyardılar. Bu zaman Nihad özünü çaya ataraq sinif yoldaşını xilas etmişdi. Yəni bu qədər qorxmaz və cəsarətli idi”.



V.Ağayev qeyd edir ki, Nihad cəsarətli olmaqla yanaşı, həm də istedadlı idi: “Şeiri, mətni bir dəfə oxuyar, sonra isə əzbərdən deyərdi. Həmin şeiri eyni qaydada tərsinə deməyi də bacarırdı. Doqquzuncu sinifdən sonra Bakıda kollecdə qəbul oldu, amma oxumadı, hərbi xidmətə yola düşdü. Ona dedim ki, Nihad kolleci bitir, mütəxəssis kimi hərbiyə gedərsən. Dedi yox Vaqif müəllim gedəcəm, səbəbini soruşdum. Dedi bir dəfə atamla İrana getmişdik, orda bizə məğlub ölkə, yazıq xalq kimi baxırdılar, sanki aşağılayırdılar… Ki, siz torpaqlarınızı geri ala bilmirsiniz. Bu söhbətlər ona pis təsir etmişdi. Bir sözlə Vətəni sevirdi…”

V.Ağayev deyir ki, biz gənclərimizlə fəxr etməliyik: “Bizim kənd gördüyünüz kimi hərbi hissənin yaxınlığında yerləşir. Gənclərimizdə vətənpərvərlik hissi, hərb sənətinə maraq bəlkə də bundan irəli gəlir. Biz davamlı olaraq hərbçiləri məktəbə dəvət edir, şagirdlərə silahla davranma qaydalarını öyrədirik. Müharibə başlayanda birinci digər həmkəndlimiz Arif şəhid oldu, Nihadın da xəbəri gəlmişdi. Mənim oğlum da dəmir yolunda işləyirdi, gəlib dedi ki, müharibəyə gedirəm, dedim get və ruh yüksəkliyi ilə onu yola saldıq, snayper idi, Allahın işidir, o sağ qaldı, qazidir”.



“Xatirə dəftəri”nə şəhid olmaq istədiyini yazmışdı

Alaşa kənd orta məktəbinin müəllimi Rəna Ağayeva bildirib ki, Nihad heç vaxt gözlərinin önündən getmi: “Həm çalışqanlığı, həm də mehriban şagird idi. Evləri məktəbin düz yanında yerləşir. Nə zaman evə baxsaq Nihadı görürük. Nihad məktəbin ictimai işlərində fəal idi. O sağlığında yaddaşımızda yaxşı şagird, ölümündən sonra isə qəhraman şəhid kimi qalıb. Məktəbimiz Nihad və digər şəhidlərimizlə fəxr edir”.



Alaşa kənd orta məktəbinin müəllimi Nəzakət Nəhmətova da Nihadı vətənpərvər şagird kimi xatırladığını qeyd edib: “Bir gün Nihadla söhbət edirdik, hələ müharibə başlamamışdı, amma ara-sıra atışmalar olurdu. Dedi ki, Nəzakət müəllimə mən şəhid olmaq istəyirəm. Onun b u sözünə həm sevindim, həm də kədərləndim. Sonra “Xatirə dəftəri” əlimə keçdi. Orda da şəhid olmaq istədiyini yazmışdı. Düşünürəm ki, Nihad öz arzusuna çatdı. Baxmayaraq ki, Nihadın itkisi, ailəsi, yaxınları, və müəllimləri üçün çətindir. Biz onu hər zaman vətənpərvər kimi xatırlayacağıq”.

Qeyd edək ki, Alaşa həm də Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhəddində yerləşir. Ziyarətinə getdiyimiz Şəhid Nihadın ailəsinin evinə isə sərhəd məntəqəsi, tikanlı məftillərin bir addımlığı ilə gedib çıxırsan. Nihadın yaşadığı evin pəncərəsi sərhəd qapılarına açılır. İndi o qapılar da bağlıdı, Nihadın yatdığı otağın qapısı da… Gələcəkdə o qapılar nə zamansa açılacaq, əsgərlər yenə ora-bura var-gəl edəcək, amma işıqlı pəncərəsindən o əsgərlərə tamaşa edən Nihadın otağının qapısı bir də heç vaxt açılamaycaq…

Allah rəhmət eləsin!





Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.



















Xəbər 1151 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +