İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


22.09.2022  09:33 

Arzuları yarımçıq qalan ŞƏHİD - Səxavət Səttarov





A+  A-

Astara rayonu, Artupa kəndinin Vətən müharibəsində igidlik göstərən üçüncü şəhidi Səxavət Səttarovdur. Səxavətin çox ağır və keşməkeşli həyatı olub. Ailədə iki qardaş olan Səxavətin anası ilə atası illərdir ayrı yaşayırlar. Səxavət özü isə nənəsinin yanında böyüyüb. Anası isə digər oğlu ilə Astara şəhərində kirayədə yaşayır. Yəni Artupa kəndində Səxavət üçün gedəcəyimiz bir yer olmadı. Biz də müəllimlərinin köməyi ilə kənddə yaşayan dayısını tapdıq və elə Səxavətin məzarı başında onunla söhbət etdik. Anası ilə isə Astarada, şəhərin özündə yaşadığı kirayə mənzildə görüşdük.

Səxavət digər artupalılar – Nadir və İlkin kimi müddətdən artıq hərbi xidmətə deyil, həqiqi hərbi xidmət keçmək üçün orduya gedib.

Səxavət Səttarovu tanıyaq

Səttarov Səxavət Qüdrət oğlu 2001-ci il iyunun 15-də Astara rayonu Artupa kəndində anadan olub.

2019-cu ildə Ordu sıralarına yola düşəndə Vətən torpağını göz-bəbəyi tək qorumaq, məqamında silaha sarılıb düşmən tapdağında olanları isə canı bahasına azad etmək ürəyindən keçir. Ön cəbhədə doğma Azərbaycana nümunəvi xidməti qısa müddətdə Səxavətə böyük nüfuz qazandırır, onu əsgər yoldaşlarına, komandirlərinə sevdirir. Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran əsl qəhrəman bilir. İkinci Qarabağ müharibəsi başlayanda belə də olur.



Müharibənin ilk günündən Səxavət öz gücünü düşmənə göstərir. Canından artıq sevdiyi Vətənin yaşaması naminə ən ağır müharibə meydanına canla-başla gedir, qələbə üçün inamla döyüşür və işğal edilmiş hər qarış torpağın qisasını düşməndən almağa çalışır.

Füzuli, Zəngilan, Qubadlı rayonlarının ermənilərdən təmizləməkdə daha çox fərqlənir. Ürəyinin istəyini əsas götürərək Şuşa döyüşlərinə girən zamanda sona qədər vuruşub ermənilərdən qisas alacağına and içir. Və sərrast atəşlə düşmənin neçə-neçə texnikasını sıradan çıxarır, canlı qüvvəsini sarsıdır.

Xocavənd rayonunda gedən döyüşlərdə əsl qəhrəman kimi vuruşur və 3 noyabr tarixində canından keçməklə bir daha Vətən sevgisinin hər şeydən uca olduğunu sübut edir.

Səxavətin Vətən sevgisi həm də ona ölümsüzlük gətirir. İndi milyonların ürəyində yaşayır Səxavət. Qərinələr keçdikcə də bu belə olacaq. Çünki Səxavət öz ömrünü Vətəninə verib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Səxavət Səttarov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilir.



Evə gəlməyinə 60 gün qalmış şəhid oldu

Anası Gülnarə Səttarova bizimlə söhbətində bildirdi ki, oğlu 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb: “Səxavət uşaqlıqda çox ağlağan olub, elə bil balam gələcək taleyinə ağlayırdı. Böyüdükdən sonra isə heç vaxt məni incitməyib. Sonra əsgər getdi, evə gəlməyinə 60 gün qalmış şəhid oldu. Səxavət heç məzuniyyətə də gəlməmişdi. Hərbi xidmətini də yaxşı başa vururdu, Təşəkkürnamələr almışdı. Telefonla danışanda deyirdi ki, ana, narahat olma, gəlib səni mən saxlayaram. Heç vaxt xətrimə dəyməyib”.

Anası deyir ki, Səxavətin gələcəklə bağlı çoxlu planları olub: “16 yaşında nənəsi onu qonşu kənddə bir qızla naşanlamışdı. Deyirdi ki, hərbi xidmətdən dönən kmi evlənərəm, ev tikərəm, bir yerdə yaşayarıq. Özü usta idi, ev tikir, təmir edirdi. Amma qismət olmadı, nişanlısı da nə etsin, mən onu qınamıram, vəziyyəti belə görüb başqası ilə ailə həyatı qurdu. Allah xoşbəxt eləsin. Qaynanamın başqa nəvəsi olmadığı üçün Səxavət onun yanında qalırdı”.



G.Səttarova deyir ki, ikinci oğlunu da oktyabr çağrışında hərbi xidmətə yola salacaq: “İkinci oğum mənimlə qalır. Bu günlərdə hərbi xidmətə yola salacam. Sonra da tək-tənha kirayələrdə yaşayacam. Özüm də epilepsiya xəstəsiyəm, necə yaşayacağımı bilmirəm. Bir aydır məni 2 saylı məktəbə xadimə kimi işə götürüblər. Sağ olsun dövlət işsiz qoymadı, 270 manat maaş alacam. Oğlumun şəhidliyinə görə də 500 manat pul verilir, bu pul da atası ilə mənim aramda bölünür. Bax, belə birtəhər yaşayırıq. Allah dövlətimizdən razı olsun”.

G.Səttarova dövlətdən heç bir tələbi olmadığını bildirir: “Açığı gəlib yazıb, gedirlər. Bircə yaşamaq üçün ev istəyirdim, onu da hələ verən yoxdur. Başqa nə istəyim ki? Mənim 5 oğlum da olsa hamısı Vətənə qurbandır. Təki Vətənimiz azad olsun, sülh olsun”.



İtgin düşdüyünü dedilər, şəhid xəbərini gəldi...

Səxavətin dayısı Sahil Səttarov da bacısı oğlunun adı kimi səxavətli olduğunu bildirib: “Müharibə başlayandan sonra ondan xəbər ala bilmirdik. Şəhid olması xəbərini instaqram sosial şəbəkəsində elan verəndən sonra öyrəndik. Bir xanım şəklini görüb Səxavətin şəhid olduğunu yazdı. Dərhal arxasınca Füziliyə qədər getdik. Komandiri dedi ki, bu əsgər itgin düşüb. Sonra araşdırma apardılar və şəhid olduğunu təsdiqlədilər, noyabrın 18-də isə gətirib izadihamla dəfn etdilər”.

Bir ilin əsgəri olsa da cəbhədə rəşadətlə vuruşub

Artupa kənd orta məktəbinin müəllimi Namiq Məmmədov bildirir ki, Səxavət Səttarova dərs deyib: “Çox ağıllı və tərbiyəli şagird idi. Onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında məktəbimizin hərbi müəllimi Zaur Həsənovun böyük rolu olub. Z.Həsənov şagirdlərə hərbi sirləri çox yüksək səviyyədə öyrədirdi. Elə bunun da səbəbi idi ki, şagirdlərimiz hərbiyə daha çox üstünlük verirdilər. O dövürlərdə məktəbimiz dəfələrlə zona birincisi olmuşdu”.



Müəllimi deyir ki, Səxavət bir ilin əsgəri olsa da ön cəbhədə rəşadətlə, cəsarətlə vuruşub: “Biz onlarla fəxr edirik. Səxavət və digər şəhid şagirdlərimiz daimi bizim qəlbimizdə yaşayacaqlar. Biz elə bir düşmənlə üz-üzəyik ki, daima tətikdə olmalı, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Bunsuz mümkün deyil. İnanıram ki, bizim şagirdlərimiz mənfur düşmənin öhtəsindən ləyaqətlə gələcəklər. Necə ki, Birinci və İkinci Qarabağ savaşında onlar böyük rəşadət göstəriblər. Şagirdlərimiz hər zaman şəhidlərimizi yad edir, onların qəhramanlıqlarını öyrənirlər”.

Bax belə...

Balaca bir kəndin beş şəhidindən 3-nün taleyini biz də əbədiləşdirməyə, xatirələrdə yaşatmağa çalışdıq.

Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.














Xəbər 903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +