Yenə də Artupadayıq... Bu dəfə şəhid İlkin Kazımovun ailəsi ilə görüşürük. Ailənin yaşadığı ev düz kənd qəbiristanlığı ilə üz-üzədir. Evin qarşısından asılan üçrəngli bayrağın kölgəsi qəbiristanlığın həyətində bərq vurur. İlkinin anası Həlimə xanım məktəbdə xadimə işləyir. Məktəbin yolu da elə qəbiristanlığın yaxınlığından keçir. Bir sözlə bu ailə hər gün bir neçə dəfə ölür, dirilir...
Ata hər gün qəbiristanlığı gedir, təkcə İlkinin deyil, digər 4 şəhid məzarını da ziyarət edir. Bildirir ki, evdə otura bilmir, boş vaxtının çox hissəsini məzarlıqda - oğlunun məzarı başında keçirir, onunla dərdləşir, söhbətləşir. Bəzən planlarından danışır, evdə, həyətdə-bacada gördüyü və görəcəyi işləri İlkinlə məsləhətləşir. Amma ondan cavab ala bilməyəndə, sanki yuxudaymış kimi dik yerindən qalxır, iti addımlarla qəbiristanlığı basmış ot-ələfi tapdaya-tapdaya evinə tələsir. Yola çıxan kimi bir anlığa dayanır... “Hara tələsirsən Xanməmməd, evində rahatlıq tapa biləcəksənmi” - deyə öz-özünə pıçıldayır. Əlbəttə ki, yox, gah dirəyə bağlanmış bayrağa tamaşa edir, gah da nəmli gözlərini çox da uzaq olmayan dağlara zilləyir. Beləcə bir ata ömrü də yavaş-yavaş əriyir...
İlkin Kazımovu tanıyaq
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi İlkin Xanməmməd oğlu Kazımov 4 avqust 1995-ci ildə Astara rayonu, Artupa kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub.
Azərbaycan Ordusunun giziri olan İlkin Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 27 sentyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Kazımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Arzusu qardaşına toy etmək idi...
İlkinin atası Xanməmməd Kazımov bildirir ki, oğlu orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə gedir: “İlkin həqiqi hərbi xidməti başa vurduqdan sonra evə qayıtdı. Mənə dedi ki, hərbçi olmaq istəyir. Mənim qardaşım, yəni İlkinin əmisi də hərbiçidir, müharibə iştirakçısıdır. Mən də razılıq verdim. Səndələrini toplayıb müddətdən artıq hərbi xidmətə yola düşdü. İki il 6 ay xidmətdən sonra gizirliyi oxudu. Gizirlik kursunu da müvəffəqiyyətlə başa vurub hərbi hissəyə qayıtdı. Bir müddətədən sonra isə Goranboy rayonunda hərbi xidmətini davam etdirdi”.
Ata qeyd edir ki, İlkin hərbi hissədə tabeliyində olan əsgərlərə həm qardaş, həm də ata olub: “Bunu mənə onun məzarını ziyarətə gələn əsgərlər dedilər. Bu barədə çox danımaq istəmirəm, mən oğlumu tanıyırdım və əsgərlərlə necə davranmasını da yaxşı bilirəm. Nə isə, 2020-ci ilin sentyabrında müharibə başladı. İlkin ailəsi ilə danışıb, deyib ki, müharibə başlayıb. Sonra mənimlə danışdı, dedi ki, uşaqları sənə tapşırıram. Hətta onu da dedi ki, arzum var idi kiçik qardaşıma toy edim... Düzünü deyim ki, onun bu sözlərindən mən də narahat oldum. Vəziyyətin bu qədər gərgin olduğu ağlıma gəlmədi. Onunla danışanda tank səsləri, atəş sələri gəlirdi... Sentyabrın 27-də İlkinin yoldaşını anasıgilə qonaq apardım. Sonra qohum evinə getdim. Orda xəbər tutdum ki, Arif adlı kəndçimiz şəhid olub. Təəssüfləndim, heyf o gəncdən dedim. Bir az keçməmişdi bacımın nəvəsi qaça-qaça gəlib İlkinin vurulduğu xəbərini söylədi. Tez evə gəldim, yoldaşımın ağladığını, insanların bizim həyətə toplaşdığını gördüm”.
X.Kazımov qeyd edir ki, bu xəbər çatanda artıq İlkinin nəşini rayona gətirmişdilər: “Dedilər ki, axşam dəfn olunsun, mən icazə vermədim. Dedim ki, sabah səhər dəfn edəcəyik. Rayon rəhbərliyi sağ olsun ki, mənimlə razılaşdı. Və biz İlkini sentyabrın 28-də dəfn etdik”.
Uşaq oğlan olsa adını İlkin, qız olsa İlknar qoyarsız...
Şəhidin anası Həlimə Kazımov bildirir ki, İlkin uşaqlıdan çox sakit olub və zəhmətkeş olub: “Mən nəyə əlimi vurmuşamsa, o, da mənə dəstək olub. Həm çöl, həm də ev işlərində mənim yardımçım idi. Mən 22 ildir məktəbdə xaimə işləyirəm. Bir dəfə ondan mənə şikayət olmadı. Müəllimlər deyirdi ki, kasıbçılıqla belə ədəbli uşaq böyütmüsən, sənə halal olsun. Qonum-qonşu kim çağırırdı, gedib hər kəsə dəstək olurdu. Bütün bu hərəkətlərinə görə, hamı onu çox istəyirdi. Avqustun 20-də qızının doğum günü idi, İlkin də gəlmişdi. Elə həmin gün qonşular iş görürdülər, demişdilər ki, İlkin bizə kömək edər. O qızının ad gününü qoyub, qonşular üçün çay-su daşıyrıdı. Mənim oğlum belə oğlu idi”.
Ana deyir ki, 2-3 gündən sonra İlkinə zəng gəldi və hərbi hissəyə qayıtdı: “Dedi ki, ana mən getməliyəm. Yalvardım ki, bir az da qal, hələ məzuniyyətin başa çatmayıb, dedi yox, mən getməsəm, o getməsə, kim gedəcək?. Fəxrlə deyirdi ki, mən hökumət adamıyam... İlkin belə hərbçi idi, Vətəni, bayrağı çox sevirdi. Gedib çatandan sonra zəng vurdu, dedi ki, ana başıma bir iş gəlsə doğulacaq uşaq əgər oğlan olsa adını İlkin, qız olsa İlknar qoyarsız. Sentyabrın 26-dan sonra heç bir zəngimizə cavab vermədi. Sentyabrın 27-də isə şəhid oldu. Mən onsuz yaşa bilmirəm, sanki onunla nəfəs alırdım. Amma ölə də bilmirəm, bacarmıram... ”.
Elə bil Allah-Təala özü üçün qoşun yığır...
Şəhid İlkinin nənəsi Sakitə Məmmədova hələ də nəvəsinin ölümünə inanmır: “İlkin kimi övlad bir də dünyaya gəlməz. Yenə də müharibə başlayıb (sentyabrın 12-13-də baş verən hadisələri nəzərdə tutur - red), yenə də ölüb-dirilirəm. Başqa bir nəvəm də ordudadır. İlkindən sonra qorxmağa başlamışam”.
Bu zaman Sakitə nənənin orduda olan nəvəsi – yəni Şəhid İlkinin əmisi oğlundan zəng gəlir. Nənə dəstəyi alıb ağlaya-ağlaya “sənə qurban olaram...” və dayanmadan hönkürə-hönkürə ağlamağa davam edir. Görünür dəstəyin o başında olan əsgər bala da nənənin ağlamasından narahat olur və əlaqə kəsilir...
Şəhid qohumu Əli Məmmədov da İlkin haqqında xoş xatirələrini danışır və əlavə edir ki, İlkindən gecə-gündüz nə qədər danışsan bitən deyil: “Allah rəhmət eləsin. 18 yaşa qədər kənddə yaşayıb. Qabiliyyətli, vicdanlı və səmimi oğul olub. Gəzirik, görürük, bütün şəhid balalar belə olur. Elə bil Allah-Təala özü üçün qoşun yığır. 44 günlük müharibədə bizim kənddən 3 gənc şəhid oldu. Bu gənclərin hər üçü əxlaqlarına görə həmyaşıdlarından çox-çox öndə olublar. Sanki bunları bu məqama çatmaq üçün seçiblər. Nə deyim vallah, adam söz tapmır deməyə... Mənim ovladım da zabitdir... Gecəmiz-gündüzümüz yoxdur, valideyn kimi çox narahatıq, həm ovladlarımız üçün, həm də Vətənimiz üçün... Allah köməyimiz olsun”.
Deyərdi ki, Fazil müəllim hər şey qaydasındadır...
İlkinə Artupa kənd orta məktəbində dərs deyən müəllimi Fazil Məmmədov deyir ki, ötən illər ərzində çoxlu sinifləri olub: “İlkinin həm riyaziyyat müəllimi, həm də sinif rəhbəri olmuşam. İlkin müəllimlik təcrübəmdə gördüyüm və dərs dediyim ən tərbiyəli şagirdlərdən biri olub. Sakit, təvazökar, müəllimini dinləyən, etibarlı şagird olub. Ona hər bir işi etibar etmək olardı. Onun hərbiyə marağı aşağı sinifdə oxuyanda var idi. Mən sinif rəhbəri kimi bunu onda müşahidə etmişdim. O hərbi xidmətə gedəndə, bizə gəldi, mənimlə görüşdü. Bir il 6 aydan sonra həqiq hərbi xidməti başa vurub kəndə - məktəbə gəldi, biz yenə görüşdük. Gələcək planları ilə maraqlandım. Dedi hərbiyə qayıdacam və elə də etdi, hətta gizirlik kursunu da bitirdi. Məzuniyyətə gələndə görüşər, söhbətləşərdik. Deyərdi ki, Fazil müəllim hər şey qaydasındadır, mənə tapşırılan işin öhdəsindən ləyaqətlə gəlirəm. Mən ona inanırdım. Həm fiziki cəhətdən möhkəım idi, həm də əxlaqı ona imkan verirdi ki, tapşırlan işi yerinə yetirsin”.
Fazil müəllim deyir ki, məktəb kollektivi həm şagird olanda, həm də zabit kimi İlkindən ancaq və ancaq xoş sözlər eşidiblər: “Onun siması, əxlaqı və tərbiyəsi heç vaxt mənim gözümün qarşısından getmir. Yekə kişi olmuşdu, amma yenə də adamla görüşəndə başını aşağı salırdı. Yəni bu dərəcədə mərifətli idi. Onun qəhrəmanlığı göstərdi ki, o həqiqətən də tərifə layiq igiddir. İlkin həm də müharibə başlayanda ilk şəhid olan gənclərimizdəndir. Onun ölümü – yəni həyatının belə gənc yaşında sona çatması bir insan, müəllim kimi mənə çox pis təsir etdi. Düzdür, müharibə itkisiz olmur, şəhidlərimiz də qəhramanlarımız, başımızın tacıdırlar. Kəndimizin digər şəhidi “Əjdaha” ləqəbli tank komandiri Nadir Xəlilovun da sinif rəhbəri mən olmuşam. Siz ondan da yazmısınız. Onlar Vətən, millət uğrunda şəhid olan qəhrəmanlarımızdır. Biz məktəbdə şagirdlərə onları nümunə gətiririk və gətirəcəyik də...”
Bax belə...
Şəhid İlkinin anası 22 ildir övladlarının təhsil aldığı məktəbdə xadimə işləyir. Əslinə xadimə işləmək pis bir iş deyil, o, alın təri ilə qazanılan halal nemətlə İlkin kimi övlad - QƏHRAMAN böydüb. Yenə də işini eyni məsuliyyətlə, vicdanla davam etdirir. Bu gün bütün kənd, məktəb bu xadimə ananın oğlundan danışır, onu şəninə təriflər söyləyirlər. Amma Həlimə xanım “ölmək istəyirəm, ölə bilmirəm, bacarmıram” deyir.
Allah səbr versin!.
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 1089 dəfə oxunub.