AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


20.09.2022  09:32 

“Talış qartalı” – Şəhid Nadir Xəlilovu tanıyaq





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində növbəti görüşləri Astara rayonunun Artupa kəndində olub. Bu kənd Astara rayon mərkəzindən 4 km şimal-qərbdə yerləşir. Kəndin adı art və upa (oba) sözlərindən düzəlib, "dağ aşırımında salınan oba, kənd" deməkdir.

Araşdırmalarımız zamanı məlum oldu ki, hazırda kəndin 38 gənci döyüş bölgəsində Vətənə xidmət edir. Kənd İkinci Qarabağ savaşında 3 şəhid verib. Onlardan da biri tankçı gizir Nadir Xəlilovdur.

Nadir Xəlilovu tanıyaq

Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini həmin kəndin məktəbində bitirib.

2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib.




Azərbaycan Ordusunun giziri olan Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. Nadir Xəlilov sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhid gizirin Ağadadaş və Nihad adlı iki oğul övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.




Dedim ay oğul, özünü düşmən gülləsindən qoru…

Şəhidin atası Ağadadaş Xəlilovla söhbətimiz çox çətin oldu. Ağadadaş dayı bütün söhbət boyu göz yaşlarını saxlaya bilmirdi: “Nadirin hərbiyə həvəsi böyük idi. O gedən getdi, daha gəlmədi. Hərbçi əmrə tabedir. Nə deyək, Vətən yolunda şəhid oldu. Mən özüm də keçmiş Çexslovakiyada xidmət etmişəm. Tankçı olmuşam, Nadirim də mənim yolumu davam etdirirdi. Təəssüf ki, ömrü qısa oldu. O müsibəti mən görmüşəm, yalvarırdım ona ki, ay oğul, özünü düşmən gülləsindən qoru. Daşkəsən rayonundan bir dostu var idi - Vahid Əliyev, bir yerdə xidmət edirdilər, bir gündə də şəhid oldular”.

Şəhid Nadirin böyük qadaşı Qədir Xəlilov bildirdi ki, atası ağır xəstədir, insult keçirib… Bu faktı nəzərə alıb Ağadadaş dayını çox da danışdırmadıq.




Şəhid olduğu gün səhər mənimlə danışdı…

Şəhidin qardaşı Qədir Xəlilov qardaşının gəncliyindən, döyüş yolundan danışdı: “Nadir uşaqlıqdan boylu-buxunlu idi, sonralar idmanla məşğul olmağa başladı. Hələ orta məktəbdə oxuduğu illərdə idmanın bütün növlərində lider olub. 2003-cü ildə Naxçıvan Sərhəd qoşunlarında hərbi xidmət keçib. 2004-cü ilin iyun ayında həqiqi hərbi xidmətini başa vurub, 2004-cü ildə gizirlik kursuna yazılıb və 6 aydan sonra 3 ay da tankçı kimi əlavə kurs keçib. Orduda qüsursuz xidmətinə görə müxtəlif medallarla təltif olunub”.

Qardaşı qeyd edir ki, 2020-ci il 27 sentyabr tarixində Nadir də tank komandiri kimi müharibəyə qatılır: “Vaxtı olanda danışırdıq. Mühribəyə görə biz də narahat idik. Müharibə başlayandan 3 gün sonra, sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu. Elə şəhid olduğu gün səhər mənimlə danışdı, dedi narahat olma, yaxşıyam. Amma elə bir az sonra şəhid olmuşdu. Ermənilər tankı vurmuşdular. O bizdən tam fərqli idi, yəni peşəkar hərbçi idi, bütün davranışlarında bunu hiss etdirirdi”.

Q.Xəlilov bildirir ki, rayon rəhbərliyi şəhid valideynlərinə qarşı xüsusi qayğı göstərir: “Nadirin valideynlərini unutmurlar, bayramlarda gəlib ziyarət edirlər. Nadirin 2 oğlu var, ailəsi Sumqayıt şəhərində iki otaqlı mənzillə təmin olunub, dövlət təminatları var”.




Oğlan övladı gərək Vətənə xidmət etsin

Şəhidin anası Pakizə Ağayeva Nadiri vətənpərvər kimi böyütdüklərini bildirdi: “Nadir uşaq olanda nə atasını, nə də məni heç zaman incitməyib. Valideynlərinə qarşı çox həssas idi. Mənə deyirdi ki, eşitsəm ki, sən ölmüsən, mən də özümü öldürərəm. Yəni bizə qarşı sevgisi bu qədər güclü idi. Bəs, indi mən necə dözüm? Dözürəm, amma belə dözmək də olmaz axı... Oğlum tank komandiri idi. Tankının adını da “Talış qartalı” qoymuşdu. Tankı da yeni idi… Özünü hərbidən kənarda görmürdü. Oğlan övladı gərək Vətənə xidmət etsin. Biz övladlarmızı Vətən üçün böyüdürük. Hərdən bir-iki günlük kəndə gələrdi. Bütün kəndi gəzərdi, hamı ilə hal-əhval tutardı”.

Ana deyir ki, Nadir onunla söhbətində həyatında nə isə baş verəcəyini bildirirdi: “Hərdən gedib onunla qalardım, ona söz vermişdim ki, müharibə başlasa mən də gələrəm, sənin tankında bir yerdə qalarıq. Kaş gedərdim… Gedə bilmədim. Pandemiya idi, çölə çıxa bilmirdik. Qismət, nə deyək… Yanında iki əsgəri – tuşlayıcı və sürücünü xilas edib, amma özünü xilas edə bilməyib. Deyib ki, onlar gəncdir, yaşamalıdırlar. Müharibədən sonra hərbçi yoldaşları gəldi, əlimi öpdülər, dedilər ana, o necə oğul idi böyütmüsən, döyüşə gülə-gülə gedirdi, onda şir ürəyi var idi".




Şəhid anası gəlinindən (Nadirin həyat yoldaşı) və nəvələrindən çox razılıq edir: “Gəlib gedirlər, bizi də yaddan çıxarmırlar. Allah onlara can sağlığı versin. Müharibədir, Prezident nə etsin, geri çəkilsin? Olmaz, Allah ona can sağlığı versin”.

Nadirin təhsil aldığı Artupa kənd orta məktəbinə də baş çəkdik. Məqsədimiz Nadirin müəllimlərinin yaddaşında necə qalmasını öyrənmək idi.

Döyüş bölgəsində məktəbimizin 38 məzunu var

Məktəbin direktör müavini Mehman Quliyev bildirdi ki, Nadir Xəlilov 44 günlük Vətən müharibəsində şəhid olan məzunlarımızdandır: “O, tank komandiri kimi 18 il Azərbaycan ordusunda xidmət keçib. Dərslərini orta səviyyədə oxuyurdu, amma hərbiyə böyük marağı var idi. Nadirin arzusu atasının yolunu davam etdirmək idi. Tank komandiri vəzifəsinə kimi yüksəlmişdi. Nadir Vətəni çox sevirdi, kəndə gələn kimi məktəbə gələr, müəllimləri ilə görüşərdi. Hazırda döyüş bölgəsində məktəbimizin 38 məzunu var. Məkətbimiz sanki hərbiyə meyilli məzun buraxır, artıq ixtisaslaşmış məktəbə çevrilmişik. Kəndimiz 5 şəhid verib. Onun ikisi Birinci, üçü isə ikinci Qarabağ Müharibəsində şəhid olub. Şəhidlərimizlə bağlı tez-tez tədbirlər keçirir, onların xatirələrini əbədi tuturuq. Şagirdlərlə birgə onların məzarlarını ziyarət edirik”.




Müharibədən sonra hərbi xidmətə həvəs daha da artıb

Şəhid Nadirin qardaşı oğlu, Astara kollecinin tələbəsi Elmin Xəlilov da əmisi haqqında xatirələrini bizimlə bölüşdü: “Əmimlə fəxr edirəm. O, hər zaman mənə yaxşı əmi, dayaq olub. Əmimin qəhramanlığı və şəhadəti biz gənclərdə vətənpərvərlik hissini daha da gücləndirir. Xalqımız arasında şəhidlərə qarşı münasibət onlara etiramdan irəli gəlir. Bu etiramı biz ailə olaraq özümüzə qarşı münasibətdə də hiss edirik. Müharibədən sonra hərbi xidmətə həvəs daha da artıb. Mən bunu öz həmyaşıdlarım arasında da müşahidə edirəm”.

Qeyd edək ki, söhbətdə də qeyd etdikləri kimi ailənin hazırda heç bir problemi yoxdur. Dövlət tərəfindən Nadirin ailəsinə Sumqayıt şəhərində iki otaqlı mənzil verilib. Artupa kəndində yaşayan valideynləri də vaxtaşırı ziyarət olunur.

Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.








Xəbər 1584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +