Bundan əvvəlki yazımızın – şəhid Tərzanla bağlı reportajın başlığı belə idi: “Bütün şəhid evləri bir-birinə bənzəyir”. Nədənsə şəhid Cəlalın doğulduğu evdə çəkdiyim fotolara baxanda bu o başlığı əbəs yerə seçmədiyimi düşündüm. Çox qəribədir – köhnə tiklililər, saralmış pəncərələr, evi yarıya bölən güllü parça pərdələr... Sanki illərdir təmir üzü görməyən kərpic daşlar, divarlar... Fikirləşirsən ki, şəhidlər elə yalnız bu tip evlərdə yetişir... Və təəssüf edirsən, ona görə yox ki, niyə məhz bu tip evlərdən çıxanlar şəhid olur, ona görə ki, onlar Vətənin bu başında yaşasalar da o başını da özlərinə doğma bilirlər, Cəlal kimi...
Ağayev Cəlal Ağaverdi oğlunu tanıyaq?
Şəhid gizir Cəlal Ağayev 4 dekabr 1984-cü ildə Lerik rayonunun Kornədi kəndində doğulub. Ailənin ilk övladı, mərd, vətənpərvər, ailəcanlı olan 36 yaşlı qəhrəmanımız hərb yolunu özü seçib. Həqiqi hərbi xidməti bitirdikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir ixtisas və hazırlıq kurslarını uğurla bitirib.
Ömrünün 17 ilini hərbiyə həsr edən Cəlal, əvvəl 7 il Goranboyda tank komandiri olub, sonra Tərtərə ezam olunub. Bu müddət ərzində 13 fəxri fərman, “Silahlı Qüvvələrimizin 90-95-100 illiyi” yubiley medalları və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra
"İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəlal Ağayev ölümündən sonra
"Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Cəlalın doğulduğu Kornədi kəndi Lənkəran – Lerik avtomobil yolunun 7-8 km-də yerləşir. Bu yolun 5-6 km-i Vizəzəmin kəndi ərazisindən keçir, yolları dağılmış olsa da Kornədi kəndinin yollarına baxanda pis deyil. Amma Vizəzəmindən Kornədiyə qədər olan ərazi bərbad gündədir, yəni Lerikin digər kənd yolları kimi...
Vizəzəmin inzibati ərazi vahidində yerləşən Körnədi kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş-güc) və di (kənd) komponentlərindən düzəlib, "iş-güclü kənd, fəaliyyətdə olan kənd" mənasındadır.
Amma hazırda kənddə nə iş var, nə də güc... Kornədi uşaqları məktəbə Vizəzəmin kəndinə gəlir. Yəni hər gün bu fidanlar 5-6 km yol qət edir. Yol da bizim aran rayonlarında gördüyümüz yollardan deyil ha... Dağı asağı düşürsənsə, bunun qalxmağı da var. Kənddə təxminən 30-35 təsərrüfat olsa da hazırda 15-17 ailə qalıb. Onlar da Allahın ümidinə yaşayır.
Kornədiyə getməyimizin məqsədi “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində Cəlalın ailəsi ilə görüşmək idi.
Şəhid Cəlalın atası Ağaverdi Ağayev gəlişimizin məqsədini öyrəndikdən sonra bizi hər an uçmaq təhlükəsilə üz-üzə qalan evinə dəvət edir.
Əlaqə qura bilməsəm, məndən nigaran qalmayın
A.Ağayev bildirir ki, Cəlal orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmət keçib, sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizirlik kursunu (tankçı kimi) bitirib:
“Ordan birbaşa Goranboy rayonuna göndərildi. Bir müddət tank komandiri kimi Goranboyda, sonra isə Tərtər rayonunda xidmət keçib. Aprel döyüşlərində iştirak edib. Məzuniyyətə gələndə bu barədə xeyli söhbət etdik. Deyirdi ki, Lələtəpə istiqamətində gedən döyüşlərdə şəhid olan əsgərləri onlar çıxarıb”.
Şəhid atası qeyd edir ki, sentyabrın 27-də Vətən müharibəsi başladı:
“Əlbəttə, bu döyüş məcburi idi, düşmən əl çəkmirdi. Müharibə başlayan kimi Cəlal da ön sıralarda olur. Onlar Ağdərə istiqamətində döyüşə gedir və kürəyindən qəlpə yarası alır. Yaralı halda şəhid olan hərbçi yoldaşını ərazidən çıxarır. Sentyabrın 28-də evlə danışdı, amma bizə heç nə demədi. Bildirdi ki, biz Xankəndinə kimi gedəcəyik, narahat olmayın. Hətta dedi ki, əlaqə qura bilməsəm, nigaran qalmayın”.
A.Ağayev bildirir ki, sentyabrın 29-da Ağdərə istiqamətində düşmənə qarşı hücuma keçən Azərbaycan ordusunun tərkibində Cəlalın tankı da olur:
“Cəlalı sentyabrın 29-da vurubular. O mərdanə döyüşüb və şəhid olub. Döyüş zamanı 3 tankımızı vurublar, o tanklardan bir də Cəlalın tankı olub. Yoldaşlarının dediyinə görə, həmin ərazidə qızğın döyüşlər gedib. Cəlalın və digərlərinin meyidini götürə bilmirdilər. Düz bir aydan sonra, noyabrın əvvəlində şəhid olmuş əsgərlərimizi oradan çıxardılar. Dəfələrlə Müdafiə Nazirliyində, Yevlax rayonunda yerləşən Hərbi Hospitalda oldum, qan analizi verdim. Daha sonra dedilər ki, Bərdəyə gətiriblər. Axşam Lerikdən çıxıb Bərdəyə getdik, orda Cəlalın bədənində bəzi nişanələri dedim, uzun çək-çevirdən sonra, noyabrın 4-də şəhidimin nəşini kəndə gətirdilər”.
Biz ona verilən medallarla kifayətlənmirik...
A.Ağayev qeyd edir ki, şəhid ailəsi olmaq çox çətindir:
“Cəlal mənim ilk gözağrım idi, istəyirdim qəbr evinə mən onun çiynində gedim, amma tele elə gətirdi ki, o mənim çiyinlərimdə getdi... Nə deyək, qismət belə imiş... Cəlal hərbçi kimi 16 il xidmət keçib, qüsursuz xidmətlərinə görə medalları var, 9 dəfə ard-arda Fəxri Fərman almışdı. Biz ona verilən medallarla razı deyilik. Mənim oğlum hələ müharibədən əvvəl qəhrəmanlıq göstərib. Mən oğluma orden verilməsini istəyirəm. Dedilər ki, 6 nəfərin adını hazırlamışıq, gözləyin... Müdafiə Nazirliyindən isə cavab gəldi ki, korpus komandiri təqdimat yazmalıdır, komandir isə dünyasını dəyişib”.
A.Ağayev bildirib ki, Cəlal ailəli oluv və 2 övladı var:
“Qızı Nazənin hazırda 10-cu, oğlu Sadiq isə 9-cu sinifdə oxuyur. Dövlət tərəfindən onlara Bakının Ramanı qəsəbəsində ev verilib. Şəhid ailəsi kimi, digər ödənişlər də olunur. Biz də pis yaşamırıq. Mən klub müdüriyəm, Cəlalın anası da təqaüdçüdür. Cəlaldan sonra iki oğlum qalıb, biri yol idarəsində, digəri isə mövsümi işlərdə çalışır. Çox istərdik ki, mövümi işlərlə məşğul olan oğlum da daimi işlə təmin olunsun”.
Şəhid atası yaşadığı evin qəzalı vəziyyətdə olduğunu bildirir:
“Görürsünüz ki, ev uçmasın deyə taxta dirək vurmuşuq, qəzalıdır. Rayon İcra Hakimiyyəti bizi qeydiyyata alıb, amma müvafiq təşkilatlar iş görməyə tələsmir. Ev iki otaqlıdır, birində xanımımla mən, digərində isə oğlum 2 övladı ilə birgə yaşayır. Bizdən keçib, narahatçılığım onlardandır, güclü qar yağsa, evin damı başımıza uçacaq”.
Dedi ki, ana Vətənin bir qarış torpağı da bizim üçün məzar yeridir...
Şəhidin anası Simuzər Ağayeva bildirir ki, övladlarını dağ başında əzab-əziyyətlə böyüdüb:
“Onları meşəyə, heyvanların arxasınca göndərərdim... Cəlaın uşaqlığı meşələrdə keçib. Onun meşədə oynadığı, sarıldığı, kölgələndiyi ağaclar indi də yerindədir, amma Cəlal yoxdur. Hərdən meşəyə gedib Cəlalımın gəzdiyi yerləri dolaşıram. Əsgərliyi bitirdi, amma əsgər formasını əynindən çıxartmadı. Getdi bu yerlərdən, bu dağlardan uzaqlara, bizlərin heç bilmədiyi, görmədiyi yerlərə. Cəmi bir dəfə Goranboyda olanda ailəsinə baş çəkməyə getdim... Hərbçi kimi ildə bir dəfə Lerikə, evə gələrdi. Mən hələ də onun yolunu gözləyirəm. Deyirəm, yay gələcək, Cəlalım da gələcək, amma iki ildir yay gəlir, amma Cəlal gəlmir ki, gəlmir... Sonuncu telefon danışığımızda dedi ki, ana Vətənin bir qarış torpağı da bizim üçün məzar yeridir... Bizim üçün Leriklə, Tərtərin heç bir fərqi yoxdur, hər tərəfi Vətəndir...”
Şəhidin qardaşı Xəyyam Ağayev Cəlalı uzun müddət görmədiyini bildirib:
“Elə oldu ki, Cəlal hərbi xidməti başa vurmağa 3 ay qalmış mən əsgər getdim. Mən qayıdanda isə o hərbiçi kimi işləməyə başlamışdı. Ona görə, biz gənclik illərimizdə bir-birimizi o qədər də görməmişik. Amma məktəb illərində demək olar ki, bütün günü bir yerdə olurduq. Biz evdə hər zaman mehriban olmuşuq. Mənim qardaşım peşəkar hərbçi, cəsur döyüşçü olub, biz hələ də inanmırıq ki, 17 ilin hərbçisi necə şəhid ola bilər? Cəlalın ölümü bizim ailə üçün böyük itgi oldu”.
Dedi bibi, düşmənin belini sındırmışıq
Şəhidin bibisi Gülnaz Bəqəliyeva bildirib ki, sonuncu dəfə qardaşı oğlu ilə şəhid olmamışdan bir gün əvvəl danışıb:
“Bizə deyirdi ki, özünüzü qoruyun. Mən də dedim ki, biz evdəyik, sən müharibədə, sən özünü qoru... Dedi bibi, biz qabağa gedirik, düşmənin belini sındırmışıq”.
Bibisi deyir ki, Cəlal uşaq vaxtı həm də onun yol-yoldaşı olub:
“Hara gedirdimsə, mənimlə birgə gələrdi. Bir dəfə məzuniyyətə gəlmişdi. Anam, yəni Cəlalın nənəsi xəstə idi. Evdən çıxanda nənəsinə dedi ki, nənə xətrinə dəyməsin, kaş sən öləydin və səni çiynimdə aparıb dəfn edib gedəydim. Dedi ki, mən gedirəm, hərbçiyəm, sənə bir şey olsa gəlib çatmaya bilərəm. Elə dediyi kimi də oldu, o gedən getdi və nənənin dəfninə gələ bilmədi”.
Şəhidin həmkəndlisi Arif Mirməmmədov deyir ki, Cəlal çox mehriban, qayğıkeş və səmimi insan olub:
“Üç il əvvəl kəndə gəlmişdi. Səhv etmirəmsə Qurban bayramı idi, görüşdük, xeyli söhbət etdik. Kənddən, insanlardan, hərbdən danışırdı. Torpaqların işğaldan azad olunması onun ən böyük arzusu idi. Fəxrlə Azərbaycan ordusunun gücündən, qüdrətindən danışırdı”.
Və biz sonuncu müsahibimizdən də ayrılıb kəndin ən yüksək təpəsində yerləşən qəbiristanlığa - Cəlalın məzarını ziyarətə gedirik. Çətinliklə də olsa dağın başında salınan məzarlığa çatırıq. Hər zaman zirvədə olan Cəlalın məzarı da kəndin ən yüksək nöqtəsində yerləşir. Bu yüksəklikdə başqa bir qürurumuz da bərq vurur – üçrəngli Azərbaycan bayrağı...
Bayrağımız əbədi dalğalansın, onun altında uyuyan şəhdimiz nur içində uyusun!
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 1388 dəfə oxunub.