Azərbaycanın 30 illik torpaq həsrətinə son qoyan oğullarımıza indi onların yaxınları – ailələri, övladları həsrətdir. Onlar Vətən uğrunda canlarını sipər edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlardır. Ölkənmizin elə bir şəhər, rayon və kəndi yoxdur ki, orada şəhid məzarları - şəhid ailələri ilə qarşılaşmayasan. Onlardan da biri, Azərbaycanın ən ucqar ərazisində yerləşən Lerik rayonudur. Dağlar qoynunda yerləşən rayon Vətən müharibəsində 46 şəhid verib. O şəhidlərdən də biri də Vüqar Tumarxan oğlu Mövlanovdur.
Vüqar Mövlanovu tanıyaq
Vüqar Mövlanov 10 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olub. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2000-ci ildə Lerik rayon Günəşli kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2011-ci ildə həmin məktəbinn 11-ci sinfini başa vurub.
2013-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Vüqar Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə qayıdıb.
2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək istəyən Vüqar həmin ayın 27-də könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibəyə yollanır. Füzuli, Hadrut və Şuşa uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Vüqar 8 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Günəşli kəndinə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
“Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində görüşdüyümüz ailələrdən biri də şəhid Vüqarın ailəsi, yaşadığı ev və valideynləri oldu.
Günəşli kəndi Lənkəran-Lerik yolun üstündə yerləşsə də Vüqargilin evi dağın lap təpəsində yerləşir.
“Baba bulağı” deyilən məkana qədər birtəhər gedib çıxa bildik. Bu yerdə bizi şəhidin atası Tumarxan dayı, oxuduğu məktəbin direktoru Fərman müəllim qarşıladı. Söhbət əsnasında Fərman müəllim bildirdi ki, həm birinci, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Hikmət Ağayev də Günəşli kəndindəndir və xoşbəxtlikdən hazırda kənddədir.
Fərman müəllimdən görüşə Hikmət Ağayevin də dəvət olunmasını xahiş etdik. Fərman müəllim etiraz etmədi və bir azdan Hikmət müəllimlə bərabər görüş yerinə gəldilər. Sonradan firkirləşdik ki, nə yaxşı ki, Hikmət Ağayevi dəvət etmişik... Onun maraqlı söhbətləri, müharibə ilə bağlı xatirələri və ən nəhayət azərbaycançılığın milli birliyimizin təminatında - möhkəmləndirilməsində, bütövləşməsində rolu ilə bağlı fikirləri çox maraqlı idi.
Relyefə uygun avtomobillə üzüyuxarı qalxa-qalxa yolun nə zaman bitəcəyinə ümid edirsən. Ədalət naminə qeyd edim ki, yolun bir hissəsi dağılmış asfalt qırığı, bir hissəsi çay çınqılı, bir hissəsi də palçıqlı idi. Təbii ki, palçıqlı olan dağ yolunu nəyinki relyefə uyğun nəqliyyat vasitəsi, heç tankla da çıxmaq mümkün deyildi. Ona görə də avtomobili bir kənara çəkib torpaq – palçıqlı yollarla şəhidin evinə qədər olan təxminən 200-300 metr məsafəni ayaqla qət etməli olduq.
Bağışla… Tanrı mərmilərlə bacarmır, oğlum
Şəhid Vüqar Mövlanovun atası Tumarxan dayı deyir ki, oğlu çox mərd övlad olub, sentyabrın 29-da hərbi hissəyə çağırıblar, Füzulidən Şuşaya qədər bütün döyüşlərdə iştirak edib. Noyabrın 6-da Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb, noyabrın 8-də isə şəhid olub.
Və Tumarxan dayını qəhər boğur, danışa bilmir, söhbət əsnasında yalnız
“Vətən, Dövlət sağ olsun” deyib şəhadət barmağı ilə nəmli gözlərini silir, oğlu haqqında xoş xatirələrini paylaşan digər qonaqlara tamaşa edir...
Ara-sıra söhbətə qatılan Tumarxan dayı dövlətin ona kifayət qədər qayğı göstərdiyini bildirir:
“Davamlı olaraq əlaqə saxlayıb problemlərimizi öyrənirlər. Əsas problemimiz yoldur. Yağış yağanda 300-400 metrlik məsafəni ayaqla getməli oluruq. Yeni icra başçısının qəbulunda olduq, həll edəcəyinə söz verib”.
Qeyd edək ki, Tumarxan Mövlanovun ikinci oğlu işsizdir, Bakı şəhərində tikintilərdə fəhlə işləyir. Tumarxan dayı isə kənddə həyat yoldaşı ilə birgə yaşayır.
Vüqarın ölümü atasını, yaxınlarını narahat etməməlidir...
Vüqarın oxuduğu məktəbin sabiq direktoru Fərman Hüseynov deyir ki, haqqında söhbət etdiyimiz şəhid təhsil aldığı müddətdə ağıllı və vətənpərvər olub:
“Oxuduğu dövürdə hərbi dərslərə marağı yüksək olub və 2013-cü ildə hərbi xidmətə yollanıb. Xidmət etdiyi müddətdə nümunəvi əsgər olub, valideynlərinə təltiflər, təşəkkürnamələr gəlib. 2016-cı ildə Lerik Polis İdarəsində ictimai polis kimi fəaliyyət göstərib. 2020-ci ilin sentyabrın 29-da Vətən müharibəsinə yollanıb. Müharibədə qəhrəmanlıq göstərib, Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 6-da Şuşadan Füzuli xəstəxanasına gətirlib və noyabrın 8-də dünyasını dəyişib”.
F.Hüseynov deyib ki, Vüqar təkcə Tumarxan Mövlanovun deyil, bütün kəndin, rayonun, bir sözlə Vətənin oğludur:
“Vüqarın ölümü onun atasını, yaxınlarını narahat etməməlidir, o, şəhidlik zirvəsinə ucalıb. Yaxın günlərdə Lənkəran-Lerik yolunun üstündə Vüqarın abidə kompleksinin açılışı olacaq. Ehtiyatda olan polkovnik Hikmət Ağayevin təşəbbüsü ilə yaxın günlərdə işlərə başlanacaq. Dekabrın 11-də şəhidimizin ad günüdür, abidə kompleksinin də bu tarixdə açılışı gözlənilir”.
F.Hüseynov bildirib ki, Günəşli kəndinin iki şəhidi var:
“Digər şəhidimiz isə 2003-cü ilin avqustun 18-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olan, kəşfiyyatçı Muradov Namaz Fərman oğludur. Biz Günəşli kənd sakinləri hər iki şəhidimizlə fəxr edir, məktəbdə, bütün dərslərimizdə şagirdlərimizə kəndimizin, rayonumuzun, respublikamızın şəhidlərini nümunə gətirir, fidanlarımızı vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışırıq”.
Onların qəhrəmanlıqlarını ictimailəşdirmək gənc nəsildə stimul yaradır
Yuxarıda qeyd etdimiz kimi, görüşdə həm birinci, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Hikmət Ağayev də iştirak edirdi. H.Ağayev həm də hərbi ilə bağlı bir sıra ictimai işlərdə fəaldır.
2016-c ildən ehtiyatda olan H.Ağayev Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini, Qarabağ Əlilləri, Şəhidləri, Müharibə İştirakçıları İctimai Birliyi, Qarabağ Əlilləri İctimai Birliyi, Vətən Müharibəsi Veteranları və Əmək Veteranları İctimai Birliyi və Vətən Müharibəsi İctimai Birliyi İdarə Heyətlərinin üzvüdür.
H.Ağayev daha çox gənclərin vətənpərvərlik ruhunda yetişməsinin sosial-mənəvi tərəflərinə toxunub. Əlavə edib ki, dövlət tərəfindən dəstəklənən bu kimi layihələr vətənpərvərliyin təbliğinə hesablanıb:
“Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğulların gənc nəslə tanıtmaq dövlətlə yanaşı, vətəndaş cəmiyyətləri institutlarının da vəzifəsidir. Onların qəhramanlıqlarını ictimailəşdirmək gənc nəsldə stimul yaradır. Şəhidlər haqqında danışanda mütləq onu yetişdirən, o zirvəyə çatdıran üç faktora diqqət etməliyik: ailə, məktəb və cəmiyyət. Bu üç faktor paralel inkişaf etdikdə normal gənclik formalaşdıra bilərik”.
H.Ağayev bildirib ki, bu gün haqqında danışdığımız Vüqar Mövlanov da məhz ailə, məktəb və cəmiyyətin yetişdirdiyi gənclərdən idi:
“Hər bir gəncin şəhadəti qəhrəmanlıq nümunəsidir. Biz düşünürdük ki, görəsən müharibə başlasa Azərbaycan xalqı 1992-ci ildə olduğu kimi, yenə də dəstə-dəstə cəbhəyə yollanacaqmı? Şəxsən bir hərbçi kimi bu məni hər zaman düşündürür, bəzən isə narahat edirdi. İkinci Vətən müharibəsindən əvvəl biz Aprel döyüşlərin yaşadıq. İnsanlar, xüsusən də gənclər dövləti mühribəyə səsləyirdi. Və nəhayət 44 günlük Vətən müharibəsi... Gənclərimiz 1992-ci ildə olduğundan da yüksək səviyyədə orduya getmək üçün çırpınırdı. Bütün millət ayağa qalxmışdı. Əlbəttə ki, bütün bunlar aparılan təbliğatın nəticəsi idi. Dünya təəccüb içində idi: Necə ola bilər ki, 30 ildən sonra bir toplumda vətənpərvərlik hissi ölməyib, əksinə daha da güclənib”.
H.Ağayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində gənc hərbçilərlə yanaşı, veteranlar da fəallıq nümayiş etdirbilər:
“Sentyabrın 27-də müharibə başlayanda mənim hərbçi yoldaşlarım sevinirdi. Biz həm də 1992-ci ilin qisasını almalı idik və aldıq da... Bunu səbəbi həm də aparılan uğurlu daxili və xarici siyasətdir. İstər zamanında Ümummilli lider Heydər Əliyevin, istərsə də bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət qələbənin əldə olunmasında mühüm faktorlardan biridir. Ötən illərdə iqtisadiyyatın inkişafı, müdafiə sənayesinin gücləndirilməsi istiqamətində aparılan işlər qələbmizə təkan verdi”.
Polkovnik əlavə edib ki, vahid komandanlıq qələbəmizi gerçəkləşdirdi:
“Prezident İlham Əliyevin düzgün qərarları ordunu irəliyə apardı. Təsəvvür edin, insanlar övladlarını qurban verir, amma sınmır, qürurludurlar, dövlətə, Komandana inam var. Bu gün də Prezident və Birinci Vitse-prezident şəhid ailələrinin yanındadır. O ailələrdən biri də Vüqarın ailəsidir. Bu gün biz Vüqarın işığına yığışmışıq. Vüqarı şəhidlik zirvəzinə aparan qüvvə var: ailə tərbiyəsi, məktəb və cəmiyyət. Siz Vüqarın doğulduğu evdəsiniz, baxın, şəhid görün necə evdə doğulub, boya-başa çatıb və qəhrəman olub. Vüqar zəhmətlə böyüyən gənc idi”.
H.Ağayev bildirib ki, müharibədə Azərbaycanda yaşayan bütün xalqlar qəhrəmanlıq göstərdi:
“Talışlar, udinlər, ləzgilər və başqaları vahid Azərbaycan üçün döyüşdülər. Onlar Azərbaycanda birgəyaşayışı möhkəmləndirdilər. Bizim ayrılıqda öz dilimiz olsa da vahid dilimiz Azərbaycan dilidir. Orduda “sən haralısan?” sualı verilmir”.
H.Ağayev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şəhid ailələri ilə görüş, şəhidlər haqqında maarifləndirici materialların hazırlanması və ictimailəşdirilməsi təşəbbüsünü də alqışlayıb:
“Sizin sadaladığınız – getdiyiniz kəndlərə baxdım, hamısı Lerikin ucqarlarıdır. Mən sizə təşəkkür edirəm ki, siz ucqar kəndlərə belə gedib çıxırsınız. Etiraf edək ki, ucqarlarda yaşayan şəhid ailələri unudulub. Yerli məmurlar Cənab Prezidentin şəhid və qazi ailələrinə göstərdiyi diqqətə layiq hərəkət etmirlər. Artıq iki ildən çox vaxt keçib, bir çox şəhidin abidəsi hələ də qoyulmayıb, qoyulanları da ya özləri, ya da imkanlı şəxslər edir”.
Şəhid Vüqar Mövlanovun dayısı Balahüsen Bünyadov qeyd edib ki, 44 günlük müharibəyə iki bacısı oğlunu yola salıb:
“Onlar əsgər gedəndə sevinə-sevinə getdilər. Onlar bizim həm qürurumuz, həm də kədərimizdir. Mən bacıoğlum Vüqarla fəxr edirəm, o şəhadətilə həm də bizim başımızıv uca etdi”.
Qarabağ qazisi, Şəhidin həmkəndlisi Namiq Əliyev Vüqar Mövlanovun həm də yaxşı qonşu, həmkəndli olduğunu bildirib.
Şəhid Vüqarın əmisi Ərəstun Mövlanov isə qardaşı oğlunu qohumlar içərisində uşaqların, gənclərin gözü adlandırıb:
“Çox hörmətli oğlan idi. Təəssüf ki, tez itirdik. Onun şəhid olması xəbərini eşidəndə yola qaçdım, dediər ki, yaralıdır. Qardaşım Tumarxan artıq Vüqarın arxasınca getmişdi. Nə edək, Vətən sağ olsun”.
Sonda canını Vətən uğurunda qurban vermiş qəhrəmanlarımızı ehtiramla anır və oxucularımıza
tanınmış şair Elçin Mirzəbəylinin günümüzlə səsləşən bir şeirini təqdim edirik:
Bağışla...
Tanrı mərmilərlə bacarmır, oğlum,
Səni də qoruya bilmədi
Ananın duaları,
Allahın mərhəməti...
İçimdə
güncə sıxılmış cəsarətim,
Gözümdə çarəsizlik qorxusu...
Duydum son nəfəsini
Son güllənin səsindən.
Bağışla...
Bağışla...
Bağışla...
Səndən üzr istəyirəm...
Tanrının əvəzindən...
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 1363 dəfə oxunub.