Ölkənin hansı bir guşəsində olursan ol, qollarını açıb Azərbaycanı qucaqlamaq, ürəkdən Vətən demək istəyəndə kövrək, həm də qürur yerimiz olan Şəhidlər gəlir durur adamın gözləri önündə. 30 ildir bu hisslərlə yaşayır Azərbaycan xalqı... 30 ildir Şəhid ruhları dolanır bu diyarın bütün səmasında. Əvvəllər o ruhlar nisgilli olsalar da bu gün şaddırlar. 44 Günlük Qarabağ Müharibəsi və əldə olunan qələbələr 30 ilə yaxın çəkilən həsrətə son qoydu.
Birinci Qarabağ Müharibəsində, eyni zamanda, 44 Günlük İkinci Qarabağ Müharibəsində Şəhid olanların da ruhları sakitliyə, arxayınlığa qovuşdu.
Narahat ruhlar arxayınlaşdı.
Amma biz arxayın olmamalı, düşmənimizi unutmamalı, onlardan gələ biləcək hər bir həmləyə hər an hazır olmalıyıq. Bu isə Vətən uğrunda şəhid olan oğulların, qazilərin həyat yollarını öyrənməklə, onların keçdiyi şücaət dolu hərbi yolu lazımı səviyyədə öyrənib, öyrətməklə mümkündür. Bu istiqamətdə maarifləndirmə aparmaq hər birimizin ümdə borcu, əsas vəzifəsidir. Vətən uğrunda canından keçmiş hər bir Şəhidin həyatı bir dastan, bir romandır. O dastanı biz qoşmalı, o romanları biz yazmalıyıq. Belə qəhrəman oğullardan biri də Tural Əhmədovdur. Lerik rayonunun Anbu kəndində böyüyüb boya-başa çatmış şəhid, gizir Tural Əkrəm oğlu Əhmədov.
21-ci əsrin 21 yaşlı qəhrəmanı Tural Əhmədov.
Xatırlatma: Şəhid Əhmədov Tural Əkrəm oğlu 2 avqust 2000-ci ildə Lerik rayon Anbu kəndində anadan olub. 2018-ci ildə Vətən qarşısında öz borcunu vermək üçün həqiqi hərbi xidmətə yola düşür. 2020-ci ildə xidmətini başa vurur. Hərbiyə olan marağı onu yenidən ordu sıralarına gətirir. 4 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən qəlpə yarası alaraq, şəhidlik zirvəsinə ucalır.
Biz kimik?
Bu gün artıq müqəddəs bir məkana çevrilmiş Əhmədovlar ailəsində təşkil olunan anım tədbirinin iştirakçılarına özümüzü belə təqdim etdik:
Biz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihəsi əsasında gəlmişik. Şəhidlərləı, onların tanıdılması ilə bağlı layihə həyata keçiririk. Lerikdəki şəhid ailələrindən biri də sizin ailədir. Məqsədimiz onları xatirələrdə yaşatmaqdır. Amalımız odur ki, gənclər, gənc nəsil bu qəhrəman şəhidlərin keçdiyi həyat yolu haqda, hərbi xidmət dövrü haqqında geniş məlumatlar əldə edib, maariflənsinlər.
Beləliklə, Turalın anım gününə, onun ruhunun işığına taplaşanlarla söhbətə başlayırıq. Tural haqqında danışılan xatirələri olduğu kimi, eyni ardıcıllıqla təqdim edəcəyik.
General olmaq istəyən Şəhid gizir...
Ana babası – Əhmədov Hüseynağa Əmiralı oğlu
- Düzdür, şəhidlər haqqında danışanda hamı deyir ki, elə uşaq heç bir yerdə olmaz, belə falan. Mən elə demirəm, amma çox qeyrətli uşaq idi. Bizim əlimizdən yapışan idi, qoymazdı ayağımızı yerə qoyaq. O qədər təmiz ürəkli, sadiq uşaq idi ki (köks ötürür)... Qonşuya, qohuma, valideynə çox can yandıran idi, qohumcanlı idi. Əsgərliyini çəkdi gəldi. Hələ əsgərliyə getməmiş deyərdi ki, mən qəhrəman olacağam. Komandir olacam, nə bilim general olacam. Yəni bir sözlə, çox böyük həvəsi var idi hərbiyə. Nə isə vaxt gəldi yetişdi, gedib əsgərliyini çəkib gəldi. Bir müddətdən sonra dedi ki, yenə qayıdıram hərbi xidmətə. Valideynləri dedi ki, ay bala, bizim əlimizdən yapışan sənsən. Görürsən də kənd yeridir, imkanımız yoxdur, heç birimiz işləmirik. Təsəvvür edirsiniz, bu ailə dövlətin heç bir işində işləmirdi. İş çox idi e, sadəcə vermirdilər. Dəfələrlə getmişdilər o vaxt iş üçün. Mən özüm də bunlar işlə təmin olunsunlar deyə, müəyyən yerlərə getmişəm, ağız açmışam. Heç olmasa biri işləsin ki, ailəni bir təhər dolandırsınlar. Yəni o vaxt. Tural şəhid olmamışdan, həqiqi hərbi xidmətdən qayıdan vaxt. Hə o nəvəm də bir az ailəyə köməklik elədi, sonra dedi ki, mən burda yaşaya bilmərəm və yenidən qayıtdı hərbi xidmətə. Böyük həvəslə. Axırı da belə, Şəhid oldu. Vətən sağ olsun! Təbii ki, Vətəni oğullar qorumalıdır. Atalar sözü var, deyir oğul düşmən çəpəridir. Bayaq dediyim kimi, ata-ana çox dedilər ki, sən getmə. Bizi dolandıran sənsən, biz sənə görə azdan-çoxdan yaşaya bilirik. Bu ailədə 2 oğlan uşağı var. Bundan böyüyü xəstədir. O evlidir və onun da bir xəstə qızı var. Şəhidin qardaşı qızı Əhmədova Fatimə Ceyhun qızı. Şükür Allahın böyüklüyünə. Elə bil ki, Allah kəsəndə birdən kəsir. O uşağın onurğa beynində problem var. Onun da müalicəsinin maddi tərəfindən danışmaq mümkün deyil. Heç bir yerdən də köməkləri yoxdur. Mən bunlara məsləhət elədim ki, Cənab Prezidentə, Mehriban xanıma müraciət eləyin, sizə maddi dəstək edərlər. Atası dedi ki, yox biz utanırıq. Fikirləşərlər ki, bunların övladı şəhid olub deyə, indi bizdən pul istəyirlər. Mən də dedim ki, sən buna məcbursan, çünki başqa yerdən heç bir köməyin yoxdur. Fatimə əməliyyat olunub. Ailənin heç bir üzvü işləmir. Nə ata, nə ana, qardaş da ki, xəstədir. Ata isə Birinci Qarabağ müharibəsinin veteranıdır. 6 il müharibədə olub. Şəhidin qardaşı Əhmədov Ceyhun da orta təhsillidir. Bircə salamat uşaq Tural idi.
Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Qarabağ qazisi – Ruhullayev Cavad Hüseynağa oğlu
- Yaxşı oğlan idi. İdmançı idi. Yaxşı qonşu idi.
Nə qədər danışsaq da yenə də azdır...
Bibisi oğlu, həmkəndlisi – Abdullayev Əliyar Eynəli oğlu
- Mən də bu kənddənəm. Tibb işçisiyəm. Tural haqqında müsbət fikirlər nə qədər deyilsə də düşünürəm ki, hələ azdır. Düzdür, onun ali təhsili yox idi. Mənim atam Eynəli müəllim onun sinif müəllimi idi. Atam hər zaman deyərdi ki, bu uşaq, yəni Tural məktəbə gələn gündən hərbiyə, idmana marağı daha böyük idi. Onun müsbət xüsusiyyətlərindən biri də o idi ki, müəllimlərin uşaqlara verdiyi
“böyüyəndə kim olacaqsan, nəçi olacaqsan?” sualına o, “mən əsgər olacam” cavabı verərmiş. Atam danışırdı ki, Tural deyir ki, mən anlaya bilmirəm, erməni kimdir axı o Qarabağı, işğal etdiyi torpaqlarımızı bizə geri qaytarmaya?! Turalın ümumi götürəndə kənddə də öz yaşıdları arasında şücaətləri çox idi, hərbiyə marağı olduqca böyük idi. O həqiqi hərbi xidmətə yollanarkən belə deyirdi ki, hərbidə qalıb orda da işləyəcək. Amma qardaşının xəstə olması səbəbi ilə valideynləri onun əsgəri xidmətdən evə qayıtmasını istədilər və o ailə vəziyyətinə görə məcbur olub evə qayıtdı. O bir müddət kənddə qaldı. Bəlkə də dövlət onu işlə təmin edəcəkdi, çünki onun bir çox məziyyətləri var idi ki, o bir vətəndaş kimi də işlə təmin oluna bilərdi. Həm ucaboy idi, həm idmançı kimi çox çevik idi, əsgəri xidmətində fərqlənən biri olmuşdu və s. özünəməxsusluqları var idi Turalın. Onun hərbi xidmətə olan böyük marağı ona digər işlərin heç birini bəyənməyə imkan vermədi. Əsas fikri hərbi xidmətə qayıtmaq idi. Və o hərbi xidmətə qayıtdı. Qısa bir müddət ərzində böyük nailiyyətlərə, uğurlara imza atdı. Onun xidmət etdiyi hərbi hissədən gələnlər Tural haqqında elə sözlər danışırdılar ki, sadəcə fəxr edib, qürurlanırdıq ki, belə bir Vətən oğlunu tanımışıq, dost olmuşuq, qohum olmuşuq, kəndçi olmuşuq. Deyirdilər ki, biz onun haqqında nə qədər danışsaq da yenə də azdır. Danışırdılar ki, hətta ona tapşırılmayan işin ardınca belə gedərdi və o işi layiqincə yerinə yetirərdi. Şükür Allahın məsləhətinə. Qazaxda şəhid oldu, böyük və uca bir zirvəyə qalxdı. Vətən sağ olsun. Dövlətimiz də şəhid ailələrinin qayğısına qalır. Bunları darda qoymurlar. Hər zaman maraqlanırlar. Sadəcə olaraq itirdiyimiz o idi ki, o cür bir oğul itirdik.
Hərbi Akademiyaya qəbul edilməyən Şəhid...
Anası – Ulduzə Hüseynağa qızı Əhmədova
- Tural uşaqlıqdan zirək, cəld, cəsarətli, hər şeyə risk edən uşaq idi. Uşaqlıqdan balaca çubuqlardan güllə düzəldib yaşıdları ilə oynayardı. Azyaşlı olarkən deyərdi ki, mən əsgər olacam, hərbçi olacam. Elə bu maraqla 9-cu sinifi bitirəndə sənədlərini toplayıb Hərbi Akademiyaya təqdim elədi. Amma burnunda qüsur olduğuna görə, (artıq ət) onu Hərbi Akademiyaya qəbul etmədilər. Sonra isə orta təhsilini davam etdirərək 11-ci sinifi bitirdi. Yenidən Hərbi Akademiyaya sənəd verdi, amma bu dəfə də o problemə görə onu qəbul etmədilər. Bundan sonra o həqiqi hərbi xidmətə yollandı. Xidməti borcunu da layiqincə yerinə yetirdi. Əsgərlikdə olarkən Turalıma dəfələrlə Tərifnamələr, Təşəkkürnamələr verdilər.
Ana ağlayır...
(ağlaya-ağlaya davam edir) Ondan sonra onu əsgərlikdə saxlamaq istəyirdilər. Biz qoymadıq. Dedik gəl evə. O da sözümüzə baxıb gəldi. Gəlsə də, amma fikri-zikri hərbidə idi. Hərbiçi olmaq istəyirdi. Bizim xəbərimiz olmadan sənədlərini yığıb Sərhəd Qoşunlarına təqdim eləmişdi. Sonra mart ayında buna zəng elədilər ki, filan tarixdə, filan Hərbi Hissədə olmalısınız. Tural da sevincək deyilən tarixdə, deyilən yerə getdi və təlimlərdə oldu. O təlimlərdən sonra onu işləmək üçün Qazaxda sərhəd qoşunlarına təyin elədilər. Orda işləyirdi. Təlim zamanı odlu silahla... (ağlayır) Nə deyə bilərəm. Vətən sağ olsun!
Hüseynağa babası yenidən söhbətə qoşulur
- Düzdür, silahlarla təlim idi. Odlu silahlarla. Düzdür, gülləni düşmənin özünə atmasalar da, təlim üçün düzəldilmiş düşmən maketinə atırdılar. Təbii ki, Tural da canlı təlimdə olduğuna görə, o da atırdı. Neçə dənə lazım idi atır. Deyirlər ki, güya tüfəngdə qüsur var imiş. AQS – Avtomatik Qumbara Atan silah imiş. Deməli, bayaq dediyim kimi o silahda problem var imiş. Haçansa başqa yerdə də belə bir nasazlığı olub o silahın. Sonra biz getdik o şəhid olan yerə. Güllərlə bəzədik oranı. Oranın komandiri var idi Babayev Bəhmən. Elə danışırdılar ki, Turaldan. O hərbi hissədə Turalın özünün komandiri danışanda elə hey ağlayırdı. Deyirdi ki, o qədər mərd uşaq idi o, nə deyirdin, nə buyururdun, nə tapşırıq verirdin “yox” kəlməsi yox idi. Hansı çətin tapşırığı verərdik o həmən dəqiqə hazır idi. Danışırdılar ki, onda qorxaqlıq deyilən şey yox idi. Nə isə... O silahda qüsur var imiş. Ordakı əsgərlər də danışırdı ki, o silahla dəfələrlə belə hadisələr baş verib. Ona görə də bu silah təlimdən yığışdırılmalıdır. Deməli, onun atdığı qumbara 3 dəfə gedib hədəfə dəyib, sonra o hadisə baş verib. Sonra qumbara çıxıb partlayıb, hardansa bir qəlpə gəlib, hardan gəlib daha onu Allah bilir, dəyib buna. Qəfildən deyib ki, mənə nə isə dəydi. Axırıncı cümləsi də bu olub. Bir addım atıb və onunla da yıxılıb. Komandiri öz köynəyini çıxarıb basıb bunun yarasına. Ürəyə dəyən güllə, təsəvvür edirsiniz, bunun qarşısını almaq olar? Nə isə... Bayaq da dedim Vətən sağ olsun! Bu böyük itkidir, söz yox. Hər bir ailədə belə hadisə baş verəndə o ailə üçün böyük itkidir. Mən desəm ki, ən böyük itki bunlar üçündür, bunu düz demərəm! Kimin ki, uşağı gedib orda şəhid olur, hamı üçün ağır itkidir bu. Amma neyləmək olar, dövləti də saxlamaq lazımdır! Hökumətin də qanunlarına əməl olunmalıdır! Hərbiçisənsə, gərək onun qanunlarına da əməl edəsən! Bu da belə oldu də. Şəhid oldu, belimizi bükdü.
Nə desəm də, Turalı geri qaytara bilmərəm...
Şəhidin atası – Əhmədov Əkrəm Sənan oğlu
- Heç bir problemim yoxdur. Allah hökumətimizi, rəhbərliyimizi qorusun. Hər zaman, hər bir problemimizdə bizə dəstək olurlar. Bu barədə heç bir şikayətimiz yoxdur. Sağ olsunlar! Qaldı ki, mən özüm 1992-ci ildən 1996-cı ilə qədər hərbi xidmətdə olmuşam. Mən də Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam, qazisiyəm. Oğlum da mənim yolumu davam etdirdi. Dedi ki, ata sənin qisasını, şəhidlərin qisasını düşmənlərdən alcağam. Bu səbəbdən də həqiqi hərbi xidmətini başa vurub evə gələndən sonra, dözmədi və yenidən hərbi xidmətə qayıtdı. Tural Vətən sevgisi ilə, həsrəti ilə yaşayırdı, böyüyürdü. Həmişə deyərdi ki, düşmən tapdağı altında qalan torpaqlarımızı biz mütləq azad etməliyik. Dedim ay bala, mənim də köməyim yoxdur. Sən qal mənə əl tut, köməklik elə. Dedi ki, ata yox e, mən getməliyəm, gedirəm. O biri qardaşı da xəstədir. Nə isə, getdi. Buna dedilər ki, gərək sənin həqiqi hərbi xidmətdən qayıtdığın vaxtdan 6 ay keçsin ki, sən yenidən hərbi xidmətə götürülə biləsən. Bu da dəfələrlə rayon hərbi komissarlığına getdi. Vaxt gəldi yetişdi. Sənədləri düzəldi və Tural getdi. Onu deyə bilərəm ki, igid və pəhləvan kimi bir oğlan idi. Bilənlər, görənlər bilir ki, Tural rayonda, kənddə tanınmış biri idi. Çox böyük hörməti var idi rayon ictimaiyyəti arasında. Öndə olan uşaq idi. İdmanla məşğul olurdu, qolu, biləyi güclü idi. Nə iş desən, o işdə ölüm də olsa uff demədən gedərdi.
Ata ağlayır...
(ağlaya-ağlaya davam edir) Elə bir igid getdi, belimi bükdü getdi, Deyiləsi sözlər çoxdur. İndi mən nə desəm də Turalı geri qaytara bilmərəm (hönkürür...)... amma Vətən sağ olsun, torpağımızı qorumağa getdi, Vətənimizi qorumağa getdi. Əgər heç kim getməsə, bəs bu torpağı kim qoruyacaq?! Allah bütün şəhidlərə qəni-qəni rəhmət eləsin!
Dayısı – Əhmədov Amil Hüseynağa oğlu
- Turaldan yalnız danışmaq yox, onun müsbət cəhətlərindən kitablar yazmaq olar. Onun haqqında nə qədər danışsaq yenə də azdır. Tural kimi oğullar bu həyatda az-az olacaq. (köks ötürür...) Nə deyim?! Vətən sağ olsun!
Qaranlığı sevməyən Şəhid...
Anım məclisinə toplaşanlar Turalı belə xatırlayırlar...
- Nə desək, nə qədr onun yaxşılıqlarından danışsaq da yenə az danışmış olarıq. Turalı hər an, hər bir iş görəndə xatırlayırıq. Kənddə ictimai iş olardı, birinci Tural iştirak edərdi. Tutaq ki, yol çəkilir və yaxud da su xətti çəkilir, Tural heç bir təmanna güdmədən orda yaxından iştirak edərdi. Qaranlığı sevməzdi. Elektrik xətlərində nasazlıq yarananda bacardı-bacarmadı insanlar işıqsız qalmasın deyə Tural o problemi dərhal həll etməyə çalışardı. Atası bir iş görərkən imkan verməzdi ki, o işi görsün. Deyərdi ki, ata sən otur, mən o işi görəcəm, yerinə yetirəcəm. Atasına görüntülü zəng edərdi Hərbi Hissədə işləyərkən, deyərdi ki, ata sənin gözünün nuruna qurban olum. Bütün bunlar bizim yanımızda olan hadisələrdi. Yəni Turalın bir dənə də olsun mənfi xüsusiyyəti yox idi ki, bu gün onun yoxluğu bizi belə yandırmasın. O qədər əvəzolunmaz bir oğul idi... Ondan nə qədər danışsaq da, bir o qədər azdır. Müəllimlər də razı idi. O qədər qeyrətli oğlan idi ki, kəndin qız-gəlini rayona bir iş dalınca gedəndə, deyərdilər ki, Tural gəlsin bizim yanımızca. Dərhal öz qeyrətilə, bacarığıyla o yükü götürərdi üzərinə. O qədər gözəl, müsbət keyfiyyətli oğlan idi ki, şəhid olmamışdan əvvəl də, indi də bütün kənd, rayon sakinləri övladlarının adını Tural qoymaq üçün onun atası Əkrəmə icazə üçün müraciət edirlər. Deyirlər ki, biz istəyirik ki, bizim də övladımız Tural kimi qəhrəman olsun!
Qeyd edək ki, ananın bir arzusu da var. O istəyir ki, Turalın fotoları və əşyaları ilə bəzədilmiş evin bir hissəsi düzəldilsin. Səbəbi də hər tərəf açıq olduğu üçün evə gəlib gedənlər, xüsusən də uşaqlar dinc dayanmır, əşyalara toxunur, bəzən də sıradan çıxarırlar. Düşünürük ki, bu işin görülməsi elə də ciddi vəsait tələb etmir. Rayon İcra Hakimiyyətinin rəhbərliyi təşəbbüs qaldırsa, kənd icra nümayəndəliyi, Bələdiyyə bu işi qısa bir zaman ərzində həll edə bilər.
Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 1407 dəfə oxunub.