Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
O şəhidlərdən biri də Lerik rayonunun Əvilə kənd sakini Sadıqov Şəmistan Abdulağa oğlu idi.
Xəbəri alan zaman “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində Lerikdə idik...
Lerikin Piran kəndindən olan şəhid atası Cəbrayıl kişinin ailəsində olmalı idik. Bütün günü rayonun dağ kəndlərində (Bibiyani, Kornədi) olduğumuz üçün nə baş verdiyindən xəbərsiz idik.
Cəbrayıl Cəbrayılov Lerikə şəhid gəldiyini, əvvəlcədən planlaşdırdığımız görüşün baş tutmayacağını bildirdi. Əlavə olaraq qeyd etdi ki, özü də şəhidi qarşılamağa gedir. Şəhid atasından eşitdiyimiz bu xəbərdən sonra biz də dağdan enib leriklilərin “50 kilometr” adlandırdığı əraziyə gəldik.
Saat təxminən 14:30 olardı. Rayonun bütün kəndlərindən insanlar dəstə-dəstə məlum əraziyə toplaşırdı. Baxmayaraq ki, şəhidin nəşi hələ Füzildən çıxmamışdı...
Biz o minlərlə insanla birgə axşam saat
20:30-a qədər orda gözlədik.
Bildiyiniz kimi, Lerik talışların kompakt yaşadığı rayonlarımızdan birdir. Layihə çərçivəsində görüşdüyümüz ailələrin hamısı talış olub. Bu gün (sentyabrın 13-də) şəhid olan Şəmsəddin Sadıxov da talışdır. Onu qarşılayan minlərlə insanın da demək olar ki, hamısı talış idi. Və mən o insanların şəhdin nəşini gətirən hərbi təyinatlı ambulansı qarşılayan zaman içdən səsləndirdikləri şüarlara diqqət etdim, o vəziyyəti videoya da çəkmişəm: “Şəhidlər ölməz, Vətən bölünməz”, “Ən böyük əskər, bizim əskər”, “Vətən sənə canım fəda”.
Bu insanların çoxu bəlkə də Qarabağın harada yerləşməsindən xəbərsizdirlər, amma onlar həmişə Qarabağa Vətən kimi baxıb.
Bu insanların böyük əksəriyyəti bəlkə də heç vaxt Cəbrayıla, Zəngilana, Qubadlıya, Şuşaya getməyəcək, amma onlar bu torpaqları Vətən bilib.
Çox maraqlıdır, 5 gündür bu dağlarda, yolların bərbad, baxımsız olduğu ucqar kəndlərdə yaşayan şəhid evlərinin içində bir Qarabağ gördüm.
İllərdir bu sahə ilə məşğul olan biri kimi deyə bilərəm ki, Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olub. Bu istər yuxarıların, istərsə də aşağıların biri digərinə olan münasibətinin birmənalı olaraq davam etməsinin göstəricisidir. Yəni topluma daxil olan həm türkə, həm də qeyri-türkə ictimai mühitdə yanaşma tərzi eyni olub, etniklə, qeyri-etnik arasında fərq qoyulmayıb. Bu fakt istər ölkə qanuvericiliyində, istərsə də Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalarda əsas prinsip kimi götürülüb. Baxmayaraq ki, sovet dövrü etnomühiti müstəqil Azərbaycana nisbətən fərqli olub. Bütün xalqlara eyni -
"sovet vətəndaşı" prizmasından baxan kommunist ideologiyası etnomühitin sabit durumuna mənfi təsir göstərən amillərdən yan keçib. Baxmayaraq ki, hər bir etnik azlıq ayrı-ayrılıqda təhlil olunub, onların inkişaf dinamikası nəzərdən qaçırılmayıb. Amma bütün bunlar barədə cəmiyyət heç vaxt məlumatlandırılmayıb. Elə bir şərait yaradılıb ki, milli azlıqları əhatə edən sosial təbəqə də öz növbəsində bu kimi məlumatları mənimsəməyə belə maraq göstərməsin. Bu proses Azərbaycanın müstəqillik qazanmasına qədər davam edib.
Hazırda da belədir. Müharibə həm də bu coğrafiyada yaşayan dilləri, ləhcələri, etnik kimliyi müxtəlif insanların birliyini möhkəmləndirdi: milli məsələ, etnik azlıq, azsaylı xalq və daha nə bilim hansı adlar altında traktofka olunan sözləri leksikonumuzdan çıxartdı.
Amma Sovet İttifaq dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş bəzi respublikalar bu sahədə bir sıra çətinliklərlə üzüzə qalmalı oldu. Azərbaycanın müstəqilliyinin ilk illərində məhz milli məsələlərlə bağlı ictimai-siyasi durumu narahatçılıq doğururdu. Respublikamızda yaşayan xalqlarla bağlı yeni uydurulan, hər bir məsələyə milli don geyindirmək cəhdi ağır və sarsıntılı nəticələr vermişdir. Bəziləri milli əlamətlərə görə siyasi partiya yaradaraq xam xəyallar aləminə qapıldılar, amma bununla da yetinməyərək respublikamızda ictimai-siyasi tarazlığı pozmağa, eyni zamanda, dədə-baba torpaqlarımıza göz dikən, onu işğal edən erməni təcavüzkarlarına qarşı mübarizəyə qalxmaq üçün yumruqlanmış gücümü-zü parçaladaraq xeyli zəiflətdilər. Nəticədə Azərbaycan xalqının qəhrəmanlıq tarixi salnaməsinə ağrılı-acılı səhifələr düşdü.
Bu gün biz toplum olaraq o səhifələri yenidən yazırıq. Aprel döyüşləri, Tovuz hadisələri, 44 günlük Vətən müharibəsi və nəhayət ötən gün 50 şəhid verdiyimiz 13 sentyabr gecəsi daha bir neçə yüksəkliyi ələ keçirərək bütöv Azərbaycana addım-addım yaxınlaşırıq.
N.Niftiyev
Lerik, 13 sentyabr
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 1281 dəfə oxunub.