Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


27.08.2022  11:02 

Şəhid Səyyar Şabiyev və ya bir ailənin faciəsi... - FOTOLAR





A+  A-

Bu yazını müharibənin ailəmizə nə qədər dəxli-olub-olmamasını öyrənmək istəyənlər üçün indi paylaşdım. Əslində bu yazı yaxın vaxtlarda tam yekunlaşacaq "28+2 Yardımlı şəhidləri" kitabındandır. Bu yazı uzundur, amma bütün namuslu-qeyrətli insanlar üçün yazılıb. Bu yazı bir ailənin faciəsindən bəhs edir, o ailənin ki, ağır-taxta bir şəcərəyə malik idi, amma tale onları rüzgarın azğın küləklərinin ixtiyarına versə də toparlana bilmişdi.

Lakin Qarabağ müharibəsinin yaşatdığı faciədən toparlana bilmədilər. Dayılarımın ailələri bizə niyə əzizdir? Çünki məşhur nəsildən olan anamgilin birdən, hələ həyatda öz ayaqları üstə dura bilmədikləri vaxtdan üzləşdikləri çətinliklər, faciələr daim anamın içindən keçir, onu narahat edir, bu xatirələrdən uzaqlaşa bilmir, qardaşlarının çətin keçən uşaqlıq və gənclik dövrlərinin yaşantılarını daim göz yaşlarına çevirirdi. Üstəlik Aslan dayımın ailəsindəki faciələr ona ixtiyar çağında ağır dərd oldu. Bu yazı onu itirdiyim bu avqust günlərində həm də anam üçün yazdığım yazıdır. Bu, bir şəhid, nur üzlü şəhidimiz Şabiyev Səyyar Aslan oğlu haqqında olan yazıdır. Bir də yeri gəlmişkən, içiniz ağrımadan yazmayın şəhidlər haqqında, şəhidlərlə xaltura eləməyin lütfən, onsuz da bu görünür. Şəhidlər haqqında yazmaq zəhmət tələb edir, bundan ötrü saatlarla görüşlər, günlərlə səfərlər, danışmaq istəməyən şahidləri dilə tutub danışdırmaq üçün priyomlar, qəzəbli valideynlərin, incik ailələrin sözlərini götürmək, bir sözlə yazdıqlarını öz göz yaşlarınla suvarmaq tələb olunur.

Müharibə bizdən də yan keçmədi. Dayımın ailəsindəki faciələr anamı dünya işığına həsrət qoydu.

Qədim türk yurdu Cerinbel kəndi qartal yuvası kimi Yardımlı-Deman vadisinin günbatan səmtinin sağ tərəfində dağların qoynuna sığınıb. Cerinbel kəndi haqqında müxtəlif versiyalar var. Ən çox qəbul edilən nə vaxtsa buralarda Cərciməl şəhərinin mövcud olmasıdır. Anam bu kənddəndir. Bu kəndin bir qismi 1959-cu ildə aşağı, Viləş sahilinə düşüblər və burada yeni bir kənd-Şəfəqlini salıblar.

Anam 4 qardaşın bir bacısı, həm də ailənin ilki olub. Şəhid Şabiyev Səyyar Aslan dayımın oğludur. O, 9 aprel 1974-cü ildə Şəfəqli kəndində anadan olub.



Anamgilin nəsil şəcərəsi 18-ci əsrin əvvəllərinə qədər məlumdur. Ondan əvvəlkilər barədə məlumat bizə çatmayıb. Anam və qardaşları tarixi cox qədimə gedən Cerimbel kəndində anadan olublar. 1959-cu ildə kənddən bəziləri, yuxarı dırmanmaqdan canlarını qurtarmaq uçün aşağıda, Yardımlıdan sərhədd zastavalarına qədər uzanan hərbi yolun yaxınlığında özlərinə məskən salıblar və beləliklə qısa bir zamanda Viləş çayının sahilində bağlı-bağatlı gözəl bir kənd-Şəfəqli yaranıb.

Anamgilin tanıdığı ən uzaq nəsil başçıları tacir Əliverdi xanın 3 oğul övladı olub- Məlik, Məlhəm, Məmmədcəfər. Bu oğullar Cerinbeldə üc böyük tayfanın əsasını qoyublar. Anamın ulu babası Məmmədcəfərin 4 oğlu olub. Bunlardan biri Kərbəlayı Şabi babadır. Şabinin oğlu Sadıx, Sadıxın isə 3 öğlu Qasım,Kərəm,Cəlaldır. (Burada bir maraqlı nüans da var. Belə ki, mənim ata babalarım da Molla Sadıx və onun oğlu Molla Məlikdir, soyadımız da Məlik babadan qaynaqlanır) Qasımın 4 oğlu olmuşdur. Onun oğlanlarından İsbat və Nəhmət hələ gənc yaşlarından həyatlarını Rusiya Federasiyasına bağlamış, orada yaşayıb dünyadan köcüblər. Qasımın digər oğlanları İzzət və Yefrim isə 1941-45-ci il müharibəsinə gedib qayıtmayıblar. Anamın Qasım əmisinin oğlu İsbat əvvəlcə öz rayonumuzda ailə qurur və bir qız övladı (Gülara bibi) dünyaya gəlir . Sonra İsbat Rusiyaya gedir. Orada bir rusla evlənir. Onun nəvəsi Sergey Azərbaycana gələrək 1-ci Qarabağ savaşında tank komandiri kimi 2 il döyüşdü.

Anamgilin digər əmisi Cəlalın isə 12 övladı olub. Muğanda yaşayırmışlar. Vəba xəstəliyi yayılır, bütün ailə xəstəliyin qurbanı olur, bircə Qüdrət bəladan qurtula bilir. Cəlalın oğlu Şabiyev Qüdrətə zirəkliyinə görə el arasında "şirbərabəri" deyirmişlər. Dövrünün cox qabaqcıl adamlarından olub.

Anamın atası Kərəm baba və onun qardaşları təxminən 1905-1907-ci illərdə Cənubi Azərbaycana köcüblər. 12 il Biyərə kəndində yaşayıblar. Qasım orada Qəmər xanımla, Cəlal isə Şahpəri xanımla ailə həyatı qurublar. Sonra isə ailələr yenidən bu taya kecib.

Anamın iki bibisi olub. Bibilərindən biri Gülxar gözəlliyi ilə ad çıxarıbmış. Amma taleyi bəd gətirib. Yeni ailə quran Gülxar xanım qəfil xəstələnib və vəfat edib. Anamın digər bibisi Darayı xanımın Əlheydər adlı oğlu olub, amma Əliheydər 12-13 yaşları olanda vəfat edib. Anam atamla ailə həyatı qurandan sonra anası rəhmətə gedib və bu azmış kimi anasız-atasız qalan dayılarımın yeganə ümid yrerləri olan evləri də yanıb. Aslan dayımın dediyinə görə evdən 30-luq lampa, sarı simavar(heç bunlar da onlara çatmayıb), bir də 3 və ya 4 mütəkkədən(yastıq )başqa hec nə cıxara bilməyiblər. Bundan sonra dayımgil Rübabə xalalarının evinə köcüblər. Anamın böyük xalası Bikəxanımın Ələsgər adında oğlu olub. Müəllim imiş, cavan vaxtında dünyasın dəyişib.



Anamın atası Kərəm baba Sovet hakimiyyətinə qarşı Yardımlı zonasında ad çıxaran Şiləvəngə, Ökü, Mamulğan, Cerinbel, Perinbel igidlərindən biri olub. Bu dəstənin şücaəti hesabına 1921-ci ildə Yardımlıya hücum edən bolşeviklər geri çəkilməyə məcbur olmuş və 1923-cü ildə ağır silahlar, xüsusilə toplarla təchiz olunaraq yenidən Sivdaş zonasına hücum etmişlər. Bu döyüşlərin birində babam Kərəm güllə yarası alır. Onu Gavran kəndində sonradan gəlini olacaq Əprüz gəlinbacının, yəni şəhidimizin anasının əmisi Böyükxan sağaldır. Belə ki, Böyükxan və Əprüz gəlinbacının ana babası Qubad dövrünün cərrahı sayılırmışlar.

Kərəm baba təxminən 1910-cu ildə Qum şəhərində 25 il təhsil almış Molla Əlinin(məzarı Ərdəbildədir, onun 4 otaqlı gırmızı kərpicdən tikilmiş evi də Ərdəbildə olub, çox təəsüf ki, bu evin qəbaləsi (şəhadətnamsəi) əlimizdə olmadığından İrana yollar açılandan sonra dövlət tərəfindən sahibsiz kimi vəqf edilmiş mülkə iddia qaldıra bilmədik) qızı Zeynəb nənəmlə ailə həyatı qurub.

Ana babam Molla Əli yuxarıda qeyd etdiyim kimi dövrünün savadlı və çox nüfuzlu şəxsi olub. Onun həyat yoldaşı perimbelli qızı olub, Şavruqlu tayfasındandır. Molla Əliniin 1 oğlu (Nüsrət), 4 qizı (Bikəxanım, Rübabə, Zeynəb, Ağabəyim (sonuncu qız anadan ayrıdır) olub. 1939-cu ildə anamın dayısı, yəni Nüsrət baba böyük bacısı Bikəxanımla bərabər hec kəsə demədən sərhəddin o tayına kecirlər. 2 il Ərdəbildə ata evində yaşadıqdan sonra Nüsrət baba vətən həsrətinə dözə bilməyib doğma Cerimbel kəndinə qayıdır. Bacısı isə atasının evini qoyub gəlmir, Ərdəbildə qalır. Sonralar sərhədlər möhkəmlənir, anamın xalası Bikəxanımdan hec bir xəbər olmur. Nüsrət baba deyərdi ki,mən gələndə bacımı oranın nizamisi(bizim dillə desək sahə müvəkkili ) istəyirdi, bilmirəm razılıq verdi, ya yox. O zaman Bikəxanımın 50-yə yaxın yaşı varmış. Sonra yollar acılanda Ərdəbildə dəfələrlə axtarsam da soraq verən olmadı. Yeri gəlmişkən Nüsrət baba məni həddən çox istəyirdi. Aslan dayım həmişə dayısını bacısını tək qoyub gəldiyinə görə məzəmmət edərdi. O da, "vətənsiz yaşaya bilmədim" deyərdi. Nüsrət babanın övladı olmadı. Amma həyat yoldaşı Gülənaz xanımla çox mehriban yaşadılar.
Molla Əli babamın Ərdəbildəki evlərinin ünvanını o vaxt Nüsrət babamdan almışdım. Hacı Möhsün küçəsi, Molla Hadı məhəlləsi, Məşədi Həsən xiyabanında yerləşən evin qəbaləsi babamgildən heç kim qalmayanda Germidə Cəbrayıl ağaya əmanət verilib. Onların qonşuları olan tülünlü Mir Mehdi ağanın uşaqları olub. Mən bu adamları axtrsam da onların törəmələrindən heç kimi tapa bilmədim.

Kərəm baba ilə Zeynəb nənə ailə qurduqdan sonra onların bir müddət uşaqlraı olsa da qalmırmış. Kərəm baba övladı qalsın deyə başının tükü ağırlığında Kərbəlaya kağız pul nəzir boyun alıb. Onların sonradan 1 qızı, 4 oğlu olur və hamısı da qalır. Beləliklə anam Fizzə (1923), dayılarım İslam (1926), Aslan (şəhid Səyyarın atası, 1935), Şabi (1938) və Himayət (1941) dünyaya gəlirlər. Həmişə anam deyərdi ki, Həzrət Əlinin qızı Zeynəb kimi anam Zeynəbin də başı müsibətli oldu. Tale bu ailənin üzünə gülməyib. 1940- cı ildə Kərəm babanın Cənubi Azərbaycanda yaşayan xalası oğlu xəbər göndərir ki, uşaqları ac qoymasın, gəlib buğda aparsın(o vaxt bizim tərəfdə qıtlıq imiş). Babam deyilənə görə 12 nəfərlə o taya kecir və kiminsə satqınlığı üzündən qayıdan baş sərhəddə tutulurlar. O vaxt nənəm kicik dayım Himayətə 2 aylıq hamiləymiş.

Aslan dayım danışardı: "Atam ücün Yardımlı təcridxanasına anamla xara yorğan apardıq. Atam dedi, "Bala, xara yorğan örtmək mənə qismət olmadı, bizi Lənkərana yola salırlar."

O gündən bəri hec bir xəbər ala bilmədik atamdan". Bundan sonra anamgilin cətin günləri başlayir. Ailənin böyük övladı olan anam Fizzənin savadlı olduğunu və ağır günlər keçirən ailəyə kömək etməsini nəzərə alaraq onu qonşu Mamulğan kəndindəki məktəbə müəllim təyin edirlər. Amma bu da uzun çəkmir. Zeynəb nənənin kənddə antisanitar şəraitdə çəkdirdiyi dişinin yerinə infeksiya düşür. Bu arada anama elçi düşən atamın təklifinə ölüm yatağında olan nənəm, qızının uzaq yerə düşməsinə baxmayaraq razılıq verir ki, özündən sonra qız xeylağı kiçik qardaşlarının ümidinə qalmasın. Beləliklə, anamın gətirdiyi köməkdən də ailə məhrum olur. Bundan sonra böyük dayım İslamı sənət məktəbinə aparırlar. 43-cü ildə Zeynəb nənə dünyasını dəyişir.

Zeynəb nənəmin ölümündən sonra hər iki tərəfdən yetim qalan qardaşların vəziyyəti daha da ağırlaşır. Şabi dayım deyərdi ki, bir gün qardaşım Aslanla birlikdə qonşunun bal arılarına baxırdıq, arıların deyəsən anası ölmüşdü, pərakəndə işləyirdilər. Qardaşım dedi ki, Şabi, biz də bu arılar kimi yəqin ki acından öləcəyik. Deyir, bu zaman qardaşımı idarəyə cağırdılar, getdi və gəlib dedi ki, Şabi, daha biz acından ölməyəcəyik, məni dəyirmana çekci verdilər. Bu zaman Aslan dayımın 13 yaşı varmış(dayımın cekci qoyulmağında əmisi oğlu Qüdrətin köməkliyi olmuşdu). Ailənin ağırlığı (2 qardaşın) Aslan dayının üzərinə düşür, o işləyir, xalasl Rübabəni və onun 3 övladını öz evinə gətirir. Dayım Şabi deyərdi ki, əgər məndən soruşsalar atan kimdir, deyərəm ki, mənim iki atam olub, biri məni dünyaya gətirən, ancaq mənim əsl atam məni ölməyə qoymayan Aslandır.

Beləliklə Aslan dayı işləyir, 2 qardaşına baxır, özü də oxuyur, məktəbə gedəndə dediyinə görə, bir ton qardaşları ücün xalasıgildə taxıl qoyur, özü isə Lənkəran tibb texnikumunu bitirir və əvvəlcə rayon mərkəzində, sonra Cayüzü kəndində, daha sonra isə doğma kəndi Şəfəqli xəstəxanasında namusla, vicdanla calışır. Aslan dayı halal adam idi, düz idi, həqiqəti həmişə (nə qədər acı olsa da) üzə deyərdi. O, 1962-ci ilin may ayının 8-də ailə həyatı qurur. Onun həyat yoldaşı (şəhidimizin anası) Ağaməmmədova Əprüz Gülüş qızı Yardımlı rayonunun Gavran kəndində anadan olub (1946). Bağırlı nəslindəndir. Bağırın oğlu Yarı olub. Yarının 9 qızı 1 oğlu olub. Yarının yeganə oğlu Ağaməmmədin oğlu Gülüş Əprüz gəlinbacımın atasıdır. Əprüz gəlinbacının əmisi Şavqat da 1941-45-ci il müharibəsində həlak olub. Yeganə dayısı Ayaz da müharibədə həlak olub. Əprüz xanımın anasının anası cənublu qızı olub, babası Qubada yuxarıda qeyd etdiyim kimi cərrah Qubad deyərmişlər, onu İran tayına xəstə üstə aparırlar və gələndə oradan Gülzəman adlı bir xanım gətirir və Əprüz gəlinbacının ana nənəsi dünyaya gəlir.



Sonra ana ölür, nənəsinin atadan yeganə bir qardaşı Ayaz olur, sonra ata da ölür və nənəsinin əmisi Böyükxan onları himayəyə götürür. Sonradan nənəsi anasının adını bacısına qoymuşdu (bacısı da 49 yaşında dünyasını dəyişir). Əprüz gəlinbacıgil 3 qardaş, 6 bacı olublar.

Aslan dayımla Əprüz gəlinbacının ilk övladları Şəhla 1963- cü ilin may ayının 8 də dünyaya gəlib. Sonra 4 oğlan 5 qızın da dünyaya təşrif gətirməsi ilə ailə böyüyüb. İlqar 1965, Mübariz 1967, Təranə 1970, Camal 1972, Səyyar 1974, Səmadə 1977, Ramilə1979, Aybəniz 1982, Aygün 1984-cü ildə dünyaya gəlib və Əprüz gəlinbacıya "Qəhrəman ana" qızıl ulduzu qazandırıblar.

Əprüz gəlinbacının anasının da ürəyində itgin həsrəti vardı. Dayıqızı Təranə deyir ki, mən uşaq olanda eyvanımızda nisbətən böyük güzgü vardı. Anam nənəmin anasının Cənubi Azərbaycanda qalan qohumlarının adlarını və yaşadıqları yerləri güzgünün arxasına yazmışdı .Yazıq nənəm deyirdi ki, bala, amandır hec kim görməsin, hökumətin qulağına catar. Sərhədlər açılanda anam soraqlaşmaqla, qardaşım Mübariz isə axtarmaqla qohumlarını tapıb nənəmlə görüşdürdülər

Aslan dayımın oğlu, şəhidimiz Səyyar Şabiyev 1974-cü il, aprel ayının 9-da dünyaya göz acıb. Anası adını Sədi qoymaq istəyirdi. Şeyx Sədi Şirazinin (Əprüz gəlinbacı kitab oxumağı cox sevirdi) şərəfinə. Dayım şəhadətnamə götürməyə gedəndə Mübariz atasına, "Ata, səni and verirəm Həzrəti Abbasa adını Səyyar qoy" deyir. Beləliklə uşağın adını Səyyar qoyurlar. Səyyar qardaşların ən kiçiyi, ailənin ən sevimlisi idi. O 1981-ci ildə 1-ci sinfə daxil olub və məktəbdə də nümunəvi davranışı, yaxşı oxumağı ilə müəllimlərinin sevimlisi, sinif yoldaşlarına yaxşı dost olub. Arzusu həkim olmaq idi, kənddə feldşer işləyən dayımın ağ xalatını geyməkdən zövq alırdı. Şəyyar boş vaxtlarında gitara calardı.

Səyyar 1992-ildə məktəbi qurtardı və elə həmən ilin 27 iyununda hərbi xidmətə yola düşdü. Atası yola salanda , "Oğul ,get vətəni qoru", anası isə, "Bala, get,bircə əsir düşmə, dözə bilmərəm"dedilər. Bu söhbətin iştirakçısı olduğumdan olduğu kimi yazıram.

Səyyar əvvəl Qusarda təlim keçdi, sonra onları cəbhəyə yola saldılar. Döyüş yolu Tərtər, Ağdərə,Cəbrayıl, Füzuli, Çartaz, Martunidən (Səyyarın öz bloknotunda bunlar qeyd olunub) kecir. Sonra o, Qubadlı, Laçın uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib, Lacının Güləbird, Səfyan və başqa kəndlərində döyüşüb(o vaxt bir cox kəndlər düşməndən təmizlənir, sonra yenə işğal olunur). Döyüş yoldaşlarının dediyinə görə Səyyar 2 oktyabrda Laçın rayonunun Mıxıdərə inzibatii ərazisi sayılan Dəhyan kəndində gedən ağır döyüşdə şəhid olub.



Dayım qızı, şəhidin bacısı Təranənin dediklərindən: "Bu haqda yazmaq mənə cox cətindir. 5 oktyabrda Səyyarın qara xəbərini qara qoyun gətirmişdi. O vaxt bizim 5-6 qoyunumuz vardı. Günortadan sonra həmən qara qoyun ayrılıb qapıya gəlmişdi. Atam İlqar qardaşımla o biri qoyunları axtarmağa getdilər. Bu vaxt Gavran kəndində yaşayan dayım Abuzər bizə gəldi. Mən anamdan gizlin (çünki anam Səyyarın cəbhədə olmasından xəbərsizdi) dayımdan Səyyarı soruşdum ki, dayı, deyirlər sizin kənddən onunla olan var, bəlkə o evlərinə danışıb eləyər. Onu da deyim ki, İlqar gardaşım iki dəfə Qusara Səyyarın yanına getmişdi. Birinci dəfə Səyyarı görmüşdü , ikinci dəfə isə onların cəbhəyə yola salındığını demişdilər. Sonralar İlqar deyirdi ana, evə qayıdırdım, ancaq tez -tez qayıdıb arxaya baxırdım, elə bilirdim Səyyar kecən dəfəki kimi ağacların arxasından cıxıb mənə yaxınlaşacaq. Hə, dayım dedi ki, yox, bala, xəbərim yoxdur.

Dayımın gözləri yaşlı idi. Soruşdum, dedi yuxusuzam. Bir az sonra isə kənd adamları evimizə axışmağa başladı. Allah heç kimsəyə göstərməsin. Yağış yağmağa başladı. Hamı deyirdi təbiət də bu şəhidə yas tutur. Atam yazığın beli bükülmüşdü, anamın dediyi ağılar hamını göz yaşına boğurdu. Haradasa oxumuşam, deyirlər, "şəhid cıxan evin damı olmur , olsa da o evin adamı olmur" Bizim evin damı da oldu, adamı da, amma Səyyardan, Mübarizdən sonra o adamlar(yəni biz) yaşamadı, sadəcə nəfəs aldı".
Mən Səyyarın şəhid olma xəbərini rayon mərkəzində eşitdim. O vaxt rayona tək-tək şəhidlər gəlirdi. Bu xəbəri eşidəndə onsuz da özünü daim qərib sayan anamı və uşaqlarından ötrü canından keçməyə hazır olan dayımı bir anlıq xəyalımdan keçirdim.

Səyyar çox məsum, danışdıranda həyadan yanaqları qızaran çox gözəl bir uşaq idi. Bir anlıq onu tabutda təsəvvür etdim. Çox dəhşətli idi. Hansı duyğularla evə getdim, anama dayımın xəstələndiyini deyərək, onu necə dayımgilə apardım, Səyyarın tabutu hansı şəkildə həyətə girdi, dayım, bacıları, qardaşları və Əprüz gəlinbacı onu necə qarşıladılar, bunu təsvir eləmək gücündə deyiləm. Amma onu deyə bilərəm ki, yağışlı, çiskinli bir gün idi, yer-göy qan ağlayırdı.

Dayım Səyyar üçün qurban boyun almışdı. Həmin qurbanı ehsan ücün kəsdilər.

Səyyarın cibindən götürülən qanına bulaşmış bloknotunda Füzuli rayonunun Kürdmahmudlu kəndində axırıncı qeydini aparmışdı. Ondan sonra qızğın döyüşlər getdiyindən qeydlər apara bilməyib. Konvertin ic üzünə yazılmış məktubu ölümündən sonra bizə gəlib çatdı. Cox qısa yazmışdı, atasını- anasını, uşaqları soruşmuşdu və birdə "mənə məktub yazmayın, yerimi dəyişəcəklər." deyə xəbərdarlıq eləmişdi.

Səyyar əsgər gedən ili 2 ədəd qoz fidanı əkib üstünü məftillə hormüşdü ki, heyvan yeməsin. İndi o fidanlar böyük qoz ağaclarıdır. Ancaq o məftillər Səyyardan yadigar kimi bu günə qədər sökülməyib.

Səyyar oktyabrın 5-də Şəfəqli-Cerimbel qəbristanlığında dəfn olundu. Həmin yerdə ki, əsgər gedən axşamı Cerimbeldən toydan qayıdanda( İki kəndin bir qəbristanlığı bu yolun üstündə yerləşir) tay tuşlarına deyib ki, gəlin görüşək, bəlkə bir də görüşmədik.
Mübarız ailənin 3-cü övladı idi. Kövrək qəlbli, uca boylu Mübariz 1967-ci ilin 18 sentyabrında dünyaya gəlmişdi. Məktəbi yaxşı qiymətlərlə bitirmişdi. Təhsil illərində bir neçə fəxri fərmanla təltif olunmuşdu. Evin bir az da dəcəl, həm də baməzə uşağı idi. Anam onlara gedəndə hamı ilə görüşərdi, amma Mübarizin gözlərindən öpərdi. Mübariz anamdan soruşardı, "Bibi, nə üçün o biri uşaqların üzündən öpürsən, mənimsə gözümdən ?" Anam da deyərdi, "Sənin gözlərin dədəmin (atasına dədə deyirdi) gözlərinə oxşayır, ona görə gözlərindən öpürəm". Mübariz bu sözləri xüsusi statusu varmış kimi hər anam onlara gedəndə təkrarladardı.

Mübariz zirək idi. Məktəbi qurtarandan sonra evə qazanc gətirməyə başladı. Hərbi xidmətini çəkəndən sonra isə Ukraynaya işləməyə getdi. Ancaq tez tez evə gəlirdi. Səyyar şəhid olan dövrdə kənddə olurdu. Dayım ona toy etmək istəyirdi, hələ yavaş-yavaş hazırlıq da görülürdü. Hadisədən sonra çox pis olmuşdu. Düz bir il saqqal saxladı. Nə qədər desək də, "Səyyarın qisasını alandan sonra qırxacam" dedi. Bir də eşitdik ki, Mübariz çıxıb gedib. Axırıncı dəfə 95-ci ilin payızında gəldi. Çoxlu "hədiyyələr" gətirmişdi. Mən bu "hədiyyələrə" baxa bilmədim. Yıxılmışdı atasının, anasının ayaqlarına, "Daha bəsdir, bu qədər ağlamayın, Səyyarın qisasını almışam" demişdi. Mübarizi onda görəndə qorxmuşdum. Kövrək, gözlərindən mərhəmət yağan Mübarizdən əsər əlamət qalmamışdı. Ala, sulu gözləri qabarmış, qığılcım saçırdı. Hərəkətləri, münasibətləri sərtləşmişdi. Hər an sanki adamı acılayacaqdı. Doğrusu ona söz deməyə belə çəkinirdim. Qısa, konkret cavab verirdi. Mülayim, canımdan da çox istədiyim dayım oğlunun bu rəftarını ayrı yerlərə yozsam da, sonralar onu anladım.
Təranənin dediklərindən: "Gedəndə məni çağırıb şəkil albomumu istədi, albomda nə şəkli vardısa hamısını götürdü. Mən küsən kimi oldum. Dedi bacıcanı gedən kimi səninçün coxlu şəkil çəkdirib göndərəcəyəm (göndərmişdi də). Bir də anam deyirdi şifoneri açdı, kurtkasına baxdı (əvvəllər almışdı, deyirdi 35 yaşdan sonra geyinəcəm), sonra, "Eh, dünyanın işini nə bilmək olar", deyib kurtkanı götürdü. Bəlkə də qardaşımın ürəyinə dammışdı bu onun son gedişidi. 1997-ci ilin mart ayının 2-si yaşadığı Luqansk şəhərində qonaqlıqda olur. Qonaqlıqda deyir, "Uşaqlar, sizə bir həftəlik qonağam, ata-anamın yanına gedəcəyəm". Martın 5 də öz maşınında qəzaya düşüb dünyasını dəyişir. Ölümündən təxmini 40 gün öncə bacımın yuxusuna girib, deyib mən gələcəm ora, ancaq sizin yaniniza yox, Səyyarın yanına gələcəm".



Mart ayının 7-si olardı. Çiskinli, dumanlı bir axşam idi. Bir-neçə gün əvvəl yağan qar əriməmişdi. Gecələr ayaz olur, yollar donurdu. Birdən ev telefonumuz zəng çaldı. Rayon mərkəzində yaşayan İslam dayımgildən idi. Telefonun o başından dayım oğlu Kərəmin kədərli səsi gəldi. "Mübariz qəzaya uğrayıb, deyəsən həlak olub, İlqar gedib gətirməyə". Vəssalam, artıq söhbətə ehtiyac yox idi. Məni düşündürən bu xəbəri xəstə anama necə deyəcəyim idi. Yenə yalan danışdım, "Mübariz xəstələnib, gətirirlər, istəyirsən aparım səni". Anam, üzümə mənalı şəkildə baxıb düz deyib-demədiyimi dəqiqləşdirmək istədi. Dünyagörmüş adamdır. "Mübarizin gözləri dədəmin gözlərinə oxşayırdı, görəsən salamatdır?"- deyə tələsik əyin başını dəyişdirdi. Yol boyu sualları yağdırır. Qısa cavablandırıram. Dayımgildə yaxın adamlardan savayı heç kim yoxdur. Hələ heç kim dəqiq nə baş verdiyini bilməsə də ailəni şübhələndirməsinlər deyə kənd adamlarının gəlməsini məsləhət bilməyiblər. Dayım gözlədiyimdən fərqli olaraq özünü təmkinli aparır. Bizdən fərqli olaraq içərisindəki təlaşı büruzə vermir. Qəzanın baş verməsi barədə versiyalarını səsləndirir. Mart ayının Ukraynada qış kimi keçdiyindən, yolların buz bağlamasından danışır. Çox çətinliklə Luqanskla əlaqə saxlanılır. Təyyarəyə yalnız martın 12-nə bilet olacağını deyirlər. Saatlar ötüşmür. 6 gecə, 5 gündüz ötüşdürməliyik. Amma necə? Nəhayət, 13-ü gecə təyyarənin Bakıda enəcəyini öyrənirik. Dayım şübhələnməsin deyə bu gecəni Yardımlıdakı dayımgildə qalacağımı deyirəm. Yatmaq olarmı? Bizim hesabımıza görə sübh tezdən Masallıya çatmalıdırlar. Gecə sərt, soyuqdur, həm də hər yanı duman basıb. Duman olanda adətən şaxta az olmalıdır. Dözə bilmirəm, gecə saat dörddə dayım oğlanları Kərəmi və Rafəti götürüb yola çıxıram. UAZ maşınım üçün yolları qət etmək çətin olmasa da duman və döngələrin quzeyindəki yolların buz bağlamasına görə ehtiyatı əldən vermək olmaz. Onsuz da neçə günlərin yorğunluğu və həyacan beynimizi zədələyib. İstisuya dönən körpüyə çatırıq. Sakit və yolun geniş bir yerinə verib maşını saxlayıram. Bu yerləri yazanda mobil telefonların necə də əhəmiyyətli olması barədə düşünürəm. Növbə ilə düşüb sərnişin daşıyan maşınları saxlatdırıb İlqargili tapmağı qərara alırıq. Qardaşını hava limanında qarşılamağa İlqar getmişdi. Maşını söndürən kimi soyuq adamı dildən salır. Yaxşı ki bunu nəzərə almış və maşının hər iki bakını yanacaqla doldurmuşam. Demək olar ki, maşını söndürmək mümkün olmur. Söndürən kimi içəri buz kimi olur. Bəlkə də son günlərin yorğunluğundan və yaxşı qidalana bilməməyimizdən bədənimiz zəifləyib. Hələ də möcüzənin baş verəcəyinə və Mübarizin yaralı da olsa sağ gələcəyinə ümidimi itirməmişəm. Budur, qarşıdakı döngədən qəza işıqları yanıb-sönən "QAZel" çıxır. Saxlatdırıram və bütün ümidlər bir anda yerlə-yeksan olur. Arxa qapını açan kimi tabutla qarşılaşıram. Tabutun yanında təkcə oturan İlqar bizi görən kimi hönkürür. Uşaqları İlqarın yanında oturdub, "QAZel"də qabaqda əyləşən və tabutla bərabər Ukraynadan gələn qonağı yanımda əyləşdirib yola düşürük. Yol boyu qapılarına bir də daxil olan tabutu görən zaman dayımın düşəcəyi halını düşünürəm. Kəndin girəcəyində kənd camaatı bizi gözləyir. Kənd hamıs ayaqdadır. Maşını saxlatdırıram və tabutun yerləşdirildiyi dəmirin burada kəsilməsini uşaqlara az qala əmr edirəm. Bilirəm ki, bu nə həyətdə, nə də meyidin yuyulacağı yerdə mümkün olmayacaq. Ata-ana, bacılar və qardaşlar dəmir kəsilən zaman mütləq xəsarət alacaqlar. Sağ olsun camaat, hamı mənimlə razılaşır. Dəmniri elə oradaca kəsib atırıq. Mübarizin qırmızı məxmərə bükülmüş tabutu camaatın əllərində yuxarı qalxır və bir kilometrdən çox olan yolla insanların çiynində gedir. İlahi, bu dəhşəti heç kimsəyə göstərmə! Tabut həyətə girəndə nələr baş verir! Yaşlı dayımın papağı tabuta uzanan əllərinin arasına, oradan da camaatın ayaqlarının altına düşür. Dağınıq ağappaq caçları tabuta çatmayan barmaqlarının arasında yolunub rüzgarın başladığı soyuq küləklərin ixtiyarına verilir. Bu dəhşətin, vəhşətin davam etməsinin mümkün olmadığını görən camaat tabutu evə keçirməkdən vaz keçirlər. Elə ən düzgün qərar da budur. Mübarizin içərisində uyuduğu tabut bu dəfə geriyə, üzü aşağı Viləşin sahilindəki kəndin cənazələrinin yuyulduğu məkana aparılır.

Təranənin dediklərindən: "Atam qohum adama Mübarizin nömrəsiuni verib demişdi ki, Mübarizə deyin evə gəlsin. Elə həmin adam da Mübarizin qəzaya düşüb öldüyünü qonşu kənddən bir nəfərə xəbər vermişdi. Bizə həlak olduğunu deməmişdi həmin adam. Mart ayının 13-ü gətirdilər nəşini qardaşımın. Aman Allah, nə böyük fəlakət idi başımıza gəlirdi.Yadımdadr, Allahdan bir arzum var idi, kaş atam -anam və bir də biz altı bacı(qardaşlarımdan iraq) evimizlə bərabər birdən bataydıq. Çünki daha dözə bilmirdik.

Dörd il yarım içində iki cavan, toysuz qardaş itirmək dəhşətdir. Mübariz kostyum geyməyi xoşlamırdı. Həmişə gödəkcə geyərdi. Bir gün evimizə iki ədəd xarici marka kostyum gətirdi, geyib baxdı, bizə gülümsünərək, "Mən kostyum sevmirəm, ancaq bir gün lazım olacaq", deyib şifonerdən asdı (toyunu nəzərdə tuturdu), həmin kostyumu gardaşımın nəşini vətənə göndərəndə əyninə geydirmişdilər (sonuncu dəfə buradan gedəndə kostyumu da aparmışdı)".

Ürəyimə daş basıb dayımı qorumaqdan və onu oğlu ilə son dəfə vidalaşandan sonra bayıra çıxarmaqdan ötrü içəri keçdim. Tabutun qapağını qaldırdılar. Mübariz yaşılımtıl kostyumda, parıldayan laklı ayaqqabıda, ağ köynəkdə sanki yatmışdı. Kostyumu çıxarmaq üçün onu qaldıranda dodağı qaçdı, sol tərəfdəki qızıl dişi görsəndi. Hamı özündən ixtiyarsız qışqırdı, elə mən də. Sanki Mübariz ayıldı və gülümsədi. Amma köynəyinin yaxasından həkimlərin boğazında apardığı kəsiyi görəndə hamının içərisindən bir inilti keçdi. O anları təsvir etmək çox çətindir...

Mübariz üzü yuxarı, məzarlığa qalxan qarlı-palçıqlı yolla yenə insanların çiynində qaldırılaraq şəhid qardaşı Səyyarın yanında son mənzilinə tapşırıldı.

Ay doğdu,o da para
Varmı bir odu sönmüş,
Odumdan od apara


Ananın ağıları bir birini əvəzləyirdi . Qürurlu dayımın beli bu acıya dözməmişdi, bükülmüşdü.

Dəfndən sonra Mübarizin tabutunu gətirən azərbaycanlı kişini yanlayıb hadisənin həqiqətdə necə baş verməsini öyrənməyə çalışdım. Kamal adlı kişi gözləmədiyim halda, "Bu onsuz da baş verəcəkdi, biz Mübarizə çox dedik, daha bəsdir, ana tərəfdən qohumları var yanımızda, onlara dedik evlərinə xəbər verin, aparsınlar onu bizim şəhərdən, heç olmasa müvəqqəti uzaqlaşsın oradan, axırı da belə..." deməsindən sonra sanki ayıldım. Aha, qonaqda söz var. Kişinin qoluna girib sakit, heç kəsin eşitməyəcəyi bir yerə, vadinin xeyli hissəsinin göründüyü təpənin başına apardım. "Qardaş, xahiş edirəm, nə varsa mənə danışın" deyə yalvardım. "Mübariz bizim şəhərə gələn gündən ermənilərlə düz demirdi. Biz çox sonralar öyrəndik qardaşının şəhid olmasını. Bizdən gizlətmişdi. Rostovdan olan kriminal uşaqlarla Qarabağ müharibəsində iştirak edən erməniləri tapırdılar və nə bilirdilərsə onu da edirdilər. Çox belə işlər görmüşdülər. Artıq bu səslənmişdi, hamı bilirdi. Bizim azərbaycanlı icmasının rəhbəri var, şəhərdə böyük nüfuza malik olan bir erməni biznesmeni ona deyib ki, bu uşağı rədd eləyin şəhərdən, onu öldürəcəklər. O da çağırıb Mübarizə şəhəri tərk etməyi tapşırıb. Mübariz də onun sözündən çıxa bilməzdi, qayıdacaqdı Azərbaycana, əgər bir qonaqlıqda bunu deməsəydi və birdən şəhərdən yox olsaydı bəlkə də belə olmazdı. Biz belə qənaətdəyik ki, onu izləyib qəza şəraiti yaradıblar və sürətlə hərəkət edən maşını yoldan çıxarıblar. Maşın uçub və yoldan xeyli aralı olan beton dirəyə çırpılıb. Yanındakı rus ağır yaralıdır, hər halda o ayılsa əsil həqiqət ondan sonra açılacaq" deyə qonaq siqaretinə qüllab vurdu, sonra da əllərini nəalaclıqla kənara açıb "Bax belə..." dedi.

Təranənin dediklərindən: "Anam Mübarizdən sonra qəbir üstünə getmədi, "Onu orada görsəm dözə bilmərəm" dedi. Atam isə getmişdi. Atam qəbir üstündən qayıdanda biz bacıları ora yaxınlaşan gördü, dibindən kəsilmiş ağac kimi yerə yıxıldı. Atam-anam min bir əziyyətlə böyütmüşdülər bizi. Atam həm xəstəxanada işləmişdi (yaxşı tibb işçisi olduğu üçün fəxri fərmanlarla təltif olunmuşdu), həm də şəxsi evlərdə suvaq (şkatur) vurub balalarını böyütmüşdü, anam sovxozda fəhlə ( tütünçü) işləyib ailəsinə kömək olmuşdu. Valideynlərimiz övladlarına gözəl əxlaq, nümunəvi davranış öyrətmişdilər, təkcə tale verə bilməmişdilər. O da ki Allahın özünə məxsusdur. Atam həmişə məktəbdə valideyn komitəsinin sədri seçilmişdi. İndi də qardaşım İlqarı seçiblər".



Deyirlər zaman bütün dərdlərin əlacıdır. Amma dayım övladlarından sonra çox yaşamadı. Səyyardan sonra xəstəlik tapmışdı. Ancaq həkim demişdi ki, bu ömür kəsən deyil. Mübarizdən sonra isə dayım get-gedə zəiflədi, xəstəliyi irəlilədi. 2000-ci ilin mart ayının 1-də 65 yaşında dünyasını dəyişdi və Mübarizlə yanaşı dəfn olundu. Dayım övlad xeyri görən yerdə dünyadan köçdü. Dayımın ölümü bizə çox ağır idi, çünki o iki nakam, cavan, toysuz oğul dağı ilə köçmüşdü bu dünyadan. O taleyini danışanda adamın sümükləri də əriyirdi. Anam danışırdı ki, valideynlərini itirdikdən sonra bir inəkləri varmış, qonum-qonşu yığılıb inəyi kəsirlər ki, puluna onlar üçn taxıl, azuqə alsınlar.

Dayım deyirdi heç özümüzə ət çatmadı, pulunu da yığa bilmədik. Onda deyirlər, "Yetim yarımır, yarıyanda da qarımır".

Təranənin dediklərindən: "O vaxt ana nənəm sağ idi, bir ağı deyirdi Səyyar şəhid olanda:

Yetimin yekə dərdi
Dağ dərdi, yekə dərdi
Dəvə çəkməz, fil çəkməz


Ya Rəbb, kim çəkə dərdi.

Nənəm də ata-anasını vaxtsız itirmişdi. İndi anam o ağını atam üçün deyirdi. Zaman keçdikcə yaralarımız sağalmasa da qaysaq bağladı, ancaq anamı ömürlük yataq xəstəsi etdi, anam şəkər xəstəliyi tapdı".

Səyyar kəndlərinin ilk, rayonumuzun isə 6-cı şəhididir. Ancaq Şəfəqli-Cerinbelin şəhidi tək Səyyar deyil. Səyyarın sinif yoldaşı Sarvan Məmmədov, Murovdağda itgin düşən Kamal Musayev, Arzu Muradov, Şəfəqli doğumlu, sonradan Lökbatanda yaşayıb şəhid olan Milli qəhrəman Cəmil Niftəliyev, nisbətən uzaq dayıoğlu, Rusiya doğumlu (anası rus idi, sonradan Azərbaycana köçmüşdülər), çox böyük qəhrəmanlıq göstərmiş Sahib Əsgərov (əvvəlcə qəbri də itgin düşmüşdü, atasının ürəyi partladı, atasının ölümündən sonra əmisi Füzuli rayonunda gəbrini tapdı, 1992-ildə gətirib hərbinin müşaiəti ilə kəndlərində dəfn olundu) da bu kənddən olan 1-ci Qarabağ şəhidləridir. Onların yolunu Vətən Müharibəsində Abışov Zəka Zakir oğlu davam etdirdi. Yaxın günlərdə nəşr olunacaq "28+2. Yardımlı şəhidləri" kitabında şəhid Abışov Zəkanın da həyatı işıqlandırılmışdır.

Şəhidin anası Əprüz xanım: "O vaxt televizorda Qarabağda yaralı əsgərləri göztərirdilər. Səyyarla evdə ikimiz idik. Səyyar baxıb soruşdu ki, onlar niyə yaralanıblar? Mən də dedim ki, bəs neyləsinlər, düşmən güclüdür. Qayıdıb dedi ki, mən gedəcəm, ya öləcəm, ya öldürəcəm, yaralı qalmaram. Bir də müəllimi qəbri üstə çıxış edərək deyib ki, dərsdə uşaqlara dedim Qarabağa kim gedər döyüşməyə, Səyyar tez yerindən qalxaraq, dedi müəllim, silah versinlər Quran haqqı mən gedərəm".

Bacısı Ramilənin xatirələri: "İlk cümləni ailəmizin xoşbəxt günlərinə son qoyan o gündən başlayıram. 1992-ci ilin 5 oktyabrı yağışlı payız günü idi. Həyətdə bacımla dayanmışdım. Evimizə atamızın yaxın dostu, həm də yaxın qohumu olan əminin bizə gəldiyini gördüm. Az sonra 1-2 yenə sahman adamların bizə gəldiyini görəndə evə getdim. Atamla anam evdə idilər. Əmi atamdan soruşdu: "Sənin kiçik oğlun əsgərdir, hə?"- o sözü belə açdı. Atam:"Hə, nə olub ki?"-deyə cavab verdi. Əmi:"Heç, o, biraz yaralanıb"-dedi. Atamla anam hər ikisi eyni anda:"Hansı xəstəxanadadır?"-deyə soruşdular. Əmi başını aşağı salıb: "Yox, xəstəxanada deyil, evə gətirirlər"-dedi. İçimdə bir anlıq nəyinsə çilikləndiyini hiss etdim. Qardaşım Səyyar haqqında onu deyə bilərəm ki, o həqiqətən də şəhid olmaq üçün yaradılmış bir insan idi. O, uzunboylu, enlikürək bir oğlan idi. Xasiyyətinə gəldikdə, ideal insanda olan bütün xasiyyətlər, deyərdim ki, onda cəmlənmişdi. Çox mehriban, sakit, zəhmətkeş, ata-ananın, bacı-qardaşın bir sözünü iki eləməzdi. Səyyar tay-tuş içində heç vaxt qalmaqal salmaz, haqsız yerə mübahisə etməz, kiminsə haqqına girməz biri idi. O, həmişə dərsə getməzdən əvvəl təsərrüfat işlərində atama kömək edərdi. Dərsə də vaxtında, bütün səliqə-sahmanı ilə gedərdi. Atama bir iş görməyə qıymazdı, hər işə özü gedərdi. Təbiəti çox sevirdi, evdə çox oturmazdı. Ağac əkərdi və ətrafını da məftillə hörərdi ki, heyvan yeyə bilməsin.

Onun əl yadigarı olan çox şeylər yaxın illərə qədər həyətimizdə qalmışdı. O, böyüklər danışanda həmişə sakitcə qulaq asar, asdıqca fikrini bildirirdi. Mən onun hündür səsini eşitmədim. Xəyalımdan heç zaman getməyən bir siması məni həmişə yandırır; anam xəstə idi, biz qorxub ağlayırdıq, o bikef durmuşdu. Üzündə sanki böyük bir fəlakətin baş vermə əlamətləri var idi, amma ağlamırdı. Anam onu yanına çağırıb bilmirəm nə dedisə, o anama hiss etdirmədən üzünü yana çevirdi, gözlərindən yaş axırdı, amma səssizcə. O qədər iffətli idi ki, ağlamağını belə gizlədirdi. Onun o çarəsiz göz yaşlarını heç vaxt unuda bilmirəm. Sən demə, o biri qardaşlarım evdə olmadığına görə anam ona deyirmiş ki, mənə nəsə olsa, bacılarına sən təsəlli ol. Bizə təsəllisiz dərd qoyan qardaşım. Onunla birgə keçən ailəmizin xoşbəxt günləri onunla getdi. Həm də o özü üçün xoşbəxt idi, çünki sonradan yaşanan hadisələri o yaşamadı.

Onun həm də gözəl musiqi qabiliyyəti var idi, gitarada yaxşı musiqilər ifa edərdi. O gitara ki evimizin baş tərəfində əzizləyib saxladığımız o alət bizə tək Səyyardan yox, həm də heç kəs qarşısında aciz qalmayan, yalnız əcəl qarşısında aciz qalan qardaşım Mübarizdən yadigardır. Bir Mübarizimiz var idi, adı kimi mübariz idi. Mehriban, dinməyəni dindirən, gülməyəni güldürən, şirin söhbətli, bacılarını çox sevən qardaşım. Mübariz ata-anamı, biz bacı qardaşlarını çox sevərdi. Amma Səyyarı lap çox istəyirdi. Səyyar onun dünyası idi. Mübariz boy-buxunlu, zarafatcıl biri idi. Görünüşcə Səyyarla çox bənzər idilər. Həmişə biz bacılara adımızın ardında bacı deyə müraciət edərdi, heç qəlbimizə dəyməzdi. Hər şeyin yaxşısını bizə alardı. Həmişə gedəndə hər birimizdən soruşardı:" Gələndə sizə nə alım?". Yüngül bizneslə məşğul olardı. Gələndə al-ver üçün pal-paltar gətirərdi. Amma, ilk növbədə, bizləri çağırardı ki, ən yaxşısını siz özünüzə götürün. Çox vaxt da bizə dövrünə görə ən dəbdə olan geyimləri alıb gətirərdi. Mübariz dediyini mütləq yerinə yetirirdi. Bir dəfə dedi ki, bacı, nə istəyirsən sənə alım. Rusiyaya gedəcəkdi, mən də dedim ki, şuba istəyirəm. Elə bildim ki, elə-belə dedi alaram. Amma gələndə mənə qəşəng bir şuba almışdı. Mübariz gitara çalmağı çox sevirdi. Boş vaxtlarında həmişə yanında oturub gitara çalmağını istəyirdik. O da heç vaxt qəlbimizi qırmazdı. Sonralar isə Mübariz də Səyyara deyərdi ki, Səyi, qağa, gəl gitara çal. İkisini birlikdə ən çox belə xatırlayıram. Mübariz Səyyarın ifasından zövq alardı və həmişə deyirdi: "Səni musiqi məktəbinə aparacağam, sən məndən yaxşı bacarırsan". Səyyarı həddən çox istədiyindən onu həmişə diqqət mərkəzində saxlayırdı. Səyyar sakit biri idi, çox danışmazdı. Bu davranışdan Mübariz narahat olurdu. İstəyirdi ki, onu güldürsün, zarafat eləsin. Həmişə zarafatla deyərdi ki, Səyi, evin kiçik oğlu sənsən, ev sənindir, bizi çıxart evdən. Səyyar da heç nə deməz, başını aşağı salıb utancaqcasına gülümsünərdi. Mübariz sonra deyirdi ki, kim hara getsə də, mən Səyyarla qalacağam. Səyyarla söhbət etməkdən çox xoşlanırdı. Hamını çox sevən Mübariz Səyyarı hamıdan çox istəyirdi. Səyyar şəhid olandan sonra Mübarizin o gülər üzü kədərlə əvəz olundu, o şirin söhbətləri susqunluqla əvəz olundu. O çox sevirəm dediyi evdə qalmaq istəmədi, bir sözlə, o, Səyyardan sonra Azərbaycana gəlmək istəmədi. Səyyardan sonra Mübarizin üzünü həmişə saqqallı xatırlayıram. Həmişə kəndə gələn kimi hamı ilə qucaqlaşıb ağlayar, sonra heç bir stəkan da çay içmədən gedib Səyyarın məzarını ziyarət edib gələr, sonra evə girərdi. Bizi ağlayan görəndə buna mane olmaq istəyənlərə deyərdi ki, dəyməyin, qoy ürəklərini boşaltsınlar. Görən bilirdi ki, biz çox ağlayacağıq? Beləcə kədərlə keçirmədiyimiz illərin bircə gününün necə əlçatmaz olacağını düşünməmişdik. Mübarizlə Səyyarsız keçən ürəyidağlı günlərin də ömrü qısa oldu. O dünyamız bildiyimiz Mübarizə də öz maşını əcəl oldu. 1997-ci il mart ayının 13-ü biz yenidən tabut qarşıladıq. Həmin bizim qəlbimizi qırmayan Mübariz bizim bütün qol-qanadımızı qırdı. O gün elə bilirəm ki, dünya tərs döndü. 3 gün əvvəl eşitdiyimiz xəbərdə bizə sağ olduğunu demişdilər. Elə bilirdim ki, sağ gələcək, Allah bizə yaşatmaz bir də faciə. O gün dünyanın nə qədər zalım, həyatın nə qədər acımasız olduğunu anladım. Gerisini siz fikrləşin, 5 ilin içində iki cavan itkisi. Hələ siz mən bacını yox, onları böyüdən ata-ananı düşünün. Atam o gün başını divara necə çırpdısa, üzündə sonradan onun ölümünə səbəb olan yara açıldı. Daha anamı demirəm. Bir ananın ikinci bala dağı görməsi sözün bitdiyi yerdir. Mən də şərhə ehtiyac duymuram. Mən qardaşlarımın o mərd, cüssəli qamətlərinin necə əyildiyini görən bacıyam. Mən o gün Mübarizdən bir şey istədim. İlk dəfə Mübariz onu eləmədi. Yatmışdı tabutda, vallah, ölü kimi deyildi, sanki əyninə bəylik kostyumu geyinib yatmışdı. Biz onu çox harayladıq, amma ilk dəfə o bizə hay vermədi. Mənim nakam qardaşlarım bizi gözüyaşlı, qəlbiqırıq qoyub getdilər. Xatirələrə, xəyallara dönən qardaşlarım. Heç düşündülərmi ki, bizdən sonra atam, anam, əzizlərimiz nə edəcəklər? O ata ki əlinin zəhməti ilə, alnının təri ilə uşaq böyütmüşdü. O atam ki yetimliklə böyümüş, 11 yaşında əli iş tutub kiçik qardaşlarına da atalıq etmişdi. Təbii ki, özü də bir uşaq idi. Xalasının yanında ata-anasız böyüyən atam və qardaşları. Atam həyatından çox danışmazdı, çünki bilirdi ki, danışmağa kövrəkliyi imkan verməyəcək. Hərdənbir danışardı. Gözündən axan hər damla yaş ürəyimi parçalayardı. Uşaq yaşlarında atasını itirmiş, az sonra anasını itirən yetim bir uşaq sizə nəyi xatırladırsa, atam həmin uşağın canlı simvolu idi qarşımızda. Həm də qürurlu ailə başçısı, haqqı nahaqdan seçən insan, haramı qapısından içəri buraxmayan, mərhəmətli ata, dürüst və rüşvətdən uzaq tibb işçisi. Atam əvvəl dəyirmanda çəkici işləyib, sonra oxumağa gedib. Oxuyandan sonra əmimə ali təhsil verib. Bir sözlə, atam 11 yaşından ailə saxlayıb. Atam qoçaq biri olub, bizlərə kəm gün çəkdirməyib. Halal zəhməti ilə bizi böyüdüb, minnətsiz çörəklə. Anam da dünyanın ən məsum, ən günahsız, ən sakit, mehriban qadınıdır deyərdim. Anamın gözlərinə baxanda dünyaya nifrət edirəm. O gözlərdəki kədəri silmək üçün bütün ömrümü verərdim. Anam mənim üçün həm də səbrin simvoludur. Anam kəndimizə başqa kənddən gəlməsinə baxmayaraq, hamının hörmətini qazanıb. Anam qohum-qardaşa, qonşuya, hampaya qarşı həmişə mülayim davranıb. Hər anama baxanda içimdən keçir ki, niyə, ay ana, sənin kimi birinin başına bu hadisələr gəldi? Qardaşım şəhid olanda anamın, təxminən, 46 yaşı var idi. O gündən qara saçları ağappaq oldu, beli büküldü, qara geyindi. Nələr arzusunda olmuşdu, nələr yaşadı. Atam sağ olanda anama da, bizlərə də təsəlli verərdi. Hələ özümüzü demirəm, yazıq anama o da azmış kimi, 2000-ci ilin mart ayının 1-də atamı da itirdik.

Mübarizdən sonra atam dərddən dərdə düşdü. Anam ağlarkən atam göz yaşlarını içinə atdı, xərçəngə tutuldu. O yerdən ki, Mübarizin tabutu gələndə başını şırpıb aldığı yaradan getdi. Bütün nazımızı, ərköyünlüyümüzü özü ilə apardı. Dağlar boyda dərdi çəkmək mənim dərddən dili oxşamalardan susmayan anama qaldı. Bu dünyada anam kimi qadınlar çox azdır deyərdim. Ailənin hərtərəfli yükü, dərdi anamın və atam əvəzi, yolunda canımı uf demədən qurban etmək istədiyim qardaşımın çiyinlərinə düşdü. Bizim ailənin hər üzvü ürək sözlərini bütünlüklə hər kəs haqqında yazsa böyük və təsirli roman olar. Beləcə atamın da çarəsiz baxışlarına, çarəsiz dərdinə çarəsiz balaları çarəsiz qaldı. İlahi yaradanda insanın taleyini yazırmış. Bizlərə də belə yazı yazılmış, nə etmək olar? Şəhid qardaşımın döyüş yoldaşlarından birinin dediyinə görə, Səyyar Laçın rayonunun Dəhyan kəndində şəhid olub. O, Səyyarın döyüşkən, qorxmaz, cəsur bir əsgər olduğunu dedi. Həm də deyir ki, yoldaşları arasında hamının çox sevdiyi biri idi. O, oktyabrın 2-si günorta saatlarında şəhid olub, ayın 5-i dəfn olunub. Anamın fəryadı hər yadıma düşəndə ürəyim parçalanır. Dedi ki, heç olmasa, balam bir gecə evində qonaq qalsın, amma elə gətirildiyi gün dəfn olundu. Biz onun üzünü dəfn edilməmişdən gördük, şirin, əbədi yuxuya getmişdi. Bir də ki ağlımdan heç getməyən bir an. Səyyar əsgər gedirdi. Hamı ağlayaraq görüşürdü. Yola düşdü, qoz ağacımızın yanından sakitcə dönüb həyətə baxdı. Sanki hiss etmişdi son baxışını o həyətə. Sonra elə bildim ki, o da ağlayırdı kimsəyə hiss etdirmədən".

Bacısı Aybənizin xatirələri: "1992-ci ilin novruz bayramı idi. Atalı, analı,Səyyarlı, Mübarizli son bayramımız...Kasıb bir ailənin sadə süfrəsi. İsti, ilıq, mehriban bir ortam var idi. Səyyar yenə kəndimizin ən hündür tonqalını qalamışdı. Tonqalın şölələri sanki göyə dirənmişdi. Məndən böyük bacı qardaşlarım odun üstündən tullanırdılar, mən isə kənarda tüstülənən kicik bir odun üstündən atılırdım. Birdən Səyyar hər iki qolumdan yapışıb qaldırdı və bayaqdan qorxu və həsədlə baxdığım o tonqalın üstündən atıldı. Kimsə``sən nə edirsən, qız oda düşər " dedi. O da gülə-gülə, "heç qoyaram bacım ocağa düşsün?" deyib məni bağrına basdı. Səyyar ondan sonra nə tonqal üstündən atıldı, nə də novruz qarşıladı. Ondan sonra neçə bayram qarşıladıq, ancaq bir də tonqal üstündən atılmadım .Yanan tonqala baxa bilmirəm, mənə elə gəlir ki, bu ancaq onunla olmalı idi. Sanki içimdə bir tonqal var, daim tüstülənən, alovu heç vaxt sönməyən, daim içimi yandıran qardaşımı xatırladır. O mənim həqiqi mənada idealım idi. Hər şeyi onunla ölçür, onunla müqayisə edirdim; Səyyar yaşda olanda mən də güclü olacam, Səyyar boyda olanda əlim tavana dəyəcək və ilaxır. Mən onu hamıdan uca bilirdim. Solğun, çilləri olan üzündən heç vaxt təbəssüm əskik olmazdı. Zəhmətkeş idi, ağac əkməyi sevərdi.Evimizin ön tərəfində qoz, arxasında albalı bağı salmışdı. Bir dəfə qoz ağaclarının ətrafını aliminium məftillə hörürdü, mal-qara dəyməsin deyə. Mən də sakitcə oturub necə səliqə ilə hördüyünə baxırdım. Mənə qəribə gəldi, albalı və qoz, biri tez bar verən, biri gec. Səyyar sanki bunu duyubmuş kimi, "albalını mən yeyərəm, qozu isə kim yeyib ki mən yeyəm?" dedi. "Niyə?", dedim "atam əkdiyi qoz ağacları neçə ildir bar verir, atam da yeyir" dedim. Başını qəribə halda buladı və ah çəkdi, "yeyən tapılar" dedi və elə həmin ili şəhid oldu. Əkdiyi qoz ağacları isə onun ölümündən beş-altı il sonra bar verməyə başladı.

Bacısı qızı Aynurun söylədikləri: "Mən uşaqlıqdan nənəmi necə görmüşəmsə, sanki indi də elədir. Həmişə fikirli, xəstə olduğu vəziyyətdə görmüşəm. O çox ədalətli , mərhəmətlidir. Bunları öz övladlarına da bu cür ötürüb. Məncə, anamın, dayılarımın, xalalarımın da anlayışlı, düzgün olmaları nənəmlə babamın verdiyi tərbiyədən irəli gəlir.

Babamı görməmişəm. Çox görmək istəyərdim. Onu fikirləşəndə gözümün qabağına yalnız bir şəkil gəlir. Həmin şəkil də yadımda qalır. Xasiyyətini isə nənəmin, anamın söhbətlərindən eşitdiklərim qədər bilirəm. Kiçik yaşlarda bacı və qardaşlarına o baxıb. İşləyib, digər qardaşını da oxudub. Babam Şabiyev Aslan övladlarının ölümündən sonra 1 mart 2000-ci ildə vəfat edib. Bəzi günlər var ki, anam həmin günlərdə otağına çəkilib ağlayırdı. Uşaq vaxtı nə səbəbini bilirdim, nə də ki o günlərin tarixini. Soruşa da bilmirdim. Düşünürdüm ki, bəlkə, soruşmaqla anamı daha çox incitmiş olaram. Bir dəfə anam ağlayanda otağa girdim. Çamadanı açmışdı, əlində şəkillər var idi. Onlara baxıb ağlayırdı. Şəkildəkilərin dayılarım olduğunu dedi. Onlardan biri Səyyar Şabiyev 1992-ci il 2 oktyabr tarixində Laçın dəhlizində şəhid olub, 5 oktyabrda isə dəfn edilib. II Qarabağ müharibəsi dövründə rayonlar azad olduqca nə qədər sevinirdiksə, şəhid xəbəri aldığımızda onun iki qatı qədər üzülürdük. Təbii ki, çox insan bu həyəcanı keçirirdi. Amma nənəm, anam, ümumiyyətlə, bizim ailədə bu acı yaşanıb deyə onlar daha çox pis olurdu. Yəqin ki o günləri xatırlayırdılar. Belə bir şeyi unutmaq, onsuz da mümkünsüzdür. İnsanın övladını, qardaşını itirməsi qədər acı bir şey olmaz, yəqin ki.

Sadəcə, bu dövrdə şəhid xəbərləri ilə daha çox üzləşdikləri üçün yaraları qanayırdı. Digər dayım Şabiyev Mübariz isə 5 mart 1997-ci ildə Ukraynanın Luqansk şəhərində avtomobil qəzasında dünyasını dəyişib. 13 mart tarixində isə dəfn olunub. Bu tarixləri uşaq vaxtı bilmirdim. Yadımda qalmırdı. Anam ağlayanda bilirdik ki, həmin günlərdən biridir. Böyüdükcə onlar haqqında danışılan hekayələr, faktlar nəticəsində məlumatlar öyrənmişik. Kaş ki onları tanımaq şansımız olardı. Amma bir çarəmiz yoxdur. Onları şəkillərdən və hekayələtdən tanımış olsam da, tək bildiyim şey onlarla qürur duyduğumdur. Mən jurnalist olacam. Hələ ki, təcrübə toplayıram. Özümə güvənəndə anamın göz yaşlarına məlhəm ola biləcək kitab yazmaq haqqında düşünürəm".

Əprüz gəlinbacının şəkəri qalxdığı ücün danışdıra bilmirdim. Bir gün nəhayət cəsarətimi toplayıb soruşdum, onun məni balaları qədər çox istədiyini bilirəm, hər gəldiyimdə gözlərimdən öpür. "Ancaq həyəcanlanmadan", deyə acizanə görkəm alıram. O, "Səni İlqardan seçmədiyimi bilirsən, sənin xətrinə söz verirəm aram olacam, narahat olma", deyir, hiss edirəm ki, İlqarın adı ilə yanaşı Səyyarın və Mübarizin adını işlətməyə çəkindi. Əmidostum mənim çiynimin üstündən məchula gözünü zilləyir: "Balalarım hər ikisi gözəl bala idi, hərəsinin özünə məxsus xüsusiyyətləri var idi. Səyyar nə qədər sakit təbiətli idisə, Mübariz bir o qədər çılğın idi. Səyyar əsgər gedən günü səhər tezdən dəryazı götürüb evdən çıxdı, günorta evə döndü. Mənə dedi, ana, qoruğun dörd çevrəsini dəryazla biçib səddi ayırdım ki, atama çətin olmasın(o vaxt sovxoz dövrü olduğu üçün şəxsi qoruqlar gec çalınırdı). Axşama qonaqlıq vardı, icazə istəyib 3-4 saatlığa toya getdi. Bir dəfə balam ayağının baş barmağını balta ilə bilmədən kəsmişdi, qan axırdı, ürəyim sıxıldı. Barmağında o yaranın izi qalmışdı, heç vaxt baxa bilmirdim. Bir ana kimi hələ böyük oğlum İlqar əsgər gedən vaxtdan uşaqlara deyirdim ki, heç bilmirəm Səyyar əsgər gedəndə mən necə dözəcəyəm? Əsgər vaxtı çatanda atasına dedim ki, heç olmasa payıza qədər saxlatdır. Nə qədər elədimsə, balam razı olmadı, "Ana, məni yoldaşlarımdan ayırmayın (həmin vaxt ondan başqa 3 sinif yoldaşına da çağırrış gəlmişdi). Balam bilmədi ki, fələk onu yoldaşlarından ayıracaq, əbədi bizdən ayrılacaqdı. Xatırlayıram, o gedən günü onun ayağı dəyən pillələri öpdüm özümdən asılı olmayaraq, ağı dedim, elə bil ürəyimə dammışdı bu onun son gedişidi. Təranə mənə ürək dirək vermək istədi, dedi ana, Səyyar arxaya dönüb baxmadı, qorxma sağ salamat qayıdacaq. Mən isə dedim, yox bala, aşağıdan gedəndə arxaya baxıb bütün həyət bacanı süzdü, bizə sanki həsrətlə baxdı. Mən onu oğlanların ən balacası olduğu üçün hər şeydən qoruyurdum. Sərhədlər açılanda bizdən icazə istədi ki, mən də o taya (İrana) gedim-gəlim, nə atası, nə də mən qoymadıq , qıymadıq. Ancaq ölüm qıydı balama, bizi ağlar qoydu. Mübarizə gəldikdə, Mübarizin arzuları böyük idi, bitməz idi. Qardaşı İlqarla Rusiyada işləyirdilər, gələndə bizim üçün saysız hədiyyələr alardılar, çətin günlərimizi yavaş-yavaş unutdururdular. Bir dəfə əynimdə nisbətən köhnə xalat var idi. Mənə, "Ana, səni and verirəm Allaha, bu xalatı geymə, həmişə əynində təzə paltar olsun", deyə and verdi. 1991-ci ilin yayı Bakıda əməliyyat olunmuşdum, hər gün yanıma gəlib-gedir, üzümə baxıb səssizcə göz yaşı axıdırdı. Həkimim Rəna xanım soruşdu oğlunuzdur, dedim hə. Dönə-dönə, "Maşallah, maşallah"-dedi,-"nə gözəl, boy buxunlu, yüksək mədəniyyətə malik oğlunuz var". Əlbəttə bu bir ana üçün fəxr idi. Mübariz hər şeydə ayrılırdı, yaraşığı, qoçaqlığı ilə. Ölümü də ayrı cür oldu. Hamı deyirdi onun ölümünü eşidəndə inanmadıq ölüm ona yaxın düşə Hər iki balamın arzuları ürəyində getdi".

Qardaşı İlqarın xatirələri: "1992-ci ili xatırlamaq cox kədərli, cox faciəlidir. İstər dövlətimiz, istər də bizim üçün müharibənin qızğın vaxtı idi. Müharibəyə qədər normal səviyyədə ailə düzənimizi qurub yaşayırdıq. Ailəmiiz 12 nəfər-ata, ana, 6 bacı 4 qardaşdan ibarət idi. Qarabağ döyüşləri bizim ailəyə də zərbə vurmaqdan yan keçmədi. Səyyar rayon hərbi komissarlığından əsgəri xidmətə çağırıldı. Mən Bakıda idim, onu qarşıladım və Biləcəriyə qədər özüm apardım. Evdən çıxanda atamla anam ona get vətəni qoru, bir də əsir düşmə demişdilər. Səyyar Biləcəridən Qusarın ruslardan sonra ilk milli batalyonuna yollandı. Qusarda olanda yanına iki dəfə getdim. Birinci dəfə görüşdüm, nəyəsə ehtiyacı olduğunu soruşdum, hər şey yaxşıdır dedi. İkinci dəfə gedəndə isə o yox idi (yenə elə bilirdim o dəfəki kimi ağaclarln arxasından cıxıb gülümsünərək mənə yaxınlaşacaq). Onları Qarabağa aparmışdılar. Ondan son məktub gəlmişdi - o vaxt artıq Səyyar 3 gün idi ki, öz doğma torpağında uyuyurdu, şəhid olmuşdu. Məktub tələm-tələsik yazılmış, cox qısa idi. Keçdiyi döyüş yollarını qara üzlü öz cib dəftərçəsinə qeyd etmişdi. Bloknot cibində gəlmişdi, vərəqlərinin çoxu qanına bulaşmışdı. Hamısı yadımda qalmasa da əsas Qubadlı-Laçın rayonu, dəhliz ətrafı kəndlərdə döyüşmüşdü. Güləbird, Səfiyan və ilaxır. Onunla döyüşdə bir olub sağ qayıdan Kürəkçi kənd sakini Yalçın ilə görüşürəm. O, Səyyar haqqında danışır və danışdıqca xəyyallarım məni Laçına, qardaşımın döyüşdüyü yerlərə aparır. Dəhyana, Mıxıdərəyə, qardaşımın şəhid olduğu yerə, qoz bağına. Səyyarın itkisi bizim ailəyə ağır zərbə oldu. Ardınca heç 30 yaşına çatmayan qardaşım Mübarizi, sonra isə qoşa oğul dağına dözməyən atamızı itirdik. El arasında belə bir deyim var. "Allah dərdi çəkənə verir". Ancaq məncə elə deyil. Ailəmizin gücü catandan ağ daşdan məzarlarını götürmüşük. Gedib məzarları üstündə dayananda fikirləşirəm, nədən, haradan, kimdən təsəlli tapım. Ata və özümdən kiçik iki qardaş, Allah kimsəyə göstərməsin.

Torpaqlarımızın azadlığı uğrunda kəndimizdən ona yaxın şəhid verdik. Bu gün torpaqlarımız azaddır, hamı deyir ki, şəhidlərin ruhu şad, Vətənimiz (bütöv Azərbaycan) var olsun. Mən də bu arzuya qoşuluram, ancaq bir arzum da var, Laçının Dəhyan kəndinə, Mıxıdərə ərazisinə gedib qardaşımın şəhid olduğu yeri ziyarət etmək. Bu tək mənim deyil, bütün ailəmizin arzusudur".

Şəhidimizin qardaşı Camaldan, bacıları Şəhladan, Səmadədən və son beşik bacısı Aygündən xarirələrini soruşdum, göz yaşı axıdaraq susdular, heç nə deyə bilmədilər...

Məmmədov Yalçın Xudaş oğlu, döyüş yoldaşı: "14 iyun 1974-cü ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşam. 1992-ci il iyunun 27-də səhər çağı Yardımlı rayonunun hərbi komissarlığından əsgəri xidmətə yola düşdüm. Rayondan çox uşaq var idi. Amma elə ilk olaraq 8 nəfərlə söhbətimiz alındı. Biri də Şabiyev Səyyar idi. Biz həmin gün Biləcəri hərbi toplanış məntəqəsinə getdik. Burada bölgü oldu. Bizdən boylu-buxunlu 50 nəfər ayırıb Nasosnuya (H.Z. Tağıyev qəsəbəsi) 880 saylı hərbi hissəyə apardılar. Təsadüfən hələ Yardımlıdan tanış olduğum 8 nəfər-mən, Səyyar, Telavar kəndindən Şəfiyev Cavad Xanış oğlu, Peştəsər kəndindən Muradov Elşad Gülmurad oğlu, Gavran kəndindən Mustafayev Füzuli Əlaslan oğlu, yenə də Şəfəqli kəndindən Məcidov Rəfail Vədud oğlu, Şabiyev Əli Mirhüseyin oğlu və Dağüzü kəndindən Səyyad Mirzəmməd oğlu bir yerə düşdük. Nasosnuda 2 gün qalandan sonra bizi Pereküşkülə apardılar. Burada 17 gün qalandan sonra Giləziyə yerimizi dəyişdilər. Giləzidə bir həftə qaldıq. O zaman Milli Ordu yeni yaranırdı. Burada əsgər gəlib toplandıqdan sonra 360 nəfər heyət düzəldi və bizi Qusara apardılar. Qusarda bizə təlim keçməyə başladılar. Biz piyada qoşunlarının tərkibində idik. Lazım olan hərbi bilik və bacarıqlara yiyələndikdən sonra 1992-ci il sentyabrın 14-də 360 nəfərin hamısını hərbi hissədən çıxarıb Ağdərəyə apardılar. Ağdərədə əsgər çox olduğundan bizi orada cəmi iki saat saxladılar və gecə ilə Yevlaxa qayıtdıq. Gedəndə demişdilər ki, Yevlaxdan bizi Ağdama aparacaqlar. Amma bizi Ağdama yox, Füzuliyə apardılar. Biz şəhərin özündə yerləşdik. Təzəcə yerləşmişdik ki, ermənilər Qızılqayadan Füzüliyə topdan atəş açdılar. Mərmi çaya düşdü. Bizi Füzülinin Kürd Mahmudlu kəndinə geriyə çəkdilər. Burada bir dəfə Qırmızı Bazar istiqamətində döyüşə girdik. Bu zaman Lənkəran uşaqlarının idarə etdiyi bizim 3 tankımız düşmənlərin gecə ilə yola basdırdıqları minaya düşdü. Onda Füzuli də daxil olmaqla kəndlərdə hələ yaşayış var idi. Ermənilər toplardan, qradlardan bizi atəşə tutdular. Biz geri çəkilməyə məcbur olduq. Yenidən Füzuli şəhərinə qayıdıb axşama qədər orada qaldıq. Əli ilə Rəfaili sürücülük oxuduqlarından hərbi hissədə saxlamışdılar.

Qalan altı nəfər rayon uşağı bir yerdə idik. Yenidən Kürd Mahmudlu kəndinə qayıdıb orada 17 gün mövqe saxladıq. Burada yenidən təlimlər keçdik. Füzulidə artıq vəziyyət gərginləşmişdi. Bir gün Füzuli internat məktəbində qaldıqdan sonra Qubadlı-Laçın istiqamətində hərəkətə keçdik. Gecə ilə Füzulidən çıxdıq və gecə ilə Cəbrayıldan keçib Qubadlının Muradxanlı kəndinə çatdıq. Burada səhər açıldı. Kənddə yaşayış var idi. Yerli camaat hamısı yaşayırdı. Bizə dedilər ki, bu kənd Qubadlının sonuncu kəndidir.

Muradxanlıdan sonra Başarat və sonra Topağacı kəndi idi. Bizi sağ tərəfdən apardılar və dedilər ki, bura artıq Laşın rayonunun ərazisidir. Laçın istiqaməti Muradxanlının sol tərəfindən Güləbirddən keçir. Bu yol asfalt yoldur. Bizi isə sağ istiqamətdən torpaq yol ilə Laçının Səfiyan kəndinə apardılar. Orada bizi rotalara böldülər. Bizim rota 2-ci rota idi. Cavad və Səyyarla eyni rotaya düşmüşdük. Rotamızda 104 nəfər idik. Füzuli 1-ci rotada idi. Bizi dəqiq yadımda deyil, ya xəstəxanada, ya da uşaq bağçasında yerləşdirmişdilər.Bizə döyüş əmri verildi. Bütün batalyon Laçının Qızartı (Qızılbaş dağı da deyirdilər) dağında hücuma keçdik. Döyüşdə uğurlarımız da oldu. Ermənilər bizdən yüksəklikdə mövqe tutmuşdular. Ona görə irəliləmək çətin idi. Orada yaralılarımız oldu.

Saatlının Xanlar kəndindən İkram Ağayev var idi, yaralı idi, snayperlə başından vurmuşdular. Bakıdan Namiq adlı oğlan var idi. İkramı onunla mən çıxartdım. Digər 10-12 nəfər yaralıları da Şəyyarla digər uşaqlar döyüş mövqeyindən çıxartdılar. Dağı götürmək ərəfəsində idik. Əgər bu qoşa yüksəkliyi götürsəydik Laçın şəhəri və digər məntəqələr bizim nəzarətimizə keçəcəkdi. Bizə əlavə köməyin gəlməməsi, dümənin həm yüksəklikdə olması və onlara əlavə qüvvələrin, xüsusilə muzdlu əsgərlərin köməyə gəlməsi bizi geri çəkilməyə məcbur etdi. Ermənilərə onların tankı da dəstək verirdi. Bu zaman bizim bir vertalyot köməyə gəldi. Amma yüksəklikdən onu hədəfə aldılar. Pilotun ustalığı nəticəsində vertalyotumuz vurulmadı, amma bizə də kömək edə bilmədi. Biz dərəyə endik. Burada aşağı və yuxarı Fərəzan kəndləri yerləşir. Bura arxamızca bizim BRDM-lər gəldi. Yaralıları maşınlara yerləşdirdik. Döyüş mövqeyində təkcə döyüş yoldaşımız Şamaxıdan Mehman qaldı. Yaralı idi. Onu götürə bilmədik. Biz yenidən Səfiyan kəndinə qayıtdıq. Səyyarın əlləri səpmişdi. Onu geri aparmaq istəyirdilər.

Starşinamız Məmmədov Fərrux çox desə də Səyyar bizdən ayrılmadı. Bizə yenə də Laçın dəhlizi istiqamətində hərəkətə keçmək əmri verildi. Mığıdərə istiqamətində. Kəndin camaatı çıxmışdı. Bizə 3-cü rotadan xəbər gəldi ki, kənddə 7 erməni döyüşçüsü var idi, onları qovmuşuq, siz gəlsəniz kəndi tutacaqsınız. Bizim rota getdi. Yağışlı günlər idi.

Rotamızda 70 nəfər əsgər qalmışdı. Biz kəndə girəndə ermənilərin ocaqları hələ sönməmişdi. Sonra bizə kənddən çıxmaq əmri gəldi. Mühasirəyə düşmək təhlükəsi var idi. Kənddən qayıdanda bizə top atdılar. Kəndin yolu dərənin döşü ilə açıldığından bir tərəfi hündür divar, aşağısı isə yarğan idi. Kənd dağların arasında çökəklikdə yerləşmişdi. Onda hələ Laçının kəndlərinin əksəriyyəti bizdə idi. Bizi topdan atəşə tutandan sonra zəncirvari kəndi tərk etmək əmri verildi. Qayıdanda özümüzü yolun divarına sıxaraq geri çəkilməyə başladıq. Heç kimə qəlpə dəymədi. Mərminin qəlpələri qurtardıqdan sonra biz dərəyə düşdük. Bu zaman yenidən bir qrad mərmisi atıldı.

Ondan da sağ-salamat qurtardıqdan sonra (amma Səyyarı o mərminin qəlpəsi tutmuşdu) yoxuşu qalxıb qoz bağına girdik. Biz hələ kəndə girəndə yüngül olaq deyə bütün ağır ləvazimatlarımızı burada qoymuşduq. Kənddə vəziyyət yaxşı olsaydı qayıdıb ləvazimatlarımızı daşıyacaqdıq. Biz ləvazimatlarımıza çatanda yenidən mərmi səsi gəldi.

Sonra ardınca 2-cisi və 3-cüsü. Leytenant Quliyev, Xudatdan Məmmədşərəfov Rəhim və starşinamız Məmmədov Fərrux ləvazimatlarımızın arasında uzanmaq əmri verdi. Mığıdərə kəndinin kənarında dərənin içində ferma var idi. Mərmilər ağacları qırıb başımıza tökəndə fermanın arxasından tüstü qalxdı. Biz bildik ki, düşmən qradı orada yerləşdirilib. Qəlpələr qurtardıqdan sonra ayağa qalxanda yanımda Şamaxıdan Elman var idi, gördüm qəlpə dəyib və bağırsaqları yerdədir. Yaralılar da hamısı köməy imdadı edirdilər. Mən starşinamızla özümüzü yetirdik.Elmanın bağırsaqlarını əlimizlə qaytarıb yerinəı saldıq, sarıdıq, digər yaralılara da ilk tibbi yardım göstərildi. Dəhşətli mənzərə idi. Məmmədov Fərrüx təxirəsalınmadan yaralıların çıxarılması barədə əmr verdi. Mən, Cavad və Fərrux Elmanı götürüb Qızartı dağına çıxan yerdə meşənin içində könüllülərin postu var idi ora apardıq. Digər yaralılar da mövqedən çıxardılırdı. Bir də gördük ki, iki nəfəri də palatkanın içərisində gətirirlər. Onlardan da biri Qurbanov Baxış, biri də Qubadan Yaşar idi. Bir nəfər də Qubadan Zakir var idi, o şəhid olmuşdu. Haradasa 2 saatdan çox bu yaralıların və şəhidlərin çıxarılıb yerbəyer edilməsi prosesi çəkdi. Rabitəçilər təcili maşın göndərilməsini tələb edirdilər. Hava qaralanda bir Ural və bir UAZ təcili yardım maşını gəldi. Bir nəfər də tibb bacısı gəlmişdi. Tibb bacısı yaralıların sarğılarını dəyişdi. Elman da artıq yanımızda keçindi. İki şəhidimiz oldu. Komandirlər uşaqları saymağa və yürülıların kimliyini müəyyən etməyə başladılar. Hamı müəyyən olundu. Amma Səyyar yox idi. Onu axtarmağa başlayanda bizə yaxınlaşan iki nəfər könüllü bir nəfər yoldaşımızın dərənin o tayında şəhid olduğunu dedilər və dəqiq yerini təsvir elədilər, dedilər ki, şəhid dərədə idi, gətirib düz qoz bağının qırağında şinelin arasında büküb qoymuşuq. Bulaqdan 10-15 metr aralı, yolun üst qırağında. Komandir rota Məmmədşərifov Rəhim dedi ki, kim ora könüllü gedər şəhidi götürməyə? Mən dedim necə yəni könüllü, necə olsa biz şəhidimizi götürməliyik. Cavadla mən çıxdım qabağa. Dedik heç olmasa komandirlərdən biri bizimlə getsin. Gedən olmadı. Cavad dedi ki, Yalçın, avtomatları da qoyaq yerə bizə yük olmasın. Onsuz da biz ya şəhidimiz gətirəcəyik, ya da şəhid olcağıq. Səyyarı biz orada qoya bilmərik, sonra sağ qalsaq özümüzə nə deyərik? Sonra avtomatlarımızı götürdük, "odinoçnı" elədik ki, erməni bizi tutsa özümüzü vuraq. Çünki o vaxt hamısı muzdlu idi. Tutan kimi vururdular. Nə isə, ikimiz getdik. Yolun yarısını getmişdik gördük fit səsi gəldi. Arxaya baxdıq, gördük bizim uşaqlardandır. Ucardan Emin idi və bir də Sabirabaddan Bəxtiyar. Hər ikisini komandir meşədə qalan ləvazimatların qalanını aparmağa göndərmişdi. Onlar isə bizə qoşuldular. Getdik, bağı çıxdıq, bulağı tanıyırdıq, gedəndə su içmişdik. Bulağı keçəndən sonra gördük yolun qırağında şinel görsənir. Getdim açdım. Papağını üzünə qoymuşdular. Götürdüm, Səyyar idi. Ağzından qan gəlmişdi. Ağzının qanını sildim.

Böyük bir qəlpə tutmuşdu. Sağ qolunu dirsəkdən yuxarı sındırmışdı, sağ ayağını diz qapağından sındırmışdı və budunun ətini iki yerə ayırmışdı. Əgər Emin və Bəxtiyar olmasaydı Səyyarı o qədər yolu ikimiz apara bilməyəcəkdik. Onların hesabına iki nəfər qabaqdan, iki nəfər də arxadan şineldən yapışaraq şəhidimizi gətirib yoldaşlarımızın yanına çatdırdıq. Həm də könüllülüər onu bura qədər gətirməsəydi ümumiyyətlə biz onu tapa bilməyəcəkdik. Çünki dildə asan gəlir, dərəli-təpəli o qəədr yol gəlmişdik ki. Sonra yenidən Köhnə Pəyə kəndinə gedən zamzn həmən yolla keçəndə Səyyarın şəhid olduğu yeri tapdım. Yüngül olsun deyə könüllülərin onun ayağından çıxardığı çəkmələrindən bildim. Çəkmələrdən biri hələ də düz durmuşdu, o biri isə yıxılmışdı. Biz Səyyarı yoldaşlarımızın yanına çatdırandan az sonra yuxarıda dediyim maşınlar gəlib çıxdılar. Artıq qaranlıqlaşmışdı. Mən komandirdən çox xahiş etdim ki, icazə versin Səyyarı özüm vaxtında aparım kəndə çatdırım. Çünki o vaxt çətin vaxtlar idi, maşın çatışmırdı, ara qarışmışdı, məssəb itmişdi, ehtiyat edirdim ki, şəhid aralıqda gecikər, itib-batar. Dedim komandir, bu mənim kəndçimdir, qohumumdur, qoy şəhidi aparım evlərində özüm təhvil verim, qayıdım, icazə vermədi. Mənim komandirlə mübahisələşdiyimi görən həmişə bizimlə təmasda olan və bu dəfə də şəhid və yaralıları aparmağa tibb maşınında gələn Qubadlının Xanlıq kəndindən (təəssüf ki, adını unutmuşam) bələdçi kişi mənə yaxınlaşıb dedi: "Oğul, bayaqdan sənin canfəşanlığına baxıram, şəhid qohumundur?"

Dedim, "Əmi, qonşu kəndçimdir, axtarsan qohumluğumuz da çatar, Yardımlıdan bir yerdə gəlmişik, bir yerdə vuruşmuşuq, onu aparmasam mənə nə deyərlər?" Kişi dedi bala, narahat olma, mənə ünvan verə bilərsən? Dedim dayı başına dönüm, niyə verə bilmərəm. Dedi ünvanı mənə ver. Daim üstümüzdə gəzdirdiyimiz (Sayyarın da bloknotu cibində idi) bloknotdan bir vərəq cırıb ünvanı yazdım, "İndeks. Yardımlı rayonu, Şəfəqli kəndi, Şabiyev Səyyar Aslan oğlu" verdim kişiyə. Kişi dedi, bala, narahat olma, biz yaralıları və şəhidləri Qubadlının Xanlıq kəndinə xəstəxanaya aparırıq, yaralılar orada yatır, şəhidləri isə yola salırıq (Bu kənd işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev və Mehriban xanımın xurma dərdikləri kənddir), orada poçt var, poçtdan teleqram vuracam. Dəfələrlə kişidən xahiş etdim və maşınları yola saldıq. Üstündən bir həftə keçdi. Biz Səfiyan kəndindəydik. Həmən kişi yenə maşınla yanımıza gəldi, bizə ərzaq gətirmişdilər. Həmən kişi Xocalı döyüşlərinin iştirakçısı olmuşdu, əsir düşmüşdü, amma qaça bilmişdi. Hətta bir dəfə belini açıb bizə göstərdi, dedi ermənilər bizə şpirislə dizel yanacağı vurublar. Yaxınlaşdım kişiyə, tanışlıq verdim. Kişi dedi narahat olma, çatan kimi teleqram vurdum, sizin rayondan bir qara təcili yardım maşını və 3 nəfər adam gəlmişdi, şəhidi özüm onlarla yola salmışam, hətta o yadımdadır ki, maşının sürücüsünün adı Zülfüqar idi, biri də möhkəm ağlayırdı, yəqin qardaşı olar, o birisi isə voenkomatın nümayəndəsi idi. Bunu biləndən sonra çox arxayın oldum. Biz sonra Laçının Suarası kəndinə getdik, kənddə ağır döyüşlər getsə də kənd ermənilər tərəfindən işğal olundu. Sonra Səfiyana qayıtdıq, oranı da ermənilər tutdular. Bircə Laçının Güləbird kəndi qalmışdı. Biz orada iki ay kəndin müdafiəsində qaldıq və burada xəstələndim, ağır yük, şəhidləri, yaralıları daşımaqdan qarnımda irihəcmli yırtıq əmələ gəlmişdi. Əməliyyatdan sonra ordudan tərxis olundum".

Səyyarın məktublarından biri: "Hörmətli məktub. Əziz və hörmətli qardaşım Camal, salam. Vəziyyətiniz necədir? Atam, anam, uşaqlar necədilər? Şəhlagil, İlqar necədir? Əgər mənim vəziyyətimlə tanış olmaq istəsən, mən lap yaxşıyam. Mənə bundan sonra məktub yazmayın, bizim yerimizi dəyişəcəklər. Uzağı bu gün, ya sabah. Hələ bilmirəm hara, bəlkə Salyanski kazarmaya getdim. Məndən tam arxayın olun. Hələlik bu qədər, sağ ol, salamat qal. Camal, Qusara İlqar qağam day gəlməsin."

Dayımın ailəsindəki faciə anamı dünya işığına həsrət qoymasından əlavə ailəmizdə uzun illər ağır bir ovqat yaratdı. Faciəmizi unudub əhvalımız yaxşı olan vaxt birdən elə bil bunu gözləyirmiş kimi anamın gözləri yol çəkirdi. Hər şeyin korlanması üçün onun "Qızıl dişləri Mübarizə necə də yaraşırdı" və ya "Mübarizin gözləri dədəmin gözlərinə oxşayırdı" deməsi kifayət edirdi. Yaxud həvəslə açdığımız süfrəyə elə təzəcə əlimizi uzadanda "Canım qurban Səyyar" deməsi iştahımızı küsdürməkdən başqa, yeməyimizi də zəhər edirdi. Səyyara, Mübarizə oxşama deyə-deyə gözlərinin nuru çəkildi anamın.

Belə bir məsəl var, "Ağlamaq, ağlamaq gətirir". Anamın belə ütkünlük etməsi öz ailəmizdən də yan keçmədi. Eyni ildə iki balası, 48 və 54 yaşında iki bacım dünyasını dəyişdilər.

Hazırda oxuduğu Şəfəqli kənd tam orta məktəbi nur üzlü şəhidimiz Şabiyev Şəyyar Aslan oğlunun adını daşıyır. Şəhid haqqında "Zirvə" qəzetində ,,Əbədi yaşayan şəhid ruhu"(Ələsgər Cəfər), "Elimin şəhid oğulları" kitabında (Səlim Ağayev) ,”Qara üzlü dəftərçə" məqalələri dərc olunub.

Zahir Məlikli

Xəbər 1181 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +