Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.06.2022  12:07 

ÖZ HƏYATI OLMAYANLAR...





A+  A-

Azərbaycanda, hətta onun paytaxtı Bakıda çoxlarının düşüncəsinə görə, ərlə arvad restorana, saunaya gedə, küçədə əl-ələ tutub gəzə, avtobusda, metroda, parkdakı skamyada yanaşı oturanda biri başını o birinin çiyninə qoya (hətta özünü pis hiss etsə də), gecənin sakitliyində küçədə gəzə bilməz...

Bunlara nisbətən dözümlü münasibət olması üçün hökmən çox gənc olmalısan ki, sevgili, yaxud nişanlı olduğunu düşünsünlər. Hələ onu da düşünə bilsələr...

Yox, əgər bir az yaşın keçibsə, arvadın da səndən 10-12 yaş kiçikdirsə və yeməyinə, geyiminə diqqər edərək müasir görünürsə, batdın. Mütləq addımbaşı narahat ediləcək, hesabat vermək zorunda buraxılacaqsan. Heç dəxli var, camaatın elə bil işi-gücü yoxdur. Qardaşım, bacım, gedin öz həyatınızı yaşayın da, nə zillənmisiniz...

İki gün öncə bir yazını saat 12-də bitirdikdən sonra ayaqlarımdakı keyliyin artdığını hiss etdim. Xanıma dedim ki, həvəsi varsa, çıxaq bir az dolaşaq, sonra gəlib yatarıq. Yoxsa yata bilməyəcəyəm. Çıxdıq. Xeyli gəzdikdən sonra yorulub, binaların həyətindəki besedkada oturduq. Saat 2-nin yarısı idi və ətrafda kimsə yox idi. Yoldaşım başını çiynimə qoydu. Heç beş dəqiqə keçməmiş təxminən 25 yaşlarında bir cavan oğlan peyda oldu. Elə bil, zalım oğlu göydən düşdü.

- Sizi bir dəqiqə olar, - o dedi.
Elə bildim, pul istəyəcək, amma üzərimdə xırda pul yox idi. Bununla belə, ayağa qalxıb, besedkadan çıxdım və ona yaxınlaşdım. O uzaqlaşmağa başladı.

- Qardaşım, sözünü de də, hara gedirsən? - ona dedim.

- Xanımın yanında yaxşı deyil, - o cavab verdi.

- Qardaş, sözünü de, həyat yoldaşımdı, mənim ondan gizli sözüm yoxdu...

- Burda belə oturmaq olmaz, - o astaca dedi.

- Necə oturmuşuq ki? - təəccüb etdim. - Həyat yoldaşımdır, gəzib yorulmuşduq deyə , 5-10 dəqiqəlik oturduq. Özünü yaxşı hiss etmirdi deyə başını çiynimə qoydu. Ürəyində aritmiyası var...

- Başa düşürəm e, ağsaqqal, amma burada cavan ailələr yaşayır, narahat olurlar...

- Qardaş, kimisə narahat edəsi neylədik ki, saat 2-nin yarısıdır, cavan ailə mənə niyə baxır, öz işiylə məşğul olsun da...

- Başa düşürəm e, ağsaqqal, amma olmaz...

- Ağsaqqal, ağsaqqal deyirsən, amma atan yaşda tanımadığın adama ağıl öyrədirsən. Heç də tərbiyəli davranış deyil...

Nə isə, gördüm, adam geri zəkalı gənc degeneratdır, özünü nəyləsə təsdiqləmək, əxlaq keşikçisi kimi göstərmək istəyir, ancaq taxta başı hələ nəyin nə olduğunu qaynatmır, odur ki, əlavə etdim:
- Yaxşı gedirik, sən də get yat, başqalarına göz qoymaqdansa get ailənin yanında ol...

Keçən il də bunabənzər hadisə olmuşdu. Bu dəfə həyət evlərinin arasında gəzərkən, darvazalardan birinin qarşısındakı sakmyada oturduq. Gecə idi, saat 12 olardı. Elə oturmuşduq ki, bir taksi gəlib saxladı, sürücü maşından düşüb, bizi şübhəli tərzdə süzdü və soruşdu:

- Qardaş nə lazımdır?

- Heç nə, oturmuşuq, - cavab verdim.
O, bir söz deməyib, narazı halda darvazanı açmağa başladı. Biz də qalxıb uzaqlaşdıq.

Mən anladım ki, qardaşın taksi qafasına görə, normal, tərbiyəli insanlar gecə yarısı gəlib kiminsə qapısının ağzındakı skamyada oturmamalıdır. Ona görə də, şübhəli baxdı. Nə salam verdi, nə də "eybi yoxdur, oturun, elə bildim, məni gözləyirsiniz, nəsə sözünüz var. Bağışlayın, narahat elədim..." dedi.
Amma normal düşüncə sahibi olsaydı, normal insanın, ailənin, ər-arvadın da gecə təmiz hava almağa çıxa, yorulub otura biləcəyi ağlına gələr, ədəb-ərkanla salam verər, sözünü nəzakərlə, pozitiv şəkildə soruşardı. Bunun üçün gərək pozitiv düşünə biləsən. Təəssüf ki, yaşadığımız pozğun cəmiyyət insanlara bu pozitivliyi vermir.

Yoxsa bunun düşüncəsinə görə, mənim arvadım azı 120 kilo olmalı, yerindən güclə tərpənməli bütün günü o qədər əlləşməlidir ki, bu vaxt 3-cü yuxunu görməlidir. Neyləsin, yazıq elə görüb də... Əgər orta yaşlı kişi ilə cavan qadın gecə vaxtı kiminsə qapısının ağzındakı skamyada oturubsa, deməli, nəsə əlləm-qəlləm adamlardır. Biz də bu adamlardan normal cəmiyyət qurmalarını istəyirik.

Qonşuluda villalı, cipli-zadlı imkanlı bir ailə var. O gün görürük ki, guya ər-arvad gəzməyə çıxıblar. Kişi 10 metr qabaqda, 120 kiloluq arvad da arxada yanını basa-basa, ayaqlarını birtəhər sürüyür. İstər-istəməz düşünürsən: bu boyda var dövlət qazanıblar, amma zərrə qədər mədəniyyət əxz eləməyiblər. Guya ki, indi bu köhnə kişidir. Amma 20 yaşında gənc qızı gecə saat 2-də gəlib taxsidən düşür. Yəni millət hər şeyi baş-ayaq anlayır və edir...

Mən də deyirəm, bu qadın niyə bizi birlikdə görəndə qanlı-qanlı baxır. Sən demə, bu da ərinin əlindən tutmasını arzulayır, amma təmin edə bilmir. Arıq, biçimli olmaq istəyir, ancaq ağzını saxlaya bilmir deyə, acığını başqalarından çıxır.

Bu günlərdə bir süjetə baxdım. Küçədə adamlara belə bir sual verilirdi: "Şortik geyənlərə necə baxırsınız?" Çoxusu pis baxdığını, bir neçəsi normal baxdığını, bir- ikisi də hər kəsin öz fikri, öz yanaşması olduğunu dedi. Mən gözlədim ki, bəlkə biri də "mən küçədə başqalarına baxmıram" desin. Amma deyən olmadı.

Əzizlər, bəlkə daha çox öz həyatımızı yaşayaq, başqalarına baxmaq, ağıl öyrətmək, yol göstərmək, başqalarını müzakirə etmək, həyatımızı, davranışlarımızı yersiz tabulara görə müəyyənləşdirmək yetər?..

Məncə, başqalarına baxanların, onları yamsılayanların, müzakirə edənlərin öz həyatı olmur. İstənilən fanatizm də şəxsi həyatın olmamasından, boşluqdan doğur. İstər Tarkan fanatlığı olsun, istərsə də dini, ideoloji fanatizm.

Nadir Qocabəyli

Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +