08.06.2022 12:03
Onları icra nümayəndəsinin evinə hücum çəkməyə nə vadar edib?
Ötən gecə səhərə kimi gözümü yummamışam. Bu xəbər yuxumu ərşə çəkib. Oxuyanlar məsələdən xəbərdardır, oxumayanlar üçün paylaşıram:
“İyun ayının 4-də Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısının Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova Daşkəsən rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şəhid anası Sevda Şıxıyeva, onun həyat yoldaşı Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev və bir neçə kənd sakininin heç bir əsası olmadan, əllərindəki küt alətlərlə ona məxsus evin qarşısına gələrək evin pəncərələrini sındırdıqlarını, daha sonra evə daxil olaraq məişət əşyalarını sındırdıqlarını və ona külli miqdarda maddi ziyan vurduqlarını bildirib”.
Bu, hələ hamısı deyil. Xəbərin davamında deyilir ki, şəhidin qardaşı Sərxan Şıxıyev icra nümayəndəsinin həyat yoldaşı, Dəstəfur kənd bələdiyyəsinin sədri Rövşən Həsənova taxta parçası ilə xəsarət yetirib.
Xəbərin mənbəyi Daxili İşlər Nazirliyidir. DİN-dən saytımıza bildiriblər ki, hadisə ilə bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma başlanılıb, müvafiq ekspertiza təyin olunub. Şəhid anası Sevda Şıxıyeva rayon Polis Şöbəsində olan zaman özünün şəhid anası olduğunu vurğulayaraq etdiyi hərəkətləri etiraf etsə də, özünə haqq qazandıraraq izahat verməkdən imtina edib. Məhkəmə tibbi və əmtəəşünaslıq ekspertizaların rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Mən hər cür zorakılığın əleyhinəyəm. Amma dünəndən bir sual mənə rahatılq vermir: Görəsən, şəhidin valideynlərini, qardaşını, digər yaxın qohumlarını, o cümlədən bir qrup kənd sakinini küt alətlərlə silahlanıb icra nümayəndəsinin evinə hücum çəkməyə nə vadar edib?
Hazırda polis məsələni araşdırır və ümid edirəm ki, əsl səbəb tezliklə üzə çıxacaq.
Ötən həftə qazilərin adı ətrafında yaranan məlum ajiotajın ardınca şəhid ailəsinin adının zorakılıqda hallanması, daha açıq desək, cinayətdə ittiham olunması təsadüfdürmü? Yoxsa, hansısa “gizli əl” bu həssas təbəqə ilə dövləti, onun ayrı-ayrı təmsilçilərini üz-üzə qoyur?
Bir müddət əvvəl hansısa kafenin qarşısnda belə bir elan oxumuşdum: “Şəhid ailələrinə dönər pulsuzdur”.
Mən həmin sahibkarın xoşniyyətli olduğuna qətiyyən şübhə etmirəm. Amma bu cür jestlərə lüzum görmürəm. Azərbaycanda hansısa şəhid övladının pulsuz dönərə ehtiyacı yoxdur. Şəhid övladları dövlətin verdiyi müavinətlə dönər də yeyə bilər, kabab da. Sonra da hesabı hesabı ödəyib heç kimin yanında gözükölgəli qalmaz.
Bu günə kimi minlərlə şəhid və qazi ailəsi dövlət tərəfindən evlə təmin olunub. Şəhid və qazi ailələrinin üzvləri müvafiq dövlət qurmlarında işlə təmin olunur, onların öz bizneslərini qurması üçün şərait yaradılır. Analarının südü kimi halalları olsun. Bu adamlar üçün nə etsək, azdır. Onlara bir ömür boyu minnət borcumuz var.
Əgər hamımız bunu biliriksə, deyiriksə, bəs niyə şəhid atası əlinə “lom”, şəhid anası əlinə balta alıb məmurun evinə hücum çəkir? Bəlkə uzaq rayonda, ucqar dağ kəndində yaşadıqları üçün gözdən-könüldən, diqqətdən kənarda qalıblar? Minlərlə şəhid və qazi ailəsinin problemini həll edən dövlət niyə Daşkəsəndə bir şəhid ailəsinin yarasına məlhəm sürtə bilmir?
Cənablar, işləmək, həm də çox işləmək, gecəni-gündüzə qatmaq lazımdır. Görünür, işləməli olan adamlar yatdığı üçün bizim kimi sadə adamların yuxusu ərşə çəkilir...
Seymur VERDİZADƏ
Xəbər 1581 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|