05.06.2022 10:15
44 günə Qarabağı aldılar, 565 gündür haqlarını ala bilmirlər…
“Öz aslanına sahib çıxmayan düşmən köpəyinə yem olar”
(Bayramlarda medallarını, adi günlərdə qəlpələrini sığallayıb yaşayanlara…)
Qazilərin nazirlik qarşısındakı etiraz aksiyası, qapını sındırıb içəri girmələri və ondan sonra baş verənlər günün əsas hadisəsi idi. Amma təkcə bir gününmü? 2020-ci ilin noyabrında zəfərlə başa çatan Vətən Müharibəsinin iştirakçılarının hüquqları, təminatı və onlara münasibət elə həmin vaxtdan bəri hər günün əsas hadisəsidir.
Bir il yarımdır, ölkənin bu sahəyə məsul olan dövlət qurumları və məmurları, qanunverici və icra hakimiyyətlərinin təmsilçiləri veteranlıq və veteranlara münasibət məsələsini həll edib bitirə bilmirlər. Problem nə hökumət, nə parlament səviyyəsində lazımınca araşdırılmır. Səbəbi nədir, il yarımdır bilinmir. Nazirliyin, yaxud qazilərin günahkar olduğu barədə bir söz deyən yoxdur. Fakt isə ortadadır – cəmiyyətin ən həssas qruplarından biri idarə qapılarında, narazı, mənzərə qarışıq və arzuolunmayan, nəticə də yox…
Axı müharibə bitəndən az sonra sahə ekspertləri, mövzunun həssaslığını anlayan ziyalılar, mütəxəssislər deyirdilər ki, şəhid ailələri və qazilərlə bağlı məsələ ən qısa zamanda həll olunmalı, dövlətin bu təbəqədən olan insanlara münasibəti qanunvericilik və fakt olaraq müəyyənləşməlidir. Gözlənilən reaksiya olmadı, əvəzində hətta bu barədə danışanları susdurmağa çalışdılar, problemi bilən, sözügedən təbəqə ilə yaxın əlaqələri, o insanların içərisində hörməti və avtoriteti ilə tanınan adamları prosesdən kənarda qoydular. Hərbi təmayüllü KİV və təşkilatlar dəstəkdən məhrum edildi, sanki bir də müharibə olmayacaqmış kimi, onlara ehtiyac yaranmayacaqmış kimi, arxayın bir yanaşma ortaya qoyuldu. Müharibə dövründə hərbi ekspertlərə, hərbiyönümlü jurnalistlərə və media orqanlarına ehtiyac vardı, ona görə həssasiyyət göstərilir, “bu sahəni inkişaf etdirməliyik” deyilirdi. Müharibə bitdi, vədlər unuduldu, vətənpərvərlik təbliğatı əhəmiyyətini itirdi, dövlətin bu sahəyə qayğısı lazımsız hesab edildi. Qazi-şəhid ailələri ilə iş də o cümlədən…
Nədir bu insanların günahı? Müharibədə iştirak etmək? Yaralanmaq? Şəhid ailələrinə görünən səviyyədə dəstək olmağa çalışan hökumət, görəsən, qəbul etmək istəmir ki, torpağı işğaldan azad edənlər, müqəddəs şəhidlərimizlə bərabər, həm də sona qədər döyüşüb, canından can itirən, əzasından və sağlamlığından məhrum olan bu insanlardır?! Nazirliyin qapısını sındıran o gənclər də şəhid ola bilərdi. Onları hər gün təşəkkür edib ruhuna dua etdiyimiz şəhidlərdən bircə saniyə, bircə santimetr, bircə mərmi, bircə an ayırıb… Təsəvvür edirsiniz, haqqında mahnılar bəstələnən, adı dilimizdə əzbər olan şəhidimiz o anı ötürüb sağ qalmış olsaydı, indi həmin nazirliyin qabağında haqqını tələb edənlərdən biri ola bilərdi?… Bir anlıq təsəvvür edin bunu. Sonra da əksini təsəvvür edin – aksiya keçirən, qışqıran, qapını təpikləyən qazilərimizi şəhid statusunda…
O oğulların işi əlinə silah götürüb, düşmənlə savaşmaq, Qarabağı işğaldan qurtarmaq idi, onu da elədilər. Xankəndi, Xocalı deyirsiniz? İcazə versəydiniz, “dur” deməsəydiniz, Xankəndi nədi, lap İrəvana da gedərdilər. Borcdur? Anladıq, vətənə borclarını veriblər. Bəs qalanların borcu yoxdur? Onların sağlamlığı, yaşaması, hüquqları, təminatı ilə məşğul olmalı olanlar niyə borclarını ödəmirlər? Axı o oğlanların yarısının şəhid, yarısının əlil olması bahasına o qələbə tvitləri atılır, o sevinc çığırtıları yüksəlirdi! Nə tez unutdunuz?!
İndi təzə söhbət çıxıb. Gün ərzində aksiya ilə bağlı sosial şəbəkələrdə paylaşımların altına ştatlı trol təəssüratı yaradan insancıqlar doluşub, əsaslandırmağa çalışırlar ki, “onların çoxuna əlillik düşmür”. Yeri gəlmişkən, nazirlik rəsmisi də bu barədə açıqlamasında bildirib. Mümkündür, ola bilər. Amma dediyimiz kimi, kimin müharibə veteranı, müharibə əlili olduğunu, kiminsə olmadığını müəyyən etmək bu qədərmi çətin işdir? Niyə müəyyənləşməyib kim kimdir, kimin haqqı var tələb etməyə, kiminsə yoxdur?! İl yarım keçib e… 44 günə Qarabağı qaytaran oğulların haqları 565 gündür təmin olunub bitməyib hələ! Bu müddətə 13 dəfə Qarabağı alardı həmin oğlanlar…
Yan-yörəmiz dost olmayan ölkələr, onların fürsət axtaran rezidentləri burda dolu. Gündəlik yaşayış imkanın təmin edə bilmədiyiniz, müalicəsinə laqeyd yanaşdığınız o gənclər həmin qüvvələrin təsirinə düşsə, bizim verə bilmədiyimiz dəstəyi, münasibəti, təminatı onlardan görsə, nə baş verəcək, cənablar, fərqindəsiniz?!
Minlərlə can qurban oldu. Bəs nə qədər can gənc yaşında işsiz-təminatsız, yarımcan halda qalıb dövlət idarələrini qapılarında? Evinin kirayə pulunu ödəmək imkanı olmayan şəxsən tanıdığım insanlar var… Müalicəsi üçün pul tapmayan, intihara qədər gedib çıxan qazilərimiz oldu, təəssüf. Zəfəri təmin edən, işğalçı dövləti küncə qısnamağı bacaran, qonşuluqdakı böyük güclərlə dil tapıb məqsədini həyata keçirməyə nail olan dövlətin gücü çatmır ki, onun düşmən qarşısında başını uca, əlini güclü edən qazilərini həyatda saxlaya bilsin?
Axı söhbət milyonlarla vətəndaşdan, milyardlarla vəsaitdən getmir. Getsə belə, həlli tamamilə mümkün bir məsələdir. Amma o qədər deyil axı. Nə çətin işdir, elektronlaşan, virtuallaşan hökumətimizin adi bir veteran reestri yaratması? Müharibə bitəndən bəri media olaraq neçə dəfə bu mövzunu işləmişik, hamısında da deputatdan tutmuş, ekspertlərə qədər, deyiblər ki, vahid elektron baza hazırlanır. Daha nə qədər hazırlanacaq bu baza? 10 milyonluq ölkədə, cəmi 44 gün çəkən bir prosesdə iştirak edənlərin, lap elə ötən illərdən qalan veteranları da üstünə gəlsək, bazasını hazırlamaq nə müşkül iş oldu?
Pandemiya başlayanda tələm-tələsik o boyda datalarla işləməyə imkan verən platformalar, sistemlər, bazalar yaradan hökumət üçün veteran məsələsi niyə bu qədər qəliz işə çevrildi ki? Bəlkə istək yoxdur?
Hər icra başçısı həbs olunanda üstündən aybaay dövlət büdcəsindən doldurulan yüzlərlə kart çıxırdı. Tutulmayanlardan hərəsi öz rayonunda hər qaziyə bir kart verəcək qədər imkana sahib deyil? Hər rayonda şəhid ailələrini və qaziləri təmin edəcək qədər özəl şirkətlər, supermarketlər, məmur-oliqarx biznesləri doludur. Lap tutaq ki, doğrudan da qanun qəbul edilənə, baza hazırlanana qədər 565 gündən artıq vaxt lazımdır. O vaxta qədər həmin ailələri onlara təhkim edib, problemi bunca qəlizləşməyə qoymadan həll etmək, o gəncləri zorən cinayətkar həddinə çatdırmamaq olardı axı.
Niyə olmur, cənablar? Niyə etmirsiniz? O oğlanların şücaəti hesabına “Qarabağ Azərbaycandır” deyib hayqıran məmurlar, noldu? Daha Qarabağ Azərbaycan deyil?! Savaş bitməyib, işin böyük hissəsi hələ qabaqdadır. Ataların bir öyüdündə deyildiyi kimi, ölkənizin aslanlarına sahib çıxın, yoxsa düşmənin köpəklərinə yem olarsınız…
Qabil Abbasoğlu
Xəbər 1625 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|