01.06.2022 18:16
Lüğətdə olmayan sözləri qanunlara kim yazır? - Milli Məclisdə mübahisə
“Milli Məclisin may ayının 31-ində keçirilən yığıncağında Azərbaycan Respublikasının İnzibatı Presessual Məcəlləsində dəyişikliklərin müzakirəsində mən “mübahisələndirilməsi” sözünə və qanunlarımızda bu tipli yapma (süni) sözlərin çoxluğuna etiraz etmişdim. Qanunda həmin sözün işlədildiyi cümlə də qüsurludur. Lakin bu məsələyə toxunmamışdım”.
XəzərNews.az xəbər verir ki, bunu milli məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” yaratması çox ciddi, dəyərli bir addımdır və yaxşı olardı ki, həmin komissiyanın tərkibində təcrübəli filoloq da olsun:
““Mübahisələndirmə” sözü hüquqşünasların süni sürətlə yaratdıqları və dilimizin söz-yaratma qanunlarına uyğun olmayan bir kəlmədir. Ola bilsin, mənim yanaşmamın özündə də mübahisəli məqam var. Həqiqət bu cür mübahisələrdə ortaya çıxır.
Qanunların dilinin süni surətdə akademikləşdirilməsinə və aydın olmayan terminlərlə doldurulmasına ehtiyac yoxdur.
Mənim sözümə etiraz edən Milli Məclis sədrinin birinci müavini, hörmətli Əli Hüseynli bildirdi ki, “mübahisələndirilmə” hüquqi termindir. Digər həmkarım Ziyafət Əsagərov isə qətiyyətlə dedi ki, bu termin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş orfoqrafiya lüğətimizdə var.
Düşündüm ki, sahələr üzrə terminləri izləmək imkanımız yoxdur, bir halda ki, hörmətli hüquqşünas həmkarlarım bu sözün orfoqrafiya lüğətində olduğunu deyirlər və bu məsələdə təkid edirlər, bəyənmədiyim söz olsa da söhbəti uzatmağa dəyməz.
Doğrudan da, hüquq araşdırmalarında nadir hallarda olsa da, bu sözə rast gəlmək mümkündür (məsələn “əqdin mübahisələndirilməsi”), lakin söz uğursuz olduğuna və mahiyyəti ifadə etmədiyinə görə dalınca açıqlama verilir, “mübahisə edilmə” və s.
“Mübahisələndirilməsi”- “qəsdən mübahisə yaratmaq” anlamı verir. Halbuki qanunda söhbət “məsələnin müzakirəyə açılması”ndan, vətəndaşın Mərkəzi Seçki Komissiyasının qərarından şikayət etmək hüququndan gedir.
Kiməsə bunlar xırda şey kimi görünə bilər. Amma dildə xırda şey yoxdur. Sözün necə deyilməsi bəzən mahiyyəti dəyişdirir. Qanunların qrammatikasının nə qədər mühüm olduğunu hüquqşünaslar yaxşı bilirlər”.
S.Rüstəmxanlı əlavə edib ki, orfoqrafiya lüğətimizdə müxtəlif sahə lüğətlərindən gələn və bəzi dilçilərimizin xəyal məhsulu olan yüzlərlə qondarma söz var:
“Bu barədə mətbuatda gedən mübahisələri də unutmamışıq. Düşündüm ki, yəqin həmkarlarım düz deyir, ola bilsin bu söz də orfoqrafiyamızda özünə yer tapıb.
Maraq üçün Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2021-ci ildə buraxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi 7-ci nəşrini açdım və həmin sözü axtardım, sonra Orfoqrafiyanın 2004-cü il nəşrinə də baxdım.
Həmkarlarıma bildirməliyəm ki, orfoqrafiya lüğətində “mübahisələndirmə” sözü yoxdur.
Bəlkə hüquq terminləri lüğətində var, bilmirəm. Lakin Milli Məclisdə məhz Nazirlər Kabinetinin təsdiqlədiyi lüğət vurğulanmışdı və bu rəsmi lüğətə istinad edilmişdi. Yanılıblar...”
Millət vəkili bəzi qanunlarımızda ana dilinə yanaşma tərzini qətiyyən qəbul etmədiyini vurğulayıb:
“Qanunlarımız sadə insanların anlamadığı, tərcümədən gələn və özümüzküləşdirilməsi mümkün olan yabançı sözlərlə doludur.
Dəfələrlə demişəm, yazmışam ki, qanun yaradıcılığı ilə məşğul olan insanların bir qismi ana dilini yaxşı bilmədiklərinə görə istifadə etdikləri yabançı mənbələrin dilimizə yad olan terminlərini qanunlarımıza axıdırlar. Bəhanə də budur ki, “bunlar beynəlxalq sözlərdir, dünya belə işlədir, biz də belə işlədək”.
Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur. Dilinin saflığını qorumaq istəyən xalqlar bu “beynəlxalq kəlmə”lərin qarşılığını tapırlar. Bu barədə 2015-ci ildə yazdığım məqalədən bir parçanı bura köçürüb xatırlatmağı və qanun yaradıcılarından dilimizə sayqı ilə yanaşmağı tələb etməyi özümə borc bilirəm.
“Yaradıcı yanaşmanın olmadığına görə, həm arxaikləşmiş ərəb-fars sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək dilə yol tapır. Bu baxımdan iki qanunun dilini gözdən keçirmək yetərlidir. Təhsil Qanunu dilimizə – adyunktura, akkreditasiya, distant təhsil, informal təhsil, innovasiya, kampus, nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil françayzinqi, tyotor... Qiymətli Kağızlar bazarı qanunu isə – anderaytinq, benefisiar, emitent, listinq, institusional investor, marketmeyker, nettinq, repo müqaviləsi – kimi sözləri zorla pərçimləmişdir. Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş çoxlu belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa düşəcəyi qarşılığını tapmaq olar. Deyək ki, distant təhsil əvəzinə – uzaqdan və ya məsafəli təhsil, informal təhsil yerinə – özeyitim və ya özünütəhsil, kampus əvəzinə – tələbə yurdu, hind quşlarının qurultsuna bənzəyən kurikulum yerinə– təhsil proqramı, eksternet təhsil yerinə – qabaqlayıcı təhsil yazsaq dünya dağılmazdı. Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar da tapmaq olar. “İnvestisiya”, “unifikasiya”, “identifikasiya”, “regional”, “kollekvium”, “miqrasiya”, “kvorium”, “resurs”, “ombusdman”, “prosedur”, “monitor”, “klerinq”, “market”, “kvota”, “koalisiya”, “aksiya”, “arqument”, “bakalavr”, “vakansiya”, “vizual”, “deqradasiya”, “diskussiya”, “instruksiya”, “kontrast”, “fraza” və s. kimi dilimizə nəzarətsizlikdən və dəb xətrinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya yaradıla bilər. Bu şəkildə qapıları açıb bütün sözləri içəri buraxsaq, dilimizin taleyi necə olacaq?”
Qanunların dilinə tələbkarlıqla yanaşmağımın arxasında bu narahatçılığım dayanır...”
Xəbər 1775 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|