18.05.2022 09:45
“1 milyon dollar versən, səni buraxarıq...“ - Zərərçəkən
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən bir neçəsi media nümayəndələrinin açıq məhkəmə prosesində iştiraklarına yaradılan maneələrin aradan qaldırılmasını, prosesin qanunlar çərçivəsində keçirilməsini tələb ediblər.
Prosesdə zərərçəkmiş Əfsəl Həsənəliyev yenidən söz istəyib. O, əmlakının bank tərəfindən əlindən alınmaq üzrə olduğunu diqqətə çatdırıb: "Məni qanunsuz olaraq həbs edib çox ağır vəziyyətə salıblar. Qanunsuz olaraq 5 ay həbsdə saxlamaqla məndən külli miqdarda pul tələb ediblər. Evimi “Unibank”a girov qoyub külli miqdarda kredit götürüb, MTN-dəki cinayətkar quldur dəstəyə vermişəm. İndi də bank pulu istəyir. Evimə icra vərəqəsi göndəriblər ki, evdən çıx".
O, Zakir Qaralov və Rüstəm Usubovun da bu iş üzrə istintaqa cəlb edilməli olduğunu deyib. Ə. Həsənəliyev təqsirləndirilən şəxslərin cəlbetmə müddətinin bitmək üzrə olduğunu söyləyib: "Siz isə tezbazar məhkəməni bitirmək istəyirsiniz. Məsələ sonuna qədər, ədalətlə araşdırılmalıdır".
Bundan sonra zərərçəkən qismində tanınan Rəhman Sahib oğlu Musayev sərbəst ifadə verib. O, iş üzrə həm də dünyasını dəyişmiş valideynlərinin hüquqi varisidir.
Rəhman Musayev sərbəst ifadəsində bildirib ki, 2011-ci ildən etibarən Mavriki adalarında yerləşən “İnreaceos Payment” adlı şirkətin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialının müdiri olub. Şirkətin əsas fəaliyyəti Azərbaycanda investisiya qoyuluşu məsələlərini planlaşdırmaqdan ibarət olub. Şirkətin ofisi “Babək Plaza”da yerləşib. "Filial təzəcə təşkil olunmuşdu və hələ işçilər yox idi. Mənim “AGBank”, “Bank Standard”da şəxsi hesablarım olsa da, filial üçün hələ hesablar açmamışdım. Anamın adına “Spare Limited” adlı, Mavriki şirkətinin filialı fəaliyyət göstərirdi. Lakin təsisçinin kim olması barədə məlumatsız idim. 29 fevral 2012-ci ildə səhər saatlarında evimizə MTN əməkdaşları basqın elədi. Onlara müstəntiq Kənan Əliyev rəhbərlik edirdi. Evdə axtarış aparmağa başladılar. Qızıl-zinət əşyalarını, ətirləri, bütün sənədləri, şirkətlərə aid olan bank çıxarışlarını, 8 min 400 manat pulu, firmaların möhürlərini, evdə olan plastik kartları, kompyuterləri, yaddaş kartlarını, anamın adına olan Yeni Yasamalda 4 otaqlı evin mülkiyyət hüququnu təsdiq edən çıxarışı, Aşıq Alı kücəsində yerləşən “Şəhər bağları” yaşayış kompleksində olan mənzilin orderini götürdülər. Məni isə MTN-nə aparıb müstəntiq Sahib Ələkbərovun iş otağına qaldırdılar. Sahib Ələkbərov məni görən kimi dedi ki, guya hansısa haker qrupunun rəhbəriyəm. Dediyi işlərdə əlimin olmadığını deyəndə Sahib Ələkbərov “səhər yeməyini Londonda, naharı Nyu Yorkda edəndə bilmirdin ki, buraya düşəcəksən” sualını verdi. Dindirəndə məktəb yoldaşım Elçinin adını çəkdilər. Dedim ki, mənim heç bir haker qrupu ilə işbirliyim yoxdur. Məndən 1 milyon manat istədi. İstədikləri pulu verə bilmədiyim ücün məni həbs etdilər. Bir qadını də gətirib dedilər ki, bu sənin vəkilindir. Vəkilə etiraz elədim. Növbəti gün valideynlərim vəkil Natiq Mustafayevlə müqavilə bağladılar və o, mənə vəkillik etməyə başladı".
Rəhman Musayev deyib ki, həbsinin ilk günlərindən hazırda təqsirləndirilən statusunda olan, o zaman MTN-də müstəntiq işləyən Sahib Ələkbərov onunla dəfələrlə pul söhbətləri aparıb: "Sahib Ələkbərov mənimlə görüşlərdə Mövlam Şıxəliyevin və nazir Eldar Mahmudovun adından danışaraq böyük məbləğlərdə pullar tələb edirdi. Məni 18 mart 2012-ci ildə şöbə rəisi Vüsal Ələkbərovun iş otağına apardılar. Vüsal dedi ki, “sən şəhər yol polisi idarəsinin rəis müavini Eyvazla dostsan, o da mənim arvadımın qardaşıdır, qaynımdır sabah buraya yeyib-içməyə gələcək, oturub onunla birlikdə söhbət edərik”.
Mən Eyvaz Şahbazovla tanış idim. Maşınımı cərimə meydançasına aparmışdılar.O zaman şikayətimlə əlaqədar Respublika DYP-də olanda Eyvazla tanış olmuşdum. Yaxın münasibətimiz yaranmışdı. Tez-tez görüşürdük. Növbəti gün Sahib Ələkbərovun iş otağına gedəndə orada stolun üstündə kabab, paxlava, şirələr vardı. Sahib Ələkbərov “1 milyon dollar versən, səni buraxarıq, gedərsən” dedi. “Mənim günahım yoxdur” dedim, Sahib Ələkbərov da əsəbiləşdi. “Nazirin xəbəri olmadan buraya heç kim gətirilmir, mənim iş otağımda yeyib-içən bir sənsən, bir də Əli İnsanov olub! Bu rəhbərliyin göstərişidir, pul verməlisən” dedi. Bu qədər pulumun olmadığını, Sahib Ələkbərova 100 min dollar verə biləcəyimi dedim. Sahib Ələkbərov özündən çıxdı, “mən sənə serjant deyiləm, polkovnikəm, lazım olsa, səni 9 ay saxlayaram, 3 vəkil tutubsan, deyəsən pulun çoxdur, amma onların xeyri olmayacaq, biz istədiyimizi edirik” dedi. Bir azdan Vüsal Ələkbərov gəldi, məni kameraya qaytardılar".
Rəhman Musayev deyib ki, 2 həftə sonra onu yenidən Sahib Ələkbərov öz iş otağına çağırıb: "Bu dəfə SMS yazışmalarımı mənə göstərdi. Yenə də pul istədi. 150-200 min dollar düzəldə biləcəyimi dedim.Təklif elədim ki, 200 min dollar, həbsdən çıxandan sonra şirkətinin gəlirlərinin 25 faizini onlara verim. Təki şirkətin işi dayanmasın. Sahib Ələkbərov razı oldu. Dedi ki, bir həftəyə qədər mənə bir xəbər deyəcək. Mərhum vəkilim Natiq Mustafayevlə görüşdə “pul söhbəti ailə üzvlərinizlə də olub, indi sənin fikrini atan, anan bilmək istəyir” dedi. Mən də vəkilə dedim ki, “nə pul söhbəti edirlər etsinlər, təki məni azadlığa buraxsınlar”. Sonradan bildim ki, Vüsal Ələkbərovun atamdan Eyvazın vasitəsilə 400 min dollar tələb edib. Vüsal Ələkbərov həmçinin Eyvaz vasitəsilə atama xəbər göndərib ki, “Rəhman vəkillər otağında ağzına gələni danışmasın, orada görüntülər və danışıqlar qeydə alınır”. Bunun ardınca isə evlərimizin və avtomaşınlarımızın sənədlərinin qaytarılması müqabilində Sahib Ələkbərov atamdan şəxsən 15 min manat almışdı. Atamın “Kubinka”da olan dədə-baba mülkünün, Yeni Yasamalda yerləşən mənzilinin, 1988-ci ildə atasına və anasına verilmiş torpaqların sənədlərini və “Porshe Cayenne” markalı avtomaşını qaytarsa da, “Şəhər Bağları” sahəsindəki mənzilin, Novxanıdakı bağ evinin, bir torpaq sahəsinin sənədlərini və “Land Cruiser” makralı avtomaşını onlara qaytarmadı. Növbəti vaxtlarda valideynlərimlə razılaşdıqları kimi Yasamaldakı mənzilin satılmasına razılığa dair etibarnamə verdim, həmin mənzili atam 80 min manata satmışdı. Atam ümumilikdə 177 min manat düzəldib Sahib Ələkbərova vermişdi. Sahib Ələkbərov pulu alan gün məni öz otağına gətirtdi. Anamla telefonla danışmağa şərait yaratdı. Otaqda tanımadığım bir adamın yanında qoyub harasa getdi. Qayıdanda Sahib Ələkbərov mənə “pulu aldım, amma mənə buradan çox az pul çatacaq” dedi. Növbəti günlərin birində məni xəstəliyimlə əlaqədar həkimə apardılar. Həkim müayinəsindən sonra mənim həbsdə saxlanılmağımın qeyri-mümkün olması barədə ekspert rəyi aldılar. Atamdan ekspertizaya görə də 10 min manat əlavə pul almışdılar. 30 dekabr 2012-ci ildə Sahib Ələkbərov məni azadlığa buraxdı".
Zərərçəkən deyib ki, həbsdə ola-ola anası və atası barəsində də cinayət işi başlanıb. Anası rəhmətə getdiyindən barəsindəki cinayət işi xitam verilib. Bundan sonra zərərçəkmiş şəxs qismində Müsənnif Salahov isfadə verib. O, 2003-cü ilin mayından “Texnibank” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyib. 2012-ci ilin martında həmin bankın Müşahidə Şurasının sədri Etibar Əliyev həbs olunduqdan bir neçə gün sonra bir qrup MTN əməkdaşı Sumqayıt filialına gəlib: "Dedilər ki, filialın 6 aylıq fəaliyyəti yoxlanılacaq. Axtarış apardılar. Filialın bütün maliyyə sənədlərini götürdülər məni də MTN-nə apardılar. Lakin Nazirliyin giriş qapısında gec olduğuna görə buraxılış vərəqəsinin yaza bilmədilər. Ona görə də məni evə buraxdılar. Növbəti gün məni əvvəlcə MTN-də Nadir adlı müstəntiq qəbul etdi. Məni istintaq qrupun rəhbəri Vüsal Ələkbərovla rəis müavini Təhsin Ağayevin yanına apardılar. Təhsin Ağayev Vüsalın yanında mənə “Etibar Əliyev bankı yeyib-talayıb, sən nə qədər pul verirdin Etibara” sualını verdi. Mənə “bilirsən də hara düşmüsən, çıxmaq üçün 3 milyon manat verməlisən” dedi. Mən də gülərək o qədər pul görmədiyimi bildirdim. Təhsin Ağayev bankın tutulmuş əməkdaşlarını nəzərdə tutaq “hara gəlib düşdüyünü bilirsən, verməsən, onların dalınca sən də “içəri” girəcəksən” dedi. Vüsalla otaqdan çıxdıqdan sonra “nə qədər səni həbs etməmişəm, sənə sözümüzü dedik, get pulu tap gətir, yoxsa o birilərin dalınca səni də “içəri” salacam” deyib məni müstəntiq Nadirin yanına göndərdi. Nadir mənə Etibar Əliyevə filialın kassasından sonuncuya rüşvət kimi pul verib-verməyimlə əlaqədar suallar verdi. Bundan sonrakı iki həftə müddətində Təhsin Ağayev və Vüsal Ələkbərov mənə dayanmadan zəng edib pulu tələb edirlər. Təhsin Ağayev və Vüsalın zənglərinə və psixoloji təzyiqlərinə tab gətirməyib əsassız yerə həbs olunacağımdan qorxdum. Buna görə də məcbur olub bacanağım Qəzənfər Hüseynovdan 150 min manat aldım. 50 min manatıda evimdə olan qızıl-zinət əşyalarını satmaqla topladım. MTN-nin binasına getdim. Vüsala zəng edib gəldimi dedim. Məni Təhsinin otağına apardılar. 200 min manatı ona verdim. Həmin vaxt Vüsal da otaqda idi. Əlavə olaraq Təhsinə başqa pulumun olmadığımı bildirəndə Vüsal mənə “min dənə obyektin var, get sat gətir pulu ver, milyonlar qazanırsınız” dedi. Çox yalvardıqdan sonra Təhsin sonda 600 min manat verəcəyim halda həbs etməyəcəklərinə söz verdi. Bir həftə sonra qalan pulu düzəldə bilmədim. Yenidən Təhsin Ağayev və Vüsal Ələkbərov zəng edib pulun hazır edib-etmədiyimi soruşurdular. Mən də pulu hazır edə bilmədiyini dedim. Məni MTN-nə çağırdılar, Vüsal Ələkbərov məni qəbul edərək Təhsinin yanına apardı. Təhsin məndən tələb etdiyi 600 min manatı vermədiyim üçün əvvəlcədən verdiyim 200 min manat da qaytardı. Pul Təhsinin otağındakı seyfdə verildiyi paketin içində idi. Pula dəyilməmişdi. Qorxuya düşdüyüm üçün tələb olunan pulun qalanını axtarmağa başladım. Müxtəlif adamlardan, qohumlarımdan, dostlarımdan pulu düzəldib Təhsinə verdim. Onlar dedilər ki, pulu rəislə razılaşdıracalarını, qiymətlə bağlı qərarın onun verəcəyini bildirdilər".
Proses mayın 17-nə qədər təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var./APA
Xəbər 5985 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|