İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


07.05.2022  18:50 

DUA VƏ SEVGİ POEZİYASI





A+  A-

Elə çətin dövrdə yaşayırıq ki, sanki şeir yada düşmür. Bir tərəfdən taclı virus, onun gətirdiyi problemlər, apardığı adamlar, o biri tərəfdən ard-arda düzülən qanlı savaşlar, hər ikisinin aldığı cavan canlar, verdiyi dərd-bəla insanın poeziya, sənət, ədəbiyyat həvəsini içindəcə boğur, ruh aləmini dərbədər edir. İstər-istəməz düşünürsən: indi şeir zamanıdırmı, insanlarda poeziya, sənət, musiqi ovqatı qalıbmı? Sanki ulu Nəsimiyə “məni vəsf et, şair” deyən Şəms adlı gözəlin “vəsf zamanı deyil, afət” cavabını aldığı orta əsrlərdəyik.

Bəli, zəmanə ağırdır, dərd, kədər, müsibət, problem çoxdur. Amma istər-istrəməz düşünürsən: bu fani dünyanın asan, yüngül, dərdsiz-ələmsiz vaxtı-vədəsi olubmu? Adəm övladının halı hər zaman yaman olmayıbmı, o həmişə tutmağa, tutunmağa bir istinad, yapışmağa dayaq axtarmayıbmı, ürəyini boşaltmaq, qəm-qüssəsini unutmaq, dərd yükünü atmaq istəməyibmi?!.

Bəli, insan ən çətin, ümidsiz məqamlarda məhz şeirə, sənətə, poeziyaya, ədəbiyyata, musiqiyə sığınıb, çəkdiklərini, yaşadıqlarını, itirdiklərini, kədərini, ümidini, inamını onda ifadə edib, ona köçürüb. Yaxud yazılanlarda, söylənənlərdə, oxunanlarda özünü görüb, dərdini tapıb, sözdən təsəlli, təskinlik alıb, bu dünyada tək olmadığını, həyatın ağırlığının, qəm yükünün tək onun kövrək çiyinlərində dayanmadığını anlayıb və bu da ona yenidən həyat eşqi, yaşamaq istəyi, yaratmaq həvəsi bəxş edib.

Ən maraqlısı odur ki, insan həyatdan əlini üzəndə, ölümə gedəndə belə sözə ehtiyac duyur, gözəl, zərif, nəfis söz eşitmək istəyir: “Ölümə gedirəm, şair, heç olmasa bir söz de...”



İnsanı hər zaman öz əhvalına, ovqatına, ruh aləminə uyğun sənət, söz, musiqi cəlb edir. Qəmli insan kədərli şeirlər, həzin musiqiqi ilə təsəlli tapır, sevincli insan bir az da şənlənmək istəyir. Ancaq burada qəribə bir təzad var. Şən musiqi, nikbin şeir insanın sevincini artırdığı halda, qəmli şeir və musiqi kədəri azaldır, yüngülləşdirir. Deməli, poeziya, musiqi, bütövlükdə hər cür gözəl sənət əsəri insan ruhunu, mənəvi aləmini qidalandırır, onu həyata bağlayır, dəstək olur. Məsələ burasındadır ki, əsl sənət həm onu yaradanları, həm də ondan faydalananları yaşadır, yaradıcı ilə oxucu, izləyiçi, tamaşaçı arasında mənəvi körpü, ruhani ünsiyyət, vəhdət yaradır, bütün insanları gözəllik, saflıq, yüksək dəyərlər ətrafında birləşdirir, gələcəyə aparır. Bu mənada sənəti, şeiriyyatı dünyamızın varolma, əbədi yaşam səbəblərindən, qaynaqlarından biri, onun yükünü çiyinlərində aparanları da müqəddəs missiya daşıyıcıları hesab etmək olar. Dahi Füzuli yazırdı:

“Can sözdür, əgər bilirsə insan,
Sözdür ki, deyirlər özgədir can...”


Bəli, canımızdan çıxan söz başqalarına da can verir, çünki sözün özü elə candır. Həm də o, ustad Aşıq Ələsgər demişkən, bioloji candan fərqli olaraq heç vaxt əksilmir, bitib-tükənmir, sevgini, məhəbbəti artırır, mehriban edir:

“Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər...”


Çağdaş poeziyamızın önəmli isimlərindən olan Sona xanım Vəliyevanın yaradıcılığı da məhz Füzuli, Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun ənənələri bulağından su içir, böyük sənətkarların saldığı poetik yolu inamla davam etdirərək, gələcəyə aparır. Sona xanımın ara-sıra sosial şəbəkələrdə paylaşdığı nümunələr çətin, ağır dövrümüzün gərgin ab-havası üzərinə sanki su səpir. Xəstəliklər, viruslar, sosial-iqtisadi problemlər, müharibələr, silahlar haqqında informasiyalar, yalan, saxta, təxribatçı xəbərlər arasında çabaladığın, ümidsizləşdiyin vaxtda qarşına qəfil bir şeir çıxır. Elə haldasan ki, oxumağa belə özündə güc tapa bilmirsən. Çünki şeir hayında, ovqatında deyilsən. Ancaq müəllifə, ismə baxanda üzərindən keçə bilmir, dayanmalı olur, bir neçə sətir oxumağa qərar verirsən. Çünki informasiya bolluğudur, mətn çoxdur və elə bir dövrdəyik ki, “nəzm xar olub”, insan hər şeydə maraq, fayda güdür, ən azı ümid, inam axtarır. Şeir yazan və paylaşan da az deyil. Bu mürəkkəb durumun yaratdığı bezgin ovqatda şeir oxumaq elə də asan deyil. Fəqət dediyim kimi, müəllifə olan sayğın güc gəlir və az sonra artıq elə bir sirli aləmə düşürsən ki, daha oradan çıxmaq istəmirsən.



Pandemiyanın, onun üzərində qurulan daha dəhşətli bəla olan informasiya virusunun tüğyan etdiyi, xəstəliklə bərabər kütləvi panikanın, sosial psixozun can aldığı, insanların ümidini itirdiyi, qorxu-hürkü altında kimsəyə inanmaq istəmədiyi, ən güclü, qətiyyətli insanların küncə sıxışdırıldığı, sağlam mühakiməyə belə məhəl qoyulmadığı günlərdə bir şair xanımın bu mövzuya müraciət etməsi, bu bəlanın mahiyyətini, anatomiyasını poetik dildə təsvir etməsi yüksək sənətkarlıqla yanaşı, həm də böyük cəsarət tələb edirdi. Çünki çoxları onun mahiyyətini anlamır, yaxud ehtiyat edərək gözləmə mövqeyi tutur, bu barədə danışmamağa üstünlük verirdilər. Ancaq Sona Vəliyeva xalqının, insanlığın şairi olaraq kənarda qalmadı. Mənə elə gəlir ki, o sadəcə qala bilmədi, bütün əsl şairlərə, sənət adamlarına xas duyarlılıq, həssaslıqla oxucularının, sevənlərinin harayına gəldi, yardımına tələsdi; yeddi bəndlik şeirində bəlanın mənbəyini, yaratdığı fobiyanı göstərdi:

Bir əl qarışdırır qoca dünyanı,
insanmı, iblismi, yoxsa ki, nədir?
Gecənin qoynundan çıxan gündüzə
bəslənən ümidlər əriyib-itir.


Şair o ağır günlərdə həm də minlərlə, on minlərlə insana təsəlli verdi, bu bəladan sığınmalı və tapınmalı olduğu ali ünvanı dilin və sözün estetikası fonunda bir daha xatırlatdı:

İtsə dəyərləri minilliklərin,
insan öz içindən uçruma düşər.
Nəğmə, bayatıma, biganə qalsaq,
yadlar sahib çıxar, yadlar bölüşər.




Sona Vəliyeva yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun şeirlərinin mükəmməl dil və üslübu, poetik zənginliyi ilə yanaşı, ictimai məzmun kəsb etməsidir. Şairə xanımın əksər şeirlərində dövrün, zamanın, insanın qüsurlarına, naqisliklərinə ustalıqla eyham vurulur. İnsanın günahları ona məsumların diliylə xatırladılır:

Bir uşaq ağlayır: “Ana, cənnətdə
yemək pulsuzdursa, gəl ölüb gedək.
Yoxsa ki, bu ömür gözümə durub,
dünyayla hesabı bitirib, gedək...”


Sona xanım həm də ağzı dualı bir Azərbaycan qadını, daim alqışlar deyən anadır. Onun heç bir şeiri dualardan və alqışlardan xali deyil. İstənilən əsərində ən azı bir bənd, bir misra da olsa dua və alqışa rast gəlirik. O sanki bunlarla bizi, öz oxucularını, bütövlükdə xalqımızı bəlalardan hifz etmək, qorumaq istəyir və bəlkə də elə qoruyur. Axı atalar “hər ağızda bir dua var” deyiblər. Bu mənada Sona Vəliyevanın hər bir şerində neçə-neçə dua, alqış səslənir.

Min alqış göyərsin, qarğış ləngisin,
şər öz tamahından tələyə düşsün.
Hər ulduz bir insan ömrüsə, Tanrım,
qoyma qara əllər ulduza dəysin...


Ağzı dualı şairə, təbii ki, həm də inanclıdır. O, Tanrıya ürəkdən inanır, bütün dualarını onun adına bağlayır, Ondan mədət umur, Ona ümid bağlayır, Ondan kömək, imdad diləyir. Sona xanımın şeirlərində İlahi Qüdrət son pənah, sığınacaq, tapınaq yeri, sitayiş obyektidir. Hər birimiz Ondan gəldik və Ona da dönəcəyik, vaxtını dəqiq bilməsək də, buna hazır olmalıyıq.

Bir yol açılar, gəlləm,
bir gün seçilər, gəlləm,
bir gün öncədən biləm,
deyəm ki, gəldim, İlahi!


Əksər yaradıcı insanlar kimi, Sona xanımın da poetik təfəkküründə Tanrı və Allah insanın daxilində olan və dünyəvi əməllərində təcəlli edən vicdanıdır.

Duaların Tanrıya ən yaxın yeri
kilsəmi, məscidmi? –
sordun, dost!
ən müqəddəs dua evi
Allahın ruhuyla
qurulan,
imanla bəzədilən
qəlb evi,
vicdan evidir...


Sona Vəliyeva səmimi bir qadın, açıq sözlü sənətkardır. O, bir çox insanlara çox zaman acı görünən, amma azsaylı hal əhlinin ürəyindən tikan çıxaran və bal dadan həqiqətləri cəsarətlə qələmə alır, çoxlarının etiraf etməyə qorxduğunu çəkinmədən, sıxılmadan söyləyir. Çünki bütün fikir adamları həqiqətpərəst, haqsevər olur, yalanlara, saxtalıqlara nifrət edir, doğrularla qidalanır, həqiqətlə nəfəs alır, yaşayır.



Bir qadının ən böyük yalanı
özünə “hamıdan güclüyəm” deməsidir...
Hər gecə misqal-misqal əriməsini
tək Allah bilər...
Sabahlar dağılmış
hisslərindən toplanaraq,
bütöv görünər...
Yalançı qəhqəhələrdən
ətrafına bəxtəvərlik səpər.
Sonra yalnız anlarında
Öz yalanına özü hönkürər...


Şair kainatın, dünyamızın yaxşılıq, xeyir üzərində qurulduğuna inanır, insanları sevgi yolundan çıxmamağa dəvət edir, çünki əbədi Haqq Yolunun məhz bu olduğuna inamı sonsuzdur.

Ən zəngin adamdan
qalan miras
yaxşılıq xəzinəsidir –
nəsildən-nəslə ötürülər,
xərclənər,
bitməz...
Bir də haqq üçün
varılan,
gedilən sevgi yoludur,
getdikcə işığı cəzbə çəkər...


Sona Vəliyeva poetikasındakı sevgi, məhəbbət, eşq İlahidir – eynilə klassik poeziyamızın sufiləri olan Füzulidə, Nəsimidə, Xətaidə olduğu kimi. Təssəvvüf ənənələrinə sadiq olan şairə sevgiyə onun əsl, əzəli, ilahi mahiyyətini öz üslubunda qazandırır. Doğrudan da, həqiqi sevgi ancaq Tanrı sevgisidir, Tanrını sevməyən heç nəyi sevə bilməz, çünki hər şey zatən Onda mövcuddur, yaxud Onda təzahür edir.

Bu nə eşq, nə sevda imiş,
yol nə yerdə, nə göydə imiş.
Dərdin özü dərman imiş
Rəbbin yolun bulanlara...


Vətən mövzusu Sona Vəliyeva yaradıclığından qırmızı xətlə keçir. İmanlı, duyarlı, təəssübkeş insanlarda Vətən sevgisi, Vətən sevdasının olmaması mümkün deyil. Peyğəmbərimiz də vaxtilə “Vətəni sevmək imandandır” demişdi. “Əcdadımızın mədfəni, övladımızın məskəni” (Abbas Səhhət) olan Vətən Sona Vəliyevanın başının tacıdır. O, Vətənin dilini, sözünü, sazını, insanını sevdiyi kimi, onun hər daşına-qayasına, şəhərinə-kəndinə, dağına-dərəsinə, gülünə-çiçəyinə də heyran, aşiqdir. Gözəl vətənimizin dilbər güşələrindən olan Qarabağımızın, onun ürəyi olan Şuşanın düşmən tapdağında olması Xurşidbanı Natəvanın mənəvi xələfi olan yurdsevər şairənin ürəyində qanlı yara idi. Bu yaranın məlhəmi yalnız və yalnız düşmənin qovulmasında, yağıların murdar ayaqlarının, üfunətli nəfəslərinin müqəddəs torpaqlarımızdan uzaqlaşdırılmasında idi. Şükürlər olsun ki, Tanrı bizə bu günü görməyi nəsib etdi. Müzəffər ordumuz Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək, xalqımıza sevincli, fərəhli günlər yaşatdı. Sona Vəliyeva bu böyük zəfəri, şanlı qələbəni öz həssas şair qəlbiylə bir neçə ay qabaq duyaraq, “Müjdə, Şuşam, biz gəlirik!” rədifli gəraylısını qələmə aldı. Bununla qəhrəman Azərbaycan əsgəri də daxil, hamımızı ümidləndirdi, inamımızı artırdı, möhkəmləndirdi.

Eşit, ay elim, ərənim,
qalam, bürcüm, səngərim,
gözü yol çəkənlərim,
müjdə, Şuşam, biz gəlirik!
Ay dağlar, ay meşələr,
ay intizar bənövşələr,
ruhu yaşayan kişilər,
müjdə, Şuşam, biz gəlirik!


Vətən sevgisində, əlbəttə, bir ağrı, dərd, nisgil də var. Ağrısız, hüznsüz sevgi olmaz ki... Torpaqlarımız uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz, həzin xatirəsi Sona xanımı həm ana, həm də şair kimi duyğulandırır, qəmləndirir. Ancaq o, şəhidlərin həqiqətən ən uca məqamda, insan oğlunun təsəvvür edə biləcəyi ən füsunkar, ecazkar məkanda olduğuna inanır, bütün dərdli anaları, həmçinin bizi də inandırır. Şairin “Allahın yanındayam, ana” şeiri bu mənada yüksək poeziya nümunəsi sayıla bilər.
Salam, Ana!

Nigaran qalma məndən,
Allaha əmanət etdiyindən –
onun yanındayam...
Üfüq ağappaq,
Günəş süd rəngdədir burda...
Şəfqətli əllərini düşünüb,
sağaltmışam yaramı.
Evim çiçəklərdən,
libasım dualardan tikilib...


Bu yaxınlarda Sona Vəliyevanın “Ömrün yaddaşı” adlı şeirlər, poetik silsilələr, poemalar kitabı nəfis şəkildə işıq üzü görüb. Kitabda müəllifin son illər qələmə aldığı mənzum əsərləri ilə yanaşı, elmi-publisistik yaradıcılığı, həyat və yaradıcılığı haqqında yazılan məqalələr, kitablar, deyilən fikirlər, elmi əsərləri, digər bədii kitabları, o cümlədən Həsən bəy Zərdabiyə həsr etdiyi “İşığa gedən yol” romanının müxtəlif dillərdə çap olunan nəşrləri, şairənin həyat və yaradıcılığı haqda məlumatlar dərc olunub. Yüksək poliqrafik keyfiyyətə malik, foto və illüstrasiyalarla zəngin toplu Sona Vəliyeva sevərlərə, oxuculara qiymətli hədiyyədir.


Nadir Qocabəyli


Xəbər 1740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +