Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


25.04.2022  17:18 

Bahar təbiətli alim-həkim





A+  A-

Masallının ilk tibb elmləri doktoru, Ərkivanın ilk alimi...

Aprelin 28-i onun doğum günüdür, anadan olmasının 100 illiyidir. Vəfatından 50 il ötsə də bu gün böyük ziyalı, əsl vətəndaş, dəyərli alim kimi xoş duyğularla anılır. Onu tanıyanlar, şərəfli həyat yoluna, əmək fəaliyyətinə bir daha nəzər salmaq istəyir…

1922-ci ildə Ərkivan kəndinin (indi qəsəbədir) Cəbili məhəlləsində dünyaya göz açıb. 1948-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində qrup nümayəndəsi olub, yüksək dərəcəli təqaüd alıb, institutun həmkarlar komitəsinin və tələbələrin elmi cəmiyyətinin üzvü kimi ali təhsil müəssisəsinin ictimai həyatında fəallığı ilə seçilib.



Təhsilini institutun (infeksiya xəstəlikləri kafedrasında) aspiranturasında (1948-1954) davam etdirib. 1952-ci ildə Leninqradda (Sankt-Peterburq), 1968-ci ildə isə İ.M.Seçenov adına Moskva Tibb İnstitutunda ixtisasartırma kursları keçib.

Ərkivan orta məktəbində (1939-1940), Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs (1940-1943) deyib.

Ə.Cəbiyev Masallı rayon Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında böyük mühasib (1943-1944), Bakı şəhər 3 saylı tibb məktəbində müəllim (1951-1952), N.A.Semaşko adına xəstəxananın 1-ci şöbəsinin klinikasında terapevt-ordinator (1952-1954), 1956-cı ilin yanvarınadək 2-ci şöbənin müdiri işləyib.

1956-cı ildə (müsabiqə yolu ilə) Azərbaycan Dövlət Tibb İnstitutunun birinci müalicə kafedrasına assistent, 1963-cü ilin martında dosent, 1969-cu ilin iyununda professor seçilib və ömrünün sonunadək orada işləyib. Eyni zamanda, institutun müalicə-profilaktika fakültəsində Azərbaycan və rus dillərində mühazirələr oxuyub.

1954-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün tədqiqatlarının məcmusu kimi yazdığı "Endemik səpkili yatalaq xəstəliyində karbohidratlar mübadiləsi" mövzusunda dissertasiya müdafiə edib. Bu, 32 yaşlı Əvəz Cəbiyevin ilk elmi uğuru olub. 14 ildən sonra ikinci dəfə həmin tribunaya qalxıb...



1968-ci ilin mayında “Azərbaycanın müxtəlif əhali qrupları arasında ürəyin işemik xəstəliyinin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Masallılar arasında ilk tibb elmləri doktoru, həmkəndliləri arasında isə ilk alim adı almaq şərəfi Əvəz Cəbiyevə qismət olub.

SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, doktorluq dissertasiyası müdafiəsində Əvəz Cəbiyevin elmi məsləhətçisi olmuş A.L.Myasnikov "Hipertoniya xəstəliyi və ateroskleroz" adlı monoqrafiyasında həmyerlimizə istinad edərək yazır: "Azərbaycan alimi Əvəz Cəbiyevin tədqiqatına görə fiziki əməklə məşğul olan adamlara nisbətən zehni əməklə məşğul olanlarda ateroskleroz daha çox təsadüf edilir. Əvəz Cəbiyev göstərir ki, piy mübadiləsinin göstəriciləri olan xolesterinin və nipoproteinin miqdarı ateroskleroz xəstəliyi zamanı daha da çoxalır..." (Vaqif Yusifli, "Çağırış" qəzeti.17 iyun 1972).



1973-cü ilədək alimin 54 elmi əsəri ölkə mətbuatında dərc olunub. Respublikamızda, xarici ölkələrdə keçirilən konfrans və konqreslərdə, simpozium və müşavirələrdə mühazirələr oxuyub, məruzələrlə çıxış edib. Dəfələrlə Ümumittifaq və Beynəlxalq məclislərə dəvət alıb. 1962-ci ildə Moskva Daxili Xəstəliklər İnstitutunda, SSRİ Tibb Elmləri Akademiyası nəzdində Ürək Qan-Damar Xəstəlikləri Komitəsinin hipertoniya və aterozsklerozun epidemiologiyasına həsr edilmiş Ümumittifaq konfransında, 1963-cü ildə Leninqradda Ümumittifaq kardioloji konfransda, 1965-cı ildə Frunzedə (Bişkek) çağırılmış əhali qrupları arasında aterozsklerozun öyənilməsi məsələləri barəsində Ümumittifaq konfransında etdiyi məruzələr və onlarca başqa elmi məqalə və əsərləri onun istedadlı alim, bacarıqlı həkim olduğunu göstərib.

Səhiyyəmizin inkişafında mühüm xidmətlər göstərmiş mərhum alim haqqında Ərkivan qəsəbə sakini Ayıq Səmədov deyir: “Əvəz Cəbiyev bütün səyini, təcrübəsini, elmi əsərlərini ürəyin işemik xəstəliklərini - ürək infarktı və stenokardiyanı yaradan səbəblərini öyrənilməsinə və onun profilaktikasına həsr edib. Bu xəstəliklərin öyrənilməsinə həsr etdiyi müayinələr əsasında “Əgər qan təzyiqiniz aşağıdırsa" adlı kitabı 1972-ci ildə çapdan çıxıb. Kitabda qan təzyiqinin aşağı düşməsinin səbəbləri, müalicəsi və onun profilaktikasından bəhs edilir…”.



Həkim kadrlarının, elmi işçilərin hazırlanmasında müstəsna əməyi olub. Neçə-neçə aspiranta elmlər namizədi və bir çoxuna elmlər doktoru adı almaq üçün rəy və tövsiyələrilə kömək edib. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş, vaxtilə professorun tələbəsi olmuş Vaqif Əhmədovun Əvəz Cəbiyevlə bağlı xatirələrindən: "Mərhum öz zəhmətkeşliyi ilə təlqin edərdi ki, kim öyrənmək istədiyi məsələnin məsuliyyətini dərk etmirsə, o ən yaxşı nəticəyə nail ola bilməz. Özündən asılı olsa da, olmasa da peşədə büdrəyən həkim üçün gərək həyat məhkəmə səhnəsinə dönsün: hakim də, müttəhim də özü olsun. Bundan sonra vicdanını beyninə, əlinə və gözlərinə "geyib" tibb elminin gücünü göstərməli, sənətinin şərəfini qaldırmalıdır...".

Ömür-gün yoldaşı Məryəmxanımla üç övlad böyüdüblər – Nigar, Niyazi və Gülarə. Həyat yoldaşı Məryəmxanım Şərifova da həkim olub, onunla çiyin-çiyinə, şöbə müdiri kimi çalışıb. İki övladı – Nigar və Niyazı ata-ana sənətini davam etdirib. Gülarə isə ali təhsilli musuqiçidir. Bu gün Cəbiyevlər ailəsini 6 nəvə, 12 nəticə işıqlandırır. Babasının adını daşıyan 32 yaşlı Əvəz Niyazi oğlu Cəbiyev Türkiyədə yaşayır, Hacəttəpə Universiteti Xəstəxanasında həkim işləyir. Hazırda tibb sahəsi üzrə elmi iş üzərində çalışır. Niyazinin həyat yoldaşı, qızı və gəlini də həkimdir.



Texnika elmləri üzrə fəlsəfə doktoru Ədalət Nurəddin oğlu Cəbiyev, texnika elmləri üzrə fəlsəfə doktoru Zülfüqar Qədir oğlu Cəbiyev, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Abdulla oğlu Cəbiyev, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Tağı Tağı oğlu Cəbiyev, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fərhad Elçin oğlu Cəbiyev, eləcə də onlarca həkim, pedaqoq, mühəndis və digər sahələr üzrə mütəxəssislər elmə, təhsilə üstünlük verən Cəbiyevlər nəslinin nümayəndələrindəndir.

Əvəz Cəbiyev 1977-ci ildə, 55 yaşında dünyasını dəyişib. Ərkivanda, Cəbili qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum professorun qohumu, Ərkivan qəsəbəsinin Cəbili məhəlləsində yaşayan Rafiq Cəbiyev bu günəcən Əvəz Cəbiyevə aid çoxlu rəsmi sənədləri qovluq halında qoruyub saxlayır. Elə bu yazını da hazırlayarkən həmin arxivdən istifadə etdim. O, deyir ki, AR Nazirlər Kabinetinin 1991-ci il 26 noyabr tarixli Qərarı ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına Əvəz Cəbiyevin adı verilib. Lakin Mərkəzi Xəstəxana əsaslı təmirə dayanana kimi Ə.Cəbiyevin adının daşıması barədə lövhə vurulsa da, təmirdən sonra həmin lövhə götürülüb, bü günə qədər xəstəxanada tibb müəssisəsinin Ə.Cəbiyevin adının daşıması barədə heç bir məlumatlandırıcı lövhə yoxdur. Aidiyyatı təşkilatlardan xahişim odur ki, elm fədaisinin 100 illik yubileyi ərəfəsində səhiyyə ocağına onun adını qaytarmaqla, ruhuna rahatlıq gətirək.




...Əgər xatırlanırsansa, demək yaşayırsan. Məhz insanın qazandığı əsl zənginlik elə budur – yaddaşlarda silinməz izlər qoyan Əvəz Cəbiyev kimi...


Akif AĞAYEV,
“Yeni həyat” qəzetinin əməkdaşı

Xəbər 3256 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +