İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


03.04.2022  19:02 

Uçurumdan qoruyan





A+  A-

Solçu ədəbiyyatda işi- gücü intirqalar, saray çevrilişləri, Avropanı qarışdıran müharibələr törədən bir obraz- Kardinal Rişelye var. Əslində isə o müharibələrdə bir xalq (fransız xalqı), bir dövlət (Fransa), bir dil (fransız dili) yaranır, o xalqın Avstriya və İspaniyadan asılılığına, katolik kilsəsinin Parisdə taxt- tacın taleyini həll etməsinə son qoyulurdu.

Rişelyenin ən böyük işlərindən biri isə birmənalı olaraq Fransız Akademiyasının təsis edilməsi idi. Fəaliyyətini bu günəcən davam etdirən Akademiyanın məqsədi “fransız dilini daha gözəl, incəsənət və elmin bütün sahələrini anlatmağa qadir etmək“ idi. Amma bununla da kifayətlənmir, Fransa tarixini, fransız xalqını tərənnüm edən əsərlər də sifariş edirdi. O əsərlər Rişelyenin ölümündən bir müddət sonra yaradılacaq Fransız Teatrının (Comedie-Française) repertuarında əsas yer tutacaqdı. Teatrın repertuarı indiyədək dövlət maliyyəsindədir. Həmin əsərlər kelt Obelisk və Asteriksi, qaskoniyalı (bask) D’Artanyanı, lotaringiyalı (german) Janna Darkı, vallonu, bretonu, katalanı, provansalı, korsikalını, flamandı, burqundu... fransıza çevirə bildi.

“Mən qürurlu, döyüşkən müxtəlif xalqlardan vahid xalq, vahid dövlət yaratdım, amma edə bilmədiklərim daha çox oldu”. Barəsində çəkilmiş “Mantiya və ölüm” filminə görə, o, ölümqabağı belə deyibmiş.

2009-cu il yaz-yay aylarında Fransanın iri şəhərlərdəki kütləvi aksiyalar zamanı bir fransız nəşrinin yazdığı təhlil qəribəliyinə görə yadımda qalmışdı. Müəllif iri meqapolislərin gettolaşmış şəhərətrafı massivlərində yaşayan Şimali Afrika (ərəb) mənşəli əhalinin radikallaşmasından bəhs edirdi. Amma bunun sosial motivlərini araşdırmadan fransız hökumətinə yüklənirdi: Axı niyə onlar indiyədək ərəb kimi qalıblar, onların ataları artıq fransız olmalı, bizim mədəniyyətin içində itib getməli idilər. Multukulturalizmdən imtina, fərqli “Avropa İslamı” kimi ideyalar bu hadisələrdən sonra daha çox gündəliyə daşındı. Fərqli kimlikdən gələnləri “fransıza çevirmə” əməliyyatına fransız kinematoqrafiyası, hətta fransız idmanı da ədəbiyyat qədər öz töhfəsini verir.

“Biz italiyanı yaratdıq, indi də italyanları yaratmalıyıq” -19-cu əsr italyan siyasətçisi və ədəbiyyatçısı Massimo D`Аdzelyonun bu fikirləri 90-cı illərin sonlarında İtaliya siyasi səhnəsinə Şimal Liqasının daxil olması, Padaniya separatizmi parlamentə daşınanda daha da aktuallaşmışdı. Amma italyan yaratma işi davam edir. Radio və televizyanın həyatlarına daxil olduğu 50-ci illərə qədər italyanların yalnız 50 faizdən çoxu taskaniya dialektini (ədəbi dili) bilmir, öz yerli dilində və ya dialektində danışırdı.

“…Azərbaycan ismi coğrafi bir istilah olmaqdan ziyadə QÖVMİ BİR MƏNA ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə mütəkəllim məxsus bir qövm ədd edərik”.
Bunu da Cümhuriyyətin qurucusu saydığımız Məmməd Əmin Rəsulzadə deyir. Fikir başqa zamanda, başqa şəraitdə II Prezident Heydər Əliyev tərəfindən də dönə-dönə səsləndirilib (məsələn, dilimizin konstitusion adının bərpası ilə bağlı müzakirələrdə).

Xalq hərəkatı, 20 yanvar faciəsi, düşmənə qarşı milli vəhdət zərurəti, nəhayət Qarabağ müharibəsi azərbaycanlı kimliyini bir coğrafi, siyasi, hətta linqvistik kimlikdən daha çox milli kimlik kimi təsbit etdi. Xalq hərəkatı barədə yazıçı, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı sonralar yazacaqdı ki, Meydana lənkəranlı, bakılı, gəncəli, naxçıvanlı kimi gələnlər Meydandan azərbaycanlı kimi ayrılırdılar.

Bəs ədəbiyyat dövlətimizin (həm AXC, həm də yeni dövrdə) qurucuları kimi ünvan verdiyimiz şəxslərin bəlirlədiyi istiqamətdə nə iş görüb, mövcud olanı necə təsbit edə, onun bərkiməsinə, bərqərar olmasına necə töhfə verə bilib?

Ədəbiyyatın, sənətin belə sərt millət quruculuğu konsepsiyasına tabe edilməsinin yanlış olması haqda səslənəcək iradlar da yersizdir. Yanlış olsaydı, o konsepsiya ilə yazılmış ədəbiyyat bu qədər oxunmaz, çəkilmiş filmlər bu qədər izlənməz, xeyli dərəcədə o konsepsiyanın əsəri olan dövlətlər və millətlər bunca uğurlu olmazdı.

Bizim ədəbiyyatda kim ilk dəfə bu işə təşəbbüs göstərib? Yadıma gələn Nərimanovun “Nadir şah Əfşar” dramıdır. Rus imperiyasının öz müstəmləkəçiliyinə haqq qazandırmaq üçün aqressiv təbliğat apardığı, Qafqaz canişinliyin sifarişilə Azərbaycan, Şərq dövlət başçılarını -xanları, şahları ələ salan, təhqir edən ədəbi əsərlər yazıldığı vaxt Qafqazlara rusların ilk yürüşünü dayandırmış şəxsin faciəsini bir dövlətin faciəsi kimi dəyərləndirən tarixi dram ciddi hadisə idi.

Zamanla tariximizə bu baxış daha da təkmilləşdi, Mirzə Cəlilin “Azərbaycan” məqaləsi, “Anamın kitabı” , Cəfər Cabbarlının “Od gəlin”i, Yusif Vəzirin “Əli və Nino”su, "Azərbaycan və azərbaycanlılar" məqaləsi, “Qızlar bulağı”, Məmməd Əminin “Azəri yurdu” jurnalı, “Əsrimizin siyavuşu” essesi, tarix və ədəbiyyatımıza dair tədqiqatları, Məmməd Səidin “Qılınc və qələm”i, İsa Hüseynovun “Məşhər”i, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, bütün sovet ideoloji təsirlərinə rəğmən “Səbuhi”, “Babək”, ”Fətəli xan” və s. filmlər qədim köklər üzərində qaim olan yeni siyasi etnosun–azərbaycanlıların milli kimliyini möhkəmləndirir, təbliğ edirdi.

Gözləmək olardı ki, bu təqdimat-təbliğat bəzi əyintilərdən, sovet ustanovkası ilə qonşu, tarixən bağlı olduğumuz xalqlardan- müsəlman və türkdilil xalqlardan düşmən düzəldilməsi kimi yanlışlardan xilas olmaqla daha da inkişaf edəcək. Etmədi. Maraqlıdır ki, Rusiyaya daha ağrısız interqrasiya etmiş Qazaxıstanda rus və Çin (cunqarların timsalında) işğalına qarşı mübarizəni simvolizə, bu mübarizənin lideri Abılay xanı idealizə edən “Köçəri” filmi çəkilir, bizim ədəbiyyat və ədəbiyyatçılar hələ də real işğal haqda deyil, 13 əsr uzaqlıqda qalmış mifik düşmənlə mübarizə haqda danışır.

“Bu sahədə tam boşluq var”da demək olmur. Boşluq, əlbəttə, doldurulur. Amma nədənsə Cümhuriyyət qurucularının, Azərbaycan müstəqilliyi ideyasına qədər gəlib çıxmış 19-20-ci əsr ziyalılarının məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq tarix səhnəsinə siyasi millət kimi qədəm qoymuş azərbaycanlı kimliyi indi bu kimliyi qorumağa və möhkəmləndirməyə mükəlləf olanlar (parlament üzvü və partiya sədri olduqları üçün) tərəfindən mübahisələndirilir, sovet məhsulu elan edilir. Üstəlik, tarixi roman janrında işləyən müəlliflərimizi bu kimliyə qarşı səfərbər etməyə təşəbbüs göstərilir. Bir fransız siyasət adamı ilə bir azərbaycanlı siyasət adamının, Rəsulzadə və Heydər Əliyevlə çağdaşlarımızın fərqi bu qədər olmamılıdır, yəqin ki..

Zamanla xalqların tarixə baxışı da dəyişə bilər, siyasi keçmişi yenidən dəyərləndirmək zərurəti də hiss edə bilərlər. Dünənəcən anqlosakson əlahiddəliyini öyən ingilis incəsənəti imperiya itirildikdən sonra daha çox Britaniya kimliyi axtarışındadır, indi anqlosaksonlara qarşı döyüşdüyü iddia edilən, kelt, pikt ya roman mənşəyi haqda ehtimallar səsləndirilən mifik kral Arturdan britaniyalılığın simvolu düzəldilir. Amma tarixə baxışın dəyişməsi, siyasi keçmişin yenidən dəyərləndirilməsi mövcudları vurub dağıtmaq, milli dövlətin təməli olan fərqli və bizi bir siyasi vətəndə vahid siyasi etnos kimi saxlayan milli kimliyi sovet məhsulu elan etməklə olmamalıdır.

Bəs, bu gün ideoloji sistemin yönəldicilərinin vaxtilə Məmməd Əminin, Nərimanovun, Yusif Vəzirin malik olduqları sayaq bitkin ideoloji konsepsiyaları varmı? Ya dünən olubmu? Demək çətindir. Görünən budur ki, Azərbaycanda millət quruculuğu naminə ədəbiyyatın gücündən istifadə təşəbbüsləri daha çox fərdi təşəbbüslərdir. Yunus Oğuzun, Elçin Hüseynbəylinin və başqalarının fərdi təşəbbüsləri şəklində. Fərdi təşəbbüskarlığın bütün üstünlükləri və qüsurları ilə birlikdə...

...Bu qeydləri Y.Oğuzun “Uçurum“ əsərinin təqdimatında səslənmiş və mənə mübahisəli gələn fikirləri eşitdikdən sonra yazıya köçürmüşdüm, amma kitabı oxumadan tamamlamaq istəmirdim. Nəhayət ki, bayram tətilindən istifadə edib, oxudum. Və zövq aldım deyə bilərəm. Ədəbiyyatçıların, ədəbi tənqidin Y.Oğuza və konkret əsərə münasibətinə qarışmıram - daxili işləridir. Mənim qeydlərim müəllifi azdan-çoxdan tanıyan, əsərin paralel reallıq kimi təqdim etdiyi orta əsrlər tarixi ilə maraqlanan, əsas süjetin vaqe olduğu günümüzdəki bəzi hadisələrin fəal müşahidəçisi olmuş nisbətən məlumatlı bir oxucunun rəyidir.

Əvvələn, məncə, əsər sırf tarixi roman janrını aşır. Y.Oğuzun yaradıcılığı, xüsusən konkret “Uçurum” əsəri daha çox bədii dokumentalistikaya, nəinki tarixi roman. Tarixi roman üçün yad görünə biləcək publisist üslubu və qəzetçi dili ilə bağlı tənqidçilərin iradları da, yəqin ki, janrların düzgün təqdim edilməməsindən irəli gəlir (Ki, bu, müəllifin deyil, ədəbi tənqidin problemidir). Əlbəttə ki, onun əsərləri sırf non fikşn (bədii dokumentalistikanın bütün tələblərinə əməl edən əsərlər) deyil, kifayət qədər bədiilik var, ən peşəkar romançıya xas ədəbi priyomlardan istifadə edilir.

Nəhayət, hər hansı janra üstünlük vermək əsərin dəyərini azaldıb artıran faktor deyil. Məsələn, BBC, Viasat History ya Netflixin bu janrda filmlərini necə adlandırırıq? Hər halda tarixi dram, ya blokbaster demirik. Əksinə, o filmlərdə tarixi bədii filmlərdən alıntılardan, bəzən müəllifin, bəzən də mütəxəssislərin monoloqlarından, rəylərindən istifadə olunur. Və ya İsa Nəcəfovun ssenarisi əsasında Ramiz Fətəliyevin çəkdiyi “Bir anın həqiqəti” filmi, doğrudanmı sırf siyasi trillerdir? Bəs, Vaqif Mustafayevin Azərbaycanın II Prezidenti haqda filmləri sırf dokumentalistikadırmı?

Y.Oğuz əsərlərində bəzən publisist, bəzən tarixçi alim, bəzən də sonuncu əsərində olduğu kimi müəyyən qədər də PR texnoloq kimi çıxış edir (Bildiyim qədərincə, müəllif şayiə texnologiyaları barədə bir bröşür də çap edib vaxtilə). Yəqin əsərdə təsvir olunan bütün bəlaların mülkiyyə-divaniyyədən qaynaqlanırmış kimi göstərilməsi, hərbiyyənin, zəbtiyyənin, daxiliyyənin, bəhriyyənin, xariciyyənin, xəfiyyənin, əmniyyənin (terminləri tarixi bədii dokumentalistikanın ruhuna uyğun gəlsin deyə seçirəm) bu günahlardan arınmış tutulması səbəbini də janrın tələbi və müəllifin aktiv siyasi mövqeyi ilə izah etmək lazım gəlir. Hanıs janrda və ya dövrdən yazmasından asılı olmayaq, Y.Oğuzun qələmində olduqca uğurlu alınır. Məncə, bədii dokumentalistika janrına aid edilməli olan sonuncu əsərin tarixi roman səviyyəsində işlənməsi isə müəllifin əlahiddə uğurudur.

...Yuxarıdakı fikrimə qayıdıram. Azərbaycanda millət quruculuğu naminə ədəbiyyatın gücündən istifadə təşəbbüsləri daha çox fərdi təşəbbüslərdir. Bu təşəbbüslərin ən ciddi nümunələri içində Yunus Oğuzun qələmə aldıqları da var. Vaxt tapdıqca oxunmasını tövsiyə edirəm. Qalır bu əsərlərin kino versiyaları. Yəqin ki, öz sahələrinin təbliğində maraqlı olan qurumlar və milli kinomuzun inkişafına məsul qurumlar bu barədə də düşünərlər.

Cəmaləddin Quliyev


Xəbər 3135 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +