AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.04.2022  21:57 

Cəhənnəm oduna qarşı qalxan - Ramazan





A+  A-

Ayların sultanı Ramazan hər bir müsəlmanın şəxsiyyətində, onun insan kimi formalaşmasında, tərbiyəsində olduqca mühüm yer tutur. Ən ali qanunlar məcmuəmiz olan Qurani-kərim məhz, bu ayda yer üzünə endirilib. Və məhz, bu ayda sevgili peyğəmbərimiz Hz.Mühəmməd (s) peyğəmbərlik məqamına yüksəlib.


Allaha qayıdış və dönüm ayı olan Ramazan ayı mayın 2-dən könül baxçamızın qonağı olacaq. Qəlbimizin ən munis nidalarını bu ayda Ərşi-əlaya ünvanlayacaq, Yaradandan (c.c) bağışlanmağımızı, bizi haqq yoluna yönəltməyi, ruhumuzu saflaşdırmağı, ağıl və imanımızı kamil etməyi diləyəcək, rəhm və mərhəmətini bizdən əsirgəməməyi üçün dualar edəcəyik.

Kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq hər bir müsəlman bu mübarək ayda oruc tutub, Allah-Təalanın (c.c) buyurduqlarını yerinə yetirməyə borcludur: “Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlkilərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, pis əməllərdən çəkinəsiniz”. (Bəqərə, 183)

Oruc tutmaq insanı mənən saflaşdırır, iradəsini möhkəmləndirir, qəlbini iman işığı ilə nurlandırır, nəfsini paklaşdırır, onu məkr, hiylə və riyadan uzaq olmağa sövq etdirir, başlıcası isə kamilliyə yüksəlməsində ona yardımçı olur.

Oruc günahlarımızın qarşısının alınmasında ən böyük qalxandır. Oruc insanları səbrə, təmkinə, mərhəmətli olmağa dəvət edir, əxlaqımıza – iç dünyamıza nəzarəti gücləndirir, daha dəqiq ifadə etsək, sağlam ruhla sağlam bədənin vəhdətini gerçəkləşdirir. Peyğəmbərimizin (s) buyurduğu kimi: “Oruc tutsanız sağlam olarsınız”. Burada “sağlam” ifadəsi cismani və mənəvi anlamı özündə ehtiva edir.

Oruc tutmaq yetkinlik yaşına çatmış hər bir müsəlmana vacib olan əməl sayılır, amma bununla belə, xəstəliyə tutulanlar və səfərdə olanlar oruc tutmaya bilər: bir şərtlə ki, xəstələr sağaldıqdan, səfərdəkilər isə evlərinə döndükdən sonra tutmadıqları orucun qəzasını tutmalıdırlar. Çünki məhz, bu ayda ən vacib ibadətləri yerinə yetirməklə günahların yuyulmasına nail olmaq mümkündür. Peyğəmbərimizdən (s) “Ramazan ayının ən mühüm şərti nədir”,- deyə soruşduqda “günahların yuyulması” cavabını vermişdir.

İnsan yeyib-içməkdən çəkinərək oruc tutmaqla öz şeytani nəfsilə mübarizə aparır və hissləri müqabilində müqvimət göstərir. Bu vəzifəni yerinə yetirmək insan iradəsini və qətiyyətini möhkəmləndirir, insanı gərəksiz arzu və istəklərdən xilas edir.

İnsan orqanizminin ən mühüm tələbatlarından biri də yemək, yəni qida qəbul etməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox ziyanlıdır. Mötəbər hədislərdə buyurulduğu kimi, normadan çox qida qəbul etmək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha (c.c) ibadətdən uzaqlaşdırır. Peyğəmbərimiz (s) buyurur ki, “çox yemək bütün dərdlərin evi, az yemək isə dərmanların ən əsasıdır”. Bu baxımdan, Ramazan ayını müsəlmanların bir aylıq “müalicə kursu” da adlandırmaq olar.

Orucluq müddətində həzmetmə sistemi ən azından bir ay “dincəlib yorğunluğunu alır”. Ardıcıl kalorili qidalanma nəticəsində bədəndə əmələ gələn zərərli piyləri yalnız, oruc tutmaq vasitəsilə əritmək mümkündür. Qeyri-müsəlman alimləri də bu fikri müdafiə etmişlər ki, pəhriz ən yaxşı dərmanlardan biridir.

Qeyd: halal və pak qidaların hər hansı biri ilə iftar açmaq olar – xurma, süd, halva, yaxud isti su ilə iftar açmaq xüsusilə savabhesab olunur.

Ramazan ayında niyyət edərək oruc tutan hər bir kəs üzürsüz olaraq yeyib-içərsə, yaxud cinsi əlaqədə olarsa, oruc pozular. Ümumiyyətlə, orucu batil edən bir neçə amil vardır ki, bunu heç bir halda nəzərdən qaçırmaq olmaz: qida qəbulu, cinsi əlaqə, qatı toz və ya tüstünü udmaq, başı suya salmaq, imalə, qəsdən qusmaq, sübh azanına qədər pak olmamaq.

Oruc – niyyət edilərək, imsak (obaşdan) vaxtından iftar vaxtınadək (orucu batil edən hallardan uzaq olmaqla) yerinə yetirilən müqəddəs bir ibadətdir.

İmsak – sübh namazını qılıb, yeyib-içməyi başa vuraraq oruca başlamaq vaxtıdır, yəni namaz vaxtından bir qədər əvvəl qida qəbulunu dayandırıb oruca başlayaraq, niyyət edirsən – həmin vaxtdan oruclu sayılırsan.

İftar – orucun açıldığı, eləcə də şam namazının başlanma vaxtıdır. Öncə namaz qılıb, sonra iftar açmaq daha yaxşı əməl hesab olunur. Qeyd: Şamdan sonra oruca niyyət edilərsə belə, imsak vaxtına qədər qida qəbul etmək olar.

Oruc tutan şəxs belə niyyət etməlidir: “Allah rizası üçün Ramazan ayının tamamını (və ya sabahkı gününü) oruc tutmağa niyyət edirəm”.

İftar duası: “Əllahummə,ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu fətəqəbbəltu minni innəkə əntəəs – səmiul-əlim. Əllahummə ya vasiəl-məğfirəti-iğfir-li.

Tərcüməsi: “Ey mənim Allahım! Sənin əmrinlə oruc tutdum, Sənin verdiyin ruzi ilə iftarımı açıram və Sənə təşəkkür edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən hər şeyi eşidən və bilənsən. Ey böyük və bağışlayan Allah, günahlarımı bağışla!”

Ramazan ayının (Cəfəri məzhəbində) 19-cu, 21-ci və 23-cü, (Hənəfi məzhəbində isə 27-ci) gecəsi Əhya (Qədr) gecəsi – Qurani-kərimin yer üzünə endirilməyə başladığı min aydan xeyirli bir gecədir.

Müsəlman icmasında oruc (ərəbcə “əs-saum”, farsca “ruzə” və ya “ruze”, türkcə isə “oruc”) bizə gəlib çatan şəkildə namazdan sonra, Mühəmməd peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən 18 ay sonra – miladi 624-cü ildə, Şaban ayının 15-ci günü vacib buyurulmuş və o vaxtdan tətbiq ediməyə başlanmışdır. O vaxta qədər isə, müsəlmanlar özlərindən qabaq oruc tutanlar kimi bu ayini icra etmişlər. Qurani-kərim Allaha (c.c) ibadətin bu formasını inkişaf etdirərək, hicri-qəməri Ay təqviminin 9-cu ayı olan Ramazan ayının son on gecəsinin birində vəhyin nazil edilməsinin başlanması ilə əlaqələndirmiş və müsəlmanları Ramazan ayında oruc tutmağa çağırmışdır.

“Ramazan” ərəbcə “rəməzə” sözündədəndir, mənası “yandırmaq” deməkdir. Burada “yandırmaq” ifadəsi birbaşa olaraq nəfsə şamil edilir.

Qeyd: Oruc tutmağa taqəti olmayanlar imkanı daxilində hər günün qarşılığı olaraq bir imkansızı doyurmalıdırlar. Orucluq 29, yaxud da 30 gün davam edir, Ramazan ayı təzə Ayın – hilalın görünməsilə başlayır və onun rüblərini keçdikdən sonra, yəni Şəvval ayında yenidən görünməsilə başa çatır.

İslam orucluğa həm də əxlaqi-mənəvi təsisat kimi baxır. Həqiqətən də orucluq əsnasında insana, ola bilsin ki, dünya həyatının ən mühüm əxlaq dərsi təlqin edilir. Bütün orucluq ayı gündən-günə təkrar edilən bu dərs insan iradəsini möhkəmləndirir, onda şeytan vəsvəsəsinə qalib gəlmək bacarığı tərbiyə edir, ona həqiqi yaxşılığın və xeyirxahlığın səmtini itirməmək qabiliyyəyi aşılayır.

Orucluğu ictimai baxış bucağından xarakterizə etsək, o zaman onu möminlər arasında qardaşlıq, qarşılıqlı anlaşma, bərabərlik, bir-birinin ehtiyaclarına qağıkeş münasibət yaratmağa yönəlik ilahi bir təsisat kimi dəyərləndirə bilərik.

Ramazanın fəlsəfi tərəfinə gəldikdə isə, ilk növbədə demək lazımdır ki, orucluq – insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Bu ay ruhun tərəqqisi və Allaha (c.c) tərəf pərvaz etməsidir. Peyğəmbərimiz (s) buyurur ki “oruc cəhənnəm oduna qarşı qalxandır”.

Orucluğun bir fəlsəfəsi də ictimaiyyət arasında bərabərçiliyi yaratmasındadır. Orucluq zamanı varlı da, kasıb da bərabər olur. İnsan məhz, bu ayda ruhən və cismən saflaşır, sözün həqiqi mənasında insan olur.

Peyğəmbərimizin (s) bir hədisində buyurulur: “Uca və böyük Allaha buyurub ki, orucluq Mənə aiddir, onun mükafatını da Mən verəcəyəm”.

Bağışlanmaq, tövbə, dua, Allaha (c.c) dönüm və qayıdış dönəmi olan mübarək Ramazan ayında ölkə dindarlarını təbrik edir, onlara “Allah imanınızı kamil, tutduğunuz oruc və qıldığınız namazları qəbul etsin” – deyirik. Amin!

“XəzərNews”

Xəbər 1605 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +