Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


21.02.2022  13:47 

Bənzərsizlik





A+  A-


Ölüm sevinməsin qoy,
ömrünü vermir bada
El yolunda canını
daha əziz bilənlər.
Şirin bir xatirə tək
qalacaqdir dünyada
sevərək yaşayanlar,
sevilərək ölənlər


bu məşhur misraları dahi Səməd Vurğun böyük bəstəkar Üzeyir bəy Hacıbəylinin vəfatından təsirlənib yazıb. Amma hər kəlməsi ehtiram işığı saçdığı üçün dəyərli insanları vəs edən yazılarda təkrar-təkrar sitat gətirilir. Budur, elə biz də istisnaya varmırıq. Daha dolğun alınsın deyə, bir sənətkar eloğlumuz haqqında söhbətimizi həmin poetik deyimi yada salmaqla başlayırıq.

Düşünürəm ki, mahir qarmon ifaçısı, bacarıqlı pedaqoq, istedadlı bəstəçi Abutalıb Sadıqovun Azərbaycan musiqi tarixində xidmətlərinə görə belə bir ucalığa, belə bir şərəfə haqqı var. Şairin təbirincə söyləsək, o da xalqı sevərək yaşadığından, xalqın əbədi sevgisi ilə mükafatlanıb.

Çoxşaxəli və məhsuldar fəaliyyəti sayəsində şirin xatirə tək yaddaşlarda qalıb. Xüsusi vurğulamaq olar ki, ustad sənətçi kimi adını möhtəşəm Kərbəlayi Lətif, Ələkbər Nəzərli, Əhəd Əliyev, Teyyub Dəmirov, Abbas Abbasov, Musa Həsənov, Səfərəli Vəzirov... sırasında məskunlaşdıra bilib.

Ölkəmizdə səviyyəli qarmon ifaçıları dünən də bəs qədər olub, bu gün də yetərincədir. Hər birinin öz dəsti-xətti var. Amma həmyerlilik hissinin yaradıcılığı mənə ruhən daha çox yaxındır.

Eyni musiqi nümunəsini başqasının və Abutalıb Sadıqovun ifasında eşidəndə onun ecazkar təsirindən uzun müddət uzaqlaşa bilmirəm. Çünki bənzərsizdir! Şirindir! Öz sevimli çalğı alətinin dillərinə barmaqları ilə dil açdırıb, hamının başa düşdüyü şəkildə danışdırıb. Yəqin elə buna görə Rübabə Muradova, İslam Rzayev, Qulu Əsgərov, Tükəzban İsmayılova, Rəsmiyyə Sadıqova kimi sənətkarlar Abutalıb Sadıqova sonsuz məhəbbət bəsləmiş, onun müşayiətinə önəm vermişlər.

Bakı Mədəni Maarif Texnikumunda otuz illik qarmon müəllimiyi, paralel Televiziya və Radio Komitəsində, Asəf Zeynallı adına musiqi texnikumunda, Dövlət mahnı və rəqs ansamblında, Dövlət konsert birliyində çalışmasını xəyala gətirəndə, Abutalıb Sadıqovun daxilindəki tükənməz enerjiyə heyran qalırsan. Filarmoniyaının mahnı və rəqs ansamblına, Opera və Balet Teatırının xalq çalğı alətləri ansamblına dəvəti, yüzdən artıq ölkəyə qastrol səfəri, yüzlərlə dövlət tədbiri, cəbhə bölgələri, saysız-hesabsız toy məclislərində iştirakına gələndə isə yaranan mənzərəni ifadə etməyə ümumiyyətlə söz tapmırsan....



Abutalıb Sadıqovun həyatı və yaradıcılığı arasında müddət fərqi çox azdır. Buna səbəb, sözsüz ki, onun lap erkən yaşlarından musiqi aləmi ilə bağlılığıdır. Mütəmadi surətdə el şənliyinə dəvət alan çalğıçılar dəstəsinin tərkibində hər dəfə yeddi-səkkiz saat zərb alətlərini səsləndirib. Bu o deməkdir ki, il ili əvəzlədikcə, sənət ab-havasında olması qarmon ifaçılığına doğru aparan yolda yeniyetmə Abutalıba bələdçilik eləyib, püxtələşməsində hərəkətverici qüvvə missiyasını yerinə yetirib.

Notu qavramasında, sadə xalq mahnılarını, rəqs havalarını öyrənməsində, muğam dünyasından xəbərdar olmasında, ansambl üzvlərinə münasibətdə davranış-ünsiyyət normalarını mənimsəməsində mühüm rol oynayıb.

Abutalıb Sadıqovun tərcümeyi-halı, xüsusən, sənətə gəlişi barədə özünün, yaxınlarının və həmkarlarının söylədikləri ilə tanışlıq zamanı olaylar ilk baxışda adama çox yüyrək görünür. Amma yaxşı mənada qeyri-adi inadkarlığını, əvvəllər çalmadığı musiqi alətini çəkinmədən, dilləndirməyə cəsarət tapmasını, müəllim olmasını arzulayan atasını belə seçdiyi yolu dəstəkləməyə vadar etməsini bilincə, hər şeyə aydınlıq gəlir.

Tar üzrə aldığı təhsili və yuxarıda qeyd etdiyimiz kimi nağara qoltuğunda, qoşanağara qənşərində tez-tez toyda, əlamətdar günlərdə dövlət xətti ilə keçirilən bayram şənliklərində ritm tutmasını yada salanda isə, əslində heç bir möcüzənin baş vermədiyini anlayırsan.

Pedaqoji elmlər doktoru professor Fərahim Sadıqov, qardaşının sənətkarlıq xüsusiyyətlərini tam təfərrüatı ilə açıqlayan “Mahir qarmon ifaçısı Abutalıb” sərlövhəli yazısında irsən ata və ana tərəflətində melodik səs duyumlu insanların olmasını konkret adlar çəkməklə xatırladır.



Qandan gələn bu Allah vergisini sonsuz sevgi və böyük zəhmətlə həmrəy görəndə, inanırsan ki, ikinci gündə qarmon kimi mürəkkəb bir alətdə başlanğıc üçün bəs dərəcədə çalmaq da mümkündür, əyalətdən birbaşa mötəbər yerə-Bakı Mədəni Maarif Texnikumuna müəllim çağırılmaq da...

Musiqi mədəniyyətimizin fəxri olan Qulu Əsgərov və Sabir Mirzəyev timsalında tarix göstərdi ki, illər keçdikcə, xalq məhəbbəti rəsmi titulları üstələyir. Əsl sənətkarın sağlığında sadə insanlar tərəfindən layiq görüldüyü alqışlar onun vəfatından sonra unudulmazlığına söykək olur. Təbii şəkildə qazanılan nüfuz cürbəcür süni gurultuları, parıltıları arxada qoyur...

Məqaləni başlayarkən Abutalıb Sadıqovun da adının əvvəlinə orden-medal düzmədik, növbənöv mükafat sıralamadıq. Ölməzliyinə şəhadət verən təkcə bir göstəricisini-bənzərsiz ifa tərzini vurğuladıq.

Davamını isə bəstələdiyi və radionun qızıl fondunda saxlanılan “Rahimi”, “Təranə”, “Aybəniz”, “Nəzrini”, “İlkini” kimi oyun havaları ilə gətirə bilərik. Zamanca qərinəyə bərabər müəllimlik fəaliyyəti isə ayrıca bir insan ömrünə kifayət edər.

Yaşanmış illər üçün ortaq dəyər ölçüsü yoxdur. Mənasız keçibsə məğlubsan, gərəkli işlərə sərf olunubsa qalibsən. Abutalıb Sadıqovun həyatını vərəqlədikcə, hər anında qalibiyyət görürsən. Bu zaman, təbiidir ki, qəlbin qürur hissi ilə dolur. Bizim kimi... Belə eloğlu ilə kim fəxr etməz ki?!.

Ayıq SƏMƏDOV,
Masallı


Xəbər 1520 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +