Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri
“Diaspor təşkilatlarına vergi, gömrük güzəşti baş ağrı ola bilər”


15.02.2022  09:55 

Mey haram isə, həqin nitqi halal





A+  A-

AMEA Folklor İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın “KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA İŞLƏNƏN SÖZLƏRİN İMADƏDDİN NƏSİMİ YARADICILIĞINDA İZLƏRİ” adlı elmi məqaləsini qısa ixtisarla təqdim edirik. Güman edirik ki, gənc folklorşünas alimin elmi axtarışları maraqla qarşılanacaqdır.

XIV əsr Azərbaycan ədəbi dilinin zənginliyini özündə ehtiva etmiş, şeirlərinin əksəriyyətini ana dilində yazmış görkəmli filosof-şair, böyük söz ustadı İmadəddin Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Şairin ədəbi irsi dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir.

İ.Nəsiminin poeziyasında asan anlaşılan, diləyatımlı leksik vahidlər daha çox üstünlük təşkil edir. Lakin bu söz və ifadələrin bəziləri arxaikləşib dilimizin leksik fondundan çıxmışdır. Bir məsələni vurğulayaq ki, filosof-şair öz dövründən, zamanından xeyli əvvəl Azərbaycan ədəbi dilinin ənənələrini poeziyasında qoruyub-saxlamışdır. Bu da onun ana dilimizə bağlılığının bariz nümunəsidir. Məhz, əsl Azərbaycan (türk) sözlərinin zəngin nümunələrinin mühafizə olunduğu, qədim folklor abidəmiz olan “Kitabi-Dədə Qorqud” dilimizin qədimliyindən, rəngarəng məna çalarlarına malik olmasından xəbər verir. Filologiya elmləri doktoru Şamil Cəmşidov “Nəsimi şeirlərində “Dədə Qorqud” ifadələri” adlı məqaləsində yazır: “...Təxminən iki min il bundan əvvəl yazıya köçürülən və müxtəlif katiblər tərəfindən yaradıcı şəkildə işlənib-təkmilləşdirilən bu ədəbi abidə (“Kitabi-Dədə Qorqud” – X.Ə.) Azərbaycan dilinin ən qədim söz ehtiyatını özündə qoruyub-saxlayan zəngin bir xəzinədir. Azərbaycan klassiklərinin, o cümlədən Nəsimi, Xətai və Füzulinin ədəbi irsinin dil, lüğət, söz ehtiyatı bu baxımdan bu abidə ilə müqayisəsi qiymətli elmi nəticələr doğurur”. Nəsimi yaradıcılığına da diqqət yetirəndə bu fikir özünü yüksək dərəcədə doğruldur. Şairin poeziyasının bu möhtəşəm abidəmiz ilə müqayisəli təhlili leksik vahidlərin işlənmə dərəcəsinin, oxşar və fərqli cəhətlərinin, eyni zamanda qrammatik xüsusiyyətlərinin də ortaya çıxarılması baxımından diqqəti daha çox cəlb edir. Məsələn, “Kitabi-Dədə Qorqud”dan bir nümunəyə nəzər yetirək: “Əcəl vədə irməyincə kimsə ölməz (Əcəl vaxtı çatmayınca kimsə ölməz)”. Burada “irməyincə” sözü “irişmək” feilindəndir. Yəni “irişmək” “yetişmək”, “çatmaq” mənasını verir. Bu linqvistik vahidə Nəsimi poeziyasında da rast gəlirik:

Qaşın meracinə sufi irişmək istər, ey huri,
Vəli qasir idrakın ürucu irməz ol yayə.

Mənzilə irmək dilərsən, eşqi yoldaş eyləgil,
İrmədi mənzilinə, kim baxmadı yoldaşinə.


Şairin yaradıcılığından gətirilən birinci nümunədə yuxarıda qeyd edilən söz (irişmək) məsdər formasında, ikinci nümunədə – I misrada məsdər, ikinci misrada isə feilin şühudi keçmiş zaman formasında işlənmişdir. Dilçi alim Yusif Seyidov qeyd edir ki, “Nəsimi yaradıcılığı ilə başlanan, Nəsiminin işləyib kamilləşdirdiyi, yüksək səviyyəyə qaldırdığı ədəbi-bədii dil özündən sonrakı poeziya dilinə, bununla da ümumən Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir göstərmişdir”. Növbəti nümunəyə diqqət yetirək. “Kitabi-Dədə Qorqud”da: “...Qayibdən dürlü xəbər söylərdi. Haq taala anın könlünə ilham edərdi” (Allah onun könlünə ilham verirdi). İ.Nəsimidən gətirdiyimiz nümunəyə baxaq:

Ey aşiq, anın zülfünə yapış bu cahanda,
Bir ancalıyın dilbəri-əyyar ələ girməz.

Bu nümumələrdə “an” leksemi “o” morfoloji vahidinin (şəxs əvəzliyinin) arxaik formasıdır. “Anın”, yəni onun. Daha bir nümunəyə diqqət yetirək. “Kitabi-Dədə Qorqud”da: “Qamusuna bənzəmədi cümlə aləmləri yaradan Allah-Tanrı görkli (Heç kimə bənzəməyən, bütün aləmləri yaradan Allaha əhsən!)”. Burada “qamusu” leksemi sözün həqiqi mənasında “hamısı” deməkdir. Lakin dastanda tekstoloji sadələşdirmə aparan müəllif bu sözü “heç kim” (inkar əvəzliyi) kimi ifadə etmişdir. Əslində, üslubi düzən pozulmasın deyə müəllif bu addımı atmışdır.

İ.Nəsiminin yaradıcılığından daha bir örnəyə nəzər yetirək:

Saqiyi-gülrüx əlindən bu qədəh
İç, pərişan xatirin olsun fərəh.

Mey haram isə, həqin nitqi halal,
Qamu məzhəbdə budur qövli-əsəh.


Bu poetik örnəkdə isə “qamu” sözü “bütün” (təyini əvəzlik) mənasını verir. Başqa bir misala diqqətimizi yönəldək:

“Kitabi-Dədə Qorqud”da:

“Soylama.

Aydır:

Bəri gəlgil, başım baxtı, evüm taxtı,
Evdən çıqub yüriyəndə səlvi boylum...


İ.Nəsimidə:

Kim aydır kim, üzün gülnara bənzər?
Ki, üzün nurəvü gül nara bənzər.


Bu nümunələrdə “aydır” qrammatik vahidi (feil) “dedi”, “söylədi” mənalarını verir.

Fikrimizi davam etdirmək üçün daha maraqlı bir məqama diqqət edək. Dilimizdə “kəpənək” sözünün leksik mənası hamıya məlumdur – uçan həşərat növlərindən biri. Lakin bu sözün qədim, arxaikləşmiş semantik mənası “yapıncı” deməkdir, yəni üst geyim növüdür. “Kitabi-Dədə Qorqud”da yapıncıya kəpənək deyilir: “Qanlu qara Dərvənddə kafir dəxi qonmış idi. Oğlana qara kəpənək geydirmişlərdi”.

Nəsimidə isə “kəpənək” sözü belə ifadə olunmuşdur:

Kəpənək geymişəm, əndişədən azad olubam,
Üşümək müşkülünü eylədi asan kəpənək.


Fil.e.d. Şamil Cəmşidov isə Nəsimi yaradıcılığında işlənən “kəpənək” sözü ilə bağlı fikrini belə izah edir: “Bizcə, Nəsimi kəpənəyi sufi istilahı, sufilərin geyimi, “Kitabi-Dədə Qorqud”da isə o, əsl real mənasında, çobanın qışda geydiyi isti yapıncı mənasında işlənmişdir”.

Görkəmli dilçi alim Əbdüləzəl Dəmirçizadə “Azərbaycan ədəbi dili tarixində Nəsiminin mövqeyi” adlı məqaləsində Nəsimi haqqında fikirlərini belə ümumiləşdirmişdir: “Ümumxalq dili əsasında yazılı ədəbi dilin formalaşmasında canlı danışıq və şifahi ədəbi dil – folklor dili əsas mənbə olduğundan Nəsimi də öz yaradıcılığında bu mənbələrdən hərtrəfli istifadə etmişdir. Buna görə də Nəsimi əsərlərinin dilində o zamankı ümumxalq Azərbaycan dilinin əsas vahidləri, xüsusilə geniş dairədə işlək olan əsl Azərbaycan sözləri öz əksini tapmışdır”.

Fikrimizi davam etdirərək “Kitabi-Dədə Qorqud”dan növbəti nümunəyə nəzər yetirək:

Qaranqu axşam olan vaf-vaf ürən,
Acı ayrı tökiləndə çap-çap içən...


Məlumdur ki, bu örnəkdə “qaranqu” sözü “qaranlıq” sözünün arxaik formasıdır. Nəsimidə bu söz belə ifadə olunmuşdur:

Gözüm səvadinə girmiş bənin kimi nəqşin,
Qaranqudan necə bulmuş bu oğru ol babı?


Misranın mənası budur: “Qaranlıqda bu oğru o qapını necə tapmışdır?” Göründüyü kimi, hər iki nümunədə “qaranqu” sözünün semantikası “qaranlıq”dır.

Fikrimizi görkəmli alim Ş.Cəmşidovun “Kitabi-Dədə Qorqud” və Nəsimi yaradıcılığında işlənən qədim Azərbaycan sözləri haqqında fikirləri ilə davam etdirək. Alim vurğulayır ki, “Kitabi-Dədə Qorqud”da işlənən əsl Azərbaycan sözləri Nəsimi poeziyasında işlənən sözlərdən sayca daha çoxdur. Bu da qədim folklor abidəmizin lüğət tərkibinin Nəsiminin yazıb-yaratdığı dövrdən daha əski dövrün məhsulu olduğunu sübut edir.

Beləliklə, canlı xalq dilinə yaxın olan İ.Nəsiminin poeziyasından bu nümunələri istənilən qədər göstərmək olar. Filosof-şairin insanpərvərliyi, Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar bu gün də öz əhəmiyyətini qoruyub saxlayır.

Xəbər 1410 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +