Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


28.01.2022  11:25 

“Münhen sövdələşməsi-2” olmayacaq: Putin hərb və dialoq arasında...





A+  A-

Kreml təxminən 40 gün idi Qərbə ultimatumuna Vaşinqtondan yazılı cavab gözləyirdi və çərşənbə günü ABŞ-ın rəsmi məktubu Moskvaya çatdırıldı. İndi dünya Putinin bu məktuba reaksiyasını gözləyir.

Blinken RFE/RL-yə (Azad Avropa Radiosu/Azadlıq Radiosu) dünən gecəki müsahibəsində bildirdi ki, Moskva iki variantdan birini seçməlidir: Birincisi, diplomatiya və dialoq yoludur. İkincisi isə aqressiya yoludur ki, bunun da Rusiya üçün “ciddi fəsadları” olacaq.

Yazılı cavabın verilməsi ərəfəsində Almaniya və Fransanın şübhəli davranışları Qərb blokunun çat verməsi təəssüratı yaradır və yada “Münhen sövdələşməsi”ni (1938) salırdı. O vaxt Çemberlen-Daladye cütlüyünün Hitlerin ultimatumuna boyun əyməsi dünyanı müharibəyə, milyonlarla insanın qırılmasına, bu günlərdə qurbanlarının xatirəsi anılan Holokosta, dəhşətli müsibətlərə apardı.

Amma Bayden-Conson tandemi daha qətiyyətli oldu, ABŞ-ın, həmçinin NATO-nun Rusiyaya yazılı və de-facto rədd məktublarından – detalları açıqlanmayan yazılı cavab barədə Blinkenin dediklərindən belə ilkin qənaət çıxarmaq olar: “Münhen sövdələşməsi-2” olmayacaq...

Amma savaş ərəfəsi situasiya qalır. Rusiya qoşunlarını Ukrayna sərhədində yığmaqda davam edir. Beynəlxalq ictimaiyyət nigarandır: Rusiya hərb, yoxsa dialoq yolunu seçəcək?

Bu qlobal sualın cavabını yalnız bir nəfər – Putin bilir. Blinken hətta hesab edir ki, “indiki anda bəlkə Putin də bilmir”. O səbəbdən ki, onun ultimatumu keçmişə baxışının nəticəsi idisə, artıq Putin bu günə, indinin reallığına yanaşmasını ortaya qoymalıdır. Üstəlik, “həm dialoqa, həm aqressiya aktına hazırıq” deməklə, bilavasitə Putini sanksiyalarla hədələməklə Qərb də Rusiyaya meydan oxuyur.

Çox güman ki, Kremlin sahibi əvvəldən “təhlükəsizlik qarantiyası” tələbinin rədd ediləcəyini təxmin edirdi və ABŞ-ın cavabına reaksiyasını da hazırlayıb. Amma Putin iki gündür susur. Kremlin mətbuat katibi Peskovun sözlərinə görə, ABŞ və NATO-nun cavablarının öyrənilməsi üçün Moskvanın müddətə ehtiyacı var.

Qərbin cavablarını şərh edən Lavrov artıq şikayətlənib ki, bunlar ikincidərəcəli məsələlər üzrə ciddi danışıqlara imkan versə də, əsas məsələyə - HATO-nun Şərqə doğru genişlənməməsi çağırışına pozitiv reaksiya yoxdur.

Putin özünü çətin duruma salıb, faktiki olaraq dilemmaya yuvarladıb. Bu qədər həngamədən, hərbə-zorbadan, qoşun daşımadan sonra diplomatiya ilə baş qatmaq, dialoqu davam etdirmək onun reputasiyasını zədələməyə bilməz.

Hərb yolunun Rusiyaya nə vəd edəcəyi isə qaranlıqlar içindədir. Böyük Britaniyanın baş naziri Boris Conson ingilis kəşfiyyatına istinadən iddia edir ki, Rusiya Ukraynaya qarşı ildırımsürətli müharibə planlaşdırır və olduqca qısa müddətdə Kiyevi ələ keçirə bilər.

Gerçəkdən də, bu faktdır ki, Rusiyanın çoxsaylı qoşunları az qala Ukraynanı üzük qaşı kimi əhatəyə alıb, dörd bir tərəfdən Ukraynaya qarşı genişmiqyaslı müharibə başladıla bilər. Amma Ukrayna dövləti və xalqı asan təslim olacaqmı? Donbas münaqişəsi gözəl Donetsk şəhərini xaraba qoydu. Artıq, məsələn, xarkovlular bilirlər ki, onları hansı təhlükələr təhdid edir. Ukraynanın dirənişi Rusiyaya yüzlərlə tabutun getməsi deməkdir. Bu, eləcə də “ana şəhər”ə - Kiyevə hücum Putinin imicini sarsıtmaya bilməz.

Sərt sanksiyalar da Rusiyaya saysız-hesabsız neqativlər vəd edir. “Şimal axını-2” qaz kəməri həm də Ukraynaya qarşı idi və onun sanksiya altına düşməsi Moskvanın mühüm geosiyasi rıçaqı itirməsi deməkdir. Rusiya elitasının, oliqarx-milyarderlərin mal-mülkləri Qərb ölkələrindədir və sanksiyalara məruz qalmaları onların Putindən narazılığını artırmaya bilməz. Ən əsası ildırımsürətli müharibə alınmasa və Ukrayna ərazisi tam nəzarətə götürülməsə, yerdə qalan ərazilərdə, eləcə də Şərqi Avropa ölkələrində amerikan raketlərinin yerləşdirilməsinin baiskarı Putinin özü ola bilər.

Yeri gəlmişkən, 1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanan Orta və qısamənzilli raketlər haqqında müqavilədən 2018-ci ildə çıxan ABŞ yazılı cavabında Rusiyaya bu anlaşmaya yenidən qayıtmağı təklif edir. ABŞ-ın orta və yaxınməsafəli ballistik və qanadlı raketlərini Avropada yerləşdirməsi Rusiyanı ciddi qayğılandıran məsələlər sırasındadır. Hər halda bu mövzu alver predmetinə çevrilə bilər.

Rusiya lideri özünü düşürdüyü dilemmadan çətin ki, yara almadan çıxara bilsin. Son 20 ildə Rusiyada və postsovet məkanında istədiyi oyunu quran Putinin yeni geosiyasi situasiyada əvvəlki statusu da sual altına düşə bilər.

Qədim romalıların məşhur ifadəsi var: Inter caecos luscus rex. Yəni, “korlar arasında taygöz kraldır”. Görənlərin arasında isə sadəcə taygözdür...

Qəzənfər Həmidoğlu

Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +