26.01.2022 19:29
Milli təhsil strategiyası, ideolojisi olmayınca...
Az sonra deyəcəklərimə qulp qoyanlar mütləq tapılacaq. Məsələn, belə deyəcəklər, Qarabağı da indi bəyənmədiyin uşaqlar aldı. Birmənalı şəkildə qatılmıram. Niyə?
Qarabağla bağlı ölkədə, Azərbaycan Prezidentindən başlayaraq, sıravi vətəndaşacan, kimsə güzəşti qəbul etmədi, güzəştə getmədi. Hətta, Qarabağla bağlı hər hansı güzəşt elementli fikiri, ailədə ata oğuluna, ana qızına da güzəştə getmədi. Niyə belə idi?
Problemin, işğalın, informativ tərəfi, piar işi, beynəlxalq statusu, eyni zamanda ölkə içində unudulmaması üçün bəlli bir ideoloji xətti, ciddi iş var idi. Qarabağ işğalda idi, amma həm də Qarabağ Azərbaycanın şərəf, namus, qeyrət, milli kimlik məsələsi kimi beyinlərə yazılmışdı. Qarabağla bağlı təbliğat mexanizmi dayanmadan düz iyirmi doqquz il işlədi.
Düzgün qurulan ideoloji milli xətt, strategiya erməni işğalı məsələsində dövlətə siyasi, hərbi, mənəvi qələbə qazandırdı. Və orada fədakarlıq göstərən hər kəs, məhz bu ideolojinin məhsulu idi. Yəni, bu doğru istiqamətlənməyə görə heç zaman Qarabağ görməyən minlərlə gənc, hərbiçi, sıravi vətəndaş Prezidentin dəmir yumruğuna dəstək əlini uzatdı. Azərbaycanın dövlət və XALQ olduğu isbatlandı.
Amma və lakin, digər məsələlərdə, axsamaları, qüsurları dana bilmərik. Çünki danıldıqca, bu naxoş nəticələr ortaya çıxır. Bu nəticələrsə, düşmən əlində para xərcləmədən qazanılan, sərfəli qara piar xammalı olur.
Bir sözlə, bu dəfə kökdən hücum başladılıb. Azərbaycanda təhsili hədəf edilib.
Təxminən bu cür qurulub qara piar planı, müəllimlər yaramır, ölkədə şagirdlər və ailələr onlardan da betərdir. Yayılan informasiyalara diqqət etsək, istisna qoyulmur. Belə mənzərə yaradılır ki, ölkədə ümumiyyətlə, hamı və hər şey bərbaddır. İki gündür, məktəbdə çəkilib başlığı ilə, çox eybəcər, qeyri-əxlaqi videoyazı tirajlanır. Bu çox tanış mənzərədir. Üırx dörd günlük müharibədən əvvəl də ölkə təhsili ətrafında belə "çəmbər daraldılırdı".
Onda xətt, kurs, ideoloqlar belə bəlli idi. Səbəblər də ortaya çıxırdı mərhələ ilə. Hətta bu vəziyyətlə bağlı bütöv bir tədris ili, təhsildə islahat ili elan edildi. Milli ideoloji təbliğat işi başladıldı. Ancaq pandemiya və müharibə prosesə fəsilə vermək zərurətini ortaya çıxardı.
İndi görünən o ki, köhnə ideoloqlar yenə iş başındadır. Yenə vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər.
Çünki müəllim vətəndaş, insan formalaşdıran kadrdır. Onun adı ləkələnərsə, şəxsiyyəti qırılarsa özü natamam olar. Və bu onun həmkarlarına da mənfi təsir edə biləcək məsələdir. Bu halda onun yetişdirəcəyi uşaq kim olur sualının cavabı, yəqin ki, aydındır.
Bu cavab həm də gələcəyə yönəlik ciddi problemlərdən xəbər verir. Daha da dəqiqləşdirsək, dövlətin gələcəyi üçün milli kadr bazasının vəziyyətini qənaətbəxş saymaq olmur.
Bir neçə gündür məktəb adı ətrafında baş verən bu hadisələrsə deməyə əsas verir ki, ölkədə milli ideoloji xətt olmadan bir nəsil yetişməkdədir. Onlar, bir ovuc savadlı məktəbli və ya gəncdən say etibarı ilə dəfələrlə çoxdur. Həmin nəsil, özünü dünya vətəndaşı hesab edir. Milli ənənə və adətlər, dövlət və onun maraqları onlar üçün arxa plandadır. Bu nəslin, uşaqlıq, yeniyetməlik, artıq gənclik dövründə asudə vaxtı düzgün təşkil olunmayıb. Bazada sovet ideolojidən nə qalıbsa yola onunla davam edilib. Sonra məlum olur ki, o xətt də milli olmadığı üçün yaramır, ondan imtina etmək lazımdır. İmtina üçünsə, alternativ yoxdur. Beləcə yaranan boşluqlara düşmən asanlıqla dolur, özünə sərfəli hücumları təşkil edir. Məsələn müəllim adını və statusunu hörmətdən salır.
Asudə vaxt demiş, indi dövlət hesabına demək olar ki, heç nə mövcud deyil. Mövcud olan şeylərin sayı son dərəcə məhduddur və piarı demək olar aparılmadığından, insanlar məlumatsızdır. Bu durum ailələri də açıqsözlü olsaq tənbəlləşdirib.
Ölkədə elə bir durum yaranıb ki, bahalı maşın sürən ata, kasmetoloji prosedura ailələr para tapır, amma simvolik qiymətə olan teatr və ya muzey ekskursiyasına pulu olmur. Bəlli bir kəsim üçünsə bu vəsait doğurdan da yoxdur.
Orta statistik azərbaycanlı ailəsi i bu durumda ölkədə özü və övladı üçün prespektiv görmür. Odur ki, üz tutur yaxın və uzaq dövlətlərdə övladının təhsilini, hətta gələcəyini qurmağa.
Xaricdə təhsilə hazırlaşan bir ailə yaxınımızın bu günlərdə söylədiyi statistika isə ümumiyyətlə günlərdir şəxsən mənə rahatlıq vermir. Sən demə Avropa, Qərb, Rusiya və Türkiyə universitetlərində təhsil almaq üçün müraciət edən azərbaycanlı gənclərin sayı milyonu ötür. Bəli, onların bir qismi dövlət xətti ilə göndərilir və geri dönəcəklər, bəs qalan məsələlərdə durumu nə olacaq ölkənin? Düzü iyirmi il sonranı düşünəndə, insan sadəcə qorxu yaşayır və yaxşı vədlər vermir müşahidələr. Bu ciddi şəkildə ağıl, bəyin axını və gələcək milli kadrların yoxalmasına aparır.
Odur ki, bu gün milli təhsil strategiyasına dövlət dəstəyinin verilməsi ciddi şəkildə hər kəsi narahat etməli və maraqlanmalıdır. Bu gün Azərbaycan təhsili, məktəbi və məktəblisi ətrafında bu qara piar ona görə məqsədli və hədəflidir deyirəm ki, təkcə insanlar, ictimai hurrey nəzarəti yox, həm də yaxşı müəllimlər, pedaqoqlar, ailələri bilərəkdən ölkədə bezdirirlər. Bu gün eyni durumu ölkənin milli mediası da yaşamaqdadır.
Və o gücləri mediadan sonra, təhsil sisteminə də sızmağa qoymaq olmaz. Yeganə yol, milli təhsil strategiyası maşınını işə salınmasıdır.
Onda hər kəs aydın görəcək ki, məktəb də, müəllim də, şagird də, müvafiq nazirliklər, qurumların da işi necə rahatlıqla öz relsinə oturacaq.
Yoxsa bu rus dilli məktəbdir, o fars dilli mədrəsədir, deməklə, iş getməz. Və düzü mənim baxış bucağıma görə bu bir qurumun, Təhsil Nazirliyinin təkbaşına görəcəyi iş deyil.
Bu iş kompleks yanaşma, ciddi dövlət dəstəyi tələb edir və dövlətin islahat işinin tərkibi olmalıdır.
Jalə Mütəllimova
Xəbər 1322 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|