Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


22.01.2022  11:16 

Uçuruma tullanış...





A+  A-

Dünənki Cenevrə görüşü ərəfəsində Qərblə Rusiya arasındakı dramatik gərginlik elə həddə yetişdi və belə bir təəssürat yaratdı ki, sanki dünya uçurumun bir addımlığındadır. Hər halda qlobal əsəbin tarıma çəkildiyi bu günlərdə Lavrov-Blinken danışıqlarına relsdən çıxacaq qatarın son dayanacağı kimi baxanlar az deyildi. Hətta görüşün ertəsi günü müharibəyə start veriləcəyini təxmin edənlər də vardı.

Cenevrə danışıqlarının yeganə pozitiv nəticəsi bu oldu ki, tərəflər saatyarımlıq görüşdən qapıları çırpıb çıxmadılar. Danışıqları davam etdirəcəklər. Hələlik ağıllarını itirməyiblər və heç olmasa danışıqlarla fəlakəti ertələyirlər.

ABŞ Rusiyanın “təhlükəsizlik qarantiyası” tələbinə yazılı cavab vermədi. Lavrovun sözlərinə görə, Blinken belə bir məktubu gələn həftə verəcəyini vəd edib. Tərəflərin görüşdən sonrakı açıqlamalarından bəlli oldu ki, Vaşinqton və Moskva hələ də bir-birlərinin “mövqelərini anlamağa” cəhd edirlər. Bu zaman ABŞ Rusiyadan Ukraynaya müdaxilə etməyəcəyi vədi gözləyir, Kreml isə Ağ Evlə “təhlükəsizlik zəmanəti” tələbini müzakirəyə cəhd edir.

Baş qatır, bir-birlərinə inanmır, amma aldatmaq cəhdlərindən də əl çəkmirlər. Bağlı qapılar arxasında danışır və çıxdıqdan sonra görüşü hərə özünə sərf edən interpretasiyada təqdim edir. NATO Baş katibi Stoltenberq dedi ki, ruslarla anlaşıblar, tərəflər qarşılıqlı şəkildə Brüsseldə və Moskvada öz ofislərini açacaqlar. Bir neçə saatdan sonra Rusiya tərəfi bu xəbəri təkzib etdi. Maraqlıdır, necə olur ki, situasiya Stoltenberqə anlaşma kimi görünür, amma ruslara görünmür?..

Qərbdə indi tes-tes Münhen sövdələşməsini (1938) yada salırlar. Hesab edirlər ki, Böyük Britaniya və Fransa liderləri Hitlerin ultimatumları qarşısında zəiflik göstərməsəydilər, Avropa İkinci Dünya müharibəsinə sürüklənməzdi. Məsələ tək Putində deyil. Baydenin qəfildən yumşalması, nala-mıxa vurması da Çemberlen-Daladye cütlüyünün uğursuz manevrini xatırlatdı. Ukraynaya müdaxiləsinin Rusiya üçün fəlakət olacağını, Qərbin indiyədək görünməmiş sanksiyaları üzləşəcəyini deyən ABŞ prezidenti həm də rusiyalı həmkarını anladığını, “kiçik müdaxilə”nin qaçılmaz olduğunu bildirdi.

Əslində, Ukraynada 8 ildir müharibə gedir: Rusiya bu ölkədə savaşın hər növünü (gerçək, hibrid, proksi və s.) sınaqdan keçirir. Müdaxilə müdaxilədir, kiçiyi-böyüyü fərq etməz. Təbii ki, ukraynalılar amerikanları anlamadılar. Yaxşı ki, sonradan ətrafı Baydeni korrektə etdi ki, qoca Co “o anlamda deyil, başqa anlamda” deyib...

Qərbin digər iri dövlətləri gözlərini Baydenin ağzına dikiblər. Fransa ortalıqda görünmür. Merkel uzun illər Putinin nazı ilə oynadıqdan sonra Almaniyada hakimiyyətə Kremlin “adamı” sayılan Şröderin sosial-demokratları gəliblər. Kansler Olaf Şolts hökuməti də Putinin xətrinə dəyməmək üçün yenə Ukraynaya silah satmaqdan imtina etdi.

Bununla belə, ümid edək ki, Qərb liderləri tarixdən dərs alıblar və “Münhen sövdələşməsi-2”yə gedib özlərini növbəti dəfə rüsvay etməyəcəklər.

Rusiya hakimiyyəti isə tamamilə öz təbliğatının əsirinə çevrilib. Artıq öz uydurduqlarına, öz dezinformasilarına belə inanırlar. Artıq neçə illərdir Rusiya telekanallarının qeyri-siyasi tok-şoularında belə yorulmadan Ukrayna söhbəti edirlər.

1939-сu ildə Molotov-Ribbentrop sazişi imzalandıqdan sonra Polşaya hücum edən SSRİ-nin xarici işlər naziri Molotov bu dövləti “Versal sazişinin eybəcər uşağı” adlandırmışdı. Putin isə Ukraynaya (yalnız Ukraynaya deyil) "Belovejskaya Puşşa sazişi"nin “abort”u kimi baxır - hesab edir ki, Ukrayna dövlət kimi mövcud deyil, heç vaxt mövcud olmayıb və indiki halda mövcudluğu tarixi anlaşılmazlıqdır. Maraqlıdır, Rusiyanın tarix kitablarından Pereyaslav sazişi (1654) – getman Xmelnitskinin Ukraynası ilə Rusiya çarlığı arasındakı hərbi-siyasi anlaşma hələlik çıxarılmayıb…

Zbiqnev Bjezinski 1994-ci ildə dərc etdirdiyi “Vaxtı yetişməmiş partnyorluq” adlı məqaləsində yazırdı: “ Ukraynasız Rusiya imperiya ola bilməz, satın alınan və sonra tabe etdirilən Ukrayna ilə Rusiya avtomatik olaraq imperiyaya çevrilir”.

Putin hakimiyyətə gəldiyi il keçmiş SSRİ-nin himnini Rusiyanın himni kimi bərpa etməklə imperiya ambisiyasını ortaya qoymuşdu. 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında faktiki olaraq öz neoimperiya doktrinasını bütün dünyaya bəyan etdi.

2014-cü ildənsə “imperiyaya çevrilmək” üçün Ukraynanı “qaytarmaq” əməliyyatına start verdi. Üstündən daha bir 7 il keçəndən sonra – 2021-ci ilin payızında qoşunlarını Ukrayna sərhədinə yığıb Qərbə ultimatum verdi.

XXI əsrin 22-ci ilində dünya əsrin ən kritik günlərindən keçir. Putinin səbri tükənir, hikkəsi artır: ya ölkəsini uçurama aparacaq, ya da 2024-cü il seçkisindən sonra Kremldə çar kimi oturacaq.

Rusiya siyasi elitasının ritorikası gündən-günə şiddətlənir, bu ritorika fonunda ictimai-siyasi fikrin sağlam düşüncə ilə bağları qopur. Tam qopsa, Rusiya özünü də, caynağına keçəni, orbitinə düşəni də uçuruma aparcaq...

Kiçik dövlətlər belə orbitdən nə qədər uzaq fırlansalar, o qədər yaxşıdır...

Qəzənfər Həmidoğlu

Xəbər 1067 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +