Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


19.01.2022  22:11 

Əsarət zəncirinin qırıldığı gün





A+  A-

20 yanvar 1990-cı il. Kimlər üçün bu gün Azərbaycan xalqının tarix boyu başına gətirilən fəlakətlərdən biri, kimlər üçün qəhrəmanlıq salnaməsinin yazıldığı gün, kimlər üçünsə dünyanın ən böyük dövlətinin süqutunun başlanğıc tarixidir.

Bu günə müxtəlif cür yanaşmaq, onu müxtəlif şəkildə dəyərləndirmək olar. Lakin dəyişilməz bir fakt var. 20 Yanvar Azərbaycan xalqının özünə qayıdış günüdür.

Məhz bu gün böyük bir xalq əsrlərlə onu sıxan, tərpənməyə, nəfəs almağa, böyüməyə, inkişaf etməyə qoymayan müstəmləkə zəncirini nəhayət ki, qıra, azadlığa doğru ilk addımını ata bildi. İnsanların əliyalın, silahsız şəkildə böyük bir imperiyanın ən müasir silahlarla silahlanmış ordusuna qarşı çıxması azadlığa olan sevginin, boyunduruğa qarşı nifrətin pik həddi idi. Bu elə bir hədd idi ki, heç bir ölçüyə sığmır, heç bir qəlibə yerləşmirdi. Həmin gün bir xalqın qəlbi nifrət və sevginin vəhdəti ilə döyünürdü. 1918-ci ildə müstəqillik qazanan, 23 ay azadlıq şərbətini dadan bir xalq 70 il ərzində onu soyub-talayan bir rejimə nifrət püskürdüyü gün idi 20 Yanvar.

Tarixə nəzər saldıqda qəddar rejimlərə, imperialist qüvvələrə qarşı sadə xalqların dəfələrlə üsyan etdiyinin şahidi oluruq. Lakin qanla boğulan bu qiyamlar çox zaman nəticəsiz yekunlaşıb. Bir çox hallarda şər daha güclü çıxıb, xeyiri üstələməyi bacarıb.

1990-cı ilin 20 yanvarında da şər qüvvələr güclü idi. Lakin azadlığa can atan xalqı heç nə və heç kim dayandıra bilməzdi. 131 nəfərin şəhid olması, 744 nəfərin yaralanması, 321 nəfərin itkin düşməsi və 841 nəfərin həbsi də müstəqillik yoluna tikanlı məftillər düzə bilmədi. Həmin gün Azərbaycan xalqının itkisi çox da ola bilərdi, az da. Nəticə zərrə qədər də dəyişməyəcəkdi. Azadlıq sevgisi bütün çətinliklərə qalib gələcək gücdə idi. Bu sevginin qarşısını silah gücünə almaq mümkün deyildi.



Səhər azadlıq uğrunda canını fəda edən şəhidlərini dəfn etmək və qaniçən dövlətin ordusunu müqəddəs Odlar Yurdundan birdəfəlik rədd etmək üçün ayağa qalxıb, yumruğa dönən xalq, təkcə başında qırmızı ulduzun bərq vurduğu Kremldə oturanları deyil, bütün dünyanı heyrətə gətirmişdi. Bu həmin dünya idi ki, Sovet ordusu Bakıya daxil olanda da susmuşdu və hələ 30 il erməni qəsbkarlarının Qarabağda at oynatmasına da susacaqdı. Şəhidləri ilə vidalaşıb, azadlıq günəşinin ilk hərarətini duyan xalqı isə nə Kremldə oturanlar, nə də dünya maraqlandırırdı.

Həmin gün böyük yalanların ifşa edildiyi gün idi. 70 il ərzində sosial bərabərlikdən, xalqlar dostluğundan, “böyük rəhbərin” haqq yolundan danışanlar 20 yanvarda Bakıda elə bir cinayətə imza atdılar ki, bunu nə Allah götürərdi, nə də bəndə.

Bütün bu illər ərzində yalanların planı Moskvada cızılır, imzalar Moskvada atılırdı. Elə bu yalanlara qarşı ilk etiraz da Moskvada səsləndi. Heydər Əliyev doğma xalqına qarşı törədilmiş qanlı cinayətə dözə bilmədi və həmin hadisənin səhəri “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır” – deyə hayqırdı. Bu böyük bir xalqın böyük oğlunun böyük yalanlar uyduranlara sərt silləsi idi. Bu sillə Moskvanın üzündə partlasa da, bütün Sovet İttifaqını silkələdi. Bəlkə də bundan sonra Moskva Bakıda nə qədər böyük bir səhvə yol verdiyini başa düşdü. Bu elə bir səhv idi ki, düzəldilməsi qeyri-mümkün idi. Azərbaycanın paytaxtını qan gölünə çevirənlərin özləri bu göldə boğulmağa məhkum oldular. Atdıqları düşünülməmiş, qeyri-insani addım bumeranq effekti ilə özlərinə qayıtdı. Təməli yalanlar üzərində qoyulan dünyanın ən böyük dövləti Bakıda can verdi. Bundan sonra alıb-verdiyi hər bir nəfəs onu ölümə, məhvə daha da yaxınlaşdırırdı.



20 Yanvar faciəsi yüzlərlə azərbaycanlının həyatına son qoysa da, yeni bir tarixin başlanğıcı oldu. Elə bir başlanğıc ki, zaman-zaman qaniçən rejimin qurbanı olmuş insanların ruhunu şad edirdi. Məzarlarının üstündə istirahət parkı salınan cümhuriyyət fədailərinin, 1918-ci ilin 31 martında öz şəhərində qətlə yetirilən sakinlərin, 1937-ci ildə günahsız şəkildə güllələnən, Sibirə sürgün edilən alimlərin, ədiblərin, dövlət xadimlərinin, ziyalıların, 1948-52-ci illərdə Qərbi Azərbaycan torpaqlarından Aran bölgəsinə köçürülənlərin, 1988-89-cu illərdə Qarabağda şəhid edilən insanların ruhu dinclik tapırdı.

Çoxdan gözlənilən gün gəlib çatmışdı. Azərbaycan xalqı qəhrəmanlıq tarixinin növbəti səhifəsini yazırdı. Bu elə bir qəhrəmanlıq idi ki, onu qələmə almağa nə təxəyyül gücü yetər, nə də vəsf etməyə söz tapılardı. Adətən dastanlarda, romanlarda təsvir edilən şücaət səhnələri həmin gecə Bakı küçələrində yaşanırdı. Böyük bir ordunun qarşısına silahsız çıxan sadə insanlar bir millətin taleyini həll edir, parlaq gələcəyini qururdular.

20 Yanvar hadisəsi ilə bağlı tez-tez belə bir fikir səslənir ki, Sovet rejiminə qarşı etiraz etmək üçün küçələrə axışan xalq Bakıya yeridilən ordunun dinc insanlara atəş açacağına inanmırdı. Fikrimizcə, 70 il ərzində bu imperiyanın hər cür qəddarlığını görmüş, qaniçən mahiyyətini dərk edən bir xalq işğalçı rejimi ayaqda saxlamaq üçün əliyalın insanların üzərinə göndərilən ordudan hər cür qəddarlığı, amansızlığı gözləyirdi. Buna rəğmən heç kim bir addım da geri çəkilmədi. Əksinə, hələ də qəlbində vəziyyətin düzələcəyinə, Moskvanın hər çətinliyi yoluna qoyacağına az da olsa ümid edənlər, qanlı yanvar hadisələrindən sonra nə qədər yanıldıqlarını aydın şəkildə başa düşdülər.

O gecə Bakıda nələr baş verirdi?

Qarabağ şüarı və azadlıq tələbi ilə küçələrə çıxan xalqı Sovet ordusu gülləbaran etdi. Bir ölkənin ordusu etiraza qalxan vətəndaşlarına atəş açır, üsyanı yatırmağa çalışırdı.



Hər şey bu qədər sadə idimi?

Xeyr, bu sadəcə aysberqin görünən tərəfi idi. Yetmiş il ərzində zərrə-zərrə yığılan barıt çəlləyi həmin gün partlamışdı. Rəhbərlikdə oturanlar bu hadisəyə müxtəlif cür don geyindirməyə cəhd göstərdilər. Lakin həqiqət gün kimi aydın idi.

Azadlığa can atan xalq müstəmləkə zülmündən xilas olmağa çalışırdı. Asiya bozqırlarından Balkanlara qədər, Dəşti-Qıpçaq çölündən Fars körfəzinə qədər ucsuz-bucaqsız ərazilərdə at çapan, dövlətlər, imperiyalar quran, igid sərkərdələr yetirən, “Kitabi-Dədə Qorqud” kimi qəhrəmanlıq dastanı yaradan bir xalqı əsarət altında saxlamaq mümkündürmü? Qətiyyən mümkün deyil. Gec ya tez bu gün gəlməli idi və gəldi.

Azərbaycan xalqı öz qisasını azadlığa qovuşması ilə aldı. Lakin bu hələ başlanğıc idi. 20 Yanvar hadisəsi Horadiz qəsəbəsinin azad edilməsinə, Lələtəpəyə üçrəngli bayrağımızın sancılmasına, uğurlu Günnüt əməliyyatına, 44 günlük Vətən müharibəsinə, Şuşa zəfərinə və nəhayət Azərbaycanın bütövləşməsinə aparan yolun başlanğıcı idi.

Orxan İsayev
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun dissertantı






Xəbər 1293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +