Ərdoğan Ukraynaya bu tarixdə səfər edəcək
Entoni Blinken Ukraynada...
Bakı Ağdama köçsün... - TƏKLİF
İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi - Foto
Qarabağda nə qədər erməni əsgəri ölüb?
Sumqayıt sakini polis şöbəsində öldü
XİN bəyanat yaydı
Əvəz edirdi NAZİR oldu - Sərəncam
Sabah Bakıya qar yağacaq
Xanım Icra başçısı vəzifəsindən azad edildi


14.01.2022  22:50 

Repressiya qurbanlarının tədqiqatçısı - Cəlal Qasımov





A+  A-

Qasımov Cəlal Əbil oğlu 1959-cu ildə Şərur rayonunun Püsyan kəndində anadan olub.

Ədəbiyyatşünas, filologiya elmləri doktoru (2000), professor (2006), “Əməkdar müəllim” (2018), Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1984). 1984-1991-cii llərdə Sabirabad rayonunun Moranlı kəndində dil-ədəbiyyat müəllimi işləyib. 1991-1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 1993-cü ildən Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmət etmişdir.

O, görkəmli tənqidçi və ədəbiyyatşünas “Abdulla Surun həyatı və yaradıcılıq yolu” mövzusunda (1993) namizədlik, “Siyasi repressiya həyatda və ədəbiyyatda” mövzusunda (2000) isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın – “Abdulla Sur və əsərləri” (1995), “Əsrin qiyamət çağı” (1997), “Yaddaşın repressiyası” (1997), “Bitməmiş istintaq” (1997), “Repressiyadan deportasiyaya doğru” (1998), “Yaddaşın bərpası” (1999), “Məhbus tərcümeyi-halı” (2003), “Abdulla Surun həyatı və yaradıcılığı” (2004), “Hərbi psixologiya” (həmmüəllif, 2004), “MTN: tarixi-hüquqi mənbələr” (2005), “Əməliyyat psixologiyası” (həmmüəllif, 2005), “Cavidi məhbəsə aparan yol” (2007), “Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi” (Dərslik, 2008), “Azərbaycan təhlükəsizlik orqanlarının tarixi” (2009), “История органов безопасности Азербайджана” (2009), “History of institutions of natoinal security of Azerbaijan” (2009), “Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi” (2011), “Ədəbi məhkəmələr” (2012), “Kitabi-Dədə Qorqudun yasaqlanması” (2014), “Bolşevik qurşununun qurbanları” (2015), “Azərbaycan folklorşünasları (1920-1950)” (2015), “Milli təhlükəsizliyin əsasları” (2015), “Vəli Xuluflu” (2016), “Cümhuriyyətin təhlükəsizlik orqanları” (2018), “Bəkir Çobanzadə” (2018), “Azərbaycan təhlükəsizlik orqanları 100 ildə, tarix və müasirlik” (2019), “Birinci Türkoloji Qurultay: şahidlər və şəhidlər” (2019), “Siyasi repressiya həyatda və ədəbiyyatda” (2020), “Xalid Səid Xocayev” (2021) və s. elmi-monoqrafik əsərləri çap edilmişdir.

Professor Cəlal Qasımov “Milli təhlükəsizliyin əsasları” (2009), “Azərbaycan xüsusi xidmət orqanlarının tarixi” (2011 və 2020), “İşgüzar Azərbaycan dili” (2014) tədris proqramlarının, 200-dən artıq elmi-publisistik məqalənin müəllifi və 10-dan çox kitabın tərtibçisi olmuşdur.

Cəlal Qasımov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Dissertasiya Şurasının üzvü, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri olmuşdur. O, Respublikamızda, eləcə də müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda dəfələrlə iştirak və çıxış etmişdir.

C.Qasımov 30 oktyabr 2021-ci ildə vəfat edib.

FƏDAKAR FOLKLORŞÜNASLARA HƏSR OLUNAN ƏSƏR

Filologiya elmləri doktoru, professor Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” kitabı Firidun bəy Köçərli, Bəhlul Bəhcət, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Bəkir Çobanzadə, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əmin Abidin həyatı və yaradıcılığına həsr olunub. Müəllif göstərir ki, bu kitabda 1920-1950-ci illərin elmi-ədəbi mühiti, xüsusilə də Azərbaycan folklorşünaslarının totalitar rejim şəraitində göstərdiyi fədakarlıq – folklor örnəklərini necə toplamaları, hansı metodoloji əsaslarla tədqiq etmələri, hansı vasitələrdən istifadə edərək onları günümüzə qədər mühafizə edərək gətirmələri, eyni zamanda totalitarizm mühitində milliliyin və ziyalılığın qorunub saxlanması kimi məsələlərdən söhbət açılır.

Kitabda Firidun bəy Köçərliyə həsr olunan hissə “Firidun bəy Köçərlinin müəmmalı ölümü, yaxud günahdan həqiqətə” adlanır. Məlum olduğu kimi, görkəmli pedaqoq, ədəbiyyat tarixçisi, şifahi xalq ədəbiyyatının toplayıcısı və tədqiqatçısı Firidun bəy Köçərli sovetləşmənin ilk aylarında qətlə yetirilib. Bu barədə mövcud ədəbiyyatı izləyən müəllif belə qənaətə gəlir ki, Firidun bəy Köçərlinin qətlə yetirilməsinin başlıca səbəbi onun şəxsiyyətində və yaradıcılığında özünü qabarıq şəkildə biruzə verən millilik amili olmuşdur. O, xalqın tərəqqisi və maariflənməsi yolunda fədakarlıq göstərmişdir. Firidun bəy Köçərli ilk dəfə olaraq sistemli şəkildə Şərqin mənəvi sərvətlərini toplamış və bunlar əsasında “Azərbaycan ədəbiyyatı” kitabını yazmış, neçə-neçə unudulmuş Azərbaycan sənətkarı, eləcə də şifahi xalq ədəbiyyatının bir çox örnəkləri onun zəhməti sayəsində işıq üzü görmüşdür. O, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazağa köçürülməsinə nail olmuşdur.

Dövrünün tanınmış, nüfuzlu ziyalılarından olan Bəhlul Behcətə həsr olunmuş hissə “Bəhlul Behcət, yaxud təhrif edilmiş biblioqrafiya” adlanır. Müəllif diqqətə çəkir ki, yalnız ömür yolu deyil, əməl yolları da təhrif edilmiş insanlardan biri də Bəhlul Behcət olmuşdur. Onun həyat və yaradıcılığı ilə bağlı olan materiallar məhv edildiyindən tərcümeyi-halını kənar müəlliflərdən öyrənirik. Bəhlul Behcət bir neçə dəfə həbs edilmiş, 1938-ci ildə isə ən ağır cəzaya məhkum olunmuşdur. Onun ədəbi irsinin böyük bir qismi əksinqilabi, millətçi, dini örnəklər kimi xalqa zidd hesab edilərək məhv edilmiş, bir çox əlyazmalarının üzərinə isə qadağa qoyulmuş, nəşrinə imkan verilməmişdir.

2006-cı ildə AMEA-nın Folklor İnstitutu “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası adı altında “Sarı Aşığın bayatıları” kitabının nəşrinə nail olmuşdur. Bu işi yüksək qiymətləndirən müəllif göstərir ki, sənət adamının irsi məhv ediləndə onun tarixdəki izi də itir. “Bu mənada Folklor İnstitutunun “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası ilə buraxdığı kitablar təqdirəlayiqdir və Azərbaycan mədəniyyətinin, irs-varis əlaqələrinin bərpası kimi müqəddəs amallara xidmət edən qədirşünaslıq işidir”.

Bəhlul Behcət “Aşıq” təxəllüslü bayatı şairinin tərcümeyi-halı, yaradıcılığı və digər silsilə məqalələri ilə diqqəti cəlb etmiş, onun ədəbiyyatşünaslığa və folklorşünaslığa dair fikirləri təqdir olunmaqla yanaşı, həm də mübahisə probleminə də çevrilmişdir. Bütün bu məsələlər üzərində dayanan müəllif göstərir ki, açılmış mübahisələr öz dövründə çox böyük elmi diskussiyalara, qızğın polemikalara səbəb olmuşdur. Həmin mübahisələrdə Sarı Aşıqla bağlı bir çox qaranlıq məsələlərə aydınlıq gətirilmişdir.

Müəllif Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” əsəri üzərində də ayrıca dayanır. Məlum olduğu kimi, bəzi tədqiqatçılar həmin əsəri dastan, bəziləri toplama işi, bəziləri isə araşdırma kimi dəyərləndirmişlər. Bu əsəri ilk dəfə üzə çıxaran və oxuculara çatdıranın professor İ.Abbaslı olduğunu qeyd edən C.Qasımov yazır: “Tədqiqatlar göstərir ki, Bəhlul Bəhcətin “Qaçaq Nəbinin tarixi” adlı kitabı müəllifin folklora həsr olunmuş şah əsəridir. Onun bu əsərini Qaçaq Nəbinin kimliyi, mübarizəsi və fəaliyyəti ilə bağlı indiyədək aparılmış tədqiqatların ən bitkini və mükəmməli hesab etmək olar”.

Müəllif göstərir ki, 1920-50-ci illərdə sosializm qəlibinə sığmayanlar, xalqın, millətin tarixini, mədəniyyətini, adət-ənənəsini yaşadanlar və yaradıcılıqlarında irslə varis, dünənlə bu gün arasında körpü salanlar ən ağır ittihamlara məruz qalırdılar. Belə ittihamlara məruz qalanlardan biri də Salman Mümtaz olmuşdur. Müəllif bu görkəmli
şəxsiyyətin yaradıcılığının hazırki dövrdə aktuallıq kəsb edən elmi tədqiqatlar üçün yeni mövzular, araşdırma istiqamətləri verən qiymətli irs kimi dəyərləndirir. O, Salman Mümtazın fəaliyyətinin F.Köçərli ilə müqayisə edilə biləcəyini güman edir.

Çünki onların hər ikisi milli mədəniyyətimizlə bağlı olan çox qiymətli materialları toplamış, tərtib etmiş və bir qismini isə nəşr etməyə nail olmuşdur. Məlum olduğu kimi, S.Mümtazın ümumfiloloji fəaliyyəti həm ədəbiyyatşünaslıq, həm də folklorşünaslıq yönlərində araşdırılmışdır. Bu barədə söhbət açan müəllif onu da qeyd edir ki, S.Mümtazın folklorşünaslıq irsinin öyrənilməsi Azərbaycan folklorşünaslıq tarixinin öz həllini çoxdan gözləyən problemlərindəndir. “Bu məsələnin öyrənilməsi Azərbaycan folklorşünaslıq elminin bugünkü inkişafının tələbatıdır. Folklorşünaslıq elmimizin dolğun, obyektiv və dəqiq tarixi yaradılmasa və bu tarixdə S.Mümtaz kimilərin fəaliyyəti öz qiymətini almasa sağlam bü¬növrə üzərində inkişafdan söhbət gedə bilməz”.

Kitabda Yusif Vəzir Çəmənzəminliyə həsr olunmuş hissə “Yusif Vəzir Çəmənzəminli, yaxud 169 №-li istintaq işi” adlanır. Müəllif Sovet yazıçılarının I qurultayının açılışı münasibətilə 15 avqust 1934-cü ildə “Kommunist” qəzetinin baş məqaləsində bitərəf yazıçılar içərisində Şura ədəbiyyatında mühüm yer tutan, milyonlarla oxucular tərəfindən sevilə-sevilə oxunan yazıçılar sırasında Y.V.Çəmənzəminlinin də adının çəkildiyini, ancaq 1937-ci ildə “Bolşevik təhlükəsi” və “Studentlər” əsərinə görə toplantılarda və dövrü mətbuatda tənqid hədəfinə tutulduğunu və Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarıldığını yada salır.

İstintaq işi ilə bağlı qovluqdakı sənədlərin görkəmli siyasi xadim, yazıçı Y.V.Çəmənzəminlinin elmi tərcümeyi-halını yaratmaq baxımından maraqlı faktlarla zəngin olduğunu nəzərə alan müəllif həmin qovluqdakı sənədlərin bəzilərini oxuculara təqdim edir. Buradan da məlum olur ki, müstəntiq tərəfindən verilən ittihamnamənin
altından Y.V.Çəmənzəminli belə yazmışdır: “Mənə verilən 3 maddədən ibarət ittihamlar Y.V.Çəmənzəminli yaradıcılığı çoxşaxəli olmuşdur. O, görkəmli yazıçı, publisist, folklorşünas, həm də ictimai xadim olmuşdur. Kitabda Y.V.Çəmən-zəminli folklorun toplanması, nəşri və tədqiqi ilə bağlı dərin məzmun və mündərəcəyə malik əsərlərin müəllifi kimi qiymətləndirilir. O da qeyd edilir ki, folklor Y.V.Çəmənzəminlinin təkcə elmi araşdırmalarında deyil, həm də bədii yaradıcılığında xüsusi yer tutur.

Müəllif Y.V.Çəmənzəminli haqqında fikirlərini belə yekunlaşdırır: “Y.V.Çəmənzəminli hələ keçən əsrin əvvəllərində peşəkar folklorşünasların olmadığı şəraitdə metodsuzluğa, qeyri-peşəkar yanaşmalara dözə bilmirdi. Ancaq Sovet ölüm maşını bir azdan minilliyə xidmət edən hər cür mütərəqqi başlanğıcları məhv edərək bu gün acı meyvələrini hələ də dərdiyimiz, fikirlərinin yerini hələ uzun müddət doldura bilməyəcəyimiz, ənənələri hələ bir çoxlarının qanında yaşayan və pöhrə verən nəslə dözməyə məhkum olduğumuz yeni epoxanı yaratdı”.

Türk xalqlarının dilinin, ədəbiyyatının, bütövlükdə mədəniyyət tarixinin tədqiqində müstəsna xidmətləri olan, professor Bəkir Çobanzadəyə kitabda geniş yer ayrılıb. Müəllif göstərir ki, dərin nəzəri biliyə malik olan professor Bəkir Çobanzadə dilçilik və ya ədəbiyyatşünaslıq görüşlərində kimsəni təqlid etməmiş, kiminsə təsiri altına düşərək hazır stereotipləri və ya qəlibləri götürüb türk dillərinə tətbiq etməmişdir. “O, dilin verdiyi imkanlardan, faktik və praktik dil materiallarından çıxış edərək Azərbaycan, eyni zamanda ümumtürk dilçiliyinin elmi əsaslarını yaratmağa çalışmışdır. Bu baxımdan alimin “Türk-tatar lisaniyyatına mədxəl” əsəri dilşünaslığımızın ilk sanballı, predmetli və konseptual elmi əsər hesab edilə bilər”.

Kitabda görkəmli ziyalı B.Çobanzadənin dilçilik görüşləri ilə yanaşı, ədəbiyyatşünaslıq görüşləri, şeir yaradıcılığı barədə də ayrıca bəhs edilir. 1920-1930-cu illərdə folklorşünaslığın yaranması və formalaşmasında da bu görkəmli alimin öz sözü olduğu qeyd olunur. Onun folklorşünaslıq fəaliyyəti üzərində də dayanılır. C.Qasımov haqqında bəhs etdiyi hər bir ziyalının yaradıcılığını həmin dövrün mətbuatında münasibəti təqdim etməklə bir çox məsələlərə aydınlıq gətirir. Məsələn, B.Çobanzadənin 1924-cü ildə yazdığı “Türk-tatar lisaniyyətinə mədxəl” əsəri 30-cu illərin əvvəllərində müzakirə hədəfinə, tənqid hədəfinə çevrilmişdi. Müəllif bunu yalnız Bəkir Çobanzadəyə qarşı deyil, bütövlükdə ziyalılığa qarşı yönəlmiş siyasi aksiya kimi qiymətləndirir.

Müəllif B.Çobanzadənin 1036 səhifədən ibarət üç cildlik istintaq qovluğunun onun mükəmməl elmi tərcümeyi-halını, yaradıcılığını, ədəbi-siyasi baxışlarını, ən başlıcası türk xalqlarının müstəqillik uğrunda mübarizə və mücadiləsini öyrənmək baxımından bir mənbə olduğunu nəzərə alıb oradakı bəzi məqamları toxunulan mövzunun imkanları çərçivəsində oxucuların diqqətinə çatdırmağı da unutmur.

Kitabda professor V.Xulufludan da yarıca bəhs olunur. Məlum olduğu kimi, V.Xuluflu Azərbaycanın orta əsrlər tarixinə dair bir çox əsərlərin müəllifi olmuşdur.

O, “Yeni türk əlifbası ilə yazı qaydaları”, “İmla lüğəti”, “Din və qadın”, “Din və mədəni inqilab” və s. kitablarını nəşr etdirmişdir. Onun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük əməyi olmuşdur. O, 1927-ci ildə “Koroğlu” dastanını Aşıq Hüseyn Bozalqanlıdan topladığı iki qolunu, 1929-cu ildə isə yeni qollar əlavə etməklə kitab halında nəşr etdirmişdir. “El aşıqları”, “Tapmacalar” kitabları da onun tərtibində işıq üzü görmüşdür. Onun tərtiub etdiyi kitablar müəyyən elmi prinsiplər əsasında çap olunmuşdur. Vəli Xulufludan danışarkən müəllif onun folklorda variantlılığa, folklor mühitinə, folklorun pasportlaşdırılmasına, yerli dialekt və şivələrə xüsusi əhəmiyyət verdiyini diqqətə çəkir.

Müəllif tarixə Azərbaycan ziyalılarının soyqırımı kimi daxil olan 1937-ci ilin V.Xulufludan da yan keçmədiyini qeyd edir. Sonra V.Xuluflunun nədə ittiham olunması ilə bağlı dindirilmələrini təqdim edir. Buradan aydın olur ki, V.Xuluflu M.Ə.Rəsulzadə və Tratskinin kitablarını oxumada günahlandırılır. Kitabda görkəmli ədəbiyyat tənqidçisi və folklorşünas H.Zeynallıya da ayrıca yer verilmişdir. Müəllif H.Zeynallının yaradıcılığı üzərində ətraflı dayanır.

“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin sədri kimi onun şifahi xalq ədəbiyyatının toplanması, nəşri, tədqiqi, eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrinə ekspedisiyaların təşkili sahəsində mühüm işlər gördüyü diqqətə çəkilir. H.Zeynallı daha çox öz nəzəri hazırlığını daim təkmilləşdirən, milli folkloru dərin elmi əsaslarla tədqiq etməkdən ötrü elmi-nəzəri yeniliklərə qarşı həssas olan bir alim kimi səciyyələndirilir.

XX əsrin 30-cu illərinin qanlı repressiyalarının qurbanlarından olan görkəmli alim, istiqlal şairi Əmin Abidə həsr olunmuş hissə “Əhmədov Əmin Abid, yaxud Türkiyədə təhsil almağın nəticələri” adlanır. Ə.Abidin millət, xalq, vətən sevgisinin onun əleyhinə ittihamlara çevrildiyini göstərən müəllif 1938-ci ildə həbsi ilə bağlı hazırlanmış arayışı və dindirmələri nəzərdən keçirir. Bunlar əsasında belə qənaətə gəlir ki, Əmin Abid Türkiyədə təhsil aldığına, türk qızı ilə ailə həyatı qurduğuna, mühacirlərlə əlaqə saxladığına, daha doğrusu, türk oğlu türk olduğuna görə ittiham olunur. Müəllif həmçinin Ə.Abidin verdiyi ifadənin də üstündən sükutla keçmir. 1924-cü ildə yazdığı “Bolşevik”, “Annəmə” şeirlərini təhlil edir. Moskvanı xəyanət, zülm yuvası adlandırdığı şeiri xatırladaraq belə əsərlərin müəllifindən bu cür ifadənin fiziki işgəncə və psixoloji təzyiqlər altında alındığı nəticəsinə gəlir.

Müəllif göstərir ki, Ə.Abidin bir çox qiymətli əlyazmalarının məhv olmasına baxmayaraq, onun yaradıcılığından bir çox nəşr olunmuş əsərlər qalmışdır. Həmin əsərlər Ə.Abid haqqında ədəbiyyat tarixçisi, nəzəriyyəçi alim və s. statuslarda bəhs etməyə imkan verdiyi kimi, peşəkar folklorşünas alim kimi də bəhs etməyə əsas verir. Onun çox qiymətli folklorşünaslıq yaradıcılığından bir əsər – “Türk xalqları ədəbiyyatında “mani” növü və Azərbaycan “bayatı”larının xüsusiyyətləri” üzərində dayanır.

C.Qasımov Ə.Abid haqqında öz ürək sözlərini belə yekunlaşdırır: “Ümumiyyətlə, görkəmli ədəbiyyatşünas, şair Ə.Abidin folklorşünaslıq yaradıcılığı əslində çox ciddi hadisə olub, xüsusi tədqiqat tələb edən mövzudur. Təbii ki, zamanla bu məsələlərə diqqət yetirilir və qiymətli araşdırmalar ortaya çıxır. Ancaq nə qədər öyrənilirsə öyrənilsin, bir itkinin yeri əbədi olaraq dolmayacaqdır. Bu, totalitarizmin, stalinizm repressiyalarının milli mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlər sistemimizə vurduğu zərbələr nəticəsində yaranmış itkilərin yeridir”.

Kitabda 1920-1950-ci illərin elmi mühiti, həmin dövrdə Azərbaycan folklorşünaslarının fəaliyyəti faktlar və sənədlər əsasında tədqiq olunub. Müəllif aşkara çıxarılan arxiv materialları əsasında indiyə kimi diqqətdən kənarda qalmış bir çox məsələlərə aydınlıq gətirib.

Xəyalə Ağayeva - Orucqızı
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Xəbər 206 dəfə oxunub.



19.01.2022  22:47 

Entoni Blinken Ukraynada...

19.01.2022  21:58 

Nazir Baş katiblə görüşü

19.01.2022  14:06 

XİN bəyanat yaydı

19.01.2022  13:35 

Sabah Bakıya qar yağacaq

19.01.2022  10:47 

Bu yollar sabah bağlı olacaq

18.01.2022  22:39 

Goranboy sakini minaya düşüb

18.01.2022  13:07 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +