“Əlillik dərəcəsi almaq üçün 2000 manat istədilər”
Yens Stoltenberq Moskvaya xəbərdarlıq edib
Əvəz Həsənov dəfn edildi - Fotolar
5000 ədəd “Manchester“ müsadirə edildi
Lukaşenko Əliyevə zəng etdi
Nazir beynəlxalq aləmdən dəstək istədi
Polisə müqavimət göstərdi, həbs olundu - Foto
Sərnişin sürücünün başını yardı - Avtobusda dava
Paytaxtda küçə ticarəti qadağan olunur - REYD/Foto
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanılıb


25.11.2021  13:59 

Türkiyədəki 20 milyard dollarlıq sərmayəmizi nə gözləyir?





A+  A-

Türkiyə iqtisadiyyatında ciddi problemlər yaranıb. Lirə sürətlə dəyərdən düşür, qiymətlər bahalaşır, inflyasiya yüksəlir. Mövcud vəziyyət Türkiyə vətəndaşlarını narahat edir. Dünən və bu gün Türkiyənin müxtəlif şəhərlərində etirazlar qeydə alınıb.

Noyabrın 25-də səhər lirənin məzənnəsi bir qədər sabitləşərək, 1 dollar 11.92 lirəyə bərabər olub. Türkiyə valyutasının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi də 10,4% azalaraq, 0,1334 manata enib. Bu da yeni tarixi minimum sayılır. Qeyd edək ki, lirənin manata qarşı məzənnəsi son bir ayda 24,7%, ilin əvvəlindən isə 41,8% azalıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kəskin inflyasiyaya baxmayaraq, Mərkəzi Bankın uçot dərəcəsini 16 faizdən 15-ə salınması barədə qərarını müdafiə edib. Prezident iqtisadi müstəqillik müharibəsində qalib gələcəyinə söz verib. Onun dediyinə görə, ixracı canlandırmaq, investisiyaları cəlb etmək və iş yerlərini artırmaq zərurəti Mərkəzi Bankı uçot dərəcəsini kəsməyə məcbur edirdi. Lakin tənqidçilər bildirirlər ki, bütün bunlar, əksinə, inflyasiyanı ikirəqəmli həddə çatdıracaq, lirə aşınacaq və türklərin real gəlirləri azalacaq.



İqtisadçı Samir Əliyev bildirir ki, Türkiyə hökumətinin qeyri-populyar addımları səmərə verib. Belə ki, məzənnə hesabına tədiyə balansı nizama salınıb. “2020-ci ilin yanvar-sentyabr ayları ilə 2021-ci ilin müvafiq dövrünü müqayisə etsək, görərik ki, cari hesablar balansının kəsiri 28,3 milyard dollardan 11,8 milyarda düşüb. Buna mal və xidmətlərin ixracının artırması hesabına nail olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal ixracı 58,5%, xidmət ixracı 60,5% artıb. Bu müddətdə idxal da (uyğun olaraq, 22,7% və 34,4%) artıb”, – ekspert əlavə edib.

S. Əliyevin sözlərinə görə, Türkiyənin maliyyə hesabında da vəziyyət yaxşılaşıb: “Birbaşa, portfel və digər investisyaların əhəmiyyətli artması hesabına maliyyə hesabındakı 6,5 milyard dollarlıq kəsir 31 milyardlıq profisitlə əvəz olunub. Nəticədə, tədiyə balansında müsbət saldo yaranıb. Ötən ilin 9 ayında valyuta ehtiyatı 42,6 milyard dollar əridiyi halda, bu ilin müvafiq dövründə 32,6 milyard artıb”.

Türkiyə Mərkəzi Bankının noyabrın 24-dəki açıqlamasında bazardakı dalğalanmaların reallıqla əlaqəsinin olmadığı, süni şəkildə baş verdiyi vurğulanır. Bildirilir ki, valyuta bazarlarında qeyri-real və tamamilə qeyri-sağlam qiymət formalaşması müşahidə olunur: “Valyuta məzənnələri tələb və təklif şərtləri ilə, sərbəst bazar dinamikası ilə müəyyən edilir. Mərkəzi Bank müəyyən şərtlər daxilində daimi istiqamət hədəfləmədən, yalnız həddindən artıq volatilliyə müdaxilə edə bilər. İqtisadi əsaslardan tamamilə uzaq olan valyuta bazarlarında qeyri-sağlam qiymət formalaşmaları müşahidə olunur. Şirkətlərimizə və vətəndaşlarımıza ticarətdə mümkün itkilərlə bağlı xəbərdarlıq edilməlidir”.

“Bloomberg” agentliyinin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti şirkətlər və banklarla birgə noyabr-dekabr aylarında 13 milyard dollar borc ödəməlidir. Bunun 8 milyardı noyabrın payına düşür.

Qeyd edək ki, Türkiyənin özəl sektorunun Azərbaycana olan uzunmüddətli borcunun həcmi təxminən 1,8 milyard dollardır. Bundan başqa, SOCAR-ın əsas yatırımları bu ölkənin neft-kimya sənayesinə yönəldilib.

“Petkim” Petrokimya Holding A. Ş.”nin baş direktoru Anar Məmmədov ötən il bildirib ki, “Petkim” Holdinqdən başqa, SOCAR bu ölkədə terminal tikintisinə 400 milyon, STAR neft emalı zavoduna 6.3 milyard, anbarların tikintisinə 600 milyon dollar investisiya yatırıb. Onun sözlərinə görə, TANAP layihəsində şirkətin 6.5 milyard dollarlıq yaıtırımı var ki, bu da toplam investisiyaların həcmini 15 milyard dollara çatdırıb:

“Hazırda davam edən layihələr ilə bu rəqəmi 19,5 milyard dollara yüksəldəcək şirkət, investisiya layihələrini başa çatdırdıqdan sonra Türkiyənin üç böyük holdinqindən biri, sənaye sahəsində isə birincisi olmağı planlaşdırır. Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür. Ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir. “Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar yatırıb”.

Bununla belə, Türkiyədə yaranmış vəziyyətin Azərbaycanın investisiyalarına necə təsir edəcəyi ilə bağlı narahatlıqlar artırır. SOCAR-ın 2020-ci ilə aid maliyyə hesabatında bu əndişələr qeyd olunub.

“Şirkət fəaliyyət göstərdiyi digər sahələrdə və bəzi xarici ölkələrdə, o cümlədən, xarici sərmayələrinin daha çox olduğu Türkiyə bazarında pandemiyanın iqtisadi təsirlərinə məruz qalaraq, həmçinin valyuta məzənnəsində yaranan fərq səbəbindən itkilərlə üzləşib. Bu itkilərin miqdarı digər seqmentlərdə əldə olunmuş müsbət nəticələri üstələyərək, ümumi nəticədə zərərə səbəb olub. Belə ki, il ərzində SOCAR-ın xalis zərəri 1,7 milyard manat olub”,-deyə hesabatda bildirilir.



Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pressklub.az-a şərhində xatırladıb ki, SOCAR ötən ilin maliyyə hesabatında məzənnə fərqindən zərərlə üzləşdiyini qeyd edib:

“Əlbəttə, lirənin ucuzlaşması Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayələrin gəlirliliyinə ciddi təsir göstərir. Məlumdur ki, SOCAR STAR Neft Emalı zavoduna, habelə başqa sahələrə yatırdığı sərmayələrin 5-6 ilə çıxacağını, daha sonra gəlirlə işləyəcəyini proqnozlaşdırıb. Amma lirənin kəskin ucuzlaşması bu müddətin 7-8 ilə qədər uzanmasına səbəb olacaq. Çünki bu müəssisələrdə istehsal olunan məhsullar əsasən yerli bazarlarda satılır. Ölkədəki inflyasiya, lirənin ucuzlaşması isə məhsulun satış qiymətinə adekvat olmur”.

İlham Şaban mənzərəni aydınlaşdırmaq üçün 6 il əvvəl Azərbaycanda yaranmış vəziyyəti misal gətirir: “2015-ci ildə baş verən devalvasiyadan sonra qısa müddətdə bütün idxal məhsullarının dəyəri ikiqat bahalaşdı. Nəticədə ticarət az qala dayandı, çünki əhali bu qiymətlərlə məhsul almaq istəmədi. Bir müddət sonra qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olaraq, sabitləşməyə başladı. Yəni bazar öz şərtlərini diktə edir və bütün oyunçular da ona əməl etməyə məcburdur. Türkiyədə də eyni qaydada, dolların bahalaşması enerji sektorunda kəskin qiymət dəyişikliyinə gətirib çıxarır, amma bazar qanunları şirkətlərə imkan vermir ki, məzənnə fərqindən itirdiyini çıxara bilsin. Məcburdur ki, əhalinin alıcılıq qabiliyyətinə uyğun qiymətlər təklif etsin. Bu da qoyulan investisiyaların qaytarılma müddətini uzadır. Proqnoz göstəricilərdən daha az qazanc əldə edirsən. Həm də səhmdarlar və kreditorlar arasında mənfəət bölgüsünün şərtləri dəyişir və kapitalın geri dönüş müddəti uzanır”./pressklub.az

Xəbər 177 dəfə oxunub.




27.11.2021  21:28 

Şəriət nədir?

27.11.2021  16:11 

Lukaşenko Əliyevə zəng etdi

27.11.2021  13:19 

Sabah yaz havası olacaq

27.11.2021  09:17 

Xəzərdə zəlzələ olub - 3.4 bal

27.11.2021  08:52 

Daha bir gənc intihar etdi


BÜTÜN XƏBƏRLƏR +