Həm İkinci Qarabağ savaşı, həm də noyabrın 16-da erməni təxribatı nəticəsində 7 şəhid, 10 yaralı verən ölkə ictimaiyyətini, sosial şəbəkə və digər informasiya aləti istifadəçilərinin mütləq əksəriyyətini bir neçə sual düşündürür: “Şəhidlik zirvədir? Bəs niyə öz oğlanlarınızı o zirvədə görmək istəmirsiniz?”, “Bəs iribuynuzlu məmur oğlanlarının vətənə borcu yoxdur?”, “Villadan şəhid çıxdığını görmüsünüz?” və s...
İnsanların od püskürməsinin səbəbi bəllidir:
Bu dövlətin bütün naz-nemətindən faydalanan: bahalı geyinən, bahalı restoranlarda əylənən, bahalı avtomobillər sürən, bahalı vəzifələrdə pərçimlənən məmur-oliqarx-deputat balaları niyə Vətənin dar günündə silaha sarılmadılar?
Əslində bu kimi suallar və həmin suallara cavabları elə sosial şəbəkə istifadəçiləri, jurnalistlər, ictimai-siyasi fəallar özləri veriblər.
XəzərNews.az olaraq əlavə şərhə ehtiyac duymadan onların bəzilərini təqdim edirik:
Jalə Mütəllimova-Seyidli: “Arvad-uşaqları bulvardakı brend dükanlara silahlı oxrana ilə gəlib, bir alt paltarına üç min avro verir. Gəncədə şəhid Natiqin qapısına 3 kilo yağ yollayır Gəncə xanı. Deyir ki, ilkin tədarükdür. Ləyağınızı Allah kəssin”.
Təranə Xudabaxşiyeva: “Villadan şəhid çıxdığını görmüsünüz? Şəxsən mən görməmişəm... Vətən üçün ancaq kasıb ölür də...”
Zülfiyyə Quluyeva: “Pulu olanların uşaqları FHN-də də xidmət keçir. Yevlaxda, Kəlbəcərdə nə işləri var?”
Tahir Abbaslı: “Məmurların balalarının damarları deşik olduğu üçün, onlarda kişilik hissi itib...”
Rafiq Muradov: “Müharibə fədakarlıqdır, əlbəttə ki, qonşunun oğlu yox, sən öz canından keçirsənsə...”
Qadir İbrahimli: “Şəhid xəbərlərinə daha dözə bilmirəm - necə ola bilər ki, 3 min şəhid arasında 1 nəfər də nazir, icra başçısını demirəm, heç JEK müdirinin oğlu da yoxdur (2-ci Qarabağ müharibəsindən danışıram). Rüşvət maşını ancaq yoxsulların övladlarını döyüş bölgəsinə yığır. Sağlığında onlara uşaqpulu vermirlər, şəhid olandan sonra isə "şəhidim var", "şəhidlik ən uca zirvədir" deyib vətənşüvənlik edirlər. Ancaq o qədər riyakar və saxtadırlar ki, şəhidlərin böyüdüyü uçuq-sökük komalara da getmirlər!”
Təranə Məhərrəmova: “Mən iki həftə əvvəl Yevlaxda hərbi andiçmə mərasimində olanda, orda yalnız dişi tökülmüş, nimdaş geyimli valideynlər idi...”
Ülfət Haqverdiyev: “Şəhidlik yeganə zirvədir ki, məmurlar və məmur balaları o, zirvəni kasıb balalarına verib”.
Şaiq Rəşidzadə: “Ölən yenə də bizim kimi kasıblardı. Amma birdən fikirləşirəmki oğlun cəbhəyə göndərməyənlər çoxdan ölüb, xəbərləri yoxdu”.
Afət Əzizova: “Bütün yağlı yerləri qamarlayanlar o zirvəni niyə könüllü kasıba ərməğan edib? 125 deputatın, 100 İB- nın, 50 partiya başqanı və minlərlə kiçik xanların oğulları niyə o zirvədə dayanmır”.
Bəhruz T. Kərimli: “Həmin "zirvə" onlar üçün İngiltərədə, İsveçrədə, Amerikada, BƏƏ-Dubayda, Çexiyanın Karlovı-Varı şəhərində və sair yerlərdədir...”
Rasim Ismayılov: “Od düşdüyü yeri daha çox yandırar”.
Əfqan Muxtarlı: “Onlar Vətənə olan borclarını Amerikada, Avropada, Rusiya və Türkiyədə villalar almaq, ovşorlarda şirkətlər acmaqla ödəyirlər”.
Nihat Cəbrayıl: “Xeyir, "vətən onlara borcludu"!”
Xəqani Əlinağıyev: “Onların ancaq alacaqları var”.
Kəmalə Mikayılzadə: “Yox, onların oğulları, nəvələri, qohum-əqrabaları üçün şəhid olanlar varsa niyə onlar döyüşsün ki? Bəs, gecə klublarına kim xeyir versin...”.
Natiq Cavadlı: “Onların başı avtoxuliqanlığa qarışıb”.
Ədil Əlizadə: “İrubuynuzlu nədir e, heç xırdabuynuzlu məmur övladlarının
ayağına bir tikan da batmır”.
Amin Əliyev: “Onların Vətəni yoxdur”.
Şahin Əliyev: “Onlar xəstədirlər”.
Elyar İslamoğlu: “Yoxdur. Borc ancaq kasıb balalarınındır”.
Nofəl Qasımov: “Onlar iribuynuzu borcla alıblar, borcları qalmayıb”.
Nureddin Xoca: “Orta buynuzlularınkı banklarda oturub bizə gülürlər”.
Boyukağa Babayev: “Yenə şəhər boşaldı. Dızrıxladılar xaricə. Sakitlik olsun gələcəklər”.
İlqar Salmanov: “Onlar Vətəni borcu çıxarır”.
Sevda Mehrəliyeva: “Yox!!! Bu nə sözdü deyirsiz!? Vətənin onlara borcu var!”
Hürri Kərimov: “Heç sürücülərinin uşaqları da getmir”.
Nizami İsmayılbəyli: “Onların Vətənə borcu ölkəni talan eləməkdir”.
Nazilə Nəriman: “Hamı yaxşı bilir ki, ölkəmizdəki varlı məmurlar pullarını halal yolla qazanmayıblar. İnsanların cibinə giriblər, dövlət büdcəsindən xalqın malını oğurlayıb milyonlara sahib olublar. Övladlarını da bu haram pullarla böyüdüblər. Amma təkcə bu deyil...”
Laçın Səmla: “Kişi, qeyrət söhbətlərinin onlara dəxli yoxdur”.
Zaur Əhməd: “Azərbaycan kimin üçünsə ərazidir, yaşamaq, qazanmaq üçün yerdir, kimin üçünsə Vətəndir. Buranı Vətən bilənlər kasıblardırsa, başqa sözə nə hacət?... Vətən üçün öldürərlər də, ölərlər də. Odur ki, bura bizə Vətəndir, Vətəni özümüz qorumalıyıq, buranı, kirayə məkan, gəlir yeri kimi görənlərdən nə istəyirsiz?“
Və sonda...
Sonda, Nahid Ali İlyas yazır: “Şəhid Murad Xəlilovun dəfnində şəhid anaları və ataları iştirak etdilər. Muradın anası uşaqkən dünyasını dəyişib, evin tək oğludur, bir bacısı var. Muradı ağlayan anası da olmadı... Bacı fəryadı ilə son mənzilə yola salındı. Çox ağır mənzərə idi. Dəfndə iştirak edən şəhid anası dedi: Sənin anan xoşbəxt anadır ki, sənin bu gününü görmədi. Mən iki oğlumu şəhid verdim, ondan sonra heç vaxt dilimə bala, övlad kəlməsi gətirmədim. Sənin üçün deyirəm can balam Muradım məkanın cənnət olsun...“
Hazırladı:
Yusif Əli
XəzərNews.az
Xəbər 3909 dəfə oxunub.