10.11.2021 06:30
İrəvan Qarabağda və sərhəddə nə etmək istəyir?
Paşinyan üçtərəfli görüşün planlaşdırılmadığını dedi, ardınca müdafiə naziri Arşak Karapetyan Qarabağa qanunsuz səfər etdi, Peskov bir neçə gün öncə görüşlə bağlı fikirlərinin əksini səsləndirdi.
Nə baş verir, yaxud proseslər yenidən məcrasından çıxırmı?
Bu həftə Əliyev, Putin və Paşinyanın videokonfrans formatından görüşü gözlənilirdi. Paşinyan Peskovun bununla bağlı açıqlamasına “9 noyabrda görüş keçirilməyəcək” cavabını verdi. Nikol görüşü yox, görüşün 9 noyabrda keçiriləcəyini təkzib edirdi və bu, 8 noyabrda mitinq keçirən müxalifətə arqument verməmək kimi görünürdü. Lakin Peskovun bu gün verdiyi açıqlama Ermənistanın ümumiyyətlə görüşdən yayındığını deməyə əsas verir.
Kremlin sözçüsü deyib ki, “üçtərəfli görüşün tarixi hələ müəyyən edilməyib, hazırda konkret anlayış yoxdur”. Peskovun əvvəlki açıqlamasına korrekt etməsi o deməkdir ki, görüş gündəmdədir, lakin Ermənistan razılaşmır.
Üçtərəfli görüşün iki gündəmi var: kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsinin müzakirə edilməsi; mümkündür ki, kommunikasiyaların açılması qrafiki təsdiq edilsin və sərhədin delimitasiyasının hansı xəritələrə əsasən aparılması razılaşdırılsın;
İrəvan kommunikasiyanın açılmasına qarşı deyil, Paşinyan sonuncu müsahibəsində də bunu təsdiq etdi. Razılaşdırılmayan məsələ sərhədlə bağlıdır və istisna deyil ki, problem hansı ilin xəritəsinin əsas götürülməsi üzərində yaranır.
Üçtərəfli görüşə razılaşmayan Paşinyanın müdafiə nazirini Qarabağa göndərməsi də İrəvanın istəyinə nail olmaq üçün etdiyi gediş hesab oluna bilər və burada iki məqsəd var:
Birincisi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan mövcud stabilliyi pozur: bununla üçtərəfli masada maraqlarının təmin edilməsi üçün Moskvaya mesaj verir;
İkincisi, Qarabağda separatçı-terrorçu rejimin qondarma “müqəddəratını” aktual olaraq saxlayır: Paşinyan “sərhəd, kommunikasiya və Qarabağ mövzusunun bir-birindən ayrı məsələ” olduğunu açıqladı və sərhəd-kommunikasiya məsələsinin əsas gündəm olduğu vaxt “Qarabağ iddiasını” da ayrı istiqamət kimi aktuallaşdırır;
Paşinyanın bu gedişləri ABŞ dövlət katibinin köməkçisi Erika Olsonun regiona səfəri fonunda etməsi də təsadüfi deyil: İrəvan Vaşinqtonun bölgəyə müdaxilə istəklərindən həm “Qarabağ məsələsi” üçün istifadə etməyə, həm də Moskvanın qurduğu masada əlini gücləndirməyə cəhd edir;
Burada Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı diqqət çəkir. Azərbaycanın hərbi rəhbərliyi iki xəbərdarlıq edir.
1. Müharibədə məhv edilmiş erməni generallarının aqibətini xatırlatmaqla Karapetyana Qarabağda həyatının təhlükəsizlikdə olmadığını deyir;
2. Anti-terror əməliyyatının keçirilə biləcəyinin mesajını verir;
Ermənistan müdafiə nazirinin səfəri ən azı məcburetmə əməliyyatını zəruri edir. Çünki İrəvan bununla təsdiq edir ki:
- 10 noyabr razılaşmasının 4-cü bəndini – erməni qoşunların çıxarılmasını icra etmək niyyətində deyil;
- Qarabağda rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da mövcud olduğu postlar var və bu postlarda hətta davamlı mühəndislik işləri həyata keçirilir: Karapetyan həmin postlardakı mühəndislik işləri ilə tanış olub;
- Karapetyanın “sülhün ən vacib təminatçısı ordunun döyüş qabiliyyətidir” açıqlaması da Qarabağdakı erməni terrorçuların təxribatlara davam edəcəyini deməyə əsas verir;
Baş verənlər Azərbaycan sərhədləri daxilində və sərhəddə yeni təxribatlar, yeni gərginlik vəd edir: Kəlbəcər istiqamətində törədilən təxribat da bunu təsdiqləyir; bu o deməkdir ki, Ermənistan delimitasiya prosesinə mane olmaq və ən azı prosesdə öz maraqlarını təmin etmək üçün həm sərhəddə, həm də Qarabağda yeni gərginlik yaratmaq niyyətindədir;
Asif Nərimanlı
Xəbər 1506 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|