Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


28.10.2021  17:05 

“Bu səlahiyyətlər yenidən parlamentə qaytarılmalıdır“ - Etibar Məmmədov





A+  A-

XezerNews.az Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, tanınmış siyasətçi Etibar Məmmədovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Uzun müddət idi ki, siz siyasi proseslərdən uzaqlaşmışdınız, ölkədə gedən proseslərlə bağlı şərhləriniz olmamışdı. Maraqlıdır ki, gündəmdən kənarda qaldığınız müddətdə nə işlə məşğul olursunuz?

- Mənim elə bir işim yoxdur. Təqaüdçüyəm. Daimi iş yerim yoxdur. Müsahibə vermək də siyasətə qayıtmaq deyil.

- Bəs, bu ehtiyac nədən yarandı ki, bu günlərdə mətbuata çıxıb müəyyən məsələlərdə şərhlərinizi açıqlamaq qərarına gəldiniz?

- Buna ehtiyac var idi. Mən 2004-cü ildə partiyadan istefa verib gedəndə elan etmişdim ki, meydan gənclərindir. Səhnəyə daha yeni ideyalarla çıxmaq istəyənlər ola bilər. Onlara şərait yaratmaq lazımdır. Ancaq o zaman da bildirmişdim ki, elə bir dövr ola bilər ki, mənim sözümə ehtiyac yarana bilər, nəsə danışmaq istəyə bilərəm. 2020-ci ildə vəziyyət gərginləşəndə və müharibə ehtimalı artanda qərara gəldim ki, fikir bildirməliyəm. Mövqelərimizin müdafiəsi və xalqı birliyə çağırmaq sahəsində fikir bildirməyə ehtiyac duydum. Mənim fikrim o idi ki, kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq hamı bir nöqtəyə vurmalıdır. Siyasi baxışlar və məsələlər kənara qoyulub ancaq ümummilli məsələ və müharibədə qələbə uğrunda hamı birləşməyə borcludur. Müharibədən sonrakı dövrdə 1 ilə yaxın müddətdə mən yenə də heç bir şeyə münasibət bildirmirdim. Sadəcə, bir dəfə son dövrdə İran məsələsi və İranın Azərbaycana qarşı xəyanəti, təzyiq mövqeyinə keçərək Azərbaycanı hədələməsindən sonra fikirləşdim ki, buna mövqe bildirilməlidir. Eyni zamanda, Azərbaycanda cəmiyyət daxilində bu məsələdə fikir ayrılığına yol vermək olmaz. Ayrı mövqedə olanların sayı çox olmadığına görə ancaq ara qarışdırmaq meyilləri ola bilər. Bununla bağlı tədbirlər görülməlidir. Hakimiyyətlə müxalifət arasında müharibə məsələsində olduğu kimi bu məsələdə də fikir ayrılığı olmamalıdır.

- Qeyd etdiniz ki, o zaman istefa səbəbiniz həm də meydanı gənclərə buraxmaq ilə bağlı idi. 17 il keçib. Sizcə, sizin istədiyiniz gənclər meydana gəldi?

- Bizim gəncliyimiz savad və intellektuallıq baxımından yaxşıdır. Yetişməyə meyillidirlər və müxtəlif sahələrdə yaxşı nəticələr göstərirlər. Təbiidir ki bütün cəmiyyətlərdə ekstremal vəziyyətlərdə talantlar üzə çıxır. Bizim üçün də ekstremal vəziyyət müharibə idi. O zaman da göründü ki, bizim gənclərin potensialı yüksək olduğu üçün iş qabiliyyəti də yüksəkdir. Ordumuzun da əksəriyyəti gənclərdən ibarətdir, onlar da döyüş qabiliyyətlərini müharibədə göstərdilər. Eyni zamanda, döyüş qabiliyyətindən başqa, yeni texnologiyalara sahiblənmə sahəsində də yüksək səviyyədə nəticələr əldə etdilər.

Ancaq siyasət sahəsində hələ ki, mən bunu deyə bilmərəm. Bu dövrdə bir neçə gənc siyasətçi meydana çıxıb. Ancaq təəssüf ki, hələ ki, meydan köhnə qvardiyanın əlindədir. Bu hal hakimiyyət daxilində də var. Prezident özü gənc olsa da, komanda uzun müddət gəncləşə bilmədi. Son illərdə dəyişikliklər gedir, amma keyfiyyət baxımından elə böyük dəyişikliklər yoxdur. Eyni zamanda, siyasi sahədə də hələ ki köhnələr daha çoxdur, nəinki nəsil dəyişməsi. Bu hələ müşahidə olunmur.

- Siz bir nümunə kimi partiya sədri vəzifəsindən istefa verdiniz. Amma vurğuladınız ki, uzun illər bu postu tərk etməyən siyasətçilər var. Bu ənənənin davamlı olmamasının səbəbi nədir? Bəlkə hesab edirlər ki, yerlərinə gələ biləcək şəxslər yoxdur.

- Mən onların nə düşündüyünü deyə bilmərəm. Mən o zaman şəxsi qərarımı vermişdim. Bu qərardan partiya daxilində, cəmiyyətdə də narazı olanlar da var idi. Deyirdilər ki, nəyə görə belə edirəm, davam etmək lazımdır. Bilirsiniz, hansısa dövrdə siyasi konyuktura mövcud olur, nəyəsə təlabat olur, nəyəsə olmur. Müəyyən dövrdə də cəmiyyət yıpranır və nədənsə doyur. Doyduğu zaman da siyasi apatiya başlayır. Siyasi apatiya olan dövrdə isə siyasi fəaliyyətin faydalılıq əmsalı aşağı düşür. Azərbaycanda da o dövrdə 2000-ci illərin əvvəlindən sonrakı dövrlərə qədər belə bir vəziyyət yaranmışdı. Cəmiyyətin özü bu təlabatlara cavab verməlidir. Cəmiyyət siyasətdən kənar qalmağa çalışır. Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri də müxalifət daxilində olan siyasi qüvvələrin bir-birini tükətməsidir. Bu uzun müddət ərzində bir-birlərinə demədikləri böhtanlar, ittihamlar qalmayıb. Nəticədə də insanların gözündə siyasi proseslərlə məşğul olmaq, siyasətçilərin özü gözdən düşüb. Buna görə də inkişaf əmələ gəlmir. Yeni adamlar da yetişə bilmir, köhnələr də gözdən düşür, nəticə əldə edə bilmirlər.

- O illər bir neçə partiyadaşınız da sizi tərk etdi. Onda siz hansı hissləri keçirdiniz?

- Partiya könüllü bir təşkilatdır. Heç kəsi ora məcburi gətirmirlər. İnsanlar siyasi təşkilatlara siyasi ideyalara, liderə inanıb gəlirlər. Qarşısına hansısa məqsədlər qoyub nəyəsə nail olmaq istəyirlər. Müəyyən müddətdən sonra buna nail ola bilməyəndə ya ruhdan düşüb kənara çəkilir. Ya da yorulduğunu bilib kənara çəkilirlər. Yaxud kənardan hansısa təkliflər gələndə buranı qoyub başqa yerə getməyə üstünlük verir. Mən onların heç birini qınamıram.

Sadəcə bəziləri var ki, gedəndən sonra nalayiq hərəkət edirlər, onlara cəmiyyətdə yaxşı baxılmır. İnsandır, bu gün bir mövqedə, sabah başqa mövqedə də ola bilər. Ancaq əvvəl olduğu, inandığı yerə böhtanlar yağdıranda bu heç kəs tərəfindən yaxşı qəbul olunmur.

- Bu müddət ərzində siyasi əlaqələrinizin davam etdiyi şəxslər olubmu?

- Mən hamısı ilə normal münasibətdə olmağa çalışmışam. Heç kimlə düşmənçiliyim, ədavətim yoxdur. Hakimiyyətdə və müxalifətdə olanlarla elə bir problemim yoxdur. Düzdür, bəzi adamlar var ki nalayiq hərəkətlər ediblər. Onlara da cavab verməyi layiq bilmirəm.

- Cəmiyyətin siyasi proseslərə hazır olmadığını vurğuladınız. Ancaq Qarabağla bağlı məsələdə hamı yumruq ola bildi, minlərlə insan küçəyə çıxıb dəstək nümayiş etdirdi. Digər məsələlərə biganə qalınmasında partiyaların və yaxud iqtidarın günahı varmı?

- Hakimiyyət uzun müddətdir o yolu tutub ki, müxalifətdəsənsə hakimiyyətin elədiklərini bəyənmirsənsə deməli, az qala düşmənsən. Bəzilərini isə əsl düşmən hesab edirlər. Bu göz qabağında olan məsələdir. Siyasi fəaliyyətlə məşğul olmaq az qala cinayət hesab olunur. İnsanlar işdən azad olunurlar, qohum-əqrəbaları təqib olunurdu. Bu fakt idi. İndi yumşalan və çətinləşən dövrləri də olub. Bu cəmiyyətin inkişafına mane olan məsələdir. Hakimiyyət anlamalıdır ki, bu cür sıxmaq ölkənin daxilində siyasi fəaliyyətə imkan verməmək o deməkdir ki, insanlar burada deyə bilmədiyini daha təhlükəsiz yerlərə gedib deməyə çalışırlar. İndi xaricdə olanlar yutub kanalları açırlar. Tənqidi fikirlər deyən də, təhqirə keçənlər də var.

Fikrim odur ki, insanlara şərait yaratmaq lazımdır ki, ölkənin daxilində öz fikirlərini deyə bilsin. Qəbul olunub-olunmaması ikinci məsələdir. Böhtan və təhqirə görə isə qanun çərçivəsində məsuliyyət daşımalısan. Partiyalar varsa, onlar da maliyyəsiz yaşaya bilməz. Partiyaların maliyyələşməsi ölkədə qadağan səviyyəsindədir. Hansısa müxalifət partiyasına yardım etmək az qala cinayət hesab olunur. Maliyyələşməyən təşkilatların bəziləri də dözümsüzlük nümayiş etdirir. Xarici təşkilatlar, donorlar vasitəsilə maliyyələşməyə cəhd edirlər. Bir zamanlar belə olmuşdu. O da ölkənin milli mənafelərinə ziyandır. Buna görə də hakimiyyətin borcudur ki, bu şəraiti yaratsın. İndi həmin şəraiti yaratmaq istiqamətində bəzi addımlar atılır. Partiyalara ofislər verilir, onlarla Prezident Administrasiyanın müəyyən şöbəsi əlaqələr yaradır. Bu kifayət deyil. Sakitliyi təmin etmək üçün atılan addımlardır. Daha ciddi siyasi islahatlara gedilməlidir. Parlament çoxpartiyalı olmalıdır.

Bunun üçün normal seçkilər keçirilməlidir. Parlamentdə fraksiyalar olmalıdır, həmin fraksiyaların nümayəndələri öz fikirlərini bildirməlidirlər, orada canlı debatlar olmalıdır. Parlamentin özünün səlahiyyətlərinə yenidən baxılmalıdır. Parlamentin özünü bu gün az qala funksioner vəziyyətinə salıblar ki, sizin işiniz ancaq qanun yazmaqdır. Qanun yazmaqla hüquqşünaslar, professionallar məşğul olurlar. Onun üçün də ayrıca institutlar yaratmaq olar. Adı parlamentdirsə ölkənin siyasi məsələləri orada müzakirə olunmalıdır. Seçilən insanlar hansısa bölgəni təmsil etməlidirlər. O bölgənin problemlərini hökumətin diqqətinə çatdırmalıdırlar. Seçəndə deyirlər ki, xalq seçir. Ancaq orada olanda deyirlər ki, sənin xalqın qarşısında heç bir borcun yoxdur. Onları nə eşidə bilərsən, nə də problemləri ilə məşğul ola bilərsən. Bunlar absurddur və dəyişməlidir. Eyni zamanda partiyaların özündə də bir islahatlara ehtiyac var ki, yeni insanlar üzə çıxa bilsinlər, fikirlərini bildirsinlər. Cəmiyyətin özündə də bir maraq olmalıdır. Rəqabət olmayan yerdə də inkişaf olmur.

- Bizdə partiyalarla bağlı bir imic də formalaşıb ki, bu təşkilatlar daha çox ofis partiyasına çevrilib. Halbuki bir partiya daha çox təşkilatlanmalı, bir yerdə qalmamalı, əhali arasına çıxmalıdır.

- Bilirsiniz, hər şeyə obyektiv baxmaq lazımdır. Hər hansı partiya funksioneri hansısa rayona gedirsə, hansısa beş adamla görüşəndə polis gəlib deyirsə ki sən icazə almısanmı, bu zaman hansı təmasdan söhbət gedə bilər? Polis bu işə qarışmamalıdır. Hər hansı yığıncaq keçirmək üçün icra hakimiyyətindən icazə alınmamalıdır. Təbii ki icra hakimiyyəti də hakim partiyadan kənarda olan heç kimə icazə vermir. Onlar da mətbuat vasitəsilə, yaxud yutub kanalları vasitəsilə fikirlərini çatdıra bilirlər. Fikirlər bildiriləndə də məmur özbaşınalığının qarşısını almaq olur. İndi belə olanda hakimiyyətdə oturan nə bilir ki, hansı məmur nə işlə məşğuldur? Hakimiyyətdə olanlar da ancaq bir-birini qorumaqla məşğuldur. Bu məsələlərin hansısa partlayıb üzə çıxandan sonra məlum olur ki hansısa icra başçısı və ya nazir işlərlə məşğuldur. Onlardan da bir-iki nəfəri tuturlar. Heç o birilərinə də təsir etmir. Xalqla təmas üçün həmin şəraitin olması vacibdir.

- Məmur özbaşınalığı məsələsinə Prezident də çıxışlarında bir neçə dəfə toxunub, onlara xəbərdarlıq edib. Sizcə, özbaşınalıq azalıbmı, xəbərdarlıqdan nəticə çıxaranlar varmı?

- Müəyyən dərəcədə təsir etsə də, məsələni həll etmir. Bunun üçün köklü islahatlara ehtiyac var. Kadrların seçilməsində, siyasi sferanın yenidən qurulmasında dəyişikliklər olmalıdır. Dediyim kimi, parlament yoxdusa, xalqın seçdiyi nümayəndələr vasitəsilə müzakirə olunmursa, bu məsələlər də belə müzakirə olunmayacaq. İndiki vəziyyət belədir ki, Prezidentə kimsə məruzə edəndən sonra o ona reaksiya verir, hansısa məmur cəzalandırılır. Hamısını da məruzə etmək olmur axı. Hamısı deyir ki, məni Prezident təyin edib, ona hesabat verirəm. Ölkə rəhbəri də bunların hamısının hesabatını birdən qəbul edə bilməz axı. Məmurları məcbur etmək lazımdır ki, cəmiyyətə, parlamentə hesabat versinlər. Hökumət parlament qarşısında da hesabat verməlidir.

- Sizcə, hansı məmurlar işini düzgün yerinə yetirir?

- Ad deyə bilmərəm, ancaq faiz olaraq çox aşağıdır. Köhnə təfəkkür və üsullarla işləyən böyük əksəriyyət təşkil edir. Orada adamı dəyişməklə məsələ həll olmur. Yəni onların qarşısında qoyulmuş tələblər dəyişməlidir. Tapşırıqla məsələ həll olmayacaq. Məmurlar vəzifələrinə gəlir mənbəyi kimi baxırlar. Belə baxanda da cinayət edirsə, öz ətrafına da ən yaxın adamlarını yığmalıdır ki, cinayət dairəsi kiçik olsun. Heç kəsin bundan xəbəri olmasın. Deməli, orada ən çox öz qohumları, yaxınları ola bilər. Məmurların vətəndaşları incitməsi hamıya məlum idi.

Bu gün hamı qələbəmizdən, əsgərlərdən danışır. Ancaq ən çox incidilən həmin müharibədə iştirak edən cavanlarımız, qazilər, şəhid ailələridir. Onları əməlli-başlı süründürməçi halına salıblar. Onların hamısının da sözünü Prezidentə, birinci vitse-prezidentə çatdırmaq imkanı yoxdur, sayları isə yüz minlərlədir. Əksəriyyətinin də baxımsızlıqdan şikayəti var. Ən sadə məsələ isə, müalicələri ilə bağlıdır. Əsgərlikdə olan insanlar yaralanmasa belə stress yaşayırlar. Soyuqda, qarda olurlar, bunlarda artıq orqanizmlərində xəstəliyə meyillik yaradır. Müəyyən dövrdən sonra həmin xəstəliklər üzə çıxır. Eyni zamanda, yaralananlar nə üçün gedib öz cibindən müalicəsinə pul xərcləməlidir? Bunlar hamısı dövlətin hesabına olmalıdır. Onların yaşadıqları yerdə məmurlar bunu aydınlaşdırmalıdır ki, nəyə ehtiyacları var? Təqaüd, yaxud birdəfəlik maliyyə vəsaiti verməklə bu məsələlər həll olunmur.

- Sizin ailə üzvlərinizdən 44 günlük müharibədə iştirak edən olubmu?

- Bəli, qazi var. Həmin qazi də uzun müddət yaralanması barədə tibbi arayışı ala bilmədi. Halbuki bu adam yaralanıb, hospitalda yatıb. Gəlib Bakıda da Mərkəzi Hospitalda yatıb. Vacib deyil ki ona əlillik verilsin. Bu insan müharibədə olubsa, yaralanıb müalicə olunub yenidən qayıdıbsa cəhbəyə gələndən sonra deyirlər ki, get yaralandığın yerdən arayışı gətir. Ora gedir, onlar da deyir ki, Mərkəzi Hospitala göndəriblər. Mərkəzi Hospital da deyir ki, sənin epiqrizini tapa bilmirik. Bu insanlar niyə əziyyət çəkməlidirlər? Bunlar hamısı elektronlaşdırılıb. Sadəcə hansısa nalayiq insanlar var ki, bu cür süründürməçiliklə şəxsi məqsədlərinə nail olmaq istəyirlər. Bəlkə də bəziləri ümumi narazılıq yaratmaq istəyir.

- Administrasiyada siyasi partiyalarla bağlı yaradılmış şöbə yeni dəyişikliklərə gətirib çıxara bilərmi? Bilirsiniz ki, partiya sədrləri bir neçə dəfə işğaldan azad edilmiş ərazilərə də aparılıb.

- Bunlar başlanğıc üçün yaxşıdır. Ancaq uzun müddət belə gedə bilməz. Belə çıxır ki, Prezident Aparatının bir şöbə müdiri 50-yə yaxın partiyanı idarə etməklə məşğuldur. Bu, onun vəzifəsi deyil. Ancaq onların fikirlərini toplayıb öz rəhbərliyinə çatdıra bilər. Ancaq daha səviyyəli şəkildə partiyalar üçün diskusiya şəraiti yaratmaq lazımdır. Belə olmayanda da partiyalar bir-birini güdməklə, tənqid etməklə, ad qoymaqla məşğul olacaqlar.

- Bəs, sizinlə hər hansı təmaslar olubmu, yaxud Qarabağa səfər etmək təklif olunubmu?

- Yox, mənə heç bir təklif gəlməyib. Ancaq bizim partiyanın rəhbərliyini dəvət ediblər, o da həmin səfərlərdə iştirak edib. Qarabağ müharibə zonası olaraq qapalı zonadır. Orada hər şey icazə ilədir. Ehtiyac varsa, mənə desələr, məmnuniyyətlə gedərəm. Ancaq özbaşına getməyə yol verilmir.

- Bu günlərdə işıq və qazın qiymətinin artması ilə bağlı insanlar arasında nələri müşahidə edirsiniz?

- İstənilən qiymət artımı əhalinin maddi durumuna mənfi təsir edir. Mən Tarif Şurasının bu məsələləri həll etməsinin əleyhinəyəm. Onlar istədikləri vaxt yığışırlar, qiymət qaldırırlar. Cəhd göstərirlər ki, buna bəraət qaldırsınlar. Ancaq bunun heç bir bəraəti yoxdur. Bu çox səhv bir mövqedir. İnsanların yaşayış minumumu parlament tərəfindən müəyyən olunur. Ona görə də qiymətlər də parlament tərəfindən tənzimlənməlidir. Bunu hansısa Tarif Şurasının ixtiyarına buraxmaq olmaz.

- Elə deputatların da bu haqda təklifləri olmuşdu.

- Əslində bu məsələdə parlamentin özü günahkarıdır. Parlamentin tarixini araşdırsanız görərsiniz ki, özündə olan səlahiyyətləri öz dövründə könüllü şəkildə təhvil verib ki, bununla hökumət məşğul olsun. Əvvəllər qiymətlərin müəyyənləşdirilməsi və tənzimlənməsi parlamentin səlahiyyətində idi. Özü bundan imtina edib. Fikrim odur ki, bu səlahiyyətlər yenidən parlamentə qaytarılmalıdır.

- Növbəti parlament seçkilərində iştirak etməyi düşünmürsünüz?

- Mənim elə bir fikrim yoxdur. Qoy cavanlar daha fəal olsunlar, daha çox işləsinlər. Mən ancaq məsləhət verə bilərəm.

- Amma nəzərə alaq ki, bizim parlamentin tərkibi də böyük faizlə cavanlardan təşkil olunmayıb. Bir neçə dəfə deputat seçilmiş şəxslər var...

- Mən başqaları haqqında nəsə deyə bilmərəm. Bütün dünyada var ki, parlamentdə uzun müddət təmsil olunanlar olur. Ancaq onlar seçki ilə seçilirlər.

- Niyə düşünürsünüz ki, siyasətdə məhz cavanlar olmalıdır? Məsələn, Amerika siyasətini götürək, burada idarəedicilər kifayət qədər yaşlı insanlardır. Bəlkə, sizin daha ciddi səbəbləriniz var siyasətdən uzaqlaşmaq üçün, yaxud küskünsünüz? Siyasətə qayıtmağı niyə düşünmürsünüz ki?


- Ehtiyacın kritik həddi var. Kritik hədd olanda buna fikir bildirmək olar.

- Hazırda kritik hədd olduğunu hesab etmirsiniz?

- Yox. Hazırda mən təqaüddəyəm.

- Təqaüddə necə dolanırsınız, yaşamınız sizi qane edir?

- Bu barədə şikayətim yoxdur.

- Kitab, xatirə ədəbiyyatı üzərində işləyirsiniz, gündəlik siyasi prosesləri izləyirsinizmi?

- Gündəlik siyasəti də, iqtisadiyyatı da, cəmiyyətdə gedən prosesləri izləyirəm. Təbii ki, onlardan kənarda qalmaq olmaz, sadəcə fikir bildirmirəm.

- Qənaətlərinizi yəqin daha çox dostlarınızla bölüşürsünüz...

- Bəli, əsasən dostlarımla danışıram. Ancaq publik şəkildə bunu etmirəm. Bunun üçün partiyalar və onların qarşısına qoyduğu vəzifələr var.

- Bəs, yaxın dostlarınızdan təkid edən varmı ki, siyasətə qayıdasanız?

- Nə olsun, onlar təklif edəndə mən də deyirəm ki, neynirsiniz ki, mənim qayıtmağımı?! Bizim cəmiyyyətdə belə bir şey var. Adam axtarırlar ki, kiminsə üzərinə nəyisə yükləsinlər. Bu zaman da paravoz rolu oynasın, öz arxasıyca aparsın. Bu zaman da nəticə yaxşı olmur. Nə zaman ki, cəmiyyət öz üzərinə düşən vəzifəni müxtəlif sahələrdə bilir, bunu yetirməyə hazır olur. Məsələn, bu müharibədə insanlar öz vəzifələrini bildilər və real şəkildə də yerinə yetirdilər. Amma siyasi sahədə bu yoxdur.

- O zaman siyasi sahədə nə zaman bu dediyiniz olacaqsa, sizin də o zaman siyasi səhnəyə qayıtmağınızı görəcəyik...

- Mən də istəyirəm ki, bu olsun. İnsanlar daha fəal olsunlar, bir adama ümid bağlamasınlar. Düşünməsinlər ki, bir adam gələcək, nəyisə dəyişəcək. Bir gün həmin bir adam da sifəti dönüb başqa fəaliyyət göstərir.

Bu günlərdə Qubadlı ictimaiyyəti ilə görüşdə Prezident İlham Əliyev yeni bir mesaj verdi. Mən ölkə başçısının fikirlərini olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm. Prezident vurğuladı ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır: "Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm".

- Bu çıxışdan sonra sosial şəbəkələrdə müzakirələr belə oldu ki, bu, hər hansı dəyişikliyin anonsu ola bilər, yaxud referendum keçirilə bilər. Siz bu barədə nə düşünürsünüz?

- Ola bilər ki, dəyişiklik olsun. Mən də onun tərəfdarıyam ki, Prezident də siyasi baxışlarında bir qədər dəyişiklik etsin. İndiki siyasi bölgü ölkənin inkişafına xidmət etmir. Bir adamın üstünə hər şeyi yükləmək və xalqı da yönəltmək ki, gedin ondan tələb edin. Bu, düzgün deyil. Görürsünüz ki, Prezident Administrasiyasının qarşısına nə qədər etiraz edən adamlar toplaşır. Bu, onun nəticəsidir ki, yerlərdə onların problemi həll edilmir. Məmurlar öz üzərinə düşən vəzifəni yerinə yetirmirlər. Ona görə də sonda Prezidentdən tələb edirlər. Parlament proporsional seçki sisteminə keçməlidir. Əsl bələdiyyələr formalaşmalıdır.

- Uzun müddət siyasilər də belə deyirdilər ki, bir çox məsələ Qarabağ probleminin həll edilməməsinə görə qalır.

- Bundan sonra daha böyük məsələlər həll olunmalıdır, daha böyük islahatlar keçirilməlidir. Qarabağ azad olunub, hamı gördü ki, ora yerlə-yeksan olub. İnsanların ora köçürülməsi böyük vəsait tələb edir. Dövlətin üzərinə düşən vəzifələrdir. Dövlətin də qazancı tək neft, qaz yox, həm də iqtisadiyyatın inkişaf etdirilməsi olmalıdır. Bunun üçün də iqtisadi azadlıqlar təmin olunmalıdır. İnvestisiya şəraiti yaradılmalıdır, məmur özbaşınalığının qarşısı alınmalıdır ki, onlar mane olmasınlar.

- İranla münasibətlər bir müddət çox gərgin oldu, indi artıq bir növ sakitlik müşahidə olunur. Proses istədiyimiz kimi yekunlaşdımı?

- İran tələb edirdi ki, Azərbaycan bunlara göz yumsun. Onlar Azərbaycanın ərazisindən keçməklə Qarabağı yanacaqla təmin etmək istəyirdilər. Oradakı terroristlərə silah daşımaq istəyirdilər. Əlbəttə ki, Azərbaycan buna icazə verə bilməzdi. Buna icazə verməyəndə də o yolu tutdular ki, Azərbaycana təzyiq etsinlər, şantaj etsinlər. Onlar istəklərinə nail ola bilmədi.

Ancaq bunlar müvəqqətidir. İran yenə də bunu davam etdirəcək. Onlar Azərbaycan dövlətinin mövcudluğunu həzm edə bilmirlər. Prezidentindən tutmuş nazirlərinə kimi heç kimin dilindən Azərbaycan Respublikası sözü çıxmır. Bizə Bakı hökuməti deyirlər. Bizi dövlət kimi qəbul etmək istəmirlər.

- Üstəgəl, nəzərə alsaq ki, onların burada agent şəbəkələri mövcuddur...

- Bəli, var. Onların zərərsizləşdirilməsi istiqamətində də işlər gedir. Buna indiyə kimi imkan verilməməli idi. Böyük şeylərə gücü çatmasa da, ara qarışdırmağa cəhdlər edəcəklər. Dövlət orqanları da, cəmiyyət də buna hazır olmalıdır. İranda vəziyyət pisdir. Azərbaycanda sorğu keçirsən, heç kəs deməz ki, mən İrandakı quruluşun Azərbaycanda olmasını istəyirəm. Amma Cənubi Azərbaycanda sorğu keçirin, deyəcək ki, Azərbaycandakı quruluşun onlarda olmasını istəyirlər. Yəni onlar ondan narahatdırlar.

- Bu günlərdə 44 günlük müharibənin bitməsinin ildönümü qeyd ediləcək. Sizcə, bu günlərdə sülh müqaviləsinin bağlanması mümkün olacaqmı?

- Sülh müqaviləsinin bağlanması vacibdir və bu, mümkün qədər tez olmalıdır. Sülh müqaviləsi o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul edəcək. Qəbul edəcəksə, demək ki, rəsmi şəkildə Qarabağa aid olan iddialarından əl çəkmiş olacaq və sərhədlər müəyyənləşəcək. Daha sonra Qarabağada yaşayan ermənilərin məsələsi artıq Azərbaycanın daxili işi olur. Bunlar vacib məsələlərdir. Ötənilki üçtərəfli bəyanatdan sonra müəyyən məsələlər həll olunsa da, həll olunmayanlar hələ də var. Ancaq hazırda əsas məsələ kommunikasiyaların açılması, Zəngəzur koridorunun işə düşməsidir. Çox güman ki, o məsələlər 90 faiz həll olunacaq.

- Sülhməramlıların fəaliyyəti bundan sonra necə ola bilər, onların işini necə qiymətləndirirsiniz?

- Rusiya sülhməramlıların ora buraxmaq məcburi addım idi. Ancaq bundan sonrakı dövrdə bizim vəzifəmiz odur ki, onların Qarabağda qalmaq zərurətini sıfra yaxınlaşdıraq. Hələlik 1 ilə yaxındır ki, oradadırlar. Özlərinə aid olmayan işlərlə məşğuldurlar. Səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edirlər. Ermənilərin silahlı dəstələrinin müdafiəsi ilə məşğuldurlar. Müəyyən dövrlərdə məcburən buna göz yumulur. Ancaq bundan sonra belə olmayacaq.

- Bu günlərdə Müdafiə Nazirliyi ehtiyatda olan bir qrup zabitin təlim toplanışına çağırılması barədə məlumatı müəyyən qədər təşvişlərə gətirib çıxardı. Sizcə, yenidən əməliyyatlar ola bilərmi?

- Səfərbərlik çağırışları həmişə olub və olacaq. Bu, ona görədir ki, ehtiyatda olan qüvvələr həmişə hazır vəziyyətdə olsunlar. Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, müharibə ehtimalı da həmişə yüksəkdir.

- Büdcədə ən çox pul ayrılan sahə müdafiə sahəsidir. Bu da onunla əsaslandırılıb ki, torpaqlarımız işğal altında idi. Ölkədə "uşaqpulu"nunun yenidən verilməsi məsələsi gündəmə gələndə müdafiə sahəsini də əsas kimi gətirirlər. Torpaqlar azad olunduğuna görə, "uşaqpulu" yenidən verilə bilərmi?

- Uşaqpulunun verilməsi elə müdafiəyə xidmət edən amil olar. Oğlan uşaqları böyüyüb əsgər olurlar. Deməli, bu da müdafiəyə xərclənən puldur. Qız uşağına verirlərsə, o da böyüyüb ana olacaq, uşaq dünyaya gətirəcək. Onun doğduğu uşaq da əsgər gedəcək. Deməli, bu da müdafiədir. "Uşaqpulu"nun verilməməsi fikrimcə, çox səhv mövqedir. "Uşaqpulu" o zaman verilmir ki, insanların maaşı onların ailələrini saxlamağa imkan verir. Bizdə buna imkan yoxdur. Ölkənin də əhaliyə ehtiyacı olduğuna görə uşaqların böyüməsi dövlət himayəsinə götürülməlidir. Himayənin bir növü də uşaq doğulduqdan sonra müavinət verilməsidir. "Uşaqpulu"nu vermək üçün müdafiə xərclərini azaltmağa gərək yoxdur. Bunun üçün əlavə mənbələr tapıla bilər. Fikrimcə, bu, büdcədə elə də problem yaratmaz.



Xəbər 3160 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +