“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


21.10.2021  09:40 

Tehranı Azərbaycanın Pakistanla keçirdiyi hərbi təlimlər yox, hansı limanı seçəcəyi narahat edirmiş





A+  A-

Bir müddətdir Tehran rəsmilərinin rəvac verdiyi gərginliyin əsas səbəbinin beynəlxalq yükdaşımaları bazarında Azərbaycanı özlərinə əsas rəqib görməsindən irəli gəldiyi sirr deyil. Baxmayaraq ki, Azərbaycan tərəfi həmişə “qazan-qazan” prinsipi ilə əməkdaşlıq təklif edir, İranın dünyaya əsas çıxışını təmin edəcək “Şimal Cənub” layihəsinin əsas təşəbbüsçülərindən biri olub, layihənin maliyyələşməsi üçün cənub qonşusuna külli miqdarda kredit də ayırıb (yeri gəlmişkən, həmin faizsiz kreditin həcmi İranın müstəqilliyimizin ilk ağır günlərindən bu vaxtadək Azərbaycana bütün səviyyələrdə və bütün kanallarla etdiyi yardımların toplam həcmindən dəfələrlə çoxdur).

Şərq-Qərb yükdaşımalarında Azərbaycana böyük üstünlük qazandıracaq “Zəngəzur dəhlizi”nin reallaşmaması üçün Moskva və İrəvanla gərgin diplomatik danışıqlar aparıldı, Azərbaycan Zəngəzura qoşun yeridiləcəyi ilə, müharibə və iki beynəlxalq məhkəmə ilə, Türkiyə isə 1932-ci il Tehran müqaviləsi əldə edilmiş ərazilərin mübahisləndirilməsi ilə təhdid olundu.

Buna paralel olaraq Cənub –Şimal yükdaşımlarında Azərbaycanın rolunu minimallaşdırmaq məqsədilə ölkəmizdən yan keçəcək "Bəsrə körfəzi-Qara dəniz" layihəsi gündəmə gətirildi. Dehli, İrəvan, ər- Riyad və Tiflislə aparılan danışıqların bir mövzusu da bu idi. Olduqca bahalı və iddialı təşəbbüs hələ ki özünə tərəfdar tapa bilmir.

Oktyabrın 13-də Hindistan xarici işlər naziri Subramanyam Cayşankar İrəvan səfəri zamanı “Cənub Şimal” dəhlizi üçün İranın Çabahar limanından istifadə olunmasını təklif edib. İran mediası hind xarici işlər nazirinin Azərbaycanı layihədən uzaqlaşdırmaqla bağlı açıqlama verdiyini iddia edir, lakin belə bir açıqlama mətni digər nəşrlərdə yayılmayıb. Olması da inandırıcı deyil, çünki İranın çoxbaşlı gedişləri maraqlı bütün tərəflər tərəfindən izlənir, Hindistan iki rəqibi –Çin və Pakistana qarşı rəqabət imkanlarını artıracaq böyük bir layihəni Tehranın diplomatik oyunlarına qurban vermək istəməzdi.

Bu kontekstdə İranın Azərbaycan tərəfini Astara keçid məntəqəsində yüklərin daşınmasına mane olması haqda ittiham etməsinin motivi aydın olur. Artıq Azərbaycan Gömrük Komitəsi həmin ittihamların əsassızlığını izah edən açıqlama ilə çıxış edib. Görünür, rəsmi Tehran “Cənub Şimal” dəhlizində rolu azaldılacağı halda süni maneə yaradıb bunda Azərbaycanı ittiham etmək yolu seçəciyini, bütövlükdə layihəyə qarşı təxribat törədəcəyini nümayiş etdirmək istəyib.

(Arayış. 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən sazişi ratifikasiya edib -Azərbaycan , Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman , Rusiya, Tacikistan, Türkiyə, Ukrayna. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.Layihənin daha sonra üç istiqamətdə inkişafı nəzərdə tutulur: Qafqaz – Bəsrə körfəzi (Qərb marşrutu);

Mərkəzi Asiya – Bəsrə körfəzi (Şərq marşrutu);

Xəzər dənizi – İran – Bəsrə körfəzi (Mərkəzi marşrut)

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli Sərəncamı imzalanıb. İkinci Qarabağ müharibəsindən əvvəl icrasına başlamış layihə Azərbaycanın öz esklavı olan Naxçıvan Muxtar Respublikası ilə də əlaqələrini sürətləndirməli idi. Lakin Zəngəzur dəhlizi həm Türkiyənin Mərkəzi Asiya ilə yükdaşımalrı üçün, həm də Azərbaycanın Naxçıvanla əlaqələr üçün İran ərazisindən istifadə zərurətini aradan qaldırır. Belə perspektivin İrana gətirəcəyi itkilərin miqyası 100 milyonlarla dollarlarla ölçülür.)

İran silahlı qüvvələrinin baş qərargah rəisi Muhəmməd Hüseyn Baqirinin Pakistana səfəri də hərbi məqsədlərdən daha çox, siyasi- iqtisadi gündəliyi ilə yadda qalıb. İslamabadda keçirilən görüşlər haqda xarici İran mediasında yazılarda səfərin əsas məqsədinin Azərbaycan- Pakistan əlaqələri ilə bağlı məlumat almaq, daha doğrusu, bunun İrana qarşı yönəlib- yönəlmədiyini öyrənmək olduğu etiraf edilir. Səfərqabağı İran mediasında Pakistana qarşı aparılmış kampaniyanı, Tehranın Hindistan, Ermənistan və Rusiya ilə xüsusi əlaqələrinin qabardılmasını isə xüsusi məqsədli diplomatik- psxiloji basqı olduğunu düşünmək olar. Həmin ərəfədə Azərbaycanda bəzi yeni siyasətçilərin “Pakistan , yoxsa Hindistan” seçimi qarşısında qalacağımız təqdirdə Hindistanı seçməli olduğumuz, Pakistanın müstəqil deyil, İngiltərə proskisi(müvəkkili, aləti) və ya müstəmləkəsi olması haqda apardıqları təbliğat Azərbaycanda Pakistana rəğbətin heç də kütləvi və mübahisəsiz olmadığını, Pakistan-Azərbaycan münasibətlərindəki pozitivləri bir xeyriyyəçinin haçansa etdiyi və ya etmədiyi xeyriyyə əməlinə yükləməksə əslində Azərbaycan siyasi mühitinin regional geosiyasəti nə qədər yanlış anladığını nümayiş etdirmək məqsədi daşıyırdı. Qəribə deyil ki, bu qəribə politloqlar da, boğazdan yuxarı “Hacı Zeynalabdin sevgisi” də irançı səhifələr tərəfindən nə müddətdir xüsusi şövqlə tirajlanır.

Baqirinin İslamabad görüşləri haqda mediaya ötürülən qeyri-rəsmi məlumatlarda Pakistanın İran-Azərbaycan əlaqələrində neytrallıq sözü verdiyi bildirilir. İddialara görə, Pakistan silahlı qüvvələrin rəhbərliyi bildirib ki, iki müsəlman dövləti arasında mümkün hərbi ixtilafda tərəf olmaycaqları haqda rəsmi Bakıya birmənalı mövqe çatdırılıb, keçirilmiş üçtərəfli təlimlərə gəlincə, bu, üçüncü tərəfə yönəlməyib, sırf hərbi hazırlığı artırmaq məqsədi daşıyıb.

Beləliklə, bir veteran siyasətçinin guya Pakistanın Azərbaycana görə öz qoşunlarını Tehrana yeritməyə hazır olduğunu bəyan etməsi haqda iddia və bu iddia ətrafında başlamış müzakirələrin mənasızlığı bir daha aydın olur. Ən azı, gələcək üçün nəzərə almaq, zamanını qabaqlayan müzakirələrlə müttəfiqlərimizin diplomatik manevr imkanlarını məhdudlaşdırmaqdan çəkinmək lazımdır. İran mediası və irançı səhifələr aparılmış danışıqları diplomatik uğur, İranın mühasirədən qurtulması kimi qeyd edirlər. Lakin bu diplomatik zəfər ovqatına rəğmən, danışıqlarda Pakistanın uğurlu gedişləri, Baqirini fakt qarşısında qoyması diqqət çəkir.

Belə ki, Baqiriyə bəluc separatçılarının həm Əfqanıstan, həm İran, həm də Pakistanda fəaliyyətini canlandırması haqda sənədlər təqdim edilib(tarixən Dürrani-əfqan hakimlərinin hakimiyyəti altında olan Bəlucistan Britaniya imperiyasının regiona gəlişi ilə üç yerə bölünüb. Hazırda Pakistandakı bəluc separatizminin Hindistan kəşfiyyatı tərəfindən dəstəkləndiyi haqda ciddi informasiyalar var. Nyu- Dehlidəki bəlli dairələr bunu nəinki gizlətmir, yeri gəldikcə İslamabadı təzyiq altda saxlamaq üçün müzakirəyə də çıxarırlar. Görünür, Pakistan tərəfinin iranlı hərbçilərə təqdim etdiyi sənədlərdə Tehranı ciddi qayğılandıran bəluc separatiziminin qaynağının Hindistan olması haqda tutarlı dəlillər var). Baqiriyə Tehran, İslamabad və Taliban hökumətlərinin separatizmə qarşı birgə əməkdaşlıq planı təklif edilib. Danışıqlarda İranın Çabahar limanını Əfqanıstana Hindistan yüklərinin daşınması üçün açmasından narahatlıq da ifadə olunub. Pakistan tərəfi bunu həm İran, həm də Pakistana qarşı ziyanlı addım olduğuna inandırmağa çalışıb.

Beləliklə, Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyənin ardınca Pakistanla da təcili danışıqlara getməsi İranın nəqliyyat dəhlizləri ilə bağlı hədsiz narahatlığının göstəricisidir. Bu narahatlıq səbəbindən Tehran gah Dehliyə, gah Moskvaya, gah erməni lobbisinə öz xidmətlərini təklif edir, ənənəvi müttəfiqlərimizi- gah ər-Riyadı, gah İslamabadı, hətta Ankaranı neytrallaşdırmağa çalışır. Amma “Şir” hələ ki quyruğunu qapı arasından çıxara bilmir.

Məhz Pakistanla danışıqlar “Cənub -Şimal” dəhlizi ilə bağlı Azərbaycana qarşı təxribatlarını azalda bilər. Məlum olduğu kimi, rəsmi Tehran Bakı və Ankaranın İslamabadla yaxınlaşması fonunda sonuncunun Qvadar limanını inkişaf etdirməsini öz Çabahar limanına qarşı alternativ, “Cənub –Şimal” dəhlizindən əldə edəcəyin faydanın həcmini azaltmaq üçün düşünülmüş plan kimi dəyərləndirir. Bu barədə İran parlamentinin komitə sədri Hümayun Yusifinin mətbuata müsahibəsində də açıq şəkildə bəhs olunur. Hindistan xarici işlər naziri Subramanyam Cayşankarın İrəvandakı açıqlamaları məhz bu narahatlıqları aradan qaldırmaq məqsədilə verilib. Lakin Pakistanın layihədə iştirakı təyinat ölkəsi olan Rusiyanın da marağındadır. Pakistanın Avrasiya İttifaqında müşahidəçi statusu ala bilmə ehtimalı haqda müzakirələr, Şimali Qafqazda Rusiya ilə birgə hərbi təlimlər təsadüfi deyil. Bu arada Pakistanın Azərbaycan üzərindən Avropaya yükdaşımalara başlaması isə ölkəmizin Şimal-Cənub yükdaşımalarında əhəmiyyətini nümayiş etdirir.

Şərq-Qərb daşımaları ilə bağlı təxribatların da effektsiz olduğu təsbit etmək mümkündür. Xəbər verildiyi kimi, dünən -oktyabrın 20-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun 8-ci iclasının ilk hissəsi keçirilib. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilən danışıqların əsas mövzusunun kommunikasiyaların (Zəngəzur dəhlizinin) açılması olduğu deyilir.

Deməli, hər iki istiqamət üzrə( Şimal-Cənub və Şərq-Qərb) Azərbaycanın təşəbbüslərini bloklamaq təşəbbüsləri puça çıxır. Bu arada Astara keçidində buraxılış bərpa olunub; və İran öz yük maşınlarının Qarabağ və Laçın ərazisinə qanunsuz daxil olmasını qadağan edib."Azərbaycan Respublikası ərazisinə rəsmi sərhədlər xaricində hər hansı bir giriş bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir" -İranın Yollar və Yol Administrasiyasının baş direktoru Məhəmməd Cavad Hedayatinin beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar birliklərinə göndərdiyi məktubunda belə yazılır.

Məktubda həmçinin Qarabağla istənilən müqavilə bağlanması və yükdaşımalara icazə verən sənədlər imzalanması qadağan edildiyi bildirilir.

Cəmaləddin Quliyev

Xəbər 977 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +