Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


16.10.2021  20:52 

“Vüqarlı Dneprin suları axsın”





A+  A-

Azərbaycan Yazıçılar Birliyinin daha bir nəşri - Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş və 30 ukraynalı şairin şeirlərinin toplandığı “Vüqarlı Dneprin suları axsın” Ukrayna şeiri antologiyası nəşr olunub. “Yeni DƏB” seriyasından çıxan kitabın tərtibçisi, seriyanın baş redaktoru, şair Səlim Babullaoğludur. Nəşrin məsləhətçisi Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundovadır. “Mütərcim” nəşriyyatında çap olunan kitab Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadovun dəstəyi ilə nəşr edilib. “Ədəbiyyat qəzeti”nin oxucularına eksklüziv olaraq Hikmət Cavadovun kitab üçün yazdığı “ön söz” ü təqdim edirik.

Xoşbəxtlikdən, tale elə yazıb, iş elə gətirib ki, dövlət və xalq olaraq biz Ukrayna ilə eyni siyasi coğrafiyada yaşamışıq. Hətta bəlkə bu ifadə bir az da yerinə düşmür. Çünki biz eyni siyasi coğrafiyanı təşkil etmişik. Eyni taleyi bölüşmüşük: uğurlarımızla da, dərdlərimizlə də. Ukrayna-Azərbaycan ədəbi əlaqələrinə ciddi bir töhfə olan hazırkı toplunun nəşri bir tərəfdən də özümüzü bir başqa cür tanımaq, görmək üçün yaxşı bir imkandır. Amma birinci növbədə Ukrayna ədəbiyyatına bələdliyimizi əsaslı şəkildə artıran mənbədir.

Azərbaycan oxucusuna, daha çox peşəkarlara Ukrayna ədəbiyyatı, əlbəttə ki, tanışdır. İvan Vişenski və Mletiy Smotritskinin polemik mətnləri, Ukrayna barokko dövrü ədəbiyyatı kimi təsnifləşən Feofan Prokopoviçin dramaturji əsərləri, xüsusən bu dövrün zirvəsi hesab edilən şair və filosof Georgi Skovorodanın yaradıcılığı, İvan Kotlyarovskinin burlesksayağı (travestik burlesk) “Eneida” poeması, Pyot Qulak-Artyomovski və Yevgeni Qrebenyokun satirik-komik əsərləri, Ukrayna dilinin təkcə komik əsərlərin aləti olmaıdığını sübut edən və onu zərif-lirik ifadə tərzi üçün “bəsləyən” Qriqori Kvitka-Osnovyanenkonın mətnləri zəngin Ukrayna ədəbiyyatının qiymətli səhifələridir.

XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri İvan Franko, Lesya Ukrainka, Mixail Kosyubinski, İvan Neçuy-Levitski, Marko Vovçok, Parnas Mirnı, Boris Qrinçenko kimi Ukrayna ədiblərinin adı ilə bağlıdır. Bu həm də ədəbi janr və növlərin formalaşması baxımından ən zəngin dövrdür. Sonra sovet epoxası başlayır, proletkult dövrü. Bir də, onunla mübahisəyə və dialoqa girməyən, ədəbi dəyərlər baxımından əks-qütbdə dayanan neoklassisistlər: Ellan Blakitnıy, İqnat Mixayliçenko, Mixail Semenko, Nikolay Zerov. O cümlədən Qiroqori Kosınka, Nikolay Kuliş, Maksim Rılski və başqaları. Onların bir çoxu repressiya olundular.

Amma Ukrayna ədəbiyyatının bəzən öz milli klassiklərimizdən ayrı saymadığımız və salmadığımız böyük kobzar, ozan, görkəmli şair və rəssam Taras Şevçenkonun (1814-1861) adı ilə bağlı olan dövrü Azərbaycanda daha çox tanınan bir dövrdür. Məhz 1840-cı il, Şevçenkonun “Kobzar” poetik toplusunun nəşri Ukraynanın intellektual və ədəbi müstəqilliyinin elanı demək idi ki, bu da Ukrayna ədəbiyyatının sonrakı onilləri üçün təyinedici rol oynamışdı. Yeri gəlmişkən, hələ XIX əsrdə görkəmli Azərbaycan ədib və ziyalıları Şevçenko yaradıcılığıyla “Oteçestvennıje zapiski”, “Kolokol”, “Sovremennik” kimi rus qəzet və jurnalları vasitəsi ilə az olsa da, tanış ola bilmişdilər. Bakıda fəaliyyətə başlayan “Prosvita” xeyriyyə cəmiyyəti Ukrayna xalqının böyük Kobzarının Azərbaycan torpağına “ayaq açmasına” zəmin yaratmışdı.

Haşiyə çıxıb, bütövlükdə Taras Şevçenko yaradıcılığı və ona Azərbaycandakı münasibətlə bağlı bəzi faktları xatırlamaq doğru olardı. Baxaq: 1934-cü ildə böyük şairin anadan olmasının 120 illiyi Azərbaycanda təntənəli şəkildə qeyd edilir; Şevçenkonun şeirlər kitabı ilk dəfə Azərbaycan dilində çapdan çıxır. “Azərnəşr”də dərc edilən “Kobzar” toplusundakı şeir və poemaları dilimizə Mikayıl Müşfiq və Əhməd Cavad tərcümə edirlər ki, əlinizdə tutduğunuz bu kitabın da həmin tərcümələrin bir parçası ilə açılması təsadüfi deyil.
Sonradan müxtəlif illərdə Taras Şevçenkonun yaradıcılığına digər tanınmış Azərbaycan şairləri – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mikayıl Rəfili, Mikayıl Rzaquluzadə, Məmməd Rahim, Osman Sarıvəlli, Abdulla Faruq, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Böyükağa Qasımzadə də müraciət edərək qiymətli tərcümələr ortaya qoydular, şairin çoxcildliyi Azərbaycan dilində nəşr edildi. Rəsul Rza, Mikayıl Rəfili, Məmməd Arif, Hüseyn Mehdi, Pənah Xəlilov, Əkbər Ağayev, Yusif Qarabağlı, Vaqif Arzumanlı, Abbas Abdulla, Tamara Şərifli və başqa ədiblərimiz də Taras Şevçenko haqqında qiymətli oçerk və məqalələr yazdılar ki, bu yazılar həm zamanında dövri ədəbi mətbuatda və sonradan isə ayrıca toplular kimi dəfələrlə nəşr edildi. Şairin doğum və anım günləri təntənə ilə qeyd olundu.

Əlbəttə, Azərbaycan şevçenkoşünaslığının nailiyyətləri də Ukrayna ədəbi ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib. Məsələn, 1978-ci ildə Ukrayna SSR EA T.Şevçenko adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi ikicildlik “T. Şevçenko lüğəti”ndə (“Şevçenkevskiy slovenik”) Azərbaycan şevçenkoşünaslığının nailiyyətlərinə geniş yer ayrılıb, lüğətə “T.Şevçenko və Azərbaycan” mövzusundan başqa, “Məmməd Arif”, “Səməd Vurğun”, “Əhməd Cavad”, “Mikayıl Müşfiq”, “Mikayıl Rəfili”, “Rəsul Rza”, “Süleyman Rüstəm”, “Zeynal Xəlil”, “Pənah Xəlilov”, “Məmməd Cəfər”, “Abbas Abdulla” adlı ayrıca məqalələr daxil edilib.

Ukrayna ədəbiyyatının müstəqillik əldə etdikdən sonrakı 30 illik dövrü, heç şübhəsiz ki, XX əsr Ukrayna ədəbiyyatının ən rəngarəng, ən dərin, ədəbi-estetik planda ən maraqlı dövrüdür. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 7 il əvvəl nəşr etdirdiyi “Dünya ədəbiyyatı” dərgisinin “Ukrayna ədəbiyyatı” xüsusi sayı bu mənada çox vacib nəşrdi. Çünki məhz bu “xüsusi say” vasitəsilə oxucular son 30 ilin (bir az da çox) Ukrayna ədəbi mənzərəsini geniş görə biliblər.



Ədəbi incilər sırasında təkcə Ukraynanın deyil, həmçinin bütün slavyan dünyasının ortaq mədəni irsi və qürur yeri sayılan, eyni zamanda təkcə tarixi məlumatlar deyil, həm də epik nəğmələr, əfsanə və rəvayətlər toplusu olan “Keçmiş illərin hekayətləri” (“Повѣсть врємѧнныхъ лѣтъ”) salnaməsi, “İqor polku haqqında dastan” (“Сло́во о похо́де И́гореве”) bəs edir ki, bir xalqın nə qədər zəngin və qədim ədəbiyyatı və tarixi olduğunu təsdiqləyəsən. Və belə bir tarix fonunda hər hansı sayda şairin şeirləri toplanmış istənilən kitab, toplu, antologiya, əlbəttə ki, həmin xalqın “poetik təmsilçilik” yükünün altına girə bilməz. Hərçənd, heç şübhəsiz, o xalqın bədii təfəkkür tərzi, düşüncələri və yaşantılarını nişan verə, qısa zaman kəsiyində də olsa, tarixinin bədii ifadəçisinə çevrilə bilər. Azərbaycan Yazıçılar Birliyinin, Birliyin katibi şair Səlim Babullaoğlunun təşəbbüsü və rəhbərliyi, eləcə də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun yaxından iştirakı ilə hazırlanan, qardaş Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunan və elə buna görə də 30 şairin şeirinin toplandığı, “Yeni DƏB” kitab seriyasında nəşr edilən “Vüqarlı Dneprin suları axsın – Ukrayna şeirindən seçmələr” antologiyası elə bu yuxarıda söylənilən məqsədlə ərsəyə gəlib.

İnanırıq ki, dövlətlərimiz və xalqlarımızın arasındakı səmimi dostluq və qardaşlıq bağlarının möhkəmlənməsinə, ədəbiyyatlarımızın və insanlarımızın yaxınlaşmasına öz mütəvazi töhfəsini verəcək bu antologiya tezliklə oxucusuna qovuşacaqdır.
Necə deyərlər, qoy vüqarlı Dneprin suları daim axar-baxarlı olsun! /http://edebiyyatqazeti.az/

Hikmət CAVADOV

Xəbər 2044 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +