Telman İsmayılov azadlıqda
İdmançının ölümü ilə bağlı araşdırma başladı
Canəli Əkbərov vəfat edib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
“Təzə bazar”da nöqsanlar aşkarlanıb - Yoxlama
“Azərtütün” özəlləşdirilməyə çıxarıldı
Prezident və ailəsi Gimnastika Arenasının yeni məşq binasında - Foto
“Təhsil naziri Nərmin Qaralovadan qorxur?” - VİDEO
Zakir Sultanov 6 milyon manata yaxın zərəri ödəyib - Məhkəmə
Çörək alarkən DİQQƏTLİ OLUN - VİDEO


24.09.2021  17:45 

Amulinin davamçıları da var





A+  A-

İranın Ərdəbil vilayətinin imamcüməsi Həsən Amulinin Azərbaycan Respublikasının ünvanına səsləndirdiyi ittihamlarla bağlı qalmaqal səngiməmiş növbəti təhdid “Keyhan” media qrupunun rəhbəri Hüseyn Şəriətmədarinin dili ilə səsləndirilib.
"Fars" İnformasiya Agentliyinə müsahibəsində o, iddia edib ki, Azərbaycan Respublikası əhalisinin böyük hissəsi indi də Qacar şahlarının xəyanəti nəticəsində müstəmləkəçi “Gülüstan” sülh müqaviləsi (1813-cü ildə Qacar və rus dövlətləri arasında Azərbaycanın bölünməsi haqda saziş) ilə vətəndən (yəni İrandan) ayrı düşmələri ilə barışmırlar.

Cənubi azərbaycanlılara yad olmayan familya daşıyan baş redaktor iddia edir ki, İsrail və Səudiyyə Ərəbistanı birlikdə “Azerbaijan İnternational” adlı media şəbəkəsi işə salmağa hazırlaşır. Bu şəbəkə də guya eyni əməkdaşlıqla 2017-ci ildən fəaliyyət göstərən “Iran International” kimi anti-İran xarakterli olacaq. “İran International” peyk kanalıdır, əsasən İranda sosial, siyasi problemləri işıqlandırır, qadın hüquqları və cinsi azlıqların vəziyyəti haqda reportajlar təqdim edir. H. Şəriətmədarinin iddiasına görə, “Azerbaijan İnternational”ın da əsas fəaliyyəti İranda etnik ədavəti qızışdırmaq olacaq, “azəri vilayətlərində separatizimi” körükləməyə çalışacaq.

İranda separatizmin yayılmasına cəhd göstərilməsi isə “Azərbaycan Respublikası əhalisi arasında İrana birləşmək istəyənlərin sıralarını genişləndirir”. Tərcüməsi - İsrail və Səudiyyənin ehtimal olunan media layihəsinə cavab olaraq Şəriətmədari cənabları bəri başdan Azərbaycan Respublikasını təhdid edir.

Xatırladaq ki, Həsən Amuli ötənhəftəki cümə namazı xütbəsində deyib ki, hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur. Belə ki, guya təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın “Yeni Şafak” qəzeti Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb, həmin müsahibəyə “İran xəritədən silinəcək” başlığı seçib: “Bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirmədilər. Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir”. Amuli ad çəkməsə də, jurnalistlər həmin müsahibənin BAXCP sədri Qüdrət Həsənquliyev tərəfindən 2016-cı il dekabrında verildiyini araşdırıb üzə çıxardılar. H. Şəriətmədarinin açıqlamasında isə birbaşa ad çəkilir, müsahibə verənin “sehyonist dairələrin təsirində olduğu” xüsusi vurğulanır.

Müsahibə İranın ozamankı müdafiə naziri Hüseyn Dehqanın "biz İsrailin regionda iştirakına dözməyəcəyik” iddiasına cavab idi. Həmin ərəfədə Nardaran hadisələri baş vermiş, hadisələrin gedişi zamanı bir çox İran rəsmiləri, imamcümələr Azərbaycan Respublikası dövlətinin, dövlət rəsmilərinin ünvanına uyğun olmayan açıqlamalarla çıxış etmişdiilər. İranda rəsmi dini dairələrə bağllığı şübhə doğurmayan KİV-lər “Talış şiələri də ayağa qalxdı”, "Şiə xalqı üsyan edir” və s . kimi provaktiv başlıqlarla yayımlar edirdilər.

Azərbaycan Respublikasının müstəqiliyini hədəfə alan və açıq şəkildə separatçılığı, etnik ədavəti körükləyən nur-az.com, badkubeh.com, azeriha, arannews kimi KİV-lər, You Tube və teleqram kanalları açılır, Amulinin yönəltdiyi Dünya Azəriləri Haqlarının Müdafiə Komitəsi 20 yanvar faciəsini “müsəlman azəri xalqının İrana birləşmək istəyinin boğulması” kimi qeyd edir, “Parstoday” kimi rəsmi və yarımrəsmi KİV-lər Rusiyaya sığınmış bir qrup separatçıya tribuna verirdi. İki qrup - Azərbaycanın dövlət müstəqiliyini inkar edən Əsğər Fərdinin qrupu “17 Qafqaz şəhəri” cəfəngiyatını, Azərbaycanın nəinki dövlət, heç dil və xalq kimi də qəbul etməyən Cavad Təbatabainin qrupu isə “aryançılıq” uydurmasını yeni media alətlərində aqressiv təbliğ edirdilər və s. Eləcə də Azərbaycan ərazisindən İrana qarşı İsrail və ABŞ tərəfindən hərbi və kəşfiyyat məqsədləri üçün istifadə olunması, İsrail PUA-larının İranda hansısa obyektləri hədəfə alması haqda dezinformasiyalar rəsmi səviyyələrdə gündəmə gətirilir, müəyyən təhdid və ittihamlar səsləndirilirdi (Yeri gəlmişkən C.Təbatabainin qızı Arian Təbatabai ABŞ-da yaşayır, Co Bayden hakimiyyətə gəldikdən sonra Dövlət Departamentində Yaxın Şərq üzrə mütəxəssis kimi işə cəlb olunub).

Bu fonda Azərbaycanda rəsmilərin, hakim partiyanın deyil, parlament müxalifətini təmsil edən deputatın obrazlı cavabı əslində çox yumşaq idi. Həm də yeganə cavab deyildi, ola bilsin ki, həmin çıxışın İsrail Azərbaycan əməkdaşlığını müdafiə zəminində verilməsi onu yaddaqalan edib. Amulinin və indi də Şəriətmədarinin Türkiyə-Azərbaycan, Azərbaycan-Pakistan hərbi əməkdaşlığına, 3 qardaş təliminə irad tutması haqlı olaraq sual doğururdu-üç müsəlman dövlətin əməkdaşlığı dördüncü dövləti niyə rahatsız edir? Görünür, bu sualdan yayınmaq üçün məhz İsraillə əməkdaşlığı müdafiə edən açıqlamanın tapılması göydəndüşmə sayılıb. Niyə məhz bir deputatın 6 il əvvəlki çıxışı üzərində belə fokuslanılması haqda yaranan sualın cavabı da budur. Arxivləri eşələyib 6 il əvvəlki bir çıxış tapmasaydılar da, yenə bir şey uydurulacaqdı.

Yadınızdadırsa, ötən ilin noyabrında Cavad Zərifin kobudluğu üzündən yaşanmış “şeir qalmaqalı” zamanı belə bəhanə əldə etmək üçün Yetim Qacarın bir beytini 18 il əvvəl dünyasını dəyişmiş Məmməd Arazın (mətnlərdə "Muhamməd İbrahimov" ) İran əleyhinə yeni şeiri adıyla təqdim etmişdilər.

Deputatın arxivdən tapılmış açıqlaması İsraillə əməkdaşlıq haqqında olduğundan İranın müəyyən dairələrinin əndişələrinə, qısqanclığına “sionizmə qarşı barışmaz mübarizlik” fonu vermək rahatlaşır. Çünki deyildiyi kimi, yazılan yazılarda, edilən çıxışlarda məhz yuxarıda xatırlatdığımız suallar səsləndirilir, şiə İranın müsəlman məzarlarını, şiə məbədlərini dağıdan Ermənistana yardımı qınanırdı. İran ali dini rəhbərinin nümayəndəsinin iddialarından sonra Azərbaycan şiə icması üzərində onun mənəvi rəhbərlik haqqını itirməsi, bizim din xadimlərinin şiəliyin Qum hövzəsi ruhuna yaxın konsepsiyasından (xomeyniyyədən) imtinaya çağırışlar edilirdi.

Artıq İrana rəğbətli sosial səhifələrdə, bloger yazılarında məhz bu məqam qabardılır, İsrailin bölgəni müharibədən çıxmağa imkan verməməsi, “sehyonizmin Azərbaycanda meydan sulaması” haqda iddialar baş alıb gedir. Nə qədər absurd olsa da, ali dini rəhbərə yaxın iki şəxs-onun şəxsi nümayəndəsi H. Amuli və sözçüsü sayılan media qrupun rəhbəri ağ yalan danışaraq 6 il əvvəlki müsahibəni, İsrailin hansısa media proyekti haqda iddiaları bir-birinə, sonra isə keçirilmiş təlimlərə bağlamaqla dindar azərbaycanlılar arasında, xüsusən vilayəti-fəqih sistemini qəbul edənlər arasında öz əməllərinə bəraət qazandırmağa çalışırlar.

Bu yaxınlarda sabiq səfir Möhsen Pakayinin İran səfriliyinin rəsmi saytında dərc olunmuş yazısında da, “Keyhan” media qrupu rəhbərinin açıqlamasında da Azərbaycan dövlətinə xəbərdaredici notlar var: Əgər Pakayin diplomatik ifadələrlə bunu yumşaq tərzdə edirsə ("Azərbaycan Respublikasının dost və qardaş hökumətinin ölkənin KİV-ləri üzərində öz nəzarətini gücləndirəcəyi və strateji münasibətlərin pozulmasına yol verməmək üçün hər iki tərəfin iki dövlət arasında dostluq münasibətlərinə qayğı göstərəcəyi gözlənilir"..), Şəriətmədari açıq hədəyə keçir (Bu addım cənab Əliyev hökumətinə qarşı hazırlanıb, o, sionistlərin bu hiyləsindən yayınmalıdır”).

Məlumat üçün.“Keyhan” media qrupu 1980-ci ildən Ali dini rəhbərə tabedir və onun siyasətinin ifadəçisi sayılır. Baş redaktor H.Şəriətmədarinin keçmiş prezident Mahmud Əhmədinejad kimi şiəliyi daha radikal təfisr edən çevrələrə yaxınlığı bəllidr. Özü onları “İranın talibanları kimi” göstərməyi yanlış adlandırır, hərçənd "üsulgərayan” (prinsipialistlər-Xomeyni prinsiplərinə, Ali dini rəhbərə qeyd - şərtsiz sədaqət göstərənlər) cərayanında olduğunu təsdiq edir. Bu, İranla mövcud ixtilafın xarakterinə müəyyən aydınlıq gətirir; indiyə qədər hakimiyyətdəki liberalların, qərbmeyillilərin, fars millətçilərinin iki dövlət arasında münasibətlərin korlanmasında maraqlı olduğu iddia edilirdisə, indi belə yozumlara yer qalmır.

Yeri gəlmişkən, 1990-cı illərdə Azərbaycanın müstəqil olması ilə Cənubi Azərbaycanda milli haqlar mövzusunun aktuallaşmasından sonra mərkəzi qəzetlərin azərbaycanca ələvələri də dərc olunmağa başlamışdı. Belə nəşrlərdən biri də "Keyhan"ın “Keyhane-torke” əlavəsi idi.
İddia edilən "Azerbaijan İnternational " layihəsi haqda açıq mənbələrdə hər hansı məlumat tapılmadı...

Cəmaləddin Quliyev


Xəbər 837 dəfə oxunub.




22.10.2021  22:14 

Telman İsmayılov azadlıqda

22.10.2021  22:00 

Canəli Əkbərov vəfat edib

22.10.2021  16:20 

Daha 48 nəfər tutuldu - Video


BÜTÜN XƏBƏRLƏR +