Telman İsmayılov azadlıqda
İdmançının ölümü ilə bağlı araşdırma başladı
Canəli Əkbərov vəfat edib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib
“Təzə bazar”da nöqsanlar aşkarlanıb - Yoxlama
“Azərtütün” özəlləşdirilməyə çıxarıldı
Prezident və ailəsi Gimnastika Arenasının yeni məşq binasında - Foto
“Təhsil naziri Nərmin Qaralovadan qorxur?” - VİDEO
Zakir Sultanov 6 milyon manata yaxın zərəri ödəyib - Məhkəmə
Çörək alarkən DİQQƏTLİ OLUN - VİDEO


23.09.2021  11:15 

Birgəyaşayış: Çətin və mürəkkəb yaşam tərzi...





A+  A-

Son günlər Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı aparılan yersiz müzakirələr cəmiyyətdə qütbləşmənin yaranması ilə nəticələndi. Təəssüf ki, müzakirə iştirakçılarının böyük əksəriyyəti mövzuya radikal münasibət bildirərək problemin ən azı 3-4 gün trend olmasına səbəb oldular. Çox maraqlıdır ki, Azərbaycanda bu kimi hadisələrin (məsələn, talış etnik kimliyi ilə bağlı) qabardılamsı fonunda cəmiyyətimiz tamam başqa bir xoşəgəlməz hadisə ilə - hansısa ayətullanın sərsəm fikirləri ilə boğuşurdu.
Digər maraqlı fakt ondan ibarətdir ki, nə zamansa Şimal qonşumuzla aramızda “meh əsəndə” məhz ölkəmizin bu bölgəsində yaşayan xalqları ilə bağlı narahatçılıq yaşamalı oluruq. Bütün bu “təsadüflərə” inanmayan ölkə ictimaiyyəti, xüsusən də aktivistlər “daşları istədikləri kimi yerinə oturtmağa” çalışdılar.
Birgəyaşayış çətin və mürəkkəb proses olduğu kimi illərlə qazanılan təcrübə əsasında formalaşır. Bu gün biz dünyanın ən multikultural dövlətlərinin təcrübəsinə diqqət etsək, tarixin müəyyən mərhələlərində onların da sabit birgəyaşayışa necə çətinliklə nail olduqlarını görə bilərik. Amma mövzumuz və gündəmimiz Azərbaycan olduğundan daha çox ölkəmizin bu sahədə əldə etdiyi müsbət təcrübəni qısa tezislərlə oxucularla bölüşmək niyyətindəyik.

Azərbaycan hamımızın - burada yaşayan bütün xalqların – ümumi Evidir. Onu sevə-sevə qorumaq, qoruyaraq sevmək hər bir kəsin başlıca vəzifəsi olmalıdır. Vahid amal uğrunda çiyin-çiyinə yaşayıb mübarizə aparmaqdan – səndən heç nəyini əsirgəməyən müstəqil bir dövlətin azad vətəndaşı olmaqdan insana qürur gətirəcək, düşünürəm ki, heç nə ola bilməz. Birinci Qarabağ savaşında yəhudi əsilli Albert Aqarunov, İkinci Qarabağ savaşında rus milli kimliyi ilə şəhid olan Denis Pronin, malakan Vladimir Koveşnikov və neçə-neçə talış, ləzgi, avar, qrız, tat, ingiloy və başqa xalqların igid oğullarının qəhramanlığı vahid amal uğrunda mübarizənin ana xəttini – fəlsəfəsini təşkil edirdi. Bu oğullar milli birliyimizin sözdə deyil, əməldə, canları və qanları ilə təminatçısına çevrildilər.

Təbii ki, bu məsələdə azərbaycançılığın milli birliyimizin təminatında yeri və rolu əvəzsizdir. Azərbaycançılıq milli birliyimizin təməl prinsipi olaraq milli azlıqlar arasında da geniş yayılmış və qəbul olunmuş ideologiyadır. Bu ideya Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən azsaylı xalqların ideyası kimi də çıxış edir. Bütün təfərrüatları ilə bir-birini tamamlayan bu ideyanı, ölkə ərazisində yaşayan milli azlıqların birlik tələbi kimi də dəyərləndirmək olar. Separatizmin girovuna çevrilən bəzi ünsürlər Azərbaycanı istəməyən qüvvələrin təhriki ilə respublikamızda mövcud olan etnomühiti korlamağa, birgəyaşayış nümunəsinə zərbə vurmağa çalışırdılar. Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin qarşısının alınması, xalqın bölücülük əleyhinə və dövlətin möhkəmlənməsinə yönəlik siyasətə dəstək verməsi ölkəmizdə etnik separatizmə yer olmadığını bir daha sübut etmiş oldu.

Əlbəttə, Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən milli siyasətin təməl prinsipləri sağlam sütunlar üzərində qurulmuşdu. Azərbaycanda yaşayan müxtəlif xalqlar əsrlər boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxladılar. Milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradıldı.

Ümummilli lider Heydər Əliyev hakimiyyəti illərində ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşdı, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratdı. Ölkədə yaşayan milli azlıqlar, eləcə də etnik qrupların mədəni dəyərlərinin və mədəni irsinin qorunması ilə bağlı hökuməti tərəfindən tədbirlər planı hazırlandı. Yəni milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malik oldu. Bir sözlə, Heydər Əliyev yüz illər boyu Azərbaycanda formalaşmış bu milli keyfiyyətin və cəmiyyətimizdəki etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və təşviqinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın burada yaşayan bütün xalqların ümumi Vətəni olduğunu dönə-dönə vurğulayırdı.

1993-cü ildən sonra milli və dini qrupların spesifik məsələlərinə o zaman ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi. Həmin ildə 33 milli mədəni mərkəzin fəaliyyət göstərməsinə şərait yaradıldı. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təmin olunması və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün Prezident Fondundan vəsait ayrıldı. Təkcə 1993-cü ildə Heydər Əliyevin Sərəncamı ilə milli və dini qrupların dil və mədəniyyətlərinin inkişafına Prezident Fondundan 1,5 milyon manat vəsait ayrılmışdır. 1996-1997-ci illərdə isə onların mədəni-təşkilati fəaliyyəti və mətbuat orqanları üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrılmış və həmin təşkilatların hesabına köçürülmüşdür.

Müstəqillik illərində həm də beynəlxalq konvensiyalar və onların Milli qanunvericilikdə təsbiti istiqamətində mühüm nailiyyətlər əldə olundu. Azərbaycan BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların milli məsələlərlə bağlı qəbul etdiyi beynəlxalq sənədlərə qoşuldu. 2000-ci ilin iyun ayında Azərbaycan Avropa Şurasına üzv olmamışdan hələ çox-çox əvvəl "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına qoşuldu. 2001-ci il noyabrın 1-də Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq, Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə Sərəncam imzaladı. Bununla da bəyan etdi ki, ölkəmiz bu sahədə mövcud olan beynəlxalq təcrübəni bölüşməyə hazırdır.

Prezident İlham Əliyev isə hakimiyyətə gələn kimi, millətlərarası münasibətlərin inkişafı üçün maraqlı tezislə çıxış etdi. Bəyan etdi ki, o, Azərbaycanda deyil, bütün dünyada yaşayan azərbaycanlıların prezidentidir. Bu isə artıq Azərbaycan prezidentinin dinindən, irqindən asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər kəsə bir mesajı idi və milli birgəyaşayışın həlledici sütunlarından birinə çevrildi.

Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox orta məktəblərdə ana dillərinin işlənilməsi qismən təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır və yaşadılır. Respublikada yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycanın dövlət dilini bilir, bu dildən etniklərarası ünsiyyət vasitəsi kimi də istifadə olunur. Azsaylı xalqların və etnik qrupların dillərinin tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklərin, dərs və metodik vəsaitlərinin, tövsiyələrin və s. hazırlanması və nəşri də daimi diqqət mərkəzindədir.

Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan mədəni müxtəlifliyi” layihəsini həyata keçirir.

Azərbaycanda yaşayan etnik icmaların dilində 15-dən, rus dilində isə 20-dan çox qəzet və jurnal nəşr olunur, internet media və digər informasiya alətləri fəaliyyət göstərir. Telekanallarda (son vaxtlar Xəzər və İctimai TV-lər daha çox fəallıq nümayiş etdirir) milli azlıqların tarixi, etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar hazırlanır.

Bu gün həm də ölkəmizdə tolerantlıq, dinlərarası dözümlülük, hər bir şəxsin azad şəkildə dini etiqad hüququ geniş şəkildə qorunur. Minilliklər ərzində Azərbaycanda müxtəlif dinlərə mənsub vətəndaşlar dinc, bərabər şəkildə yaşamaqdadırlar. Bu sahədə heç bir qarşıdurma olmayıb. Azərbaycan xalqının 96 faizinin İslam dininə etiqad etməsinə baxmayaraq, ölkədə xristianlar, yəhudilər milli və dini adət - ənənələrini qoruyub saxlaya biliblər. Bu, bir tərəfdən Azərbaycan xalqının tarixi tolerantlıq ənənələrinin aydın göstəricisi, digər tərəfdən də Azərbaycan dövlətçiliyinin tolerantlığa yönəldilmiş siyasətinin nəticəsidir.

Azərbaycan dövləti və siyasi hakimiyyəti bununla kifayətlənməməli, millətlərarası münasibətlərin inkişafına açıq olmalı və bu istiqamətdə davamlı addımlar atmalıdır. Günün tələbinə uyğun olaraq öz ana dillərində kadr hazırlığına diqqət yetirilməli, dərs saatları artırılmalı, dərsliklər yenilənməli, vətəndaş cəmiyyətləri institutlarının qeydiyyatı ləngidilməməli, media resurslarına texniki dəstək göstərilməli, folklor ansambllarının qastrol səfərləri ən azı ölkə daxilndə müntəzəm təşkil olunmalıdır.

Niyaz Niftiyev
Yazı Yenisabah.az saytı üçün hazırlanıb.

Xəbər 1378 dəfə oxunub.




22.10.2021  22:14 

Telman İsmayılov azadlıqda

22.10.2021  22:00 

Canəli Əkbərov vəfat edib

22.10.2021  16:20 

Daha 48 nəfər tutuldu - Video


BÜTÜN XƏBƏRLƏR +