17.08.2021 12:10
Hansı COVID-19 xəstələri reanimasiyaya yerləşdirilir?
“Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır”.
XəzərNews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli bildirib.
Onun sözlərinə görə, zəif immun sisteminə malik orqanizmdə virusun inkişafı da olduqca sürətli baş verir. Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, “soyuqdəymədir” deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr artıq gecikmiş halda xəstəxanalara müraciət edirlər. Həkim qeyd edib ki, ən çoxda evdə müalicə zamanı edilən yanlış odur ki, müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan ümumiləşdirilmiş müalicələr edilir. Ağırlaşan xəstələrin qəbul şöbəsində vəziyyəti dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılması təyin edilir.
"Hansı ağırlaşmalar xəstənin intensiv terapiya, yəni reanimasiya şöbəsinə yerləşdirilməsinə göstəricidir "- sualına gəlincə isə həkim bildirib ki, ilk növbədə reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir:
“Kəskin tənəffüs çatışmazlığının olduğu hallar, kəskin hemodinamik pozulmalarla müşahidə olunmuş hallar, yanaşı xəstəlikləri olan xəstələr... Məsələn ola bilər ki, xəstədə kəskin tənəffüs çatışmazlığı olmasın amma yanaşı xəstəlikləri var, şəkər, ürəkdə stent, yüksək təzyiq bu halda xəstə dinamiki müşahidə də saxlamaq üçün reanimasiyaya yerləşdirilir. Ümumi göstəriciləri belə dəyərləndirə bilərik ki, kəskin tənəffüs çatışmazlığı varsa, əlbəttə bu tənəffüsün sayına da bağlıdır, bu say 30-un üstündədirsə, oksigenin parsial təzyiqi 70-in altındadırsa, karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, bu hallar reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiya nəticəsidir”.
İ. Məhərrəmbəyli həmçinin bildirib ki, intubasiya, endotrakeal boru (ET) adlanan bir borunun ağızdan və sonra tənəffüs yoluna daxil edilməsidir. COVID-19 infeksiyasında, xüsusilə yüksək ağciyər tutulumu və nəfəs darlığı olan xəstələrdə, qanda oksigen səviyyəsinin aşağı olması ilə xəstənin intubə edilməsinə ehtiyac ola bilər. İntubasiya olunmuş xəstə ventilyasiya cihazına bağlı olduğu müddətdə reanimasiya şöbələrində qalır. Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, intubasiyadan sonra bir müddət reanimasiyada qalmaq lazım gələ bilər:
“Ancaq hər bir reanimasiyada xəstəyə intubasiya edilmir. Tənəffüs funksiyasını müstəqil şəkildə yerinə yetirə bilən xəstələrdə intubasiya tələb olunmur. İntubə edilmiş xəstələrin xəstəxanaya yerləşdirmə üsulu xəstənin vəziyyətinə görə həkimlər tərəfindən təyin oluna bilər və zaman-zaman dəyişdirilə bilər. Bəzi xəstələr intubasiya zamanı üzü aşağıya qoyulur. Bəzi xəstələrdə klassik yatma mövqeyinə üstünlük verilə bilər”.
Həkim əlavə edib ki, COVID-19 və tənəffüsə təsir edən bir çox digər xəstəliklərdə, xəstəlik şiddətli olarsa, müəyyən bir müddət intubasiya yolu ilə mexaniki ventilyasiya almalı ola bilər. Ümumiyyətlə, yoluxucu xəstəliklərdə dərman müalicələri və digər müalicə variantları sınandıqda və hələ də nəticə vermədikdə intubasiya tətbiq olunur. İntubasiyanın neçə gün çəkəcəyi tamamilə xəstənin vəziyyətindən asılıdır. Bəzi xəstələrdə yalnız bir neçə günə, bəzi ağır xəstələrdə isə həftələrlə intubasiyaya davam etmək lazım ola bilər. Xəstə nə qədər uzun müddət intubə olarsa, komplikasiya ehtimalı da o qədər yüksək olar.
Xəbər 2594 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|