31.12.2019 10:43
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
Nazirlər kabineti "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" qərarı ləğv edib.
Qurumun Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərar "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Azərbaycan Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.
Qərara əsasən, "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli Qərarı ləğv edilib.
Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, ləğv olunan qərar 4 mart 2004-cü il tarixində keçmiş Baş Nazir Artur Rasi-zadə tərəfindən imzalanmışdı.
Daha əvvəl isə Nazirlər Kabineti “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi və “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 23 avqust tarixli 334 nömrəli Qərarının ləğv edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərar “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1579-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 11 iyun tarixli 730 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.
Qərarla Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 15-1-ci hissə əlavə edilib.
Gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksəkgərginlikli elektrik xətlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.
Qərara əsasən, “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 23 avqust tarixli 334 nömrəli Qərarı ləğv edilib.
Xəbər 1211 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|