Zelenski bu gün Bakıya gəlir
Bakının girişində təmir işlərinə başlanılır
Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
Prosineçki Azərbaycan yığmasına qayıda bilər
Mövqelərimiz atəşə tutuldu
Asılılıq yaradan məhsullar açıqlandı
Karateçilərimiz İtaliyada 4-cü medalını qazandı
“Qəbələ” doğma meydanda “Sabah”ı məğlub etdi
Rafael Dadaşov evə buraxıldı
Masallıda zəlzələ oldu


21.11.2019  13:35 

Ədliyyə-media və hüquqi maarifləndirmə məsələləri: beynəlxalq məhkəmə təcrübəsi kontekstində





A+  A-

22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür. 101 illik tarixi olan ədliyyənin inkişafında hüquqi maarifləndirmə missiyasının əsas daşıyıcısı olan medianın müstəsna rolu və payı vardır. Ona görə də bu bayram ərəfəsində beynəlxalq təcrübə və transmilli hüquq kontekstində ədliyyə-media münasibətlərinə toxunmaq istədim.
Dövlət orqanları ilə media arasında səmərəli münasibətlərin qurulması müasir dövrün yeni çağırışlarından və hüquqi dövlət quruculuğunun əsas elementlərindən biridir. Media azadlığı, mətbuatın açıqlığı hüquqi dövlətin mühüm atributu və həlledici demokratiya meyarı hesab olunduğundan, kütləvi informasiya vasitələri üçün ictimai xarakterli informasiyaya sərbəst və maneəsiz çıxış imkanlarının yaradılması hazırki dövrdə Azərbaycanda dövlət orqanlarının qanunvericilik qaydasında təsbit olunmuş vəzifələrini təşkil etməklə, həm də əksər dünya ölkələri ilə müqayisə oluna bilən, daim inkişafda olan bir proses kimi səciyyələndirilməlidir. Ölkə başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasına görə fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə KİV-in və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlər olmaqla, eyni zamanda kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitə kimi dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından biridir.

Hüquq-mühafizə, o cümlədən ədliyyə orqanlarının ictimaiyyətlə və KİV-lə əlaqələrinin qurulması, ədliyyə-media-vətəndaş münasibətlərinin daha da yaxınlaşdırılması və inkişafı spesifik hüquqi metodlara əsaslanır.

Ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən Ədliyyə Nazirliyi bu məsələdə önəmli rola malik olmaqla, öz fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatları kütləvi informasiya vasitələrində yaymaq vəzifəsini əməkdaşlıq, şəffaflıq və qarşılıqlı məsuliyyət əsasında yerinə yetirir. Eyni zamanda, nazirlik tətəfindən mətbu nəşrlərin uçotu aparılır, məhkəmələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. Nazirlik əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onlara pulsuz hüquqi yardım göstərilməsi məqsədilə KİV-in imkanlarından istifadə etməklə bölgələrdə hüquqi məsləhət xidməti mərkəzinin yaradılmasını təmin etmişdir. Hazırda əhalinin hüquqi maarifləndirilməsi işində fəal iştirak edən nazirliyin müxtəlif internet saytları fəaliyyət göstərir, hüquq jurnalları, “Ədliyyə” qəzeti və digər nəşrləri dərc olunur.

Bu gün hər kəs Azərbaycan ədliyyəsinin fəaliyyəti barədə informasiyaya sərbəst çıxış imkanlarına malikdir. Ölkə Prezidentinin 18 dekabr 2018-ci il tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar ədliyyə orqanlarında və məhkəmələrdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, əhalinin məlumat əldə etmək imkanlarının asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyinin internet saytlarının təkmilləşdirilməsi üçün tədbirlər görülməsi, onların yeni versiyalarının hazırlanması və digər sahələr üzrə ardıcıl addımlar atılır.

Ədliyyə və məhkəmə orqanları qarşısında qanunçuluğun təmin edilməsi, insan hüquqlarının müdafiəsi, cəza-icra siyasətinin humanistləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılması, yeni informasiya texnologiyalarının tətbiqi, hüquqi maarifləndirmə, yüksək hazırlıqlı hüquqşünaslardan ibarət kadr potensialının formalaşdırılması kimi vəzifələr dayandığından bu sahənin ölkə ictimaiyyəti ilə əlaqələri hazırda daha sıx və intensiv xarakter daşıyır.

İnsan hüquqlarının zəruri komponenti olan informasiya azadlığı fundamental hüquqlardandır. Məlumatın ictimaiyyətə çatdırılmasında media xüsusi rola malik olduğuna görə, o, məhkəmə orqanları və ədliyyə mexanizminin fəaliyyəti haqqında informasiyanı yaymaq imkanına, o cümlədən ictimai xarakterli məsələlərə dair cinayət prosesləri və ədalət mühakiməsi ilə bağlı sərbəst qeydlər etmək hüququna malikdir. Lakin, informasiya azadlığının labüdlüyü hələ “heç kəsə”, o cümlədən mediaya imkan vermir ki, bu hüquqdan istədiyi şəkildə istifadə etsin. Bu məsələdə KİV müvafiq səlahiyyətli dövlət orqanları və məhkəmələr tərəfindən həm milli, həm də beynəlxalq normalara əsasən tətbiq olunan bir sıra şərtlərə, məhdudiyyətlərə və sanksiyalara məruz qala bilər. İnformasiya azadlığını məhdudlaşdırmaq üçün mümkün əsasların siyahısı Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində qeyd olunmuşdur. Bunlara aiddir: a) milli təhlükəsizlik; b) ərazi bütövlüyü və ya ictimai asayiş maraqları; c) iğtişaş və ya cinayətin qarşısının alınması; ç) sağlamlıq və ya mənəviyyatın mühafizəsi; d) digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi; e) jurnalist mənbələrinin qorunması; ə) ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təmin olunması. Bütün hallarda başda milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai asayişlə bağlı işlər olmaqla digər sferalara aid işlərdə də məhkəmələr belə şərtləri nəzərə alır və bu cür məhdudiyyətlərin zəruriliyini həmişə çox diqqətlə yoxlayır.

Azərbaycan ədliyyəsinin media ilə qarşılıqlı əlaqələrinin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafını nəzərə alaraq, məsələyə insan hüquqları, cinayətlərin qarşısının alınması və ədalət mühakiməsi prizmasından Avropa məhkəmə təcrübəsinə və digər beynəlxalq sənədlərə əsaslanmaqla yanaşmanı iki əsas səbəbə görə məqsədəuyğun hesab edirik. Birincisi, konstitusiyaya görə beynəlxalq normalar milli qanunlardan (konstitusiya və referendumla qəbul olunan aktlar istisna olmaqla) üstün sayılır, digər tərəfdən, beynəlxalq hüquq normalarının milli məhkəmələr tərəfindən tətbiqi məsələsində dövlət başçısının “Azərbaycan Respublikasının məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” AR Qanununun tətbiq edilməsi barədə” 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkil edilməsi və məhkəmə tərəfindən nəzərə alınması tövsiyə edilmişdir. Xüsusi vurğulanmalıdır ki, hazırda Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası tərəfindən milli məhkəmələr tərəfindən presedentlərin öyrənilməsi və onların fəaliyyətinin Avropa hüququnun tələblərinə uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

İnformasiya azadlığına əsaslanan media təsisatları kimi, ədalət mühakiməsi və onun səmərəli həyata keçirilməsi məsələləri də xüsusi müdafiəyə malikdir. Ədalət mühakiməsinin nüfuz və qərəzsizliyinin təminatının cəmiyyət həyatının mühüm və ayrılmaz tərkib hissəsi olmasını həm beynəlxalq qurumların tövsiyələri, həm də Avropa Məhkəməsinin təcrübəsi təsdiq edir. İnformasiyaya çıxış, onun əldə olunması, ötürülməsi və s. kimi dəyərlər demokratik toplum üçün nə qədər əhəmiyyətli faktorlar sayılırsa, ədalət mühakiməsinin nüfuzu və qərəzsizliyi, cinayət prosesləri zamanı konfidensiallığın, ictimaiyyətin məhkəmə orqanlarına inamının qorunması da bir o qədər zəruri hesab edilir. Məhkəmə “Sandi Tayms” Birləşmiş Krallığa qarşı işi üzrə qərarında etiraf edib ki, prosesdəki tərəflərin hüquqlarının müdafiəsi ədalət mühakiməsinin nüfuzunun müdafiəsinə bərabərdir, çünki tərəflər məhkəmə prosesinin iştirakçısı olaraq ədalət mühakiməsi mexanizminə cəlb edilirlər. Həmin işdə hökumət qəzet məqaləsinin dərc olunmasına qoyulmuş qadağaya ədalət mühakiməsinin qərəzsizliyinin müdafiəsi və ictimaiyyətin məhkəmə orqanlarına inamının qorunması maraqları ilə haqq qazandırmışdı. Avropa Məhkəməsi belə bir faktın hamılıqla qəbul olunduğunu bildirdi ki, məhkəmələr vakuum şəraitində fəaliyyət göstərə bilməzlər, onlar mübahisələrin həll edildiyi məkan olsa da, bu o demək deyil ki, müzakirələr hər hansı bir yerdə - ümumi mətbuatda, ixtisaslaşmış nəşrlərdə və ya geniş ictimaiyyət arasında aparıla bilər.

Təqsirsizlik prezumpsiyası, məlumatın dəqiqliyi və verilməsi yolları, cinayət prosesi ilə əlaqədar müntəzəm məlumatlandırılma, proses zamanı şəxsi həyatın toxunulmazlığının qorunması, məhkəmədən əvvəl qərəzli məlumatın yayılması, məhkəmə iclas zallarından canlı yayım, şahidlərin müdafiəsi, cəzaların icrası haqqında medianın məlumat əldə etmə imkanları və s. məsələlərə dair bütün qəbul olunmuş sənədlərə əsasən həm ədliyyə, həm də media qurumlarının üzərinə konkret vəzifələr qoyulub. AŞ-nın Medianın cinayət prosesi haqqında informasiya ilə təmin olunmasına dair 2003-cü il tarixli Bəyannaməsində qeyd olunur ki, jurnalistlər, xüsusilə cinayət prosesi barədə yazan reportyorlar özlərinin məqalə və məlumatlarında şübhəli və təqsirləndirilən şəxslərlə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqlara uyğun olaraq, təqsiri qanun əsasında məhkəmə tərəfindən sübut edilənədək, təqsirsiz şəxs qismində davranmaq, onlarla yanaşı qurbanların, iddiaçıların, məhkum edilmiş şəxslərin və şahidlərin, eləcə də, onların ailə üzvlərinin ləyaqəti, təhlükəsizliyi və şəxsi hüquqlarına Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulduğu kimi, əgər informasiya ictimai maraq kəsb edirsə, hörmət etməyə borcludurlar. Media nümayəndələri şəxsin əvvəlki cinayətini, əgər bu, ictimai maraq kəsb edirsə və ya yenidən ictimai narahatlıq mövzusuna çevrilərsə yada salmamaq, cinayət məsuliyyətinə cəlb olunmuş azlıqların və digər kateqoriyadan olan zəif şəxslərin maraqlarına münasibətdə həssas olmaq, zərərli olan cinayət araşdırmalarından və məhkəmə proseslərindən, eləcə də, özlərinin cinayət prosesinə dair məqalə və məlumatlarında ksenofobiya, ayrı-seçkilik və ya zorakılığa sövq edilməsi ehtimal olunan zərərli və alçaldıcı istinadlardan boyun qaçırmağa dəvət edilir. Sənəddə həmçinin, ədliyyə orqanlarına jurnalistlərin hüquq və məhkəmə sahəsində treninqlərini dəstəkləməklə, media və onların peşəkar birlikləri, təhsil qurumları və məhkəmələrlə əməkdaşlıqda, cinayət prosesinə dair materiallara görə onların məsuliyyətini artırmaq, mediada cinayət prosesi barədə gedən materiallarla əlaqədar, peşəkar etik standartlar müəyyən etməklə hər hansı özünütənzimləmə təşəbbüslərini dəstəkləmək, media qurumları ilə əməkdaşlıq tövsiyə olunur.

Cinayət prosesi ilə bağlı məlumatın media vasitəsilə verilməsi haqqında AŞ NK-nin üzv dövlətlərə Rec (2003)13 saylı Tövsiyəsinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi tələb edir ki, cinayət işlərinə məhkəmədə baxılması ilə əlaqədar medianın rəyləri və məlumatı ilə təqsirsizlik prezumpsiyasına zərər vurulmasın. Çünki, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndi ilə təmin olunan təqsirsizlik prezumpsiyası məhkəmə orqanlarına münasibətdə cinayət prosesində sübut etmə vəzifəsini müəyyən edən prosedur hüquqdur. Avropa Məhkəməsi Dü Rua və Malori Fransaya qarşı (2000) işdə bildirib ki, “aparılan cinayət prosesləri haqqında məlumat verən jurnalistlər, bir qayda olaraq, ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsi məqsədilə müəyyən olunmuş hədləri aşmamalı və təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyasına riayət olunmasını təmin etməlidirlər”. Həmin işdə ərizəçilərdən biri qəzet redaktoru, digəri isə jurnalist olub. Qəzet jurnalistin işçilər üçün evlərin tikilməsinə görə cavabdehlik daşıyan şirkətin keçmiş direktoru cənab G. və şirkətin yeni rəhbərliyi ilə onun münasibətlərini tənqid edən məqaləsini dərc etmişdi. Şirkətin rəhbərliyi cənab G. barəsində cinayət işi açılması üçün şikayət verib və prosesə mülki tərəf qismində qatılmaq üçün müraciət edib. Ərizəçilər şirkətin yeni rəhbərliyinin prosesə mülki tərəf qismində qatılmaları ilə bağlı informasiyanı dərc etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunublar. Apellyasiya Məhkəməsi qərara alıb ki, onların məsuliyyətə cəlb edilməsinə əsas olmuş hüquq normaları təqsirsizlik prezumpsiyasını təmin etmək, barəsində şikayət verilən şəxsləri qorumaq və ədalət mühakiməsinin gedişinə hər hansı kənar müdaxilənin qarşısını almaq məqsədi daşıyırdı. Avropa Məhkəməsi razılaşdı ki, müdaxilə digər şəxslərin nüfuz və hüquqlarını, eləcə də ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək məqsədi güdürdü.

Məhkəmələrin iclas zallarından canlı yayım və səsyazma məsələləri də ədliyyə-media münasibətləri baxımından mübahisələndirilən məqamlardandır. Əksər dünya dövlətlərinin qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikası CPM-nin 27-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aşkarlığına təminat verilir. Lakin, cinayət proseslərindən canlı yayım və çəkilişlərlə bağlı birmənalı fikir mövcud deyil. CPM-nin 27.1-ci maddəsinə görə, dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır. Lakin qeyd edilməlidir ki, canlı yayım və ya məhkəmə iclasında iştirak edən şəxslərin səsinin və surətinin media tərəfindən yazılması və çəkilməsi bu şəxslərə lüzumsuz təsir göstərə bilər. Həmçinin, zərərçəkmişlər və şahidlər kameralar və ya media ilə qoruxudula, cəlb oluna və bununla onlar tərəfindən faktlar barədə dəqiq məlumat verilməsinə təsir göstərilə bilər. AŞ Nazirlər Komitəsinin “Cinayət hüququ və prosesi çərçivəsində zərərçəkmişin vəziyyəti haqqında” R (85) 11, habelə “Şahidlərin hədələməsi və müdafiə hüququna dair” R (97) 13 saylı Tövsiyələri bu hallara aiddir. Məsələn, məhkəmə iclasının başlanmasından əvvəl şəkillər çəkilə bilər, bununla bərabər, yetkinlik yaşına çatmayanlar və əlləri qandalla bağlanmış təqsirləndirilənlər kimi müəyyən şəxslərin müdafiəsi üçün faydalı hesab etdikləri hüquqi müddəalar üzv Dövlətlər tərəfindən nəzərdə tutula bilər. Avropa Məhkəməsi P4 Radio Hele Norge Norveçə qarşı (2003) iş üzrə qərarında adam öldürmə ilə bağlı məhkəmə baxışından canlı yayıma icazə verilməsindən imtinadan şikayəti qəbul olunmayan elan etmişdir. Məhkəmə qeyd edib ki, Razılığa gələn Dövlətlərdə məhkəmə proseslərinin canlı yayımlanması məsələsində ümumi rəy yoxdur. “Canlı yayım proses iştirakçılarına əlavə təzyiq və onların davranış tərzinə mənfi təsir göstərə bilər və bununla da mühakimənin ədalətli şəkildə həyata keçirilməsinə xələl gətirərdi. Milli hakimiyyət orqanları ədalət mühakiməsinin nüfuzunun təmin edilməsində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər və bu sərbəstlik məhkəmə araşdırmasında iştirak edən şəxslərin hüquqlarının müdafiəsini də ehtiva edir”. Bu işdə Məhkəmə cavabdeh dövlətin gətirdiyi səbəblərin əsaslı və yetərli olması ilə razılaşıb.

Göründüyü kimi, bu məsələdə Məhkəmə hər bir dövlətə sərbəstlik verir və bu, ədalət mühakiməsinin nüfuzu və qərəzsizliyinə nə qədər xidmət edirsə, nəticə etibarilə şəxsi həyatın toxunulmazlığı prizmasından da bir o qədər müsbət əhəmiyyət kəsb edir. Məhz bu səbəbdəndir ki, zamanın tələbinə uyğun olaraq, 2009-cu ilin martın 18-də Azərbaycan Konstitusiyasının bir sıra müddəalarına olunan əlavə və dəyişikliklərlə yanaşı, 32-ci maddəyə də “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” əlavəsi edilmişdir. Eyni zamanda, Cinayət prosesi ilə bağlı məlumatın media vasitəsilə verilməsi haqqında AŞ NK-nin Rec (2003) 13 saylı Tövsiyəsinə əsasən, media tərəfindən canlı yayıma və ya yazmaya qanunla və ya səlahiyyətli məhkəmə orqanları tərəfindən aydın şəkildə icazə verilməlidir. Bu cür müstəsna aydın icazələr qabaqcadan bilinən və ayrı-seçkilik olmadan qanun çərçivəsində təmin ediləcəkdir. Məsələn, müəyyən oluna bilər ki, tarixi əhəmiyyət kəsb edən məhkəmə iclasları yazıla və ya çəkilə, daha sonra isə yayıla bilər. Bu zaman şahid barədə media tərəfindən məlumatın verilməsi, xüsusilə şahidin şəxsiyyəti açıqlandıqda, onlara qorxuducu təsir göstərdiyindən ehtiyyatlı mövqe nümayiş etdirilməlidir. Onun əvvəlcədən razılığının olması, şəxsiyyətinin müəyyənləşdirilməsinin ictimai maraq doğurması, yaxud ifadələrin artıq açıq verilməsi halları istisna olmaqla, şahidlərin şəxsiyyəti açıqlanmamalıdır.

Cəzaların icrası və cəza çəkmiş şəxslərin cəmiyyətə reinteqrasiyası ədalət mühakiməsinin tərkib hissəsi olmaqla, bunlar üzərində ictimai nəzarət də adətən, media vasitəsilə aparılır. Yeri gəlmişkən qeyd edək ki, penitensiar sistemə ictimai nəzarət məqsədilə həmçinin, 2006-cı ildə Ədliyyə Nazirliyi yanında İctimai Komitənin yaradılması ilə ölkəmiz cəzaların icrası, məhkumların hüquqlarının səmərəli təmini baxımından regionda daha mütərrəqi təcrübə nümayiş etdirmişdir. Media azadlığına jurnalistlərin həbsxanalarda cəza çəkən şəxslərlə əlaqə saxlamaq imkanları daxildir ki, bu isə ədalət mühakiməsinin həyata keçirilməsinə, məhbusların və həbsxana əməkdaşlarının hüquqlarına və ya həbsxananın təhlükəsizliyinə zərər vurmamalıdır. Eyni zamanda, cəzaların çəkilməsindən sonra işlər və məhbuslar barədə məlumat belə reinteqrasiyaya zərər vura bilər. Buna görə, NK-nin Rec (2003) 13 saylı Tövsiyəsində qeyd edilir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığı hüququ ilə, onların və əvvəlki cinayətlərinin yenidən ictimai maraq doğurması halları istisna olmaqla, bu şəxslərin həmin cinayətlə bağlı cəzanı çəkməsindən sonra şəxsiyyətini qorumaq hüququ əhatə edilməlidir.

Prager və Oberşlik Avstriyaya qarşı işdə (1995) dərc edilmiş məqalədə Avstriya cinayət məhkəmə sisteminin hakimləri olduqca sərt tənqid edilirdi. Məqalədə onlar “yekəxana”, “davakar” olmaqda və təqsirsizlik prezumpsiyasına məhəl qoymamaqda ittiham edilirdilər. Orada bir neçə hakimin adları çəkilir və cinayət məhkəmələrinin bütün hakimlərinə tənqidi hücumlar edilirdi. Birinci ərizəçi bir sıra məhkəmə baxışlarında iştirakında əldə etdiyi təcrübədən əlavə, vəkillərin və hüquq mövzusunda yazan müxbirlərin ifadə etdiyi fikirləri və universitet tədqiqatçılarının apardığı araşdırmaları məqaləsi üçün mənbə qismində götürmüşdü. Ərizəçilər diffamasiyada ittiham edilərək cinayət məsuliyyətinə cəlb olundular. Məhkəmə bildirmişdir ki, mətbuat hakimlərin öz çətin peşə borclarını onlara etibar edilən vəzifəyə uyğun şəkildə həyata keçirmələrinin siyasətçilər və ictimai rəy tərəfindən yoxlanması üçün vasitə olsa da, məhkəmə orqanlarının cəmiyyətdəki xüsusi rolu da nəzərə alınmalıdır. O, qərara alıb ki, məhkəmə sistemi hüquqi dövlətdə əsas dəyər olan ədalət mühakiməsinin təminatçısı olaraq, öz vəzifələrini uğurla həyata keçirdiyi halda ictimaiyyətin inamını qazanmış olur. Buna görə də, bu inamı mahiyyətcə əsassız olan dağıdıcı hücumlardan qorumaq zəruri ola bilər (xüsusən nəzərə alınsa ki, hakimlərin üzərinə qoyulan vəzifə onların tənqidlərə cavab verməsinin qarşısını alır). Məhkəmə qeyd etdi ki, mahiyyət etibarı ilə ərizəçilər tənqidə görə deyil, faktual bazadan məhrum olan və bu səbəbdən qərəzli sayılan geniş ittihamlar irəli sürdüklərinə görə məsuliyyətə cəlb olunmuşdular. Bundan başqa, Məhkəmə vurğulayıb ki, birinci ərizəçinin apardığı araşdırma onun iddialarını əsaslandırmaq üçün yetərli deyildir. Buna görə də, Məhkəmə belə nəticəyə gəldi ki, müdaxilə qarşıya qoyulan qanuni məqsədə mütənasib olub.

Beləliklə, ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratik özünüdərk, sosial ədalət və şəffaflığın təmin edilməsi, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın sivil inkişafından, o cümlədən qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının effektiv müdafiəsi müstəsna dərəcədə ədliyyə-media münasibətlərində səmərəliliyin artırılmasından asılı olduğundan, bu mənada Azərbaycan ədliyyəsinin üzərinə daha mühüm vəzifə və öhdəliklər həvalə olunub. Eyni zamanda, informasiyaya çıxış, onun əldə olunması, ötürülməsi və s. kimi dəyərlər demokratik toplum üçün nə qədər əhəmiyyətli faktorlar sayılırsa, ədalət mühakiməsinin nüfuzu və qərəzsizliyi, cinayət prosesləri zamanı konfidensiallığın qorunması, təqsirsizlik prezumpsiyası, şərəf və ləyaqətin, şəxsi həyat hüququnun müdafiəsi də ədliyyə-media münasibətlərinin rasional inkişafı kontekstindən bir o qədər zəruri hesab edilir.

Səyyad Məcidov

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru


Xəbər 446 dəfə oxunub.




16.12.2019  12:10 

Zelenski bu gün Bakıya gəlir

16.12.2019  09:36 

Bakıda evdən meyit tapıldı

16.12.2019  09:27 

Mövqelərimiz atəşə tutuldu

15.12.2019  18:32 

Rafael Dadaşov evə buraxıldı

15.12.2019  16:23 

Masallıda zəlzələ oldu

15.12.2019  14:05 

Bakıda 12 minlik saat oğurlandı

15.12.2019  10:43 

Düşmən yenə atəşkəsi pozdu


BÜTÜN XƏBƏRLƏR +