Sözün həqiqi mənasında sosial şəbəkələr bütün günümüzü zəbt edib və bizi ondan ayrılmaz bir hala gətirib. Böyükdən-kiçiyə hər kəs bu şəbəkələrdən asılı olub. Amma istifadə etdiyimiz sosial hesablarımızın təhlükəsizliyindən heç də əmin deyilik. Bununla bağlı isə Sosial Media Menecerləri (SMM) fəaliyyət göstərir. Düzdür, müasir dövrümüzdə onların da sayı artıb. Bir çoxları profillərinin bioqrafiya hissəsində fəaliyyətlərini SMM olaraq qeyd edir. Amma onların işlərinin nə qədər professional olduğundan xəbərimiz yoxdur. 19 yaşlı Samir Ağayev də SMM kimi fəaliyyət göstərir. Artıq 6 ildir bu sahədə olduğunu deyən mütəxəssis təhsilini yarımçıq qoyaraq kompüterlə məşğul olmağa başlayıb. Və bu sahəni dərindən öyrənərək fəaliyyətini daha da genişləndirib.
Bir çox tanınmışların sosial şəbəkə hesabları ilə bağlı təhlükəsizlik işlərini görən, müdaxilə olunmuş profillərin yenidən bərpası ilə məşğul olan S.Ağayev Azadinform-un “Sosial ayna” rubrikasının qonağıdır. Gəlin onu daha yaxından tanıyaq...
Necə oldu ki, bu sahəyə maraq yarandı?
- Bu sahəyə marağım kompüterin daha da inkişaf etməyi ilə yarandı. Hər bir valideynin arzusudur ki, övladı yaxşı, uğurlu yolda olsun. Sosial Media o zamanlar çox da inkişaf etməmişdi. Onda “Facebook” və “Youtube” var idi. Yəni digər populyar medialar yox idi. Onları araşdırdım. Və necə etməliyik ki, insanlar düzgün istifadə etsin, nəyisə özlərində təkmilləşdirsin. Yavaş-yavaş öyrəndim. Ən çox dərs saytlarından dərsliklər alaraq öyrənirdim. Kömək edən isə Şəhriyar Tağızadə olub. Onunla sosial media üzərindən tanış oldum.
Müəllimindən başqa kimsə dəstək oldumu?
- Ən çox media. Gördüyüm işləri irəli çəkdilər. Uğurlarımı media tanıtdı.
Valideynlərinizin münasibəti necə oldu?
- Mənim məqsədim o qədər açıq idi ki, gələcəkdə uğurlu olacağıma inanırdılar. Heç bir mənfi fikir bildirmədilər, müsbət cavablandırdılar.
Uşaqlıqdan bu işə marağınız olub...
- Təbii ki, uşaq olanda da dostlarımla vaxt keçirirdik. Amma özümə plan qururdum, vaxtımı bölürdüm.
İlk uğurun nə olub?
- Əslində uğurlarım arasında böyük ya kiçik fərq qoymuram. Hamısı eynidir. Amma ən birinci uğurum, İbrahim Tatlısəsin xanımı ilə olan işim olub. O, mənə müraciət edib profilinin oğurlandığını və Türkiyədə bu işi heç kəsin bacara bilmədiyini dedi. Həmin hesabı 18 saat ərzində geri aldım. Bunu ilk uğurum hesab edirəm.
Bəs heç kimin edə bilmədiyi işi necə bacardın?
- Hər kəsin gördüyü iş eyni olmur. Araşdırdıq, məlum oldu ki, bunu edən 16 yaşlı uşaq idi. Sadəcə həmin uşaq öz marağı üçün profilləri ələ keçirir.
16 yaşlı uşaq kiminsə parolunu necə ələ keçirir?
- İndi sosial medialarda bir çox tanınmışlar “mavi tık”ın arzusundadırlar. Bəzən bu cür hiylələrlə şəxsi məlumatlar əldə edilir və profilə müdaxilə olunur. Elə proqramlar var ki, hədəf olan səhifənin e-mail ünvanın tapılmasında yardımçı olur, yaxud aldadıcı cümlələrlə mesajlar göndərilir və profilə daxil olunur. Məlumatı olan iş adamları, tanınmışlar öz hesablarını SMM-lərə həvalə edirlər. Demək olar ki, belə adamların bir çoxunun hesabları mənim tərəfindən güvənə alınıb.
İlk müraciətin bu oldu?
- Xeyr. Ondan əvvəl Cəlilabadda “Kanal 15” var idi. Onların “Youtube” kanalının idarə edilməsi üzrə işlər görürdüm.
Bəs məqsəd nədir ki, kiminsə profili ələ keçirilsin?
- Elələrinə rast gəlmişik ki, oğurladığı profili müəyyən məbləğ qarşılığında öz sahibinə qaytarıb. Bəziləri də olub ki, kiminsə şəxsi yazışmalarını əldə etmək üçün edib, yaxud oğurlayıb hansısa məqsədlər üçün müdaxilə edib.
Ölkə əhəmiyyətli gördüyün hər hansı bir iş varmı?
- Ölkəmiz üçün əsasən milli-mənəvi dəyərləri qoruyuruq. Bundan başqa, düşmənə tərəfə məxsus sosial şəbəkə səhifələrində Cənab Prezident haqqında mənfi fikirlər səsləndirdikdə, təmənnasız olaraq onların qarşısını alırıq. Heç bir təmənna ummuruq. Hər ölkənin bu cür qrupları var. İstəyirlər ki, ölkəsinə qarşı pis fikirlər səslədən olmasın. Biz də onlardan biriyik.
SMM olmaq üçün nə etmək lazımdır?
- İlk öncə araşdırmaq lazımdır ki, SMM nədir? SMM nəyi öyrədir? Bunun üçün “Youtube”da dərsliklər var. Təbii ki, tək onunla olmur. Hər işin öz məxfi tərəfi var. Onu da öyrənmək zaman tələb edir. Bunları öyrənmək üçün Azərbaycanda yaxşı akademiyalar var. Professional şəkildə bu işi öyrənmək, sırf “digital marketing” kursunu bitirmək istəyirsə güclü akademiya və kurslarımız var.
SMM səhifələrinin hazırda sayı artıb. Buna münasibətin necədir?
- Mən hər zaman düşünürəm ki, birinci araşdırmaq lazımdır. Əgər kimsə SMM-ə müraciət etmək istəyirsə, ilk öncə araşdırmalıdır. Sosial mediada artım çoxdur. Məsələn, kimsə “Youtube”da SMM videolarına baxır, halbuki bu sözün mənasını belə anlamır, amma media meneceri olmaq istəyir. Bir-iki videoya baxmaqla bioqrafiyasında SMM yazır. Professionallıq o deyil. Professionallıq o işi təmiz şəkildə, tez bir zamanda, problemsiz həll etməkdir.
Yalnız o videolara baxmaqla SMM olmaz məncə...
- Təbii ki... Məsələn, mən bir videoya baxıramsa, yenidən öyrənirəm. “İnstagram”da hansısa bir profili bərpa eləmək iş deyil. Sən onu elə həll etməlisən ki, sonrakı günlərdə problem yaşanmasın. Oradakı metodlar düzgün formada getməlidir. Həmin metodlar isə “Youtube” üzərində qətiyyən yoxdur.
Peşəkarlarla qeyri-peşəkarları necə ayırmaq olar?
- Yalnız araşdırma aparmaqla.
Tək yoxsa qrup şəkilində fəaliyyət göstərirsən?
- Mən tək fəaliyyət göstərirəm. Amma tələbələrim də var.
Bəs daha böyük bir komanda şəklində işləməyi düşünmürsən?
- Azərbaycanda komanda şəklində işləməyi planlaşdırmıram. Gələcəkdə xaricə getməyi düşünürəm.
Niyə xaric?
- “Digital”, SMM, mobil proqramlaşdırmanı daha peşəkar şəkildə xaricdə öyrənmək, daha da inkişaf etdirmək istəyirəm. Çünki bu işə xaricdə daha çox tələbat var. “Digital media” ilə Sosial Marketing bir-birindən fərqlənir. Azərbaycanda “digital”a üstünlük verənlər azdır. Amma biznesmenlər, tədris mərkəzləri, şoppinqlər, hamısı “digital”dan yararlanmalıdır. Əksəriyyət sosiala üstünlük verir. Sosialla “digital”ı ayırd edə bilmirlər. Ona görə Azərbaycanda tələbat azdır.
Uğurun formulunu nədə görürsən?
- Düşünürəm ki, əgər bir insan öz işini professional şəkildə görürsə, özgüvəni varsa və uğura sahib olmaq istəyirsə çox çalışmalıdır. Düzgün qaydada çalışmaq lazımdır. Məsələn, mənim ətrafımda olan yaşıdlarımdan çoxu “Necə iş quracağam?” deyə fikirləşirlər. Buna vaxtında qərar verməlisən. Mənim orta məktəbdə qiymətlərim normal olub, amma bu işlərə görə təhsilimi yarımçıq qoydum. O zamanlar müəllimlərim, sinif yoldaşlarım məni qınasalar da daha sonradan düzgün qərar verdiyimi dedilər. Hər bir insan daima məqsədli olmalıdır ki, o məqsədinə çatsın. Məqsədə çatmaq üçün isə çoxlu çalışmaq lazımdır. Heç kim “bunu bu gün etdim, yerdə qalan sabaha qalsın” fikrində olmamalıdır. Mən özüm də heç vaxt belə düşünməmişəm. Axıra qədər işi görürdüm, çünki bilmək olmur sabah insanın başına nə gələcək. Uğur qazanmaq üçün yalnız çox çalışmalıdırlar.
İstənilən profilə müdaxilə etmək olur?
- Təbii ki, xeyr. Azərbaycanda 2 milyon 700 min “İnstagram” izləyicisi var. Hamı bir-birinin hesabını qırsa nə olar?!
Bəzən rastlaşırıq ki, kimsə deyir səhifəm ya oğurlanıb, ya da spama düşüb. Buna səbəb nədir?
- Səhifənin kütləsindən asılıdır. Məsələn, böyük bir səhifəyə sahibsiniz və müəyyən səbəblərdən kiminsə tərəfindən idarə olunması üçün bir şəxs axtarırsınız (admin, adminka). Çox zaman isə bu real deyil, virtual tanışlıq yaradır. Çoxları yazır ki, mən admin, yaxud adminka ola bilərəm, o zaman profilin məlumatları həmin adama təqdim olunur və bəziləri də bundan sui-istifadə edir. Məlumatları alandan sonra səhifəni özününküləşdirir.
Bəs həmin səhifələri şikayət edəndə bağlanır?
- Şikayətin tərzindən də çox şey asılıdır. Müəyyən şikayət formaları qarşımıza çıxır, əgər bunu düzgün formada edəriksə bağlanır.
Amma çoxları zənn edirlər ki, səhifəni spam eləməklə bağlanır...
- Xeyr, yanlış fikirdir.
Nəyə görə məşhurluq daşıyıcısı hesab olunan “Mavi tık” işarəsi bir çox tanınmışlarımızda yoxdur?
- Yoxdur deməzdim, alanlar var. Bəziləri qiymətə görə, bəziləri də lazımsız hesab edir deyə istəmir.
Bəs onu necə əldə edirlər?
- Bunun bir çox yolları var. “İnstagram” özü əldə etmək yollarını sistemdə yerləşdirib. Sadəcə düzgün yolla yerinə yetirilsə, profiliniz standartlara cavab versə əldə etmək olar. Yəni tanınmış olduğunuzu sübut etmək üçün tələb olunan bir neçə şey var ki, onları həll etmək lazımdır.
Bəs bunun üçün “İnstagram”a nə qədər pul ödənilir?
- “İnstagram”a heç bir rüsum ödənilmir.
Xarici SMM-ləri izləyirsən?
- İzlədiyim SMM var və hazırda Almaniyada fəaliyyət göstərir. Bəzən problemlərlə üzləşəndə ona da müraciət etdiyim vaxtlarım olub. Amma mənə daha çox dəstək olan, azı da, çoxu da öyrədən Ş.Tağızadə olub. Hər zaman bunu demişəm, deyirəm, deyəcəyəm də.
Bu sahədə kimlərin gördüyü işi bəyənirsən?
- Bu sahədə daha yaxşı və zəif fəaliyyət göstərənlər var. Öz işlərim çox olanda Ş.Tağızadəyə, Güləli Qasımova və s. həvalə edə biləcəyim həmkarlarım var, yəni bunların gördüyü işə adım kimi əminəm.
Bu sahə üzrə təhsil verən çox az yer var. Bu səbəbdən SMM olmaq istəyənlər daha çox xaricə üz tuturlar. Buna münasibətin necədir?
- Bəli, bununla razıyam. Azərbaycanda bu sahə üzrə mütəxəssislər yetişdirən məşhur müəssisələrdən biri “Code Academy”dır. Kursların sayı da çox azdır. Fikrimcə, bu sahə ölkəmiz üçün də lazımlı sahədir. Kursların, müəssisələrin sayı artırılsa, daha yaxşı olar. Bu gün özünü SMM hesab edənlər çoxdur, amma bunu sübut edən heç bir sertifikatı yoxdur. Lakin onu da deyim ki, bu sahə üzrə fəaliyyət göstərən kurs və akademiyaların təklif etdiyi qiymət də çoxlarının büdcəsinə uyğun deyil. Əgər kursların sayı artırılsa, bu sahə ilə daha ciddi məşğul olunsa cəmiyyət arasında da kimin peşəkar və qeyri-peşəkar olduğu çaşqınlıq yaratmaz.
Bəs bu sahəyə orta, yaxud ali məktəb dərsliklərində yer ayrılsa necə olar?
- Daha gözəl və effektli olar. Çünki bu gün bu sahə ilə bağlı yalnız informatika fənni tədris olunur. Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tanışlarım var. Amma hazırda kurs axtarırlar ki, heç olmasa müəyyən informasiyaya malik olsunlar.
Bəs ali təhsil müəssisələrin öyrətdiyi ilə kurs yaxud akademiyanın arasında mütənasiblik yarana bilərmi?
- Kurs ya akademiyada 15 nəfər olur və hamısının da bu sahə üzrə anlayışı var. Ali təhsil müəssisələrində isə 30-40 nəfər olur. Belə olan halda onların bəziləri anlayacaq, bəziləri isə anlamayacaq.
Özün də qəbul edirsən ki, ölkədə bu sahə üzrə təhsil sistemində elə də böyük işlər görülmür. Bəs niyə məhz özün tələbələrindən ibarət hər hansı bir kurs, yaxud müəssisənin fəaliyyətinə start vermirsən?
- Çünki bu planlarım sırasında yoxdur. Gələcək işlərimi xaricdə davam etdirmək istəyirəm. Azərbaycanda praktiki olaraq fəaliyyət göstərirəm. Planım odur ki, “Facebook”, “Google” və s. kimi tanınmış şirkətlərdə çalışım.
“Türkiyə ödülləri” mükafatına sahib olmusan. Bu haqda nə deyə bilərsən?
- Artıq bir neçə ildir ki, gördüyüm işlərin çoxunu reklam etmirəm. Həmin mükafatı təqdim edən insanlarla iş münasibətləri sayəsində əlaqəmiz yarandı. Daha sonra bu mükafata mənim də layiq görüldüyüm bildirildi, təbii ki, bu da sevindirici bir haldır.
Bildiyimiz qədər “Anti-Armenia” adlı qrup var. Bu qrupun fəaliyyət və məqsədləri nələrdir?
- Bu qrup Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində bir çox işlər görüb. Bir növ sosial şəbəkədə ölkəmizə qarşı zidd paylaşımlara qarşı dayanmadan mübarizə aparır və bu işlər təmənnasız olaraq həyata keçirilir.
Ermənilər tərəfindən bizim saytlara, portallara müdaxilə olunurmu?
- Davamlı olduğunu deməzdim. Olanda da bizim mütəxəssislər tərəfindən qarşısı alınır və hər zamankı kimi ermənilər nəticə əldə edə bilmirlər.
Hazırladı:
Aygün Nəbiyeva
Eşqin Nuruşov
Xəbər 1410 dəfə oxunub.