16.05.2019 17:02
Sosial şəbəkələrdə kim nəyi təlqin edir?
Gənclər hər bir dövlətin gələcəyinin təminatçısıdır. Eyni zamanda hər dövlət gəncləri özünəməxsus istiqamətdə tərbiyə edir. Əgər Amerika öz gənclərini sahibkarlıq, Çin loyallıq, Yaponiya əməkdaşlıq ruhunda tərbiyə edirsə, Azərbaycan isə öz gənclərinə vətənpərvərlik, həmrəylik, milli özünəməxsusluğun dərki kimi elementləri təlqin edir.
Gənclər arasında həmrəyliyin gücləndirilməsi məsələsi artıq ilkin bəhrələrini vermişdir və bu proses artıq sadəcə davamlılıq qazanmalıdır. Bu yaxınlarda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərlə həmrəyliyini nümayiş etdirmək üçün “köçkünlərlə bərabərik” adlı aksiya başlatmışdır. Facebook və İnstagram kimi sosial şəbəkələrdə #köçkünlərləbərbabərik haştağı altında paylaşımlara nəzər yetirsək burada əksəriyyətin gənclər olduğunun şahidi olarıq. Bu aksiya həm də gənclər arasında sosial şəbəkələrdə həmrəyliyin gücləndirilməsinə dair edilmiş bir fəaliyyət kimi xarakterizə oluna bilər.
Qarabağ bizim milli özünəməxsus dəyərlərimizdən birini təşkil edir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından didərgin düşmüş köçkünlərin yanında olmaq milli özünəməxsusluğun dərk edilməsinin tərkib hissəsi kimi özünü göstərir. Milli özünəməxsus dəyərlərimizin müxtəlif zamanlarda düşmən qüvvələr tərəfindən özgəninkiləşdirilməsi siyasəti həyata keçirərək mənimsənilməsinə cəhd edilməsinin sosial şəbəkələrdə nümayiş etdirilməsi halların qarşısının alınmasında da gənclər danılmaz rol oynayıb.
Ermənilər tərəfindən milli mədəniyyətimizin müxtəlif incilərinin onlara məxsus atributlar kimi təqdim olunması gəncləri informasiya müharibəsinin aktiv iştirakçılarına çevirmişdir. Bu bəsit hərəkətlər əslində, müasir dövrün aktual müharibə forması olan informasiya müharibəsinin sadəcə bir hissəsini təşkil edir. Siyasi aspektdən baxdıqda isə ermənilər tərəfindən törədilmiş faciə və soyqırımların inkar olunması, hətta həmin faciələrin görüntülərini onlara azərbaycanlılar tərəfindən edilmiş qəsd kimi adlandırmaları isə yalnız informasiya müharibəsinin yox, həm də Ermənistanın acizliyinin də nümunəsidir.
Azərbaycan gənclərinin döyüşkən və qəhrəmanlıqla tərənnüm edildiyi dastan və poemalardan da aydın olur ki, onlar bütün tarixi dövrlərdə dövlətin ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanmasında, dövlətçiliyin inkişafında yaxından iştirak etmişdir. Müasir dövr isə bu prosesin zamanın tələbinə uyğun bir şəkildə, internet və sosial şəbəkələrdə gənclər arasında həmrəyliyin gücləndirilməsinə xidmətin, eləcə də bu prosesin dayanıqlıq mexanizminin işlənib hazırlanmasını tələb edir. Hər bir halda beynəlxalq aləmin dövlətimizin siyasi məsələlərində “vaxt ötüşdürmək”dən başqa bir fəaliyyətinin mövcud olmadığını görürük, buna səbəb gəncləri həmrəylik yolunda daha da stimullaşdırmalıdır. Çünki, bizə bizdən başqa heç kim kömək əli uzatmayacaq!
“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu
Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Xəbər 889 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|