18.07.2019 11:37
Kirayədə qalanlar bunu etməsə CƏRİMƏLƏNƏCƏK
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir: “Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin saytında onlayn xidmət də yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər”.
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.
Yəni, oteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov açıqlamasında bildirib ki, qanunun bu tələbi daimi olub: “Əvvəllər qismən də işləyirdi. Bəzi strukturlara sənəd təqdim olunanda müvəqqəti yaşadığı yer üzrə qeydiyyatdan keçmək tələb olunurdu. Deyək ki, hansısa rayonda qeydiyyatda olan şəxs Bakıya gəlib işləyəndə paytaxtdakı bəzi qurumlar ondan həmin sənədi tələb edirdi. İndi marrifləndirici işlərin aparılmasının güclənməsinin, bu mövzu ətrafında müzakirələr aparılmasının səbəbini bilmirəm.
Qanuna görə, əgər siz 60 gündən artıq müddətə başqa bir ünvanda müvəqqəti yaşamaq niyyətindəsinizsə, Daxili İşlər Nazirliyində qeydiyyatdan keçməlisiniz. İndi bölgələrdən gəlib Bakıda əmək fəaliyyəti ilə məşğul olub, kirayə evlərdə yaşayanlar var. Onlar ən azı ayda bir dəfə öz evlərinə gedib-gəlirlər. Faktiki olaraq onlar 60 gündən az müddətə burada qalırlar. Ona görə də bu qaydanı həmin şəxslərə tətbiq etmək olmaz. Lakin bölgələrdən gəlib Bakıda 60 gündən çox fasiləsiz qalan şəxslər, qanuna görə, mütləq qeydiyyatdan keçməlidirlər. Bu, kirayə evlərdə qalanlara da aiddir, mehmanxanada qalanlara da. Eyni zamanda, Bakıdan bölgələrə gedib orada qalanlara da tətbiq olunur. Daxili İşlər Nazirliyi bu məsələ ətrafında vətəndaşlara geniş izahat verməlidir ki, yanlış yozulmalar olmasın və kimlərsə bundan sui-istifadə etməsin.
Bundan başqa, məsələn, Şəkidə qeydiyyatda olmayan şəxs Şəkiyə gedib orada oteldə 10-15 günlük qalırsa, həmin otel rəhbərliyi həmin şəxslərin qeydiyyatı əsasında onların burada qalacağını Daxili İşlər Nazirliyinə məlumat verməlidir”.
Ekspert A.Allahverənov bildirib ki, bu qeydiyyatın aparılması haqda maarifləndirici məlumatların yayılması DİN-dən daha çox başqa qurumlara lazımdır: “Fikrimcə, bu məlumatlar Daxili İşlər Nazirliyi üçün yox, digər strukturlar üçün əhəmiyyətlidir. Məsələn, Dövlət Statistika Komitəsi ölkə əhalisinin hərəkət dinamikası ilə bağlı uçot aparır. Əmək resurslarının bölüşdürülməsi, ölkə əhalisinin yerdəyişməsi və bunun əmək bazarı ilə əlaqələndirilməsi baxımından bu məlumatlar vacibdir. Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi bu gün əmək bazarı və əmək resurlarının idarə olunması ilə bağlı müəyyən proqnozlar verir. Biz hər yerdə urbanizasiya barədə danışırıq, paytaxta güclü axın var. Bu da bölgələrdə əmək resurslarının tükənməsinə gətirib çıxarır. Beləliklə, Dövlət Statistika Komitəsinin və ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin bu qeydiyyatı aparmaq səlahiyyəti olmadığı üçün, Daxili İşlər Nazirliyi müvəqqəti qeydiyyatda olanların məlumatlarını toplayıb digər strukturlara ötürür, onlar da bunun əsasında dövlət strategiyasını müəyyənləşdirirlər”.
Xəbər 1475 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|