24.06.2019 13:16
Maşında plastik qablarda benzin daşımaq təhlükəlidir
Bəzi sürücülər avtomobilin yük yerində, yaxud salonda plastik qablarda ehtiyat yanacaq saxlayır. Bunu yolda qəfil yanacaq bitərsə istifadə etmək üçün edirlər. Xüsusilə taksi sürücüləri analoji addımlar atır. Bəs görəsən bu nə dərəcədə təhlükəlidir? Avtomobildə plastik qabda yanacaq daşımaq olarmı?
XəzərNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev Avtosfer.az-a açıqlamasında bildirib ki, qısamüddətli səfərlər zamanı, yaxud yolda yanacağı bitən sürücüyə benzin çatdırmaq üçün təhlükəsizlik qaydalarına əmək etməklə bunu etmək olar. “Amma yaxşı olardı ki, bu zaman da asan alışan mayelərin daşınması üçün nəzərdə tutulan dəmir qablardan istifadə olunsun. Amma plastik qabda yanacağı uzun müddət avtomobilin yük yerində, yaxud salonunda saxlamaq çox təhlükəli və yolverilməzdir. Nəzarətsiz olduğu üçün yanacaq dağıla bilər. Yaxud da plastik qabla yanacağın reaksiyası nəticəsində qab deformasiyaya uğrayaraq mayenin buxarlanması və ya dağılmasına, ani ehtiyatsızlıqdan isə yanğına səbəb ola bilər.”
Elnur Babayev bildirib ki, bəzi plastik materiallar var ki, onlar yanacaqla tez reaksiyaya gedir və nəticədə təhlükə mənbəyinə çevrilir. “Bu cür plastik qablarda yanacağı uzaq məsafələrə daşımaq olmaz. Çünki istənilən an yanğın baş verə və ağır nəticələrə gətirib çıxara bilər. Olur ki, yanacaqdoldurma məntəqəsində sürücü yük yerindən plastik qabları çıxardır, yanacaqla doldurub aparır. Xüsusən kənd yerlərində, kənd təsərrüfatı texnikası üçün istifadə olunan yanacaq bu formada daşınır. Eyni zamanda bəzi şəxslər kənd yerlərində pərakəndə şəkildə yanacaq satışı ilə məşğul olurlar. Onlar bu metoddan daha çox istifadə edir. Bəzi taksi sürücüləri də avtomobilin yük yerində bu məqsədlər üçün nəzərdə tutulmayan qablaşmalarda ehtiyat benzin saxlayırlar. Tövsiyə edərdik ki, bunun üçün standartlara uyğun olan, benzin yanacağının daşınması üçün nəzərdə tutulan dəmir qablardan istifadə olunsun.”
Elnur Babayev zərurət olmadığı təqdirdə sürücüləri avtomobildə yanacaq daşımamağa çağırıb. “Hazırda yanacaqdoldurma məntəqələri kifayət qədər çoxdur. Odur ki, avtomobildə yanacaq saxlanılmasına ehtiyac da yoxdur. Sürücülərə tövsiyə edərdik ki, yalnız zəruri hallarda, qısamüddətli səfərlər zamanı bundan istifadə etsinlər.”
Elnur Babayev son illər avtomobillərdə baş verən yanğın hadisələrinin statistikasını da deyib. Bildirib ki, nəqliyyat vasitələrində 2017-ci ildə 299, 2018-ci ildə 329 yanğın hadisəsi baş verib. Bu isə 30 faktın artması deməkdir. “Cari ilin beş ayı ərzində isə bu rəqəm 118-dir.”
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, sürücülərin analoji addım atması təhlükəlidir. “Düzdür, bu, qanunvericiliklə tənzimlənir. Amma sürücülərin diqqətli olması vacibdir. Çünki burada təkcə sürücü və onun avtomobili zərər görmür. Eyni zamanda digər yol hərəkəti iştirakçıları da bundan ziyan çəkə bilər və baş verə biləcək hadisədə yanğın onun miqyasını daha da ağırlaşdıra bilər".
Bölmə rəisi yanacaqdoldurma məntəqələrinə qısa məsafələr istisna olmaqla plastik qablarda yanacaq satmamağı da tövsiyə edib. “İnsan sağlamlığı və təhlükəsizlik ən önəmli məsələdir. Odur ki, yanacaqdoldurma məntəqələri də buna riayət etsələr daha faydalı olar. Təbii ki, mütəxəssislərin fikri daha önəmlidir. Amma bildiyim qədər plastik qablarda yanacağın daşınması zamanı qabın şişməsi baş verir və yanacaq plastiklə reaksiyaya gedir. Bu da yanacağın daşmasına səbəb olur ki, nəticədə yanğın olma ehtimalı artır, eləcə də kəskin iyi insan sağlamlığına mənfi təsir göstərə bilir.”
Xəbər 2542 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|