Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“


27.11.2018  15:19 

Şeyx və şeytan





A+  A-

Hər şey nisbidir. Arzuların sonsuzluğu xəyalların əksidir. İnsan əli iə ucaldılan ən böyük kəhkəşanlar da xəyal dünyasının məhsuludur, real deyil, əgər bir gün ucaldılan ayrı bir gün uçurdulursa, demək aldadıcıdır və gördüklərimiz hər nə varsa bir illuziyadır. R.Rzanın dediyi kimi, gördüklərimizdən artıq görmək istəməsək, hər rəng adicə boyadır. Bəs, heç nəyin gerçək olmadığı bir aləmdə axtardığımız nədir? Ədalətmi, həqiqətmi, yaxud son illərin ən dəbli kəlməsi olan demokratiyamı? Olmayanı var etmək Yaradana məxsusdur, O isə bütün yaradılışın cövhərini nisbətdə qərarlaşdırıb - gecə ilə gündüzün fərqi nədirsə mənfi ilə müsbətin, zalımla məzlumun da fərqi eyni nisbətdədir. İnsan felən tam fail olmadığı üçün onun muxtarlığı (azadəliyi) Allahın qüdrət əli ilə cızılmış bir dairənin hüdudundan kənarda deyil, o isə xəyalən bu dairəni aşaraq arzularını gerçəkləşdirməyin fərqindədir. Gerçək olan bir həqiqəti var gücü ilə inkar edir və idrak etmək istəmir ki, Allah dünyanı düşünülmüş formada antidemokratik yaradıb, həm də mükəmməlcəsinə. Olmayanı axtarmaq isə sadəcə, divanəlikdir.
Dünya insan plantasiyasıdır, bizlər də burada ən ali pasientlərik. Üzərimizdə kosmik aləmin bütün sınaq və təcrübələri gerçəkləşdirilir – Adəm və Həvvanın cənnətdən “deportasiya” olunub Yerə sürgün edilməsi - birinin Seylon adasına, digərinin Ciddəyə atılması da sonradan baş verəcəklərin ilki idi. Hər “sınaqdan” sonra yeni bir yol ayrıcına istiqamətləndirilirik. Hərə “qabiliyyətinə” görə qiymətləndirilir. İnsanın faili-muxtarlığı yol ayrıcında seçim etməsindən və bunu gerçəkləşdirməsindən o yana keçmir. Əgər, olum və ölüm, məkanı və milliyəti təyinetmə sənin iradəndən kənardırsa, burada sənə seçim yeri qoyulmursa, demək, sənin azadəliyin mütləq deyil, nisbidir. Sən ancaq bu nisbətdə kimliyini ortaya qoymaqla özünü təsdiq edib bir həyat hekayəti yarada və fərqlənə bilərsən...

Bizimlə paralel bir dünya da var. Orada bir sən də varsan. Sən burada yalnız surətsən və əbədi olaraq “müşahidə kameralarının” – mələklərin nəzarətindəsən. Əgər, bir qədər idrak etsən, görərsən ki, səninlə eyni “kameraya” dürtülmüş, səninlə daim birgə addımlayan, səni kölgə kimi izləyən və qəlbinə hakimlik etmək istəyən bir varlıq da var – şeytan. Sən bu mübarizə meydanında Məhəmməd peyğəmbərin (s) meracetmə trayektoriyası ilə (ani göz qırpımında bir paraleldən ayrı bir paralelə düşmə) ən uca məqama - ərşi-əlaya yüksələ də, yaxud rəzilliyin an alt qatına enə də bilərsən. Seçim sənindir, kimliyin və ya məqamın əsla fərq etməz, istəyin səni o məqama çatdıracaq.

Mövzunun ruhuna uyğun olaraq, cox da uzaq olmayan keçmişdə baş vermiş maraqlı və düşündürücü bir olayla çağdaş günümüzün paralelini apararaq eyniliyin qaçılmazlığına diqqət edək.

İraqın Nəcəfül-Əşrəf şəhərində yaşayıb yaradan Şeyx Mürtəza Ənsari (1781-1864) öz dövrünün böyük ilahiyyat alimlərindən (müctəhid) biri, həm də böyük irfan sahibi olub. Elmin və biliyin sirlərinə mükəmməl yiyələnmək üçün yanına çoxlu tələbələr gələr, bu böyük ustaddan hərtərəfli bəhrənələrmişlər. Yığılan xüms, vitrə-zəkat və digər ianələr ona verilər, o da beytül-malda toplananları imkansız tələbə və qeyriləri arasında ədalətlə bölüşdürərmiş. Bir gün Ənsarinin boynunda uşağı olan xanımı bərk xəstələnir. Həkimlər ona kalorili qidaları daha çox qəbul etməsini məsləhət bilirlər. O, xanımının zərər görməməsi və boynunda olan 9 aylıq uşağının tələf olmaması üçün bazarlıq etmək qərarına gəlir, lakin maddi imkanı olmadığından beytül-maldan müəyyən qədər vəsait götürüb “məvacibimi alanda yerinə qoyaram” düşüncəsi ilə baqqal dükanına yollanır. Dükana gəlib içəri daxil olmaq istərkən bir anlıq ayaq saxlayır və qapının kandarından sürətlə geri qayıdır. Gecəni sübhə kimi demək olar ki, oyaq qalır, yuxusu sanki ərşə çəkilir.
Sübh tezdən qapısının döyülməsi onu xəyal dünyasından ayıldır. “Xeyir olar, inşaallah” deyib, qapıya yaxınlaşır. Qəfil gələn qonağı tanıyır – şəhərin abid alimlərindən biri olur. “Bu gecə qəribə bir yuxu gördüm, şeyx, gördüklərimdən elə təlaşlanmışam ki, ayılandan sonra təkrar yata bilmədim və səhəri dirigözlü açdım...”. Beləcə, yuxusunu danışaraq onu yozmasını şeyxdən xahiş edir.
Abid o gecə yuxusunda şeytanı görür. Görür ki, bütün divarlardan zəncirlər asılmış bir otağın içində şeytan zəncir toxuyur. Əlindəki zənciri toxuduqca tez-tez divardan asılmış qırıq bir zəncirə baxıb dərindən köks ötürərək ah çəkir. Abid bu qədər zəncirin nəyə gərək olduğunun, onları nə üçün toxuduğunun səbəbini ondan soruşur. “İnsanları tora salıb zəncirləmək və öz əsirimə çevirmək üçün toxuyuram bu zəncirləri”,- deyə şeytan cavab verir. O, şeytanın divardan asılmış qırıq zəncirə qəzəblə baxarkən hər dəfə dərindən köks ötüməsinin səbəbini soruşduqda, sanki onun yarasına duz basmış olur. Şeytan dərindən elə bir ah çəkir ki, az qala divarlar başına uçacaqmış. “Bu, Şeyx Ənsarinin zənciridir, - deyir: düz, 9 ay idi ki, min bir əziyyətlə onu toxuyurdum. Dünən baqqal dükanına kimi onu gətirdim, amma sonuncu həlqəsini hörüb boynuna atarkən qapının kandarında onu qəfil qırıb qaçdı. Bax, ona görə belə odlanıb yanıram”. Abidi maraq və heyrət bürüyür, “bəs, mənim zəncirim hansıdır”,- deyə sual edir. Şeytan istehza ilə “sənin kimilərinin zəncirə ehtiyacı yoxdur, adi qaş-göz etmək yetər ki, arxamızca gələsiniz və əsirimizə çevriləsiniz, zəncir Şeyx Ənsari kimi qəlbi Allah eşqi ilə döyünən insanlar üçün gərəkdir”.

Şeyx Ənsari abidin dediklərini təsdiqləyir. Deyir ki, o gün imkanı olmadığı üçün beytül-maldan az müddətə də olsa, “borc” götürmək qərarına gəlir. “Şeytan məni baqqal dükanına kimi gətirə bildi. Əgər, Allahın lütfü olmasaydı mən də şeytanın əsirinə çevriləcəkdim. Qapının kandarında bir anlıq fikirləşdim ki, yanlış yoldayam və etdiklərim də oğurluğun özü olmasa da, oxşarıdır. Düşündüm ki, mənim bu gün bu pulu götürmək imkanım var, bəs imkanı olmayan din qardaşlarım, tələbələrim belə halda nə etməlidirlər, oğurluqmu? Xanımıma şəfanı Allahdan istədim və şeytanın zəncirini qırıb oradan qaçdım. Sən qapını döyənə kimi Yaradana dua edib məni bağışlamasını Ondan dilədim”.

Bu, iki əsr bundan əvvəl baş verən bir real həyat hekayətidir. İbrətamiz həyat dərsidir. Anlayanlar üçün həm də qövsvari bir işarədir. Ki, sən “ikilikdə” qərar tutduğunun fərqini heç bir zaman unutmayasan. Anlayasan ki, getdiyin ömür yolunda iki “düz” olmur, biri əyri, biri düz olur. Seçim isə sənindir. O zəncir boyuna biçilə də bilər, onu öz əllərinlə toxuyub özünə ərməğan edə də bilərsən. Birində şeytanın özü, o birində isə əsiri olacaqsan...

Bu gün cəmiyyətdə biri digərini inkar edən elə ikili fikir formalaşıb ki, bilmirsən necə seçim edəsən, yaxud hansı havaya oynayasan. Çünki bayağı oyun havaları kimi, sifarişlər də bayağıdır. Bu, bizim istəklərimizin gerçək təzahürüdür ki, əksər hallarda mədəniyyət qıtlığından əziyyət çəkirik. Sonra da “belə gəlib, belə də gedəcək” deməklə ömür yolumuza qara çələng düzürük. Təsəvvür edin, bir rayona (Binəqədi) yeni icra başçısı təyin olunur və o, çoxlarına nümunə ola biləcək işləmək metodunu (əslində, ən düzgününü) seçir, amma onu da fərqli formada dəyərləndirməyə çalışırıq. Cəmiyyətdə formalaşan birinci fikir budur ki, Binəqədi rayonuna bir neçə ay əvvəl yeni təyin olunmuş icra başçısı Elxan Allahverdiyev olduqca yaxşı adamdır, imanlıdır, sadə və təvazökardır, insanlarla olduqca mədəni davranır, qəbula gələnləri diqqətlə dinləyir, problemlərinin həllində imkanlar daxilində yardımçı olmağa çalışır və s. İkinci fikir isə budur ki, hörmətli başçı bu gedişlə çox işləyə bilməz. İkinci fikrin cavabı birincinin üst qatında aydın göründüyü üçün onu təkrar etməyə ehtiyac yoxdur. İndi məntiqsizliyə baxın, yeni başçı ona görə çox işləyə bilməz ki, çünki çox yaxşı adamdır. Və cəmiyyətin niyyət “mədəsi” bunu həzm etmək istəmir. İstəmir ki, onlarla səmimi rəftar olunsun və s. Başçıya da virtual təlqin olunur ki, əgər, uzunmüddətli işləmək istəyirsənsə, hörüb hazırladığımız zənciri mütləq boynundan asmalısan. İfadəmə görə üzr istəyirəm, bizimlə kobud və qaba davranmalısan və s. Bu, nə qədər anormal və xəstə təxəyyüllü sifariş olsa da, hər halda çəmiyyətin sifarişidir, seçim isə icra başçısınındır və özü bilər...

Qaçqın və köçkünlük həyatı Adəm və Həvvadan bizə mirasdır, ilk qaçqın və köçkün də onlardır. Yer hər nə qədər çəkici və cəlbedici məkan olsa da, bura bizim vətən deyil, ata yurdumuz cənnətdir. Yerin flora və faunasına diqqət etsək, görərik ki, bura həqiqətən də bizlik deyil. Allah Quranda buyurduğu kimi, yeri yun kimi didib döşəyərək, bizlər üçün bir yaşayış məkanı - islah-əmək düşərgəsi yaradıb. İlk insanın şüuruna məxfi bir kod elə şifrələnib ki, onun da bircə açarı vardır: geri dönmək - cənnətə qayıtmaq istəyirsənsə, o zaman adam (insan) olmalısan, yəni heyvandan fərqlənməlisən, çünki sən ən ali varlıqsan.

Vasif Hüseynov


Xəbər 12141 dəfə oxunub.




19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub


BÜTÜN XƏBƏRLƏR +