“Nar”dan tələbələrə təqaüd proqramı
Rayonlara leysan yağacaq
Türkiyədə 110 hərbçi həbs edildi
Prezident Milli Məclisdə
Xatirə İslam efirdə ağladı - VİDEO
Cəbhədə yenə atəş səsləri eşidildi
Qoruqda ov etmək istədi
“Facebook”un işində problem yarandı
Viktoriya gölündə qəza - 44 nəfər öldü
Sabah bu qəsəbələrdə su olmayacaq


13.09.2018  13:09 

“Belə hallarda otağıma keçib ağlamışam” - Oftalmoloq İlham Zərgərli





A+  A-

Milli Oftalmologiya Mərkəzində “Gözün zədəsi və təxirəsalınmaz oftalmoloji yardım” şöbəsinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru İlham Zərgərli Azadinform-un qonağı olub.
XəzərNews.az Oftalmoloq İlham Zərgərli ilə müsahibəni təqdim edir:

- Həkim, sizə elə gəlmirmi ki, cəmiyyətə vaxtaşırı informasiyalar ötürmək lazımdır? Sosial platformaların gücündən faydalanıb insanları səhv yönləndirən həkimlər var. Gəlin qəbul edək ki, hər potensial oxucu həm də potensial xəstədir. O da bu təqdimatı görür və onu qəbul edir. Yeri gəlmişkən siz neçə ildir işləyirsiniz?

- Tamamilə razıyam. Bəzi gənc həkimlər sosial platformaların imkanlarından istifadə edərək özlərini reklamla məşğuldurlar. Əlbəttə ki, onların hamısını qeyri-peşəkar adlandırmaq olmaz, belə desək ədalətsizlik olar. Amma onların arasında peşəkar olmayanlar da var, təəssüf ki, başqa sahələr də olduğu kimi...

Mənə gəldikdə, institutu bitirəndən – 1979-cu ildən indiyə kimi işləyirəm. 1986-cı ildə aspiranturaya daxil olmuşam. 1982-ci ildən bəri də sırf ixtisasım üzrə çalışıram.

- Harada anadan olmusunuz və həkimlik arzusu nədən qaynaqlandı?

- 1955-ci il noyabrın 7-də Salyan şəhərində anadan olmuşam. Anam uşaq həkimi olub. Mənim də arzum ürək həkimi olmaq idi.

- Niyə məhz ürək həkimi?

- Çünki atamın Fikrət Zərgərli adında bir qohumu vardı, məşhur kardiocərrah idi. Onu Moskvadan bizim Topçubaşov adına Tibbi Eksperimental İnstituta göndərdilər. Orada onun üçün Ürək şöbəsi açıldı, o gəldi və başladı burda ürək əməliyyatları həyata keçirməyə. Çox təəssüf ki, beş-altı il işləyəndən sonra xərçəng xəstəliyinə tutuldu.

- Bu xəstəlikmi sizin fikrinizi dəyişdirdi?

- Bəlkə də. Mən elə uşaqlıqdan cərrah olmağı arzulamışam. Bilirsiniz, cərrah pinəçi kimidir, əlindən biçib-tikmək gəlməlidir. Əsas diaqnozu qoymaqdır. Atam məni başqa sahəyə yönəltmək istəyirdi, mən razılaşmadım. Bizim ailədə həkim ab-havası var idi. Bacım da həkimdir. Həkimlik mənim üçün böyük bir zirvəydi və mən ona çatmalıydım. Tibb Universitetinə qəbul oldum. O vaxt hamı müalicə işi təhsili alırdı, ondan sonra üç il işləmək üçün göndəriş verilirdi. İlk iş yerim təcili yardım oldu və ora mənə böyük təcrübə qazandırdı. O vaxt oftalmologiya üzrə bizim o bədnam qonşular, bir də yəhudilər daha çox məşğul olurdular. Bilirsinizmi, həkimə bir az azadlıq vermək lazımdır. O kiməsə tabe olanda çətinliklər yaranır. Mən əsas təcrübəni rayonda çalışdığım iki-üç il ərzində yığmışam. Ora mənim üçün həyat və həkimlik məktəbi oldu.

- O dövrdə xəstələrin tələbləri nədən ibarət idi?

- Onlar istəyirdilər ki, biz onları rayondan Bakıya, Bakıdan da Moskvaya göndərək. Biz isə əksinə, çalışırdıq, onları Salyanda müalicə edək. Bir müddət belə davam elədi. Latın xalqının bir sözü var, deyirlər, əgər sən irəli getmirsənsə, deməli, geriyə gedirsən. Mən də fikirləşdim ki, Salyanda qalmaqla irəli gedə bilməyəcəyəm. Fikirləşdim ki, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aspiranturasına qəbul elan olunsun, gedim sənədlərimi verim. Elə də oldu. 1986-cı ildə aspiranturaya qəbul olundum. Qafqazda o institut sadəcə Azərbaycanda varı idi. Elə o vaxtdan, 1986-cı ildən Milli Oftalmologiya Mərkəzinin baş elmi işçisiyəm. Gözün zədəsi və təxirəsalınmaz oftalmoloji yardım şöbəsinin aparıcı elmi işçi vəzifəsində çalışıram. Göz zədələri, göz qapaqlarında zədəylə bağlı plastik əməliyyatlar aparıram. Ümumi desək, göz travmatizmi ilə məşğuluq. Ailəliyəm, iki övladım, altı nəvəm var.

- Həkim, göz yaşının müalicəvi təsiri varmı?

- Bəli. Onun tərkibində lizasin adlanan bakteriativ maddə var ki, sadəcə bir faizi zülaldan ibarətdir. Göz yaşı gözün bütün toxumaları, buynuz qişa, selikli qişa həmişə nəm olmalıdır. Nəm olmasa göz quruyar və toxuması ölər. Bu həm də kompüterin fəsadlarından qaynaqlanır. Kompüterdə çox işləyəndə gözdə qaşınma, yaşarma, buynuz qişanın səthi quruyur. Belə halda həkimin tövsiyə etdiyi göz damcılarından istifadə etmək lazımdır.

- Psixoloji travmaların necə? Gözə təsiri mümkündürmü?

- Əlbəttə. Hər hansı bir hadisədən təsirlənəndə gözdə müəyyən xəstəliklər baş verə bilər. Göz beyin toxumasının qabarıb irəli çıxmış hissəsidir. Beyində nə əlamətlər baş verirsə mütləq gözə təsir edir. Hətta onu müayinə edərək, müxtəlif xəstəlikləri aşkar eləmək olar. Beyinə qansızma, hipertoniya və s.

- Ən qorxulu xəstəliyi nədir?

- Qarasu-qlaukoma. Böyük bir kədər və böyük bir sevincin xəstəliyi sayılır o. Dədə Qorqudda oğlu Beyrəyin yolunu gözləyən atanı yadınıza salın, yol gözləməkdən, həsrətdən gözləri tutulur.



- Niyə qarasu? Qara rəngdədirmi?

- Yox, təbii ki. Xalq arasında elə deyilir. Məcazi mənada, yəni bu göz görmür, artıq ondan ötrü hər şey qara rəngdədir. Bu xəstəliyi gecikdirəndə fəsadları ağır olur.

- Bu xəstəlik yaşla əlaqəlidirmi?

- Xeyr. Onun anadangəlmə formaları da var, stress səbəb ola bilər, hansısa xəstəlik nəticəsində yarana bilər. Dediyim kimi, sevincin və kədərin xəstəliyidir qarasu.

- “Göz görər, könül sevər” məsəli öz əksini tibdə nə qədər tapıb?

- Deyirlər, göz mərddir, qulaq namərd. Yəni, göz gördüyünü deyir amma qulaq eşitdiyini danışır. Bu mənada göz mütləq görməlidir. Ki, könül də sevib seçsin.

- Peşə həyatınızda elə bir hadisə olubmu ki, o sizi dərindən silkələsin?

- Müharibə vaxtı iki gözünü itirən, iki qolunu, əlini-ayağını itirən oğullarımız məni dərindən sarsıdıb. Uşaqlarda gözdə şiş görəndə göstəriş olur ki, göz götürülsün. Görə-görə... Mən belə hallarda çox sarsılmışam. Hətta otağıma keçib ağlamışam. Bizim işimiz çox çətindir, ağırdır.

- Azərbaycanda təcili əməliyyata götürülməli olan bir xəstənin maddi tələbatı qarşılamaq imkanı yoxdursa, dövlətin bununla bağlı hər hansı bir güzəşt layihəsi varmı?

- Dövlət xəstəxanalarında bütün vətəndaşlar pulsuz müalicə olunur və olunmalıdır. Azərbaycanda sözün həqiqi mənasında savadlı, işini sevən və vicdanlı həkimlər var. Şikayəti olan vətəndaş bununla bağlı məhkəməyə müraciət eləsə prosesi udacaq.

- Azərbaycan həkiminin problemi nədir?

- Tibbi təchizatlar, istirahət, xaricə səfərlərin maliyyələşməsi. Bu mütləq olmalıdır ki, Azərbaycan həkimi dünya təcrübəsindən faydalana, yenilikləri öz ölkəsinə gətirə bilsin.

- Elə bir xəstəniz olubmu ki, onu sağalda bilməyəsiniz?

- Bizdən asılı olmayan səbəblərdən belə hallar qaçılmazdır. Mən həmişə özümdə məsuliyyət hiss edirəm. Bəzən narazı da qalıram, baxmayaraq ki, nəticə ürəkaçandır. Təcrübə bu yolla qazanılır ona görə də qocaman həkimlərə müraciət etmək daha məqsədəuyğundur. Çünki onların təcrübəsi daha çoxdur.

- Tibbi sığorta məsələsi...

- Tibbi sığorta hələ pilot səviyyədədir. İşlər gedir, yəqin ki, yaxın zamanlarda bu sahədə də irəliləyiş əldə olunacaq.

- Azərbaycanın özündə istehsal olunan dərman preparatları, tibbi ləvazimatlar sizi qane edirmi?

- Azərbaycanda dava-dərman firması hələ yoxdur. Yenicə yaradılır. Öz sahəm üzrə əminliklə deyə bilərəm ki, məhz gözlə bağlı Azərbaycanda istehsal olunan dərmanlara rast gəlməmişəm.

- İlham müəllim, bir mütəxəssis kimi, gün ərzində rastlaşdığınız insanların gözündə nə axtarırsınız?

- Bizi mütəxəssis kimi gözün rəngi maraqlandırmır. Tünd-qəhvəyi, mavi...

- Bəs qara göz?

- Qara göz olmur. Bizə elə gəlir ki, o qaradır, amma əslində tünd-qəhvəyi rəngdədir.

- İlk baxışda qarşıdan gələn adamın gözünün xəstə olduğunu anlaya bilirsinizmi?

- Elə hallar olur. Bəzən çox iri, qabağa çıxmış gözlər xəstəliyin göstəricisidir.

- Maraqlıdır, bir göz həkiminin ailə seçimində gözlərin rolu nə qədər olur?

- Anam bəyənmişdi. Mənim üçün gözəllik etalonu daxili gözəllikdir.

- Seçimi uğurlu oldumu?

- O da həkimdir. Endokrinoloqdur. Altı nəvəm var. Nəvələrim hələ balacadırlar. Övladlarım bizim işin ağırlığını görüb həkim olmaq istəmədilər.

- İki həkimin sözü çəp gəlmir ki?

- Mütləq. Sağlam diskussiya olmalıdır.

- Göz dəyməsi məsələsi...

- Bu, Quranda da var. Amma tibdə yoxdur. Baxırsan ki, gözəl gözdür, qəşəng gözdür amma dəyir. Nə eləmək olar.

- Oxuculara sözünüz.

- Gözlərini qorusunlar. Xüsusən də jurnalistlərimiz kompüterlə istifadə qaydalarına əməl eləsinlər, göz həkimi ilə təmasda olsunlar. Və heç istəməzdim ki, mənim yanıma göz zədəsi ilə bağlı gəlsinlər.

- Ən gözəl gözlər hansılardır?

- Sağlam gözlər.

Xəbər 391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2018  17:39 

Mustafanı iş adamına dəyişdi?

21.09.2018  13:37 

Rayonlara leysan yağacaq

21.09.2018  11:32 

Elmar Məmmədyarov Nyu-Yorka getdi

21.09.2018  11:09 

Prezident Milli Məclisdə

21.09.2018  10:06 

Vyetnam prezidenti vəfat etdi

21.09.2018  09:57 

Qoruqda ov etmək istədi


BÜTÜN XƏBƏRLƏR +