“Nar”dan tələbələrə təqaüd proqramı
Rayonlara leysan yağacaq
Türkiyədə 110 hərbçi həbs edildi
Prezident Milli Məclisdə
Xatirə İslam efirdə ağladı - VİDEO
Cəbhədə yenə atəş səsləri eşidildi
Qoruqda ov etmək istədi
“Facebook”un işində problem yarandı
Viktoriya gölündə qəza - 44 nəfər öldü
Sabah bu qəsəbələrdə su olmayacaq


13.09.2018  11:18 

Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol dağıldı - Eks-nazir məsuliyyətə cəlb ediləcək?





A+  A-

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun istismarına 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya avtomobil yolu yenidən təmir olunur. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, bu yol ölkənin ən bahalı tikinti layihələrindən biridir. Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb. Layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov tikintiyə 30 illik zəmanət versə də, yolun dayanıqlılığı heç 3 il də çəkmədi.
Ziya Məmmədovun nazir olduğu zamanlarda aidiyyatı qurumların açıqlaması “Yol nəzərdə tutulduğundan artıq yüklənir və ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayır”a kökləndi...

Görünən odur ki, milyonlar sərf edilən yolun dağılması nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəydi. Bəs həmin vaxt yolun istismar müddətinə 30 il zəmanət verən Ziya Məmmədov məsuliyyət daşımırmı?

Yamaqlı yollar şəhəri Bakı...

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı bildirib ki, bir qayda olaraq, vəzifəsinə xitam verilmiş adamlar haqqında fikirlər söyləməkdən uzaqdır:



“Amma görünən problemlər məni danışamağa vadar edir. Təqribən on beş gün əvvəl Bakı-Quba yolundan istifadə etdim. Yol sözün əsl mənasında bərbad gündədir. Milyonlar sərf edilərək salınan beton yol çox pis vəziyyətə düşüb. Qəribədir ki, istismar müddət 20-30 il nəzərdə tutulan yol artıq dağılıb. Rusiyanın Qəbələdə hərbi xarakterli stansiayası vardı. Ora beton yol çəkilmişdi. Üzərindən 40 il keçməsinə baxmayaraq, yol hələ indi-indi deformasiyaya uğrayır.

Təəssüf ki, Bakı-Quba yolu ilə bağlı bu fikirləri səsləndirə bilmirik. Ölkə Prezidentinin ən çox diqqət etdiyi sahələrdən biri də yollardır. Demək olar ki, ölkə Prezidenti hər gün müxtəlif yolların tikintisi, təmirilə bağlı sərəncamlar imzalayır, dövlət büdcəsindən vəsait ayırır. Bunlar, təkcə magistral yollarla bağlı deyil, həm də kənd və qəsəbələrarası yolların müasir səviyyədə qurulması ilə bağlıdır.

Bu sərəncamlardan irəli gələn məsələlərin icrası xüsusi məsuliyyət tələb edir. “Yola vəsait ayrıldı, təmir etdik”lə iş bitmir. Qəribəsi budur ki, indi düzəldilən yolların da keyfiyyəti aşağıdır. Bilirsiniz, bir il əvvəl Salyan rayonun Düzənlik kəndinə çəkilən asfalt yol bərbad vəziyyətə düşüb, çalalar əmələ gəlib, su yığılıb və s. Bakının özündə çəkilən yollara nəzər salaq, nə qədər yamaqlar var. Götürək, Bakı-Sumqayıt yolunu. Yaxud “Neftçilər” prospektindən başqa, hansının istəyirsiz adını çəkin. “Neftçilər” prospekti cənab Prezidentin mütəmadi istifadə etdiyi yoldur deyə, oranı başdansovdu təmir etməyə cürət etmirlər. Bakı sanki yamaqlı yollar şəhəridir. 5-6 il əvvəl çəkilən yolların hamısı çöküb, ya da yamaq vurulub. Hesab edirəm ki, yol tikintisilə bağlı yaradılan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bunlardan nəticə çıxarmalıdır. Elə etməlidirlər ki, Ziya Məmmədovun səhvləri təkrarlanmasın”.

“Dünənə kimi sadə şalvarda gəzən məmur, bu gün...”

Deputat qeyd edib ki, ölkə başçısı lazımı göstərişlər verir, amma:

“Geri qalanlar isə hüquq mühafizə orqanlarının və müvafiq qurumların öhdəsinə düşür. Siyasətçi problemi aça, onun haqqında fikir söyləyə bilər. Amma söylədiyimiz fikirlər söz olaraq qalmamalıdır. Məmur məsuliyyəti var. Məmur məsuliyyəti hər bir insan tərəfindən dərk edilərək, riayət olunmalıdır. Ya yol işçisidir, ya həkimdir, yaxud hansısa rayonun icra başçısıdır, fərq etməz. Kim olur olsun, üzərinə düşən məsuliyyəti dərk etməlidir, cibinə işləməli deyil. Xalqın mənafeyinə və maraqlarına, dövlətin güclənməsinə, məmləkətimizin yüksəlməsinə, ölkə Prezidentinin qoymuş olduğu hədəflərə töhvə vermək haqqında düşünb xidmət etməlidir. Bir də görürsən, dünənə kimi adi adam olan, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı. Yaxud da dünənə kimi qapqara kişi idi, bu gün ağappaq oldu. Ay balam, necə olur bu?!”.

“Büdcəni talayanların hamısının yeri Qobustan olacaq”

F.Ağamalının sözlərinə görə, dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq:

“Mən həmişə arzusundayam ki, neqativ hallara son qoyulsun, biz müsbət işlərimiz, uğurlarımız barədə müzakirələr aparaq. İmam Hüseyn qılıncından betər tamaha “yox” deyək. Ölkə Prezidenti bütün həyatını ölkənin firavanlığı yolunda qoyub. Fikirlərşirsən ki, adam daha nə etməlidir?! Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar da düşünməlidirlər ki, yerləri Qobustan olacaq.

1-2 ay əvvəl ölkədə baş verən prosesləri, dövlət başçısının bununla bağlı atdığı addımları göz önünə gətirsinlər. Mən tam əminəm ki, baş verənlərlə bağlı proses hələ tamamlanmayıb. Prezident imzasını atıb, geri qalanın məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə düşür. Yəqin ki, onlar da məsələləri araşdırıb hüquqi qiymət verəcəklər. Bu gün Azərbaycan xalqı Prezidentlə bərabərdir. Mən istərdim ki, məmurlarımız elə şərait yaratsınlar ki, xalq da onlarla olsun”.



Bakı-Quba yolunun təmirində son vəziyyət

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən yolda görülən işlərlə bağlı açıqlama verib. O bildirib ki, ümumilikdə layihə çərçivəsində yolun 170 min m2 sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək:

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikinti işləri davam etdirilir.

M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır. Layihə 4 lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir. Hazırda tikinti işləri 1-ci lot üzrə həyata keçirilir.

Tikinti işlərini həyata keçirmək məqsədilə “LOT 1: Km 0+000-Km 29+900” üç hissəyə bölünür:

Hissə 1: Km 0+000 - Km 6+950 (mövcud beton yol)

Hissə 2: Km 6+950 - Km 28+609.90

Hissə 3: Km 28+609.90 - Km 29+900

Layihə üzrə 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik (7 km) hissəsinə düşür. Həmin hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür”.

Qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək

A.Nəcəflinin sözlərinə görə, bu məqsədlə artıq 13 min kub.m həcmdə mövcud sement-beton örtüyü sökülərək sahədan kənarlaşdırılıb:



“55 min kub.m həcmdə asfalt frezlənib, yola düşən kommunikasiya xətləri kənarlaşdırılıb, mövcud yolun yatağı ərazilərdən asılı olaraq 1-1.6 metr dərinlikdə və 165 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə 366 min kub.m yararlı material tökülərək lay-lay yayılaraq kipləşdirilib, 31 min kub.m qaya dolğusu işləri aparılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşası işləri aparılır. Yol əsası hamarlayıcı layı texniki dərəcəyə uyğun olaraq 30 sm hündürlükdə qum-çınqıl, əsas layı isə fraksiyalı qırmadaş qarışıqlarından inşa edilir. İndiyə qədər əsasın hamarlayıcı layı 23 min kub.m, əsas layı isə 20 min kub.m həcmdə inşa edilib.

Buna paralel olaraq yol əsası hazır olan hissəyə 3 laydan ibarət və 29 sm qalınlıqda asfalt-beton örtüyü döşənir. Artıq 1-ci lot üzrə layihənin 0-7-ci km-lik hissəsində aparılan işlər çərçivəsində asfaltlanma işləri ümumilikdə 10 min kub.m-dən çox həcmdə icra olunaraq, əksər ərazidə yekunlaşdırılıb, 305 paqon-metr uzunluğunda dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib.

Layihənin 1-ci lotu üzrə 2 ədəd yol qovşağı, 1 ədəd yol ötürücü körpü, 1 ədəd kanal körpüsü, 4 ədəd düzbucaqlı yeraltı avtomobil keçidi, 33 ədəd müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək”.

“Tikinti işləri 2020-ci ildə yekunlaşacaq”

Agentlik rəmsisi qeyd edib ki, ümumilikdə layihəboyu yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların tikintisi, işıqlandırma işlərinin görülməsi, ayrıcı zolaqda beton çəpərlərin quraşdırılması, tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədi ilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur:

“Tikinti işləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq. 2020-ci ildə tikinti işlərinin yekunlaşdırılması nəzərdə tutulub”.

Xəbər 515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2018  17:39 

Mustafanı iş adamına dəyişdi?

21.09.2018  13:37 

Rayonlara leysan yağacaq

21.09.2018  11:32 

Elmar Məmmədyarov Nyu-Yorka getdi

21.09.2018  11:09 

Prezident Milli Məclisdə

21.09.2018  10:06 

Vyetnam prezidenti vəfat etdi

21.09.2018  09:57 

Qoruqda ov etmək istədi


BÜTÜN XƏBƏRLƏR +