Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


21.06.2018  18:11 

Pambıq monopoliyası: Kütləvi zəhərlənmə olayının izi ilə... - ARAŞDIRMA





A+  A-

Son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə olayları gündəmin əsas müzakirə mövzusuna çevrilib. Az qala bütün media qurumları bu mövzuya diqqət ayırsa da təəssüf ki, yaranan bir çox suallara cavab tapmaq qeyri-mümkündür.
Hadisələrin ard-arda baş verməsi bütün bunların təsadüf olduğuna da haqlı olaraq, şübhə oyadır. Artıq hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar mövzu ilə bağlı araşdırmalara başlayıb. Amma media olaraq biz də paralel olaraq bəzi suallara cavab axtarmağa borcluyuq. Amma öncə diqqətinizi vacib bir məqama çəkək.

Pambıq sənayesi Gilan Holdinqin nəzarətinə keçdi və...

2017-ci ilin noyabr ayında Beynəlxalq Banka yüz milyonlarla manat borcu olan müəssisələri idarə etmək üçün yaradılan "Azərbaycan Sənaye Korporasiyası" ASC bu ilin may ayının 25-də "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC adlı yeni struktur yaradıb. Qurumun yaranma tarixinə diqqət edin! Bundan əlavə, bu quru xəbərin ikinci əsas mənası budur: Bu addımla korporasiyanın pambıq müəssisələri "Gilan Holdinq"in nəzarətinə keçib və Bəhruz Camalov şirkətin direktoru təyin olunub. O, "MKT İstehsalat Kommersiya" şirkətinin baş direktorunun müavinidir. Bu şirkət Azərbaycanda pambıqtəmizləmə zavodlarının üçdə ikisinə, Bakıda və Gəncədə iki tekstil müəssisəsinə malikdir. Müəssisələr ASK-nın balansına keçiriləndən əvvəl dövlətə məxsus "Aqrarkredit" BOKT tərəfindən idarə olunurdu. Həmçinin o, 2017-ci ilin iyul ayında "CTS-Agro" MMC-nin pambıqçılıq zavodlarının idarə olunması üçün 82,3 milyon manat kapitalla "Azərpambıq" MMC-ni təsis edib. CTS-Agro-nun illik 60 min ton gücü olan 6 pambıqtəmizləmə zavodu var.



2017-ci ilin 30 dekabrında Beynəlxalq Bankın kreditləri ilə maliyyələşən bir xeyli şirkət satışa çıxarıldı ki, onların arasında "CTS-Agro" MMC də var idi. Şirkətin direktoru Zakir Əzimov artıq vəzifəsindən istefa verib. Görünüən odur ki, artıq şirkətin yeni sahibləri var və artıq təhvil-təslim prosesinin başlandığı bildirilir.

Göründüyü kimi, "MKT İstehsalat Kommersiya" və "CTS-Agro", habelə yeni yaradılan "Azərpambıq Aqrar Sənaye Kompleksi" bir-birinə bağlı - vahid bir mərkəzə tabe olan strukturlardır. Adlar fərqli olsa da, yeraltı çaylar eyni dənizə axır!

Məhz bu təyinat və dəyişiklərdən- pambıq sənayesinin Gilan Holdinqin tam nəzarətinə keçməsindən sonra zəncirvari zəhərlənmə olaylarının baş verməsi təsadüfdürmü, yoxsa təxribat? Bu mövzular arasında hansısa bağlılıq varmı?

İSTİNTAQ GEDİR...

Son 15 gündə zəncirvari olaraq Saatlıda, Tərtərdə, İmişlidə, Yevlaxda, Ağdamda və daha sonra yenidən Tərtərdə pambıq sahələrində baş verən kütləvi zəhərlənmə hadisələri bu kimi çoxlu açıq suallar doğurur: Bu dərman preparatlarını ölkəyə hansı qurumlar gətirir? Onlara icazəni və nəzarəti hansı strukturlar həyata keçirir? Bu dərmanları tətbiq edən sahibkar-oliqarxlar təhlükəsizlik qaydalarına nə dərəcədə əməl edir və niyə UŞAQ ƏMƏYİndən istifadə edir?

Xatırladaq ki, ilk zəhərlənmə olayı iyunun 10-da Saatlı rayonunda olmuşdu. Rayonun Simadakənd kəndi ərazisindəki pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini "Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı mərkəzi rayon xəstəxanasına daxil olmuşdu. Hadisədən dərhal sonra ölkə başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülmüş, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilmişdi. İmişli hadisəsindən sonra isə nazir İnam Kərimov bildirmişdi ki, həm İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: "Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər”.



Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov da Qaynarinfo-ya açıqlamasında bildirdi ki, baş verən hadisələrlə bağlı istintaq işi açılıb və zəhərlənmələrin səbəbi araşdırmanın nəticəsi açıqlandıqdan sonra bilinəcək:

"Buna dair sənədlər, istifadə olunan dərman preparatları ilə bağlı məlumatlar toplanılıb, aidiyatı qurumlar bu prosesə cəlb olunub ki, məhz bu məsələlər ətraflı şəkildə araşdırılsın. Araşdırma bitdikdən sonra nə baş verdiyi məlum olacaq. Hazırda bizə ancaq araşdırmanın nəticəsini gözləmək qalır. Ona görə bu barədə hələlik hər hansısa şərh verə bilmərəm".

Qurum rəsmisi nazirliyin mütəmadi olaraq maarifləndirmə işi apardığını və bu prosesin indi də davam etdirildiyini bildirib:

"Biz nazirlik olaraq mütəmadi şəkildə fermerlərlə, sahibkarlarla görüşlər keçirmişik. Bu istiqamətdə məlumatlandırma, maarifləndirmə işi aparılıb və indi də bu proses davam etdirilir. Əlbəttə, bu prosesdə birbaşa iştirak edən insanlar da məsuliyyətli olmalıdırlar ki, bəlkə dərmanın dozası artıq olub, yaxud da təlimatlara, qaydalara riayət olunmayıb. O məsələlərin də hamısı nəzərdən keçiriləcək və yəqin ki, araşdırmada bəlli olacaq".

Anar Hüseynovun sözlərinə görə zəhərlənmə "MKT" MMC və "CTS-Agro" MMC şirkətlərinin sahələrində baş verib.

DƏRMAN PREPARATLARINI KİMLƏR GƏTİRİR?

"MKT İstehsalat Kommersiya" MMC-nin inzibati işlər üzrə direktor müavini Rüfət İsmayılovun Qaynarinfo-ya bildirdiyinə görə, istifadə olunan dərman preparatı yeni deyil və daha öncə də tətbiq olunub:

"Dərmanı özümüz gətirməmişik. Ölkədə fəaliyyət göstərən başqa bir şirkətdən almışıq. Amma bu barədə istintaq getdiyi üçün həmin şirkətin adını açıqlaya bilməyəcəyəm. "Formula Super" adlı dərmandır. İlk dəfə deyil tətbiq olunur. Ötən illərdə də istifadə olunub. Yəni, sınanmış dərmandır".

"CTS-Agro" MMC şirkətinin mətbuat xidmətinin rəhbəri Yusif Nəğməkar isə Qaynarinfo-ya işçilərin dərmandan zəhərlənməsi faktının hələ təsdiq edilmədiyini deyib:

"Bizim fəaliyyət dairəmizdə olan sadəcə bir rayonda - Tərtərdə belə bir hadisə baş verib. Kimyəvi preparatları özümüz gətirmirik və elə-belə həvəskar təşkilatdan da almamışıq. Bu preparatları gətirən "EMA" MMC-dir və o da rəsmən qeydiyyatdan keçən, lazımi sertifikatı və şəhadətnamələri olan bir şirkətdir. İstifadə olunan dərman axırıncı dəfə onlardan alınıb. Dərman alınandan sonra dərhal mütəxəssislərimiz maarifləndirmə işləri aparıb. Biz tərəfdən bu prosedura ən yüksək səviyyədə riayət olunub. Məsələn, dərman səpiləndən bir gün sonra sahəyə girməmək lazımdırsa, biz ora hətta işçiləri 5 gündən sonra buraxmışıq. İndi ola bilər ki, birinin ürəyi bulanır, biri özünü pis hiss edir. Bu, təbii haldır. Amma görək araşdırma nəticəsində hansı hallar öz təsdiqini tapacaq. Bu zəhərlənmədi, yoxsa elə-belə bir şeydir?!"

"EMA" şirkəti 1996-cı ildə fəaliyyətə başlayib. Avropanın və Amerikanın pestisid istehsal edən şirkətləri ilə müqavilə əsasında iş birliyi qurub və bir neçə şirkətin Azərbaycanda rəsmi distribüteri kimi fəaliyyət göstərir. Bunlar Almaniyanın "Basf", Amerikanın "Stokton", Bolqarıstanın "Lewey Marketing" Yunanstanın "Agriforce", İspaniyanın "Genta", "Atlantika", Fransanın "Fertiplus", Türkiyənin "Hektaş" şirkətləridir.

Şirkətin "Facebook" səhifəsində qeyd olunduğuna görə, mərkəzi ofisi, satış mağazaları və pestisidlər ambarı Bakı şəhərinin Sabunçu qəsəbəsində yerləşir. Hal-hazırda şirkət işçilərinin sayı 40 nəfərdən artıqdır. Şirkətin daha bir filialı Xaçmaz rayonun Yergüc kəndində "EMA Fermer Evi” adı altında fəaliyyət göstərir.

Şirkətin rəsmi saytında adıçəkilən "Formula Super" dərmanı haqqında heç bir məlumat tapa bilmədik. İnternet üzərindən öyrəndik ki, adıçəkilən dərman Çin istehsalıdır. Şirkətin satış şöbəsinin əməkdaşı Qaynarinfo-ya açıqlamasında istintaq getdiyi üçün mövzu ilə bağlı suallarımızı cavablandıra bilməyəcəklərini bildirdilər.

Qeyd edək ki, saytın "əməkdaşlar" bölümündə şirkətin baş direktoru kimi Əbdülhüseyn Abdullayev qeyd olunub.



Ölkəyə bu tip dərmanların daha hansı şirkətlər tərəfindən gətirildiyi sualına isə Səhiyyə Nazirliyindən cavab tapa bilmədik: "Bu işə biz baxmırıq".

Qida Təhlükəsizliyi Agentliyindən isə suallarımıza yalnız yazılı sorğu əsasında cavab verə biləcəklərini söylədilər.


Cəmi 17 milyon dollarlıq ixrac - DƏYƏRMİ?

Sonda qeyd edək ki, 2017-ci ildə Azərbaycanda pambıq əkilən 135 min hektarın 70 min 563 hektarı "MKT İstehsalat Kommersiya” MMC-yə məxsus olub. Həmçinin ölkə üzrə tədarük edilən 207 min tondan artıq xam pambığın 130 min 679 tonu (ölkə üzrə pambığın 63%-i) də bu şirkətin payına düşüb. 2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 milyon ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 milyon dolları ixracın payına düşür. Cəmi 17,7 milyonluq ixrac! Ciddiyə alınmayacaq qədər kiçik rəqəm! Ya gömrük əməliyyatlarında bu rəqəmlər "buxarlanıb", ya da bunca hay-küyün qarşısında 17 milyon dollarlıq ixracın effektivsizliyi etiraf edilərək, daha səmərəli sahələrə yatırım edilməlidir. Min hektarlıq pomidor sahəsindən bundan daha artıq nəticə almaq olardı.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, əl əməyi ilə, kolxoz düşüncəsi ilə pambıqçılıq rentabelli ola bilməz: "Dünyada tarlaları dronlar dərmanlayır, 20 hektar sahədən pambığı bir günə 1 işçi müasir kombaynla yığır - bizdə isə 10 hektar pambıq sahəsinə 24 işçi düşür, yerli hakimi-mütləqlər onları sahələrə zorla gətirib zəhərləyirlər. Faciədir..."

Xəbər 3898 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +